23-04-2023, 22:00
İrəvandan Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribatİrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti dəfə təxribat törədilib. Şəhərdə keçirilən yürüş zamanı iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Hadisə İrəvanın Respublika meydanında baş verib. Yürüş qondarma "erməni soyqırımı" münasibətilə keçirilib. Xatırladaq ki, aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni təxribatçı Azərbaycan bayrağını yandırmağa cəhd edib. Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. Hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb.
23-04-2023, 21:00
Güləşçimiz Avropa çempionatını qızıl medalla başa vurdu Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 67 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov Avropa çempionu olub.
23-04-2023, 20:00
Güləşçimiz erməni rəqibini məğlub etdiXorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli bürünc medal qazanıb. 60 kiloqram çəki dərəcəsində yarışan idmançımız ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb. Rəqibinə 9:5 hesabı ilə qalib gələn N.Məmmədli Avropa üçüncüsü olub.
23-04-2023, 18:39
Bu xəbəri qəti surətdə təkzib edirik - Müdafiə Nazirliyi"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır". Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Bu xəbəri qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.
23-04-2023, 17:00
Sərhəd buraxılış məntəqəsiylə bağlı bəyanat yayıldıAzərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bu barədə XİN-dən bildirilib. Məlum olduğu kimi, Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra, Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib. Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.
23-04-2023, 14:30
Sabahdan mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaqAprelin 23-dən 24-nə keçən gecə Bakı Şəhər Halqasının əhatəsi boyunca tamamlanma işləri başlayacaq. Bununla əlaqədar aprelin 24-ü gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Həyətlərdən çıxışların qapanmasını nəzərə alaraq avtomobil idarə edən sakinlərdən xahiş olunur ki, qeyd edilmiş vaxtdan əvvəl avtomobillərini həyətlərdən çıxarsınlar. Bu yollarda nəqliyyatın hərəkəti mayın 2-si saat 08:00-dan etibarən bərpa olunacaq. BŞH göstərdikləri anlayışa görə vətəndaşlara təşəkkür edir.
23-04-2023, 14:00
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurulduLaçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
23-04-2023, 13:30
Lerikdə dəhşətli hadisə - ailənin 4 üzvü də elektrik cərəyanından öldüLerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
23-04-2023, 12:00
Sabahın hava proqnozuAprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
22-04-2023, 21:30
Bərdə sakini qonşusunu tüfənglə vurduBərdə sakini qonşusunu tüfənglə yaralayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.