16-01-2023, 17:43
İlham Əliyev “Masdar”la olan əməkdaşlığın üstünlüklərini qeyd etdiDünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”. Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.
16-01-2023, 17:28
Bərpaolunan enerjiylə bağlı proqramımız tamamilə fərqlidir - İlham ƏliyevBiz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
16-01-2023, 16:23
Sabahın hava proqnozu - Buludlu hava üstünlük təşkil edəcəkSabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
15-01-2023, 23:36
SOCAR ilə BƏƏ şirkəti arasında saziş bağlandıPrezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. SOCAR-dan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. Sözügedən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək. Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
15-01-2023, 23:33
İlham Əliyev BƏƏ prezidenti ilə bir sıra məsələləri müzakirə etdiYanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirib, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib. Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğulayıblar. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini deyib, bu münasibətlə təbriklərini çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

15-01-2023, 23:21
Həndbolçularımız Kipr yığmasına uduzduKişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununu keçirib. Baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matçda rəqib komanda 32:23 hesablı qələbə qazanıb. Digər oyunda isə Malta Böyük Britaniya seçməsinə 14:44 hesabı ilə uduzub. Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə məğlub olub.
15-01-2023, 16:41
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.
15-01-2023, 15:50
Boksçularımız Millətlər kubokundan iştirak edəcəkYanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku keçiriləcək. Bu barədə Boks Federasiyasından bildirilib. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayev rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. 14 ölkənin qatıldığı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar. Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.
15-01-2023, 15:47
Sabahın havası - Yağış, küləkYanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.