“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir. Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar. Bununla bağlı Azərbaycanın və Qazaxıstanın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür. Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım, Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim. Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".
Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb
“Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib”. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib. Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.
"Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
"Mənim oğlumla birlikdə 8 nəfər gediblər. Onlardan birini videoda oğlumla birlikdə xəstəxanada olarkən gördüm". Bu sözləri aviaqəzada xəsarət alan Nizami Cəlilovun atası Fizuli Cəlilov deyib. O bildirib ki, oğlunu Qroznıya, qohumlarının yanına yola salıb: "Bu gün səhər eşitdim ki, belə bir hadisə olub. Hələ də şokdayam. Oktyabrda hərbi xidmətə gedəcək, qohumları ilə Yeni il öncəsi bayramlaşmağa gedirdi".
Türkiyə Superliqa təmsilçisi "Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib. Qeyd edək ki, "Hatayspor" Superliqada 9 xalla 18-ci sırada qərarlaşıb.
Prezident İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarə qəzası barədə məlumat toplamaq üçün Qazaxıstanın Aktau şəhərinə gedən azərbaycanlı nazirlər yaralı həmvətənlərimizə baş çəkiblər. Onlar yaralıların müalicə aldığı xəstəxananı ziyarət ediblər. Xatırladaq ki, hadisəni yerində araşdırmaq məqsədilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə gediblər.
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycana məxsus təyyarənin "qara qutusu" tapılıb. Bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib. Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR
Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişin sağ qalıb, 16 Rusiya vətəndaşından 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.
Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI
Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların son durumu açıqlanıb. Qazaxıstan Səhiyyə Nazirliyinin yerli idarəsi bildirib ki, 29 nəfərdən 11-nin vəziyyəti ağırdır. Bildirilib ki, qəzada xəsarət alan azyaşlılar əməliyyat olunacaq. Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!