24-11-2022, 18:26
Qırğızıstanla bağlı sənəd təsdiqləndi“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib. Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
24-11-2022, 18:14
Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov"Ermənistanın postmünaqişə dövründə hərəkətləri münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilməyib. Avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar 2021-ci ildə istehsal edilib", - XİN başçısı bildirib.
24-11-2022, 18:05
Jurnalistlər üçün onlayn təlimlər keçiriləcəkJurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək. Bu haqda Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib. Layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir. Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaq. Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
24-11-2022, 18:00
Qarabağda 268 nəfər minaya düşüb2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, onlardan 3 nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
24-11-2022, 17:57
Ermənistan Laçın yolundan qeyri-qanuni istifadə edirAzərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər. Qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir. Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur.
24-11-2022, 13:38
Cümə gününün hava proqnozuBakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
24-11-2022, 13:36
Yeni ildə 5 gün iş olmayacaq31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.
24-11-2022, 13:31
Çap mediası çətinliklə üz-üzədirMedia sahəsində yeni konseptual baxış tələb olunur. Bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib. O qeyd edib ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib. “Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”, - deyə K.Həsənov bildirib. Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
24-11-2022, 13:30
Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”. Qurum rəhbəri qeyd edib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA Agentliyinin konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır: “E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə yenilik yox, eyni zamanda innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük”.
24-11-2022, 13:28
Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildiBu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.