Sabah Rusiyada “Ordu-2017” sərgi-forumu işə başlayacaq. Virtualaz.org “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sərgi-forumda ilk dəfə xarici mütəxəssislərə S-500 “Prometey” və “Antey-4000” zenit-raket kompleksləri nümayiş etdiriləcək. Bundan əlavə sərgiyə yenilənmiş raketlə təchiz edilmiş “Buk-M3” zenit-raket kompleksi də ilk dəfə çıxarılacaq. Hərbi ekspertlər hesab edir ki, bu komplekslər xarici alıcıların böyük marağına səbəb olacaq.Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, perspektiv zenit-raket kompleksləri sərgi-forumun qapalı hissəsində nümayiş etdiriləcək. S-500 “Prometey” və “Antey-4000” zenit-raket kompleksləri Rusiyanın yaratmaqda olduğu vahid hava-kosmik müdafiə sisteminin əsas elementləri hesab edilir. Lakin bu komplekslərin real imkanları barədə praktiki olaraq informasiya yoxdur. Yalnız o məlumdur ki, S-500 geniş spektrdə hava-kosmik hədəflərini neytrallaşdıra bilər. Bura Amerikanın yaratmaqda olduğu səsdən dəfələrlə iti uçan aparatlar, kosmik hədəflər də daxildir.
Rusiya S-500 komplekslərinin göstəricilərini məxfi saxlayır və Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin qeyd edir ki, bu həmin komplekslərin qarşısında duran vəzifələrdən irəli gəlir. Çünki bu komplekslər adi və səsdən dəfələrlə iti uçan qanadlı raketləri, təyyarələri və PUA-ları, yaxın kosmosda aşağı orbitdə uçan peykləri və digər hava-kosmik hədəflərini vurmaq üçün nəzərdə tutulub.
“Antey-4000” kompleksi haqda isə bir qədər məlumat var. Bu sistem hazırda Rusiyanın silahlanmasında olan S-300B4 zenit-raket komplekslərinin yenilənmiş və ixrac üçün nəzərdə tutulan versiyasıdır. Rusiya ordusuna S-300B4 sistemləri 2014-cü ildən daxil olur. Ötən il ilk dəfə Rusiya bu kompleksləri Suriyada yerləşdirib.
Kompleks əsaslı yenilənmədən keçib, orada hədsiz güclü kompüterlər, Rusiyada hazırlanan yeni proqram təminatı qoyulub. Kompleksin radararı daha həssas və güclüdür. Yeni sistem üçün hədəfi 400 kilometrdə vuran unikal raketlərlə təchiz edilib. Habelə kompleksdə kiçikölçülü hədəfləri 150 km məsafədə vurmağa imkan verən daha aşağı güclü raketlər də nəzərdə tutulub. Nəticədə S-300B4 komplekslərinin döyüş effektivliyi S-300 komplekslərinin əvvəlki nəsilləri ilə müqayisədə 2.3 dəfə artıb.
“Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov bildirib ki, yeni komplekslər ilk növbədə potensial xarici alıcılara nümayiş etdiriləcək. Onun fikrincə, mümkün sifarişçilərin siyahısı kifayət qədər genişdir. Yeni zenit-raket komplekslərinə Çin, Hindistan, Əlcəzair, Qazaxıstan, Azərbaycan, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələr maraq göstərə bilər. “Hindistanlılar ilk alıcılar ola bilər”-Frolov əlavə edib.
Qeyd edək ki, Azərbaycan S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malikdir. Bu, S-300 raketləri nəslinin ən geniş imkanlara malik olan və ixrac üçün nəzərdə tutulmuş versiyasıdır. Lakin indi S-300B4 və ya “Antey-4000” kompleksləri də Azərbaycanın marağını cəlb edə bilər. Çünki Azərbaycan silahlı qüvvələri istənilən növ hava hədəfinin, o cümlədən raketlərin vurulması üçün özünün hava müdafiə imkanlarını genişləndirir.