Butov.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İlham Əliyevin BMT-nin 20 sentyabr sessiyasındakı çıxışına diqqət yetirib. Onun feysbuk (Facebook) sosial şəbəkəsindəki paylaşımını təqdim edirik: "BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp çıxış edərkən BMT-nin böyük zalında ayaq üstə dayanmağa belə yer yox idi. Hamı onu diqqətlə dinləyir və yaxın gələcəkdə super dövlətin liderinin hansı addımlar atacağını müəyyənləşdirməyə çalışırdılar.
BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMT sessiyasında iştirakı vacib idi.
İlham Əliyevin BMT-nin 20 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var.
Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sərkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırki prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sərkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sərkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”. İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüquqmuz var və bu hüquq elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti APRELƏ hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir.
İkincisi, İlham Əliyev BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışdı. Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regioanl layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər. Azərbaycan prezidentinin çıxışının bu yerində Ermənistanın niyə bu böyük layihələrdən kənarda qaldığını və işğaldan imtina edəcəyi halda bölgədəki əməkdaşlığın sərhədlərinin genişlənəcəyini xatırlatması da yerində olardı. Bu BMT-də onu dinləyənlərdə Azərbaycan torpaqlarının işğalının hamıya zərər verdiyi təsəvvürünü gücləndirmiş olardı.
Üçüncüsü, İlham Əliyev 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunduğunu xatırlatdı. Azərbaycandakı indiki hakimiyyətinin əsas uğurlarından biri məhz Azərbaycandakı dini dözümlülüyin dərin tarixi köklərə malik olduğunu beynəlxalq aləmə aşılaya bilməsidir. Dünyada artıq çoxları bilir ki, Azərbaycanda bütün dinlər rahat şəkildə varlığını sürdürür, məscidlər kilsə və sinaqoqalarla qonşudur. Bu səbəbdən İlham Əliyevin çıxışının bu hissəsini “bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır” cümləsi kimdəsə şübhə doğurmaz.
Dördüncüsü, Azərbaycan prezidenti BMT-dəki çıxışında insan haqları mövzusuna bu şəkildə toxundu: “Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Bu, Azərbaycanın dövlət siyasətidir”. Bunun belə olması bizim arzumuzdur. İnsan haqları və demokratiyanın bərqərarı məsələlərində hələ görüləsi işlərimiz çoxdur. Siyasi və məhkəmə islahatları dərinləşdirilməli, müxtəlif səviyyəli seçkilərin nəticələri iştirakçı tərəflərdə şübhə doğurmamalıdır".
Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzi