Vətəndaşlara onlarla bağlı sosial məlumatlara real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq, öz sosial hüquqlarının təminatına daimi nəzarət imkanı verən “e-sosial” internet portalının funksionallığı daha da genişləndirilib.Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, portalın “e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərin sayı artırılıb. Buraya iş axtarışı ilə bağlı müraciət edilmə xidməti də daxil edilib ki, hər bir şəxs istənilən vaxt portalda vakansiyalarla tanış ola və əmək bacarıqlarına uyğun iş yerlərinə elektron qaydada göndəriş əldə edə bilər.
Portalda işəgötürənlər üçün də yeni xidmət, yəni yeni iş yeri və boşalmış iş yeri (vakansiyalar) barədə məlumatların təqdim edilməsi xidməti də formalaşdırılıb. Həmçinin portala valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə xidmətləri, avtomatlaşdırılmış pensiya və ya müavinət təyinatı barədə vətəndaşlar tərəfindən məlumatın real vaxt rejimində əldə olunması və s. kimi xidmətlər daxil edilib.
Eləcə də “e-sosial”da geniş əhatəliliyə malik e-arayış xidmətləri yaradılıb. Burada 15 növdə e-arayış xidməti (iş yerinə dair, əlilliyə dair, müavinət, təqaüd, pensiya, maddi yardım, birdəfəlik ödəmə, dövlət tərəfindən mənzil, avtomobil, ünvanlı dövlət sosial yardımı ilə təmin olunma və s. barədə e-arayış xidmətləri) də təqdim edilir. Yaxın günlərdə bu xidmətlərin sırası daha da genişlənəcək.
Eyni zamanda, portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. Yeniliklərdən biri kimi, artıq portalın İOS platforması üçün tətbiqi də istifadəyə verilib. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradıb. Artıq portalın android tətbiqindən 12500, İOS platforması üçün tətbiqindən isə 350 istifadəçi yararlanır.
Ümumilikdə “e-sosial” portalına marağın getdikcə artmasının göstəricisi kimi, portalın aktiv istifadəçi sayı 150 minə, portala baxış sayı 1 milyon 700 minə çatıb.