Bakı yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcək
Artıq neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosasiyanın Baş Assambleyası keçirilmişdir və Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədi ilə səsvermə keçirilmişdir. Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir.
Afina şəhərində keçirilmiş Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri tərəfindən təqdimat keçirilmiş və mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Vətənimizin paytaxtı, daim yeniləşən, müasirləşən və xüsusilə də küləklər şəhəri olan Bakı şəhərinin yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməsinin doğru seçim olduğu Beynəlxalq Yelkənli İdman Federasiyasının nümayəndələri və Assambleya iştirakçıları tərəfindən xüsusilə vurğulanmışdır.
Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır və bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranmışdır (qayıq 4.70 m uzunluğundadır) və bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan adıçəkilən qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili tək dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.
1963-cü ildən idman növü kimi formalaşmış qeyd edilən yelkənli idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli idman növündən biridir və 300 nəfərdən artıq idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.
Vətənimizin belə bir beynəlxalq səviyyəli, mötəbər yarışa ev sahibliyi etməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük zəhmət və qayğı ilə Respublikamızın beynəlxalq idman aləmində formalaşdırılmış nüfuzunun daha da artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi olması fəxr hissi ilə qeyd edilməlidir.
Azərbaycan Yelkənli İdman Federasiyası Mətbuat xidməti