COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ .....                        Zakir Həsənov Slovakiyadadır - FOTO .....                        Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO .....                        RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb .....                        Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi .....                        Azərbaycanda ilk: çağırdığınız ambulansı onlayn izləyin! .....                        “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı .....                        Pezeşkian Azərbaycana GƏLİR - RƏSMİ .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                       
Tarix : 12-11-2023, 11:20
ÜZÜ DÖNSÜN AYRILIĞIN...

ÜZÜ DÖNSÜN AYRILIĞIN...

Ürəklərdə yalnız xoş xatirələriylə yaşayan Elgün Rzayevi amansız əcəl 6 ildir, bizdən ayırıb. Ömür-gün yoldaşı Aydan Rzayevanın statusunda paylaşdıqlarını və ili ərəfəsində qələmə aldıqlarımı saytın izləyicilərinə təqdim edirəm.

* * *
Bu gün yoxluğunun 6-cı il dönümüdür. Çiyinlərimdə ağır yüklə, ürəyimizdə çox böyük dərdlə səni sənsiz göz yaşları ilə anırıq. Səndən sonra hər şey, çox şey dəyişdi. Bir sənin yoxluğuna öyrəşə bilmədim. Qəbullana bilmədim sənsizliyi, mənim hörmətli, ziyalı dostum, sirdaşım, həyat yoldaşım. Evimizin günəşi idin. Artıq 6 ildir ki, o günəş doğmur. Çox çətindi yoxluğun. Nə vaxtsa qayıdarsan deyib, özümüzü inandıraraq yaşayırıq. Əslində isə dönməyəcəyini bilirəm. Sənsiz ruhən ölsəm də, cismən yaşayıram. Nə bilim, bəlkə də ölmüşəm, bilmirəm. Günəşli bir gündə evdən çıxdın, bir daha qayıtmadın. Yoxluğun qəlbimizin ən ağır dərdidir, əzizim. Adını çağırmaq istəyirəm. Səni evimizdə istəyirəm. Yaşamağını istəyirəm. Yenə birlikdə olmağımızı istəyirəm. Ancaq əlimdən heç nə gəlmir. Allahın qisməti belə imiş. Bir də nə vaxt görüşərik, bilmirəm. Bircə onu bilirəm ki, sənsizliyə tab gətirmək ağırdır, dözülməzdir. Sən güllərdə, çiçəklərdə yat, mənim xoşbəxt adamım. Cismən yanımda olmasan da, ruhumda, gözlərimdə, ürəyimdə, evimizdə, baxdığım hər yerdəsən.
Aydan Rzayeva

* * *
Ayrılıqların ən dəhşətlisi olan ölüm... Dörd hərfli sözün vahiməsi necə dəhşət... O ki yarımçıq qırılmış ömür ola... Yolu başa çatmayan səfər ola... Belə ömürləri qələmə almağın ağırlığı bilsəniz necə çətin...
Elgün Rzayev Vaqif oğlu 1977-ci ildə Lənkəran şəhərində anadan olub. 1983-cü ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbin 1-ci sinfinə gedib, 1993-cü ildə həmin məktəbi bitirib. 1993-97-ci illərdə Bakı Menecment Universitetinin Beynəlxalq iqtisadı münasibətlər və menecment fakültəsində gömrük işi ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetinin İnzibati İdarəetmə fakültəsində gömrük işinin təşkili və idarə edilməsi üzrə yenidən təhsil alıb, 2001-ci ildə hərbi xidmətə çağırılıb. Bir il Sərhəd Qoşunları Dəstəsində xidmət edib. Hərbi xidmətdən sonra sahibkarlıqla məşğul olub. 2007-ci ilin yanvarından 2013-cü ilin noyabrınadək Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran şəhər şöbəsində çalışıb. Və oradan təqaüdə çıxıb. Yenə də sahibkarlıqla məşğul olub.
40 illik yarımçıq ömrün qısa, yığcam bioqrafiyası.
“Astarada 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Ağır qəzada Rzayev Elgün Vaqif oğlu ölüb”. Bu xəbər ildırım sürətilə yayılır. Bir payız günü. Noyabrın 12-si. Aydın, günəşli hava. Nə duman var, nə də qar, yağış... Ömür qisməti bura kimiymiş.
Elgün Rzayevin ailə üzvləriylə görüşəndə anası Tərifə müəllimə, qayı-nanası Naibə xanım da onlarda idi. Gözlərinin yaşı qurumamış anaları dinləmək çox ağırdı mənə. Elgünü tanımamağıma təəssüflənirlər. Nə yaxşı ki, şəxsən tanımamışam. Onsuz da onun doğmalarının, əzizlərinin ovqatındayam. Göz yaşlarımı boğa bilmirəm. Tanısaydım, daha çətin olacaqdı... Söhbətlərdən aydın olur ki, Elgün Rzayev bir evdən, bir ailədən yox, eldən gedən oğullardandı. Uşaqlıqdan sanki yaşından tez böyüyüb. Xarakteri xeyirxahlıqla, qayğıkeşliklə yoğrulub. Sözündə, danışığında kim olubsa, əməlində, işində də o olub. Sözünün, əməlinin ağası... İştirak etdiyi hər yerdə xoş aura, gözəl atmosfer yarada bilib. İlk tanışlıqdan hamının yaddaşında dost kimi qalıb.
2006-cı ilin 14 yanvarında qapılarında toy çalınıb. Ailəyə Aydan adlı gəlin gəlib. Həmin ilin noyabrın 27-də nübar qızları Gülay dünyaya göz açıb. 2011-ci ildə Gülayın Leyla adlı bacısı ailəyə daha bir sevinc gətirib. Normal, xoşbəxt ailə həyatı yaşayırlar. Aydan Rzayeva Lənkəranda V.Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə dərs deyir. Peşəsini sevən Aydan müəllimə məktəbin sevilən müəllimlərindəndir. Dəfələrlə məktəb rəhbərliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov cənablarının Fəxri Fərmanlarıyla təltif olunub. Gülay məktəbin əlaçı şagirdlərindəndir. Leyla da ötən il məktəbə qədəm qoyub. Anasının sinfində təhsilə başlayıb. Hər şeyin düz xətlə getdiyi bir dövrdə əcəl macal vermədi...
Onlara qonaq gedəndə avqust ayının 4-ü idi. Bir gün əvvəl balaca Leylanın doğum gününü qeyd ediblər. Atasının yoxluğunu dərk etməyən Leylanın gözləri yolda qalıb. Axı atası hər il onları müxtəlif yerlərə aparıb, doğum gününü qeyd edərdilər. Aydan özünə yer tapa bilmir. 12 illik birgə ömürdə bir gün də ayrı qaldıqları yadına gəlmir. Hər yerə bir gedib, bir qayıdıblar. 9 ayın ayrılığına necə dözüb, tab gətirməyinə özü də inana bilmir.
Həyatda hamımız müəllimlərimizi ən güclü insan bilirik. İlk məllimimizə olan sevgini isə ilk məhəbbət kimi ömrümüz boyu qəlbımizdə yaşadırıq. Aydan müəllimə ötən dərs ilində birinci sinfi götürmüşdü. Sentyabrdan noyabrın 12-nə cəmi 2 ay vaxt keçmişdi. Amma müəllimlə şagirdləri arasında qeyri-adi bağlılıq yaranmışdı. Leylası da həmin sinfın şagirdlərindəndi. Həyat yoldaşının qəfıl ayrılığından sarsılan Aydan müəllimə işdən çıxmağı, işlədiyi məktəbə bir daha qayıtmamağı qərarlaşdırır. Fəqət məktəbin təcrübəli direktoru Yeganə Əsgərova Aydan müəlliməni bu fıkrindən daşındırır.
Atasının yoxluğunu bir dəfə də dilinə gətirməyən 11 yaşlı Gülay bu əbədi ayrılığın nə olduğunu dərk edə bilmədiyindən atasının yolunu gözləyir. Hiss və duyğularını kağızlarla bölüşür. Onlarda olanda mənə yaxınlaşıb əlindəki dəftəri göstərərək - ilk dəfə anama şeir yazmışam. Atama oxumuşdum, çox xoşuna gəlmişdi. Sonra bacıma, müəllimlərimə yazdım. Onların da xoşuna gəldi. İndi atama yazıram... Baxışları kövrəldi, gözləri nəmləndi... Dəftərindəki dörd bəndlik şeirini mənə verdi ki, evdə oxuyum. Hisslərini evdəkilərdən gizlətməyə çalışırdı.

Ən gözəl varlıqdır o həyatda,
Bir an unutmazsan onu dünyada.
Canındır sənin, varındır sənin
Həmişə qoruyan atandır sənin.

Zəhmətkeş, qayğılı bu gözəl insan,
Hər zaman sevibdir səni o insan.
İndi niyə gəlməyirsən, ay ata?
Bəs nə vaxt gələcəksən, ay ata?

Hər zaman qoruyub səni hər anda,
Unutmaq olarmı səni bir an da?!
Həmişə sevirəm səni qəlbimdə,
Həkk olub qalmısan sən yaddaşımda.
Darıxıram sənin üçün hər zaman,
Gözləyirəm mən yolunu hər zaman.
Bilirəm ki, gələcəksən, unutmazsan sən bizi,
İnanırıq gələcəksən bir zaman...

Əlbəttə, qızcığazın misraları bugünkü ovqatının təzahürüdür. Kin bilir, bəlkə də, bu istedadlı qız gələcəkdə “Gülay Elgünqızı” imzası ilə tanınıb atasının adını soyadında yaşadacaq...
Əvvəldə dediyım kimi, bir evdən, bir ailədən yox, eldən gedən oğul haqqında hamının qəlbində az qala bir kitablıq söz var. Amma hamısını yazıya gətirə bilmədim. Ən yaxınlarının ürək sözlərini qələmə aldım.
Böyük əmisi Yaşar Rzayev: - Elgün hamımızın əzizi, hamımızın sevimlisi idi. Yaşından asılı olmayaraq hamıyla ünsiyyət qurmağı, hamıyla dostluq etməyi bacarırdı. Qohum-əqrəba arasında problemi olan hər kəs ona müraciət edirdi. Dost-tanışı çox olduğundan hamının probleminin həllinə nail olmağı baçarırdı. Gözlənilməz qəza nəticəsində aramızdan qəfil getməsi hamımızı sarsıdıb. Özümüzə gələ bilmirik. Məzarı nurla dolsun.
Kiçik əmisi Rafail Rzayev: - Elgün qohum-qardaş arasında sevilən-seçilən bir oğul idi. Dost yolunda, qohum-qardaş yolunda canından keçməyə hazır bir oğul idi. Onun üçün müşkül məsələ, aça bilmədiyi qapı yox idi. Təəssüf ki, əcələ qalib gələ bilmədi. Hadisədən bir az əvvəl işimizə nazirlikdən müfəttişlər gələcəkdi. Həmişə olduğu kimi, Elgünlə danışdım. Narahatlığa heç bir əsas olmadığını bildirdi. Müfəttişlər gələnə kimi mehmanxana, yeməkxana problemi həll olundu. Gəlib müfəttişlərlə də tanış oldu. İlk tanışlıqdan aralarında xoş münasibət yarandı. Aradan bir həftə sonra bu faciəli hadisə baş verdi. Müfəttişlər eşidən kimi zəng vurdular. İşgüzar, istiqanlı bir cavanın vaxtsız gedişinə təəssüfləndilər. Onun yeri ömrümüz boyu qəlbimizdə boş qalacaq. Ruhu şad olsun.
Bibisi Hacı Elazə xanım: - Ürəyimizin əziz parası olan Elgünün yoxluğundan danışmaq mənə çox ağırdır. Faciəli qəzadan sonra özümüzə gələ bilmirik. Elgün hamımızm ümid qapısıydı. Çətinliyə düşən kimi Elgünü axtarırdım. Münasibətdə təmənnasız idi. Xeyirxahlıqdan, yaxşılıq etməkdən zövq alırdı. Haqqında günlərlə danışsam, qurtarmaz. Təsəllimiz yadigarları olan 2 qız balasıdır. Hamımız sevimli Aydanına arxa-dayaq olub Gülayla Leylanı atalarının adına layiq böyütməkliyik. Yeri cənnətlik olsun.
Qayınatası İntiqam Hüseynov: - Elgünü balalarımdan ayırmırdım. Bu hörməti, bu məhəbbəti özü qazanmışdı. Hər iki ailədə qohumluq münasibəti yüksək səviyyədə qorunurdu. Elgün xarakterinə uyğun olaraq hər işdə ehtiyatlı idi. Maşın sürməkdə də beləcə. Onun qədər ehtiyatlı maşın sürən ikinci şəxs tanıya bilmirəm. Bu faciə - maşın qəzası necə baş verdi, inana bilmirəm. Əlimizdən heç nə gəlmir. Təsəllimiz övladlarıdır. Allah qorusun.
Deyirlər, bu fani dünyada insanı əcəli öldürmür. İnsan onu sevənlərin bitib qurtardığı yerdə ölür. Bu mənada Elgün Rzayev onu tanıyanların qəlbində zaman-zaman yaşayıb ölümsüzlük qazanacaq.

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru









[/center]


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!