Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
4-09-2022, 11:15
ƏZİZƏ CƏFƏRZADƏNİN KƏLAĞAYI SEVGİSİ


ƏZİZƏ CƏFƏRZADƏNİN KƏLAĞAYI SEVGİSİ

Bəlkə bir ilə yaxındır ki, Facebook səhifələrində Güllü Eldar Tomarlının təxminən hər gün milli kəlağayılarla çəkdirdiyi müxtəlif fotolarına baxıb, ürəyimdə anam Əzizə Cəfərzadəyə xitabən deyirəm: “Əkdiyin toxumlar cücərir, ana!”
Çünki milli irsin qorunub gələcək nəsillərə çatdırılmasında Əzizə ananın rolu çox böyük olmuşdur. Bunu istər əsərlərində, istərsə də apardığı tədqiqatlarda görmək mümkündür.
Mən Əzizə ananın kəlağayılı şəkillərini Güllü xanımla paylaşanda, o məndən bu haqda yazı yazmağımı xahiş elədi. Mən də “gərək əvvəlcə ananın əsərlərinə baxam, görüm bəlkə kəlağayı haqqında maraqlı nəsə yazıb” deyə Güllü xanımdan vaxt istədim.

Əzizə Cəfərzadə, bu haqda bədii əsərlərində nə yazıb deyə keçən il nəşr etdirdiyim “Seçilmiş əsərləri”nin 12 cildinə (“Elm və təhsil, 2021) və əlimdə hal hazırda işlədiyim 13-14-cü cildlərə baxanda, heyrət etdim. Əzizə ana, bu cildlərdən 1-cidə 15 yerdə, 2-cidə 9, 3-cüdə 7, 4-cüdə 7, 5-cidə 4, 6-cıda 9, 7-cidə 10, 8-cidə 3, 9-cuda 5, 10-cuda 2, 11-cidə 4, 12-cidə 12, 13-cüdə 2, 14-cüdə 4 dəfə kəlağayıdan bəhs edir. Cildlərə daxil olmayan əsərlərindən “Səyyah”da (“Eldən-elə”) (MİMTA yayımları, 2022) - 11, “Aləmdə səsim var mənim”də (“Şərq-Qərb”, 2006) - 16, “Zərrintac-Tahirə”də (“Göytürk”, 1996) - 2, “Anamın nağılları”nda (MİMTA, “N/R” NPM, 2020) – 4, “”Gülüstan”dan öncə”də (“XAN”, 2016) – 2, “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə” də (“XAN”, 2021) - 3, “Folklor araşdırmaları”nda (“Elm və təhsil”, 2020) - 3 , “Gündəliklər”ində (ancaq 1981-1990 illər, əlyazması) - 7 yerdə kəlağayıdan bəhs olunur. “Bakı-1501” (“XAN”, 2022) və “Bəla” (“XAN, 2016) əsərlərində kəlağayı haqqında söz açmadığı da ortaya çıxdı. Beləliklə, mənə aydın oldu ki, Əzizə Cəfərzadənin yazılarında 141 yerdə kəlağayıdan danışılır. Ortaya çıxan bu saydan sonra marağım daha da artdı. “Görəsən Əzizə ana kəlağayı haqqında nələr yazıb?” deyə düşünərək əsərlərində kəlağayı ilə bağlı məqamları sıraladım. İlk kitabı olan “Natəvan haqqında hekayələr”də kəlağayının çutqu üstündə bağlanlanmasının təsviri verilmişdir:
“Həmayil Qonçaya “Səni bəyim çağırır” dedikdə nəsə duymuşdu. Qarı tərtəmiz yuyunub-bəzənmiş, köhnədən qalma yaxası zərli kimxa kürdüsünü geymiş, qara kəlağayısını çutqunun üstündən boynuna sarımış və ucunu gətirib çənəsinin altında bənd etmişdi.” (“Seçilmiş əsərləri”, I cild, s. 63).
“Sərvinaz yaşmağı burnunun üstünə qaldırmış, al kəlağayısını qaşlarının üstünə çəkmiş, həyadan qızaran üzünü dostlarından gizlətmişdi, amma sevincdən qəlbi quş ürəyi kimi çırpınırdı.” – (I cild, s. 80). Burada isə yazıçı, al kəlağayı ilə yaşmaqlanmanı təsvir etmişdir.
“Əsasən kasıb ailədən olan gənc qızların çutqu üstündən başlarına bağladıqları al-yaşıl, ucuz kəlağayılar onları sonalara bənzədirdi.” (I cild, s. 88). Əzizə Cəfrəzadə al-yaşıl kəlağayı taxan qızları yaşılbaş sonalara bənzətmişdir.
“Suda ördəklər üzür, gölçəyə baş vurub silkinirdilər. Onların bəzəkli başları gəlinlərin alnına çərtilmiş al-yaşıl çərtmə-kəlağayılar kimi bərq vururdu.” (I cild, s. 178). Burada isə yazıçı kəlağayının “çərtmə” üsulla bağlanmasını təsvir edərək quşları, al yaşıl kəlağayı bağlamış qızlara bənzətmişdir.
“Natəvan haqqında hekayələr”də yazıçı “al”, “al-yaşıl”, “abı haşiyəli qara” “qara haşiyəli ağ”, “dördrəng basqal” kəlağayısı kimi müxtəlif rəng və bəzəkli növlərində də danışmışdır.
Əzizə Cəfərzadənin “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə” əsərində məhşur Basqal kəlağayılarının vətənindən olan Xalq yazıçısı, Əbülhəsənlə kəlağayıya aid olan belə bir xatirə də var: “Öz şagirdlərinin, yetirmələrinin uğuruna qəlbən sevinən ikinci bir adam nadir tapılar. Yadımdadır: “Aləmdə səsim var mənim” romanımı necə də bir sevinclə qarşıladı. Elə bil romanı özü yazmışdı, uğurum da onunuydu. Millətini, doğma yurdunu qəlbən sevən insan kimi hələ bir sözarası dedi də: “Qız, Şirvanın hər yerinin nemətlərinin adını çəkmisən, bəs Basqal kəlağayısının adı niyə düşməyib qələminə?”. “Ustad, dedim, roman hələ jurnalda bitməyib, ikinci hissəsi çıxanda Basqalı da, kəlağayısını da görəcəksiniz”. (s. 77) Əlbəttə, bu cümlələr Əbülhəsən müəllimin Basqal kəlağayısına böyük məhəbbətini və bunu Əzizə anaya da təlqin etməsini göstərir. Yazıçı, “Aləmdə səsim var mənim” romanında yuxarıda qeyd etdiyimiz kmi 16 dəfə kəlağayıdan bəs etmişdir.

Amma görünür ki, kəlağayımıza da ögey – düşmən münasibətdə olanlar da olub. Necə ki, Süleyman Rüstəmin “Kəs səsini, ötmə tar! Ötmə dedim, ötmə tar. İstəməyir proletar səndə çalınsın Qatar.” misraları və ona qarşı yazılmış Mikayıl Müşfiqin “Oxu tar, oxu tar, de, səni kim unudar” sözləri kimi. Əzizə Cəfərzadə “Folklor araşdırmaları” kitabında kəlağayı haqqında belə yazıb: “Geyimlərimizdə də belədir. Milli nə varsa, «xalabacı» hesab etmiş, Avropaya can atmışıq. Başqa xalqların yüngül əxlaqlısının geyimini kinoda görüb mənimsəmişik. Orta Asiyada alim, aktrisa, kolxozçu öz milli, şahı ipəyindən tikilən paltarını, araqçınını saxlayıb. Biz başımıza kəlağayı örtməyi ayıb bilmişik. Böyük bir yazıçımız vaxtilə mənə «O kəlağayını sənin başına örtən babaların sümüyü də əlimə düşsə, yandırardım» demişdi.” (s. 247).
Bütün belə təzyiqlərə baxmayaraq yuxarıdan göründüyü kimi Əzizə Cəfərzadə öz əsərlərində hər bir fürsətdə, hələ 1963-cü ildə çap etdirdiyi ilk kitabından başlayaraq kəlağayıdan yazıb, onu təbliğ edib. Özü də tək yazılarında deyil, həm də özü kəlağayı örtməklə bu baş örtüyünü yaşadıb. İraq və İran səfərlərinin fotolarına da baxdıqda görürük ki, rəsmi iclaslarda da, tarixi abidələrə baxmağa gedəndə də bizim milli kəlağayı Əzizə Cəfərzadənin başında olub. “Seçilmiş əsərləri”n 13-cü cildində yer alan ildə İraq səfəriylə bağlı qeydlərdən oxuyuruq:


Əzizə Cəfərzadənin İraqda bağında kəlağayı ilə şəkilmiş fotoları (1977-ci il)

“Hər bir dəstə məni maraqla qarşılayır, salamlayır. Mənim kəlağayım xüsusi marağa səbəb olub.” (s. 125)
“Parkın xiyabanları ilə işə tələsən tək-tük yerlilər mənə qəribə bir maraqla baxırlar: Qara ərəbi don, çaxçur, kəlağay.” (s. 297)

Əzizə Cəfrəzadə İranda (1990-cı il)

İllər boyu xarici ölkələrə gedəndə və xaricdən qonaqlar gələndə də Əzizə ananın qadınlara və eləcədə kişilərə qadınları üçün hədiyyə etdiyi əşya əsasən kəlağayı olmuşdur.
Gündəliklərdən (23.03.1981) oxuyuruq ki, “… bu gün Məmməd Araz O.Yavuz Aqpınarı yanıma gətirdi. Nəcib adama bənzəyir. M.F.Axundovun tədqiqatçısıdır. Əsərlərimi A.Zamanovun vasitəsilə alıb oxuyub, sevib (deməyinə görə) və gəlib məni görmək istəyib... Qızına gözəl bir soğanı kəlağayı və qadını üçün “Yemək kitabı”mızı bağışladım.”
“Seçilmiş əsərləri”, 14-cu cilddə yazıçının Hələbdə, Hindistanda və başqa yerlərdə hədiyyə etdiyi kəlağayılar haqqında oxuyuruq:
“Mən Hələbə səfərimi təşkil edən Nasra, anası üçün bir soğanı kəlağayı və Bakı prospekti bağışladım.” (s. 29)
“Bacısına bir kəlağayı, o da mənə bir əl tikməsi hədiyyə etdi.” (s. 90)
“Cənab Ram Kohli və bizim başçımız Hüseyn Həsənov xoş sözlər danışdılar. Hindistan-Sovet dostluğuna dair. Başçımız onlara kitablar bağışladı, mən isə qızılgül rəngli, çəhrayı bir kəlağayı saldım xanımın çiyninə. Bu nərmənazik, qarabuğdayı hind gözəli nazla çiyinlərini oynadıb “lap rəngimə düşür” – dedi.” (s. 106)
Əzizə Cəfərzadə, evinə gələn müxtəlif xalqların nümayəndələrinə milli paltarlarımız və baş örtülərimizi göstərir, istəyənləri də geyindirib şəkil çəkdirmişdir. Belə xanımlardan birinin ̶ İngiltərədən gəlmiş Kembric Universitetinin müəlliməsi ingilis xanım Luis Haşimnin bir neçə fotosu arxivimizdə durur.

Əzizə Cəfərzadə qohumları ilə İngiltərədən gəlmiş və ona hədiyyə edilmiş narıncı kəlağayılı Luislə Yanardağda (1989-cu il).

Luis Əzizə Cəfərzadənin evində milli paltarda (1989-cu il)


Luis, Əzizə Cəfərzadənin çutqusu və arxalığı ilə (1989-cu il)

Yazıçı “Vətənə qayıt” romanında kəlağayının yarışda qalibə bir nəmər, hədiyyə kimi verilməsindən danışır: “Elə bu anda üzü niqablı Şəbnəm bəyim süvari paltarı geymiş bir dəstə qızla birlikdə eyvanda göründü. Onun əlində al rəngli “Şamaxı” (Çox halda kəlağayılar toxunduğu şəhərin adı ilə sadəcə “Gəncə”, “Şamaxı”, “Basqal” və s. adlanırdı. - Tİ) kəlağayısı vardı. Nəmər bu idi. Birinci gəlib çıxan süvari bu nəməri alacaqdı.
...
İndi artıq Ələmşahın mindiyi boz ürgə ilə Xosrov ağanın Qəmər dayı yanaşı gəlirdi. Darvaza önündəki geniş meydançaya çataçatda boz ürgə, Qəmər daydan azacıq irəli sıçradı və eyvanın önünə birinci yetişdi. Ələmşah dodaqlarındakı qalib təbəssümü ilə Şəbnəm bəyimin əlində tutduğu al kəlağayını havada qapdı, sağ əlini başının üstünə qaldırdı, onu alqışlayan kütləni salamladı... “Yağı düşməni yenib, doğma diyarın xilası üçün qərar qoyulmuş töhfəni də beləcə ala bilsəydim” sözləri qəlbindən keçdi...” (II cild, s. 214, 217).
“Yad et məni” romanında həm rəng, həm də naxış haqqında yazır: “Qaratel başına soğanı rəngdə, mixəyi haşiyəli kəlağayı örtmüş, hər iki ucunu da bəndləyib arxaya atmışdı. Şirvan xanımlarına məxsus olmayan bu geyim Cavadı da maraqlandırmışdı.” (III cild, s. 37).
“Kəlağayısını Kərbəlaya gedənlərlə nəzir göndərdi.” (III cild, s. 93).
“Qonşudan, faytonun dalınca bir dəstə yaşmaqlı zənən, əllərində tutduqları zərli boğçalarla hərəkətə gəldi. Qabaqda, belinə al Basqal kəlağayısı bağlanmış, əlində güzgü tutan Hacı Cavad aram addımlarla irəliləyirdi. Elə bil Şirvanın əbədi xəlfəsi heç qocalmamışdı.” (III cild, s. 282). Yazçı, toylarda olan adətlərdən birini də burada yada salır.
“Sabir” romanında kəlağayının dünyada məhşur olmasını bir daha vurğulayır: “Vaxtilə burada ipək karxanalarından Türkiyəyə, İrana, Hindistana xam ipək aparılır, “Şamaxı kəlağayısı”, darayısı barmaqla göstərilir, ingilis kralının daimi nümayəndəsi, daim burada əyləşib saray ərkanının xüsusilə sevə-sevə geydiyi ipəyi buradan alıb Londona göndərir, multani tacirləri burada həmişəlik yurd salırdı.” (IV cild, s. 109).
“”Gülüstan”dan öncə” romanında sadə kənd qızı Yasəmənin oxuyuruq: “Sadə geyimində belə gözəldi. ... Güllü çit tumanı, şirməst arxalığı, abı yelənli ağ kəlağayısı vardı. Belindən aşağı süzülən qalın hörüklərinə öz əlləri ilə rəngbərəng yun iplərdən toxuduğu qotazlı saçbağı hörmüşdü. Amma əlləri xınalıydı, ayaqları xınalıydı.” (s.6) Yazıçı cəmi 3 cümlə ilə XIX əsr Azərbaycanlı qızını necədə ustalıqla təsvir edib.
“Bir səsin faciəsi” romanında Qurban adət-ənələrinin təsviri verilir: “Qurban bayramına az qalırdı. ... Hamısı da seçmə, burma buynuzlu, ağ qoçlardı, hamısının da təpəsinə, belinin ortasına, qabaq ayaqlarının dizlərinə al xına yaxılmışdı. Boğazlarına əlvan Basqal kəlağayıları bağlanmışdı.” (V cild, s. 291-292).
“Xanım — Rübabə Sultan onu — döyülmüş ədviyyatı kəlağayıdan keçirdib undan da zərif bir hala saldı.” (VI cild, s. 94).
“Onun başında ağ, kənarı badımcanı haşiyəli kəlağayı vardı. Bu kəlağayını başına dolayıb, uclarını arxasında düyünləyib kürəyinə atmışdı.” (VI cild, s. 130).
Aşağıdakı bir neçə nümunədə Əzizə Cəfərzadə inac və adətlərdə kəlağayının istifadəsini ifadə etmişdir.
“Adam var, sınağı nə cürdü: Axşam vaxtı pul dəyişməz, pul verməz. Axşam vaxtı qonşuya bir şey verməz. Ələyə gələnin başından kəlağayısını götürər.” (VI cild, s. 174).
Yazıçı, “Xəzərin göz yaşları” romanında nişan mərasimi zamanı gəlinə kəlağayı örtülməsindən bəhs edir: “Ağ kəlağayının şövqü ağ üzünə, ağ alnına, al yanaqlarının şövqü ağ kəlağayıya düşmüş Əsmər utana-utana içəri girdi. Ruzigar xanım yerindən qalxdı, zəkiyyə örpəyi kəlağayının üstündən onun çiyninə, başına saldı, üzüyü barmağına keçirtdi.” (VII cild, s. 53).
“Yazıçının son romanı Məhəmməd Füzuli haqqında olan “Eşq sultanı”da gəlin aparma adətinin təsviri belədir: “Yerli adətlə, elə bütün türk qəbilələrində gəlin at üstündə gedər ər evinə. At muraddı, muradına çatırdı, ona görə də at üstündə gedirdi. Amma belə yaxın evlərdə adətən daha at lazım olmurdu. ... Tayfanın ağsaqqalları dörd əkabir (Ağsaqqallar, başbilənlər - Tİ) seçmişdi. Bu dörd əkabir böyük bir al kəlağayının hərəsi bir ucundan tutmuşdu.” (VII cild, s. 333).
Kasıblıq dövrünün nişanında kəlağayı yenə vacib bir element olub: “... nişan qoyduq, bir al alın kəlağayısı, bir də anamdan qalma yaqut qaşlı qızıl bir üzüyümüz vardı, onu apardıq.” (VIII cild, s. 283) (“Sahibsiz ev” hekayəsində).
Yazıçı 1990-cı illərə qədər bölgələrimizdə toy maşınlarına, yeni alınmış maşına qırmızı kəlağayı bağlanma adətini “Ata haqqı” povestində təsvir etmişdir: “Gülsüm cəld bir al kəlağayı gətirib qardaşının maşınının böyür güzgüsünə bağladı.” (XI cild, s. 353)
“Gözlənilməyən gəliş” povestində yazıçı 4 rənglə boyanmış Basqal kəlağayısını oxucu üçün canlandırmışdır: “Səttar əfəndi, əlini uzadıb “al-yaşıl”, “çərtmə” adlanan kəlağayını götürdü, açdı. Al-sarı-yaşıl və göy rənglə dörd küncü boyanmış Basqal kəlağayısı vaxtilə gəlinlərin yaraşığı, bəzəyi idi.” (XII cild, s. 166)
“Anamın nağılları” kitabında “Salatın ana” hekayə-nağılında yazıçı toya hazırlıq zamanı kəlağayı təsvirini verir: “Allı-güllü toy başlandı, tamaşasına oymaq-oymaq el-oba yığışdı. Salatının qapısında şülən qazanları asıldı. Yaba dırnağında, üstünə al kəlağayı çəkilmiş qaramıq gətirildi. Bəy, damda çimib gəldi, duz-üzərlik yandırıldı, tüstüsü bəyə verildi, boynuna al-yaşıl kəlağayı sarıldı.” (s. 213-214)
Yazıçı Əzizə Cəfərzadə, toyda bəyə, xörək bişirənlərə, bəy tərifində bəyə və aşığa xələt-hədiyyənin kəlağayıdan verilməsi adətini də yada salır: “O bilirdi ki, toy da eləyəcək, bəy də duracaq, başı üstündə çörək də kəsəcəklər, duz, üzərlik də dolandıracaqlar, boynuna al-yaşıl kəlağayılardan xələt də dolayacaqlar. Bacıları, qardaşları, istəkli qohumları qabağında oynayacaqlar.” (“Səyyah”, s. 74)
Yazıçı “Aləmdə səsi m var mənim” romanında da bu mövzudan yan keçməyib: “Hələ uzun illər, qərinələr keçəcək, Şərqin bir sıra ölkələrində "Şamaxı" adlı kəlağayı örtüləcək, uzaq Hindistanda indi də "Şirvani" adlandırılan geyimələri kişilər sevə-sevə geyəcəklər...” (s. 428)
Əzizə Cəfərzadə “Folklor araşdırmaları” kitabında bir rəvayəti verməklə, kəlağayı, baş örtüyü ataraq qanlıları sakitləşdirməyə, barışdırmağa xidmət edən bir adəti yada salır: “Dar ağacı qurulubmuş, meydan süpürülüb-sulanıbmış. Taxt-rəvan hazırlanıbmış. Şah gəlib əyləşən kimi, bir qadın başından kəlağayısını açıb şahın ayaqları altına atır. Şah deyir:
– Qadın, sən ismət pərdəsini üzündən götürüb «aman» diləyirsən.” (s. 30)
Yazıçı, əsərlərində “herati”, “soğanı”, “noxudu rəngli”, “ağ haşiyəli qara”, “abı haşiyəli zərif ağ”, “abı yelənli ağ”, “badımcanı haşiyəli qara”, “al-yaşıl” kimi müxtəlif rəng və naxışlı kəlağayı adlarını çəkmiş, “alnına bağladığı çərtmə kəlağayı”, istehsal yerinə görə Basqal, Şəki, Şirvan, Gəncə adlı kəlağayılarının mövcudluğunu qeyd etmişdir.
Əzizə ana qonaqlarına kəlağayı hədiyyə etdiyindən yuxarıda danışmışdım. Yazıçı, bu adətin hələ neçə əsr əvvəllər də mövcud oluğunu hesab edər: “Özü də hər dəfə çavuş səsi eşidən kimi məhləyə çıxır, Kərbəlaya gedənlərdən yaxın adam varsa onunla, yoxsa elə çavuşun özü ilə bacısı ərinə məktub yazır, arada Şirinbəyim üçün Şamaxı kəlağayısı, Basqal alınlıq çərtməsi göndərirdi.” (“Səyyah”, s. 56). Kəlağayılar böyüklüyünə görə də fərqlənir. Yazıçı, böyük ölçülü ̶ baş kəlağayısı, kiçik ölçülü ̶ çətmə və ya alın kəlağayısı şəklində bunları əsərlərində qeyd etmişdir.
“Gözlərinin yaşını kəlağayısının ucuyla silə-silə” – bu şəkildə ifadələr demək olar ki, bir çox əsərlərində yer alıb. Təəssüf ki, nənə, ana, bacılarımızın göz yaşları da zaman-zaman kəlağayı ilə silinib. Bu da yazıçının nəzərindən çıxmayıb.
Əzizə Cəfərzadə? Azərbaycan televiziyasında “Klassik irsimizdən”, “İncilərmiz”, “Aşıq Pəri məclisi”, b ir sıra XIX əsr poetik məclisləri haqqında seriya verilişlərin ssenarisini yazmış və aparıcısı olmuşdur. Bu verilişlərdə milli geyim və kəlağayı gətirilməsinə çalışmışdır. Gündəliklərini oxuduqda, televiziyada Aşıq Pəri məclisinə də gedərkən kəlağayını özüylə evdən apardığını öyrənirik. Məlumdur ki, Əzizə Cəfərzadə ilk dörd “Aşıq Pəri məclisi”ninin ssenarisini yazıb və TV-də verilişi özü aparıb! Bu ssenarilər e v arxivində mühafizə olunur. O, ilk verilişlərin birində çəkilmiş fotoda cəmi iki qadının başında kəlağayı olduğu görünür. Sevindirici haldır ki, bu gün də davam etməkdə olan bu məclisin proqramlarında kəlağayı artıq hamı üçün vacıb atribut olmuşdur.

Əzizə Cəfərzadə televiziyada “Aşıq Pəri məclisi” iştirakçıları və çəkiliş qrupu ilə (1980-ci illər)


“Aşıq Pəri məclisi” İsmayıllıda (2018-ci il)
Əsas odur ki, Azərbaycan xanımları bu gün milli qürurumuz olan kəlağayıya yenidən rəğbət və məhəbbətlə yanaşırlar. İndi kəlağayı bir geyim elementi kimi, hər xanımın qarderobunun yaraşığına çevrilib, geyimlərini bəzəyir. Bu cür yanaşma Əzizə nənədən nəvələrinə, mənim qızlarıma da keçib.
Əzizə ananın 100 yubileyi günü kiçik qızım Aydan İbrahimova Əzizə nənəsinin evində qorunan milli paltar, gümüş kəmər və öz kəlağayısı ilə, nənəsinin otağında xatirə fotolar çəkdirdi.

Aydan İbrahimova Əzizə nənəsinin 100 illiyi günü

Aydan nişanlandığı gün də qayınanası onun başına al-əlvan yaylıq bağlanmışdı:

Hələ kiçik qızım evdən də, Əzizə nənəsinin xatirəsinə hörmətlə qırmızı duvağla çıxmışdı! Bu duvağı da qabaqlar qırmızı kəlağayılardan edərlərmiş. Bu Amerika və İngiltərədə ali təhsil almış və son dərəcə müasir yaşam tərzinə sahib olan qızımın milli ənənələrə və dəyərlərinə sadiqliyinin sübutudur.

Bu günlərdə Türkiyədə yaşayan dostum, bir Azərbaycanlı toyunda kəlağayı ilə rəqs videosunu göndərmişdi. Türkiyədə yaşayan həmvətənlərimizin kəlağayımızı belə əzizləyib, şərəfləndirməsi sevindirici bir haldır.
Mən də Londonda BP şirkətində işlədiyim dövrdə Novruz bayramını təntənəli surətdə 2007 və 2008-ci illərdə orada qeyd etdik. Burada da milli geyimlərimiz və kəlağayılarımız öz göz əlliyi ilə məclisi bəzəyirdi.

Londonda Azərbaycanlı qızlarımızla Novruz bayramı tədbirində (2008)

Londonda Azərbaycanlı həmkarımız Arzu xanım Novruz bayramı tədbirində kəlağayı və musiqi alətləimizi sərgilədiyimiz guşə qarşısında (2008)
Əzizə Cəfərzadə qeyb olmaq olan milli sənətlərimizlə bağlı təşvişini belə dilə gətirmişdir: “Bizim qədim əl sənətlərimiz, misgərlik, zərgərlik, güləbətin düzmək, əlvan kəlağayılar, qanovuzlar, dünya şöhrətli darayı toxuyan zərbaflarımız harada qalıb? Neyçün öldü bu sənətlər? Milli mənliyimizi, milli mədəniyyətimizi dərin kökləri ilə qoparıb adımızı belə bizə unutduran qanlı düşmənimiz! Lənətə gəlsin! Və unutmayaq! Və dünyaya sübut edək ki, biz haqqımızda yayılan şaiyələrə, böhtanlara baxmayaraq, milli mədəniyyətimizi, abidələrimizi diriltmək və yaşatmaq qabiliyyətinə malik, dərin kökləri ilə torpağına, millətinə bağlı, bütün bunları gələcək nəsillərimiz üçün qorumağı bacara bilən, ləyaqətini, qürurunu heç bir demaqogiyaya dəyişməyən Azərbaycan türkləriyik. Biz buna inanırıq.“ (XVI cild, s. 149).
Əlbəttə ki, bu günlərdə Əzizə Cəfərzadənin ruhu kəlağayı sarıdan şaddır. Çünki onun həm Azərbaycan Dövlət Universitetdə müəllimi, sonra kafedra müdiri professor Mir Cəlal Paşayevin və onunla bu Universiteti birgə bitirmiş Mir Cəlal müəllimin həyat yoldaşı Püstə xanımın nəvəsi, Respublikamızın birinci vitse-prezideti, birinci xanım Mehriban Əliyeva Basqala gedib kəlağayıya naxış vurur, kəlağayı örtüb şəkil çəkdirir! Kəlağayı dövlətimizin dəstəyini və xalqımızım məhəbbətini geri qaytarıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Basqalda (12 avqust 2022-ci il)
Əzizə ana, sənin əsərlərində 140 dəfəyə yaxın kəlağayıdan bəs etməyin, illər boyu apardığın təbliğat boşuna getməyib. Ruhun şad olsun. Güllü Eldar Tomarlı kimi fədakar qızların bu gün sənin başladığın bu işi layiqincə davam etdirir və Azərbaycan gəncliyinə bu kəlağayının gözəlliyini çatdırır, ona qarşı sevgi və məhəbbət yaradır. Onun ''Azərbaycan kəlağayısı minillərin yadigarı'' layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022- ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə qalib elan olunub və layihə çərçivəsində Azərbaycan kəlağayısı haqqında sənədli film çəkiləcək. Bu münasibət ilə mən Güllü xanım Tomarlını və layihədə iştirak edən bütün insanları təbrik edir, onlara işlərində uğurlar arzulayıram.

Turan İbrahimov


27-08-2022, 11:10
QHT-lərin Laçına səfəri təşkil olunacaq


QHT-lərin Laçına səfəri təşkil olunacaq

Yaxın gələcəkdə azad edilmiş bütün ərazilərə, o cümlədən Laçın rayonuna qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq. Ordum.az QHT.az-a istinad edərək xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, belə ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaşların ictimai fəallıq göstərməsi, insanların ictimai iştirakı olarsa baxılacaq.
"Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik", - A.Əliyeva bildirib
25-08-2022, 06:36
Sən yoxsansa, mən də yoxam dünyada…


Sən yoxsansa, mən də yoxam dünyada…

Ceyran xanım, dost itirmək ağırdı,
Dost itirən fağırlardan, fağırdı.
Yetim qalan yoldu, izdi, cığırdı,
Sənsiz qaldı çölüm, düzüm, çəmənim.

Ceyran xanım nə odum var, nə külüm,
Nə zəmim var, nə tarlam, nə sünbülüm.
Qönçələnməz nə çiçəyim, nə gülüm,
Bir də daha yaşıllaşmaz səmənim.

Ceyran xanım, uçdu ömrün sarayı,
Yoxa çıxdı igidlərin harayı.
Hanı indi dalğalanan dağ çayı,
Hanı indi buzlu suda çimənim?

Harda qaldı gül atanın məzarı,
Hara düşdü nurlu ananın güzarı.
Onlar yoxdu, özün çəkdin azarı,
Bu yoxluqdan çimilləşdi bədənim.

Ceyran xanım, sal qayalar sərt olur,
Bu sərtlik də namərdlərə dərd olur.
Şair olur, aşıq olur, mərd olur,
Al günəşdən Allah nuru əmənim.

Dostum varsa, çoxdan çoxam dünyada,
Dost sarıdan nəfsi toxam dünyada.
Sən yoxsansa, mən də yoxam dünyada,
Nə ruhum var, nə canım var, nə tənim.

Ceyran xanım, ağrı sana daraşdı,
Ömrün-günün zirvə keçdi, qar aşdı.
Yaraşmırdı, ölüm sənə yaraşdı,
Son mənzilə uğur dedi Vətənim.

Ceyran xanım, Məcnunuydun torpağın,
Öz yurdunu öyə-öyə yaşadın.
Dilin yandı Qarabağım deməkdən,
Ağdam, Şuşa deyə-deyə yaşadın.

Siləmmədin yanaqların nəmini,
Tapammadın görüşlərin çəmini.
Ayrılığın həsrətini, qəmini,
Çörək kimi yeyə-yeyə yaşadın.

Ağır olur ana yurdun həsrəti,
Dizdən alır, qoldan alır taqəti.
Qamçı kimi şaqqıldatdın nifrəti,
Yağıları döyə-döyə yaşadın.

Oba oldun, oymaq oldun, el oldun,
Dağ döşündən axıb gələn sel oldun.
Pərdələrdə dil-dil ötən tel oldun,
Döndün saza, döndün neyə, yaşadın,
Qarabağım deyə-deyə yaşadın.


Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bu gecə işıqlı dünyamıza əlvida demiş Ceyran Cahangir qızı Bəhlulova bir il idi ki, səhhəti ilə bağlı əlləşirdi, o həkim qalmamışdı ki, getməsin, o türkəçarə yox idi ki, edilməsin. Biz dostlar – Təzəgül xanım, Şücaət xanım və mən ilk dəfə onun görüşünə, bəli, ziyarətinə yox, məhz görüşünə gedəndə gözlərimizə inanmırdıq. Bir neçə ay əvvəl gördüyümüz Ceyranımızdan əsər-əlamət qalmamışdı. Bir xeyli oturduq, əhvallaşdıq, deyib güldük. Otağa sanki yeni ab-hava gətirdik. Ondan sonra da ona baş çəkdik. Getdikcə səhhəti düzəlirdi. Allaha dualar edirdik, nəzirlər götürürdük ki, bu təmiz, saf xislətli dostumuz tezliklə sağalsın, ayaqüstə qalxsın. Bir müddət sonra eşitdik ki, xəstəxana rejimində müalicəsini davam etdirir. Özü ilə, bacısı və oğlu ilə telefon əlaqəsi yaradır, sağlamlıq durumu ilə maraqlanırdıq. Özüm şəxsən telefonda səsini eşidəndə, sağlamlığının tədricən qaydasına düşməsini öz dilindən eşidəndə bir xeyli telefonda ağladım. İndi ağladığım kimi. Onda sevincdən, indi isə bizi belə tez tərk etməsindən...
Ay Ceyran, Allaha and olsun ki, dilimdə cümlələr baş-ayaq vurur, sözləri bir yerə cəmləşdirə bilmirəm. Bu xəbəri eşidən andan dilim-ağzım quruyub. Və əlim əsə-əsə yazdığım bu sətirləri otağımda bir küncə çəkilib göz yaşlarımı saxlamadan yazıram. Mənim bu vəziyyətimi bu anlarda divardan başqa kimsə, nəsə görmür. Yəni divarlar şahidlik edir. Nə yazım, necə yazım, nədən yazım? Özümü toparlaya bilmirəm, ay Ceyran... Dünənə kimi sağlıq durumunu eşitdiyim Ceyran bu gün həyatda yoxdur. Əcəli lənətləyirəm...
Hə, Ceyran Bəhlulova, sən saflıq, paklıq, təmizlik mücəssəməsi idin. Sən eyni zamanda xeyirxahlığın, mərhəmətin, humanistliyin ilə seçilirdin. Yəqin buna görədir ki, illər öncə sənə həsr etdiyim ilk məqaləmi “Nə yaxşı dünyada yaxşı var imiş” adlandırmışdım. Xeyirxahlığın, humanistliyin səni alicənab, mərhəmətli bir xanım kimi ucaldırdı. Sənin kimi böyük insanın ovqatı milli ənənələr, islami dəyərlər üzərində köklənmişdi. Sən milli idin, lakin millətçi deyildin. Bu da səni bir çoxundan fərqləndirirdi.
Səni uzun illər tanıdığımdan, hər xasiyyətinə bələd olduğumdan sənin yoxluğun məni yandırıb-yaxır. Təkcə məni yox, səni sevən dostlarını da, xüsusilə də Təzəgül xanımı, Şücaət xanımı, onların çevrələrində səni tanıyan insanları, vaxtilə çiyin-çiyinə çalışdığın müxtəlif TV əməkdaşlarını da... Eh, kəmfürsət ölüm, nə tez səni bizdən aldı?..
Bu ilin 5 yanvarında 53-dən 54-ə addımlamışdın. Gözləyirdik ki, bir oğlunu toysuz, çal-çağırsız (məlum pandemiya dövrünə düşdüyündən) yerbəyer eləmişdin, ikincinin hazırlığını görüb biz dostları da başına yığacaqsan. Bu qərarında israrlı idin. Sevinclə o günü gözləyirdik. Amma sən bizi özünün yoxluğuna topladın, acı göz yaşları içində...
Müdrikliyin, ağıllı və savadlı olmağın, sözü məqamında demək bacarığın hamımızı heyran edirdi. Sən yaşının bu çağında, sözün həqiqi mənasında, bir nümunə məktəbi, örnək idin. Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol yoldaşı olmaq özü böyük qismətdir. Onlardan biri elə sən idin, ay Ceyran xanım. Taledən gələn qismətdir ki, adlarını yuxarıda çəkdiyim xanımlarla birlikdə sənin də olduğun, təşkilatçılıq etdiyin tədbirləri, toy məclislərini deyə-gülə yola vermiş, bir-birimizin dərd-sərində, qəmli, kədərli günlərində yaxından iştirak etmişik. İndi bizi kim toplayacaq belə tədbirlərə? Sənin şaqraq gülüşünü bundan sonra eşidə bilməyəcəyik.
Sən dostların hörmətini nəcabətin, ləyaqətin, xeyirxahlığın, vətənpərvərliyin, müdrikliyin ilə nail olmuşdun. Sən bütün titullara, nə yaxşı, tərifli söz var idisə, ona layiq idin. Sən gördüyün işlərlə, həll etdiyin problemlərlə heç vaxt kifayətlənmirdin. Hasil olan qənaət budur ki, sən ömrünün mənasını yazıb-yaratmaqda, sadə camaatın yanında olmaqda, onların dərd-sərinə yarımaqda görürdün. Səninsə dərd-sərinə biz yarıya bilmədik, səni qoruya bilmədik. Sənin etdiklərin hər kəsə, hətta yaşlılara belə örnək olmaq baxımından dəyər kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi (əgər ona xoşbəxtlik demək mümkünsə) sən alın tərin, yuxusuz gecələrin, halal zəhmətinlə qazanmışdın. Sənin ziqzaqlı, əzablı, əziyyətli ömür yoluna nəzər salanda bir daha dərk edirik ki, illəri illərə calayıb uzun ömür sürmək, necə gəldi yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir. Sənin peşəkar və səriştəli qələmin, təfəkkür və məntiqi görüşlərin nəticəsi olan beyin məhsullarını oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində jurnalistikanın, mətbuatın keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər salmaq, sənin kimi bu sahənin cəfakeşləri haqqında geniş məlumat, nəzəri biliklər əldə etmək olur.
Uzun illərdən bəri dostluq münasibətində olduğum sən Ceyran Bəhlulovanın yaradıcılığına dərin məhəbbət, şəxsiyyətinə hörmət və ehtiram hissi ilə yaşayanlardan biri də mən olmuşam. Sənin hədiyyə etdiyin hər bir qələm məhsulunu (Vaxtilə təsis etdiyin "Obyektiv söz" qəzetini hansı çətinliklə, cırmağa-cırmaqla buraxdığını xatırlayıram) oxuduqca o yazı məni ağuşuna alıb böyük idealların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə aparıb... Çox yazmaq istəyirəm, amma qələmimin gücü çatmır...
Biz səninlə avqustun 25-də vidalaşırıq, elə nəmli bu sətirləri artıq həyatımıza daxil olmuş həmin tarixdə yazıram. Bu tarixdə bir daha qəhərlənəcək, itkinin böyüklüyünü vücudumuzda duyacağıq. Bu vida sözünü necə yazdım, necə bitirdim, özüm də hiss etmədim. Onu bilirəm və görürəm ki, gözlərimdən göz yaşı sel kimi axıb gedir. Qəfildən özümə gəlib deyirəm: axı kişi ağlamaz! Amma Ceyranın qəfil yoxluğu nəinki məni, lal-dinməz divarları belə ağladır...
Bəli, sən bu həyatı sevərək yaşadın, bu həyatdan da sevilərək əbədiyyətə qovuşursan. Dilim gəlmir sənə Allah rəhmət eləsin deməyə. Başımız sağ olsun! Amin!

Təzəgülün, Şücaətin, səni sevən dostların adından
Daşdəmir ƏJDƏROĞLU
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!