Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
4-09-2026, 10:12
Zəngəzur Keçidindən Qlobal Şəbəkəyə


Zəngəzur Keçidindən

Qlobal Şəbəkəyə


1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının qarşılaşdığı çətin şərait – tam nəqliyyat və kommunikasiya blokadası, qaranlığa qərq olmuş şəhər və kəndlər, kəskin enerji qıtlığı – regionun yaddaşında dərin izlər buraxıb. Lakin bu gün mənzərə kökündən dəyişib. Heydər Əliyevin uzaqgörən qərarları ilə Türkiyə və İranla qurulan ilk enerji körpüləri Naxçıvanı fəlakətdən xilas etdisə, son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti Muxtar Respublikanı tam enerji müstəqilliyinə çatdırdı. Dövlət başçısı İlham Əliyevin Naxçıvana son səfəri bir daha göstərdi ki, vaxtilə blokadada olan diyarımız bu gün təkcə daxili ehtiyaclarını təmin etmir, həm də Cənubi Qafqazın yeni enerji xəritəsini formalaşdıran strateji bir aktora çevrilir.
Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələr regionun sosial-iqtisadi inkişafına da mühüm təkan verib. Müasir elektrik stansiyalarının, yarımstansiyaların və yeni ötürücü xətlərin inşası enerji sisteminin dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə günəş və digər bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi Naxçıvanın gələcək enerji strategiyasında xüsusi yer tutur. Bu istiqamətdə görülən işlər həm ənənəvi enerji mənbələrindən asılılığın azalmasına, həm də ekoloji cəhətdən daha təmiz istehsalın inkişafına şərait yaradır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni enerji bağlantılarının yaradılması isə Muxtar Respublikanın enerji sisteminin regional şəbəkələrə daha sıx inteqrasiyasına imkan verəcək. Prezidentin səfəri çərçivəsində xüsusi vurğulandığı kimi, planlaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri Naxçıvanın geostrateji əhəmiyyətini daha da artıraraq onu Şərqlə Qərb arasında mühüm bir enerji qovşağına çevirir. Beləliklə, vaxtilə ağır blokada və enerji böhranı yaşayan Naxçıvan bu gün enerji təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətlərlə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu transformasiya yalnız Muxtar Respublikanın deyil, bütövlükdə Azərbaycanın enerji siyasətinin və regional əməkdaşlıq imkanlarının mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyev tərəfindən Naxçıvanın "Yaşıl Enerji" zonası elan olunması regionun inkişaf modelində yeni səhifə açdı. Muxtar Respublikada ümumi elektrik enerjisi istehsalı güclərində bərpa olunan enerji mənbələrinin payı artıq 60%-ə yaxınlaşmaqdadır ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir. İqlim göstəriciləri və illik 2600-2800 saatlıq günəş radiasiyası intensivliyi Naxçıvanı regional bərpa olunan enerji mərkəzinə çevirir. Araz, Biləv və Vənənd kimi su elektrik stansiyaları ilə yanaşı, ümumi gücü 22 meqavatı aşan Naxçıvan Günəş Elektrik Stansiyası və hər birinin gücü 25 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” layihələri daxil olmaqla, alternativ enerji obyektləri regionun daxili tələbatının böyük hissəsini təmiz enerji ilə qarşılayır.
Dövlət başçısının son Naxçıvan səfəri zamanı təməli qoyulan və ya müzakirə edilən xarici investisiyalı yeni günəş və külək elektrik stansiyası layihələri bu göstəriciləri daha da yuxarı qaldıracaq. Bu layihələrin həyata keçirilməsi Naxçıvanın enerji sisteminin həm dayanıqlılığını, həm də ekoloji səmərəliliyini artırır. Xüsusilə günəş enerjisindən geniş istifadə regionun zəngin təbii potensialının iqtisadi inkişafa yönəldilməsinə imkan yaradır. Yeni bərpa olunan enerji layihələrinin reallaşdırılması nəticəsində gələcəkdə elektrik enerjisinin istehsal həcminin daha da artırılması və artıq enerjinin Türkiyə başda olmaqla qonşu ölkələrə və Avropaya ötürülməsi üçün geniş imkanlar formalaşır. Bu isə Naxçıvanın yalnız öz enerji tələbatını ödəyən deyil, eyni zamanda regional enerji əməkdaşlığında fəal iştirak edən mühüm bir mərkəzə çevrilməsi deməkdir.
“Yaşıl Enerji” zonasının yaradılması həm də müasir texnologiyaların tətbiqinə, enerji səmərəliliyinin yüksəldilməsinə və karbon emissiyalarının azaldılmasına xidmət edir. Bu baxımdan Naxçıvanın yaşıl enerji strategiyası iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühitin qorunması arasında mühüm balans yaradır. Qarşıdakı illərdə xarici tərəfdaşlarla birgə həyata keçirilməsi nəzərdə tutulan yüzlərlə meqavatlıq yeni günəş stansiyaları Muxtar Respublikanın bərpa olunan enerji potensialını daha da gücləndirəcək. Beləliklə, Naxçıvan tədricən Azərbaycanın yaşıl enerji siyasətinin əsas dayaqlarından birinə və Cənubi Qafqazda alternativ enerji sahəsində nümunəvi inkişaf modeli formalaşdıran strateji məkana çevrilir.
Prezident İlham Əliyev Naxçıvana son səfərindəki çıxışlarında və keçirdiyi görüşlərdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat və enerji əlaqələrinin bərpasının strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Naxçıvanın blokada şəraitindən tam çıxarılması, onun Azərbaycanın ümumi iqtisadi və enerji sisteminə inteqrasiyası ölkənin qarşısında duran prioritet vəzifədir. Bu məqsədlə son dövrdə həm Zəngəzur dəhlizi (və Araz dəhlizi) layihəsi, həm də Naxçıvanla birbaşa elektrik və digər enerji kommunikasiyalarının yaradılması istiqamətində praktiki addımlar sürətlənib. Şərqi Zəngəzur və Naxçıvanda formalaşdırılan böyük bərpa olunan enerji potensialının vahid enerji infrastrukturunda birləşdirilməsi Azərbaycanın uzunmüddətli enerji strategiyasının mil daşıdır.
Bu istiqamətdə görülən işlər təkcə gələcək planlarla məhdudlaşmır. Naxçıvanın enerji sisteminin modernləşdirilməsi, yeni yarımstansiyaların və elektrik ötürücü xətlərin inşası, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və beynəlxalq enerji əlaqələrinin genişləndirilməsi üzrə ardıcıl layihələr həyata keçirilir. Eyni zamanda, Naxçıvanın Türkiyə və İranla mövcud enerji əlaqələrinin gücləndirilməsi Muxtar Respublikanın enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasında mühüm rol oynayır. Gələcəkdə Azərbaycanın əsas enerji şəbəkəsi ilə birbaşa bağlantının yaradılması isə bu imkanları daha da genişləndirəcək.
Zəngəzur koridorunun reallaşması ilə paralel olaraq, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa enerji kommunikasiyalarının bərpası və Vahid Enerji Şəbəkəsinin tamamlanması regional sabitlik və iqtisadi artım üçün həlledici rol oynayacaq. Şərqi Zəngəzurda və Naxçıvanda yaradılan yaşıl enerji güclərinin xarici bazarlara çıxarılması layihənin iqtisadi dividendlərini bir neçə dəfə artıracaq.
Cənab Prezidentin son səfəri bir daha sübut etdi ki, Naxçıvan Dəhlizi təkcə mühəndislik və infrastruktur layihəsi deyil; bu, regional geosiyasətdə blokadanın qırılması, yaşıl keçidin təmin olunması və gələcəyin dayanıqlı iqtisadiyyatına atılan strateji bir addımdır. Regionun yeni enerji nəbzi məhz burada – Naxçıvanda vurur.

Cavanşir Zeynalov,
Naxçıvan Dövlət Universiteti
Memarlıq və mühəndislik fakültəsinin dekanı
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, professor
12-08-2026, 09:37
Laçın Şəhəri Günü: “Böyük Qayıdışın Zəfər Salnaməsi”

Laçın Şəhəri Günü:

“Böyük Qayıdışın Zəfər Salnaməsi”


10 avqust 2026-cı il tarixində Laçın Şəhəri Günü münasibətilə “Böyük Qayıdışın Zəfər Salnaməsi” adlı tədbir keçirilib.

Zirvə Gənclərin İnkişaf Klubu və Əbədi Birlik Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Laçının tarixi, milli-mədəni irsi, işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış prosesinin əhəmiyyətinin gənclər arasında təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirin açılış nitqi Zirvə Gənclərin İnkişaf Klubunun İdarə Heyətinin sədri Maqsud Əhmədzadə tərəfindən edilib. O, çıxışında Laçının Azərbaycan xalqının yaddaşında xüsusi yeri olduğunu qeyd edərək, Böyük Qayıdış prosesinin yalnız ərazilərin yenidən qurulması deyil, həm də milli irsin, tarixi yaddaşın və gələcəyə olan inamın bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə və Rövşən Muradov iştirak ediblər. Deputatlar çıxışlarında Laçının tarixi və strateji əhəmiyyətindən, şəhərin işğaldan azad edilməsinin tarixi Zəfərimizdəki rolundan, Böyük Qayıdış çərçivəsində görülən işlərdən və gənclərin bu prosesdə üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Həmçinin Əbədi Birlik Gənclərin İctimai Birliyinin Könüllü rəhbəri Səma Qarayeva ,Zirvə Gənclərin İnkişaf Klubunun İdarə Heyətinin I müavini Səid Əmrahlı, sədrin ümumi işlər üzrə müavini Cavidan Həzizadə, Nəzarət-Təftiş Komissiyasının sədri Kənan Heydərli çıxış edərək Laçının tarixi əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşması və Böyük Qayıdış prosesində gənclərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici məzmunu ilə yadda qalıb. Çıxışlar zamanı Laçının keçmişi, bu günü və gələcəyi ilə bağlı fikirlər səsləndirilib, gənclərin tarixi hadisələrə daha dərindən yanaşmasının və milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyəti diqqətə çatdırılıb.
6-08-2026, 23:49
Zəfərdən Qayıdışa –   Həsrətin Sonu Yaxındır

Zəfərdən Qayıdışa –

Həsrətin Sonu Yaxındır


Mən mütləq yurduma dönəcəyəm. Çünki o torpaqlar sadəcə doğulduğum yer deyil, mənim köküm, kimliyim, yaddaşımdır. O torpaqlarda atam yaşayıb, atamın atası yaşayıb, onun da babaları ömür sürüb. Hər qarışında əcdadlarımızın izi, alın təri, xatirələri və duaları var. Biz o torpaqlara sonradan gəlməmişdik – əsrlərlə o yurdun sahibləri olmuşduq.

1991-ci il avqustun 8-də doğma Nüvədi kəndindən zor gücünə deportasiya olunduq. Evimizi, ocağımızı, ata-baba yurdumuzu tərk etməyə məcbur edildik. Ancaq bir şeyi heç kim bizdən ala bilmədi – Vətən sevgisini və Qayıdış ümidini. Biz yurdumuzdan çıxarıldıq, amma yurdumuz heç vaxt ürəyimizdən çıxmadı.

İllər keçdi. Həsrət uzandı. Amma bu həsrət bizi sındırmadı, əksinə daha da möhkəmləndirdi. Biz inanırdıq ki, haqq gec-tez öz yerini tapacaq. Bu inamın təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdu. O, Qərbi Azərbaycana qayıdış ideyasını milli yaddaşımızın ayrılmaz hissəsinə çevirdi, dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri kimi yaşatdı.

Bu gün həmin siyasi xətt Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü bərpa etdi və Böyük Qayıdış prosesinə başladı. Bu Zəfər bütün soydaşlarımıza göstərdi ki, xalqımızın iradəsi qarşısında heç bir haqsızlıq əbədi ola bilməz.

Məhz buna görə də 2026-cı il avqustun 8-də ABŞ-da sülh müqaviləsinin imzalanması və paraflanması xəbəri bizdə yeni ümidlər yaratdı. Bu tarixi hadisə Qərbi Azərbaycana qayıdış yolunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İnanırıq ki, beynəlxalq hüquq, tarixi ədalət və dövlətimizin qətiyyətli siyasəti nəticəsində doğma yurdlarımıza qayıdacağımız gün uzaqda deyil.

Biz intiqam deyil, ədalət istəyirik. Biz müharibə deyil, doğulduğumuz torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyirik. Ata-babalarımızın məzarlarını ziyarət etmək, dağıdılmış ocaqlarımızı yenidən qurmaq, övladlarımızın və nəvələrimizin öz doğma yurdlarını görməsini arzulayırıq.
Əminik ki, Zəfərdən Qayıdışa gedən yol artıq açılıb. Bu yol bizi doğma Mığrıya, Nüvədiyə və bütün Qərbi Azərbaycan yurdlarına aparacaq.
O gün uzaqda deyil. Biz qayıdacağıq. Çünki o torpaqlar bizim tarixi Vətənimizdir. Biz qayıdacağıq – əcdadlarımızın ruhuna, tariximizə və gələcək nəsillərə olan borcumuzu yerinə yetirmək üçün.
Zəfərdən Qayıdışa – bu, təkcə bir şüar deyil, bütün Qərbi azərbaycanlıların qəlbində yaşayan müqəddəs inamdır. Və o inam mütləq gerçəyə çevriləcək.

Nüvədi kənd sakini Bərəhman Zairov Səfiyar oğlu


3-07-2026, 08:19
Təbrik edirik!

Təbrik edirik!

Babası Əbülfət Nuriyevin adını daşıyan Əbülfət Əfqanoğlunun 6 yaşı tamam oldu. Əbülfətin doğum günü süfrəsinə balaca dostları və onu çox sevənlər yığışmışdılar.

Məclisin sonbeşiyi- xalası oğlu Elmir İmaməliyev Bakıdan təşrif buyurmuşdu. Əmisi qızı Ahunun Əbülfəti görəndə sevinci yerə-göyə sığmırdı. Xalası qızları Büllurla Elmira isə artıq özlərini böyük hesab edir, süfrənin bəzək-düzək işlərinə fikir verir, əyər-əksiyə nəzarət edirdilər.
Əbülfəti təbrikə gələnlərin hamısının bir arzusu var. Atalı-analı böyüsün! Uzun ömürlü, xoşbəxt olsun, firavan həyat yaşasın!

Bütöv Azərbaycan Media Qrupu da Əbülfətin doğum gününü təbrik edir. Onun başına toplaşan gül balaların hamısına aydın səma, xoş gələcək diləyir. Bir də arzu edir ki,onların hamısı ailələrinə, nəsillərinə və Azərbaycanımıza layiqli övlad olsunlar. Onların hər birinə Bütöv Azərbaycan vətəndaşı pasportu daşımaq nəsib olsun!
18-06-2026, 18:32
Allah rəhmət eləsin!

Allah rəhmət eləsin!

Ömür vəfa etmədiyi kimi, günlər də gözləmir. Artıq Hacı Qasımın dostlarını, doğmalarını tərk edib, balalarını boynubükük qoyduğu vaxtdan 40 gün keçir.
Aslanov Qasım Satılmış oğlu 1979-cu ildə, sentyabrın 1-də Zəngəzur mahalının Pürülü kəndində doğulmuşdu. 1988-ci ildə, 9 yaşındakən, erməni faşistlərinin silahlı basqını nəticəsində dogma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Valideynlərilə birlikdə Zəngilan rayonuna pənah gətirən Qasımın taleyi orda da gətirmədi. 29 oktyabr 1993-cü ildə Zəngilan işğal olunanda 15 yaşlı Qasım ikinci dəfə qaçqınlıq həyatı yaşamağa məhkum oldu. Valideynləri Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşdı. Ailəlikcə el-obanın hörmətini qazandılar. Gənc yaşlarından Həcc ziyarətinə gedən Qasım Aslanov, elə gənclik illərindən yas mərasimlərində ağsaqqllıq elədi, ağır yığnaqlı məclisləri yüksək əxlaqla, ədəb-ərkanla idarə elədi. Artıq 5 həftəni keçib ki, Hacı Qasım axirət evindədir, amma onun əziz xatirəsi tanıyanlarının ürəyində, sevənlərinin qəlbindədir.
Mərhumun şair həmyerlisi İsrayıl Lətifoğlu onun cismən yoxluğunu iki bənd şeirlə belə ifadə edib:
Sənin yoxluğunu mən necə deyim?!

Sənin yoxluğunu mən necə deyim?!
Gəlib məzarına ellər Hacının.
Dünən yolum düşdü qəbiristanlığa,
Ağlayır üstündə güllər Hacının.

Yox oldu bir anda xoş arzu, dilək,
O qoca dağlardan gəlmədi kömək.
Gəlin baş daşına nəzər yetirək,
Yazılıb ayları, ili Hacının…

P.S. Tamxil Ziyəddinoğlu Aslanovlara Qasım Aslanovun cavan yaşında dünyadan köçməsinə kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
18-05-2026, 06:36
Anılıb xatırlanırsa, ruhu şaddır


Anılıb xatırlanırsa,

ruhu şaddır


Zəngəzur mahalının Qafan elində yaxşı tanınan, hörmət-izzət sahibi olmuş Baxış müəllimin xatirəsi təkcə doğmaları, qohumları tərəfindən deyil, həm də sevimli şagirdləri, elm-ürfan sahibi olan yetirmələri tərəfindən həmişə əziz tutulur. Onun adı hər zaman, hər yerdə, rəhmətlə anılır. Əslində Baxış müəllimin adı heç unudulmur, ancaq anım günlərində doğum günlərində xüsusilə yada salınır, onunla bağlı xatirələr bölüşür. Bu dəfə Baxış müəllimi öz oğlu -peşəsinin davamçısı Rasim Tanrıverdiyevlə xatırladıq.

Baxış m. həyat yoldaşı Qalya xanımla
Yeniyetməlik çağlarımızdan, müəllimlərimizdən, onlardan öyrəndiklərimizdən, yurd yerlərimizdən, camaatımızın ötən əsrin sonlarında yaşadığı faciələrdən, vətən həsrətimizdən xeyli danışıb dərdləşdik. Görüşümüz sevimli Baxış müəllimimizin ömrünü sevənlərinə bağışladığı ərəfəyə düşdüyündən qərarlaşdıq ki, onu “Bütöv Azərbaycan” qəzetinin oxucuları ilə də tanış edək:

Tanrıverdiyev Baxış Nuruş oğlu 15 avqust 1930-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan Rayonunun Gığı kəndində anadan olub. İki bacının tək qardaşı atasını erkən itirdiyinə görə anası Sənəm xanımın himayəsində, ana qayğısı ilə böyüyüb. Onun yetkinlik halına baxsaq görərik ki, atasız qalıb ana nəvazişi ilə böyüsə də mətin xarakteri yurdunun sərt qayalarından, qüruru gəzdiyi dağların əzəmətindən, dözümü kölgəsində dincəldiyi azman palıdlardan əxz edib.

Yetim uşaq kənd həyatında düçar olduğu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ibtidai təhsilə başlayıb və 1950-ci ildə Gığı kənd orta məktəbini müvəffəqiyyətlə bitirib. Orta məktəbi bitirdikdən sonra, yəni elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olub. Çox gənc olsa da atasızlıq Baxış Tanrıverdiyevə çox şey öyrətmişdi. Odur ki, ailənin yükünü hələ bərkiməmiş çiyinlərinə çəkməyi, iki bacısını, anasını damın altında sahibsiz qoymamağı qərara alıb. Təhsilini əyani şöbədən qiyabiyə dəyişib. 1951-ci ildən Gığı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Baxış müəllim peşə ixtisasını daim təkmilləşdirib, öz üzərində yorulmadan çalışıb. Həm dərsləri, həm də kimyadan keçirdiyi laboratoriya təcrübələri çox maraqlı olub.

1955-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirən B. Tanrıverdiyev tədris zamanı kimya və biologiya fənlərini şagirdlərinə o qədər sevdirmişdir ki, şagirdlərin əksəriyyəti ixtisas seçimi edərkən kimya və biologiya fənninə üstünlük verib, hətta bir çoxu həmin fənlər üzrə qazandıqları uğura güvənərək həkimlik peşəsinə yiyələniblər.

Baxış müəllim öz ixtisasını o qədər sevə-sevə tədris edib ki, sorağı ətraf bölgələrə də yayılıb. Ondan dərs almaq üçün qonşu kəndlərdən, hətta rayon mərkəzindən Gığı məktəbinə uşaqlar gəlirdi. Onun şagirdləri rayonda kimya üzrə keçirilən olimpiadalarda həmişə birincilik qazanıb. 1963-64 cü tədris ilində isə şagirdi Telman Əliyev İrəvanda keçirilən olimpiadada iştirak edərək diplom qazanıb, müəlliminə isə Fəxri Fərman verilib.
Baxış müəllimin yetirmələri arasından xeyli kimya və biologiya müəllimləri çıxıb, hətta bir neçəsi o sahə üzrə elmi iş müdafiə edərək alimlik dərəcəsi alıb. Baxış müəllimin yetirmələrindən professor Abbasov Eldar Şamxal oğlunu, Əliyev Fikrət Paşa oğlunu, Paşayev Bəhram Həbib oğlunu, Əliyev İlqar Paşa oğlunu, dosent Cəfərov İsa Ağa oğlunu, kimyaçı alim Süleymanov Telman Yadigar oğlunu və bir çox digər şəxsləri misal gətirmək olar.

Baxış müəllim şagirdləri arasında
Tanrıverdiyev Baxış Nuruş oğlu 1960-cı ildən Sov.İKP sıralarına daxil olub, 1961-ci ildən Partiya Təşkilatı katibi işləyib. 1962-ci ildə işlədiyi tam orta məktəbə dərs hissə müdiri təyin edilib. Baxış müəllim məktəbdə, dərs zamanı nə qədər tələbkar olubsa, məktəbdən kənar bir o qədər mülayim, sadə, səmimi olub. Onun dərsində ən şuluq şagirdlər lal-dinməz oturublar. Onu da qeyd edək ki, elə ciddi, şiddətlə müşaiyət olunan çəza verən də olmayıb. Ən ağır cəza tədbiri bir narazı baxışı, üzünün sərt ifadəsi idi. Məntiqli söhbətləri, səlis nitqi, həmsöhbətini dinləmək mədəniyyəti ona qarşı hər kəsdə bir rəğbət hissi oyadırdı, cavan vaxtlarından ona bir ağsaqqal sayğısı göstərilib.

O, böyük bir mahalda sayılıb seçilənlərdən olub. İnsani keyfiyyətlərinə, mənəvi dəyərlərinə, ləyaqətli davranışına və şəxsi nüfuzuna görə 1980-ci ilin mart ayında Gığı kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə sədr seçilib. Yeni vəzifəyə getsə də doğma məktəbindən, sevimli şagirdlərindən ayrı düşməyib. Həmin vaxtlarda məktəbdə kimya dərslərinin ödəmə tədrisçisi olub.
Xalq deputatları Sovetinin sədri işlədiyi dövrdə əhalinin rifahının yaxşılaşmasına çalışıb, kənd camaatının qayğısına qalaraq, onlara imkanı və səlahiyyəti daxilində maddi- mənəvi dəstəyini əsirgəməyib.

1988-ci ildə silahlanmış erməni quldur dəstələri azərbaycanlıları zorla ata-baba yurdundan çıxardıqları zaman Baxış müəllim də öz ailəsiylə birlikdə od-ocağından ayrılaraq Abşeron rayonunun Saray qəsəbəsində məskunlaşıb. 1989-cu ildən Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbdə kimya-biologiya fənlərinin tədrisi üzrə pedaqoji fəaliyyətə başlayıb. Qısa müddətdə öz peşəkarlığı, sənətinə olan sevgisi və insanlara həssas münasibəti sayəsində məktəb kollektivi arasında nüfuz qazanıb. Təəssüf ki, peşəkar təcrübəsinin ən zəngin dövrünə, ömrünün müdriklik çağına çatanda- 2002-ci ildə xəstəliyi ilə əlaqədar məktəbdən ayrılıb.
Baxış müəllim həm də nümunəvi ailə başçısı, qayğıkeş ata, mehriban baba idi. O, həyat yoldaşı Qalya xanımla birlikdə 7 övlad böyüdüb. Övladlarının hamısı təhsillidir.

Baxış müəllim 2007-ci il mayın 19-da, 77 yaşında əbədiyyətə qovuşub. Tanınmış müəllim, nüfuzlu pedaqoq cismən dünyasını dəyişsə də, əziz xatirəsi dostlarının, doğmalarının, şagirdlərinin, bir sözlə onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin! Anılıb xatırlandısa, deməli ruhu şad oldu!

“Bütöv Azərbaycan”
9-05-2026, 14:50
Bayraqdara dəyən yeganə güllə...

Bayraqdara dəyən

yeganə güllə...


Bu gün 9 May- Alman faşizminin Sovet xalqlarını əsir-yesir etmiş rus faşizminə məğlub olduğunun elan olunduğu gündür. May ayı həm də Reystaqa qələbə bayrağını sancan Azərbaycan oğlu, Qərbi Azərbaycanın Vedi mahalından olan Mirzə Hüseynovun rus zabiti tərəfindən güllələndiyi gündür.
16 il əvvəl Yardımlı rayonunda yaşayan müharibə veteranı- 86 yaşlı Şahbaz Hüseynovun dediklərindən:
“Onu deyim ki, 26 yaşlı Mirzə Hüseynov bir oduydu, alovuydu, qığılcımıydı. Qorxu nə olduğunu bilmirdi. Düşmən gülləsi də ondan qorxurdu. Döyüşdüyümüz müddətdə nə qədər odun-alovun içindən çıxdıq o, bir dəfə də olsun yaralanmadı. Qayıdaq əsas məsələyə: 1945-ci ildə may ayının 6-da günortadan sonra biz Reyxstaqa ilk daxil olduq. Bir anlığa Mirzəni itirdim. Hara getdiyini bilmədim. Yardımlı rayonundan Damət Verdiyev adlı döyüşçü dostum yanımda idi. Birdən o qayıtdı ki, Şahbaz, bir sən ora bax, dedi və Reyxstaqın günbəzini göstərdi. Nə görsəm yaxşıdır. Komandirimiz Mirzə Hüseynov qələbə bayrağını Reyxstaqın günbəzinə sancır. Ora haradan, necə çıxmışdısa, xəbərimiz olmamışdı. O, bayrağı bərkidəndən sonra yalnız “pobeda” sözünü deyə bildi. Sovet zabitlərindən biri Mirzə Hüseynovu güllələdi. O, əvvəlcə günbəzin üstünə, oradan da sürüşüb yerə yıxıldı. Özümüzü ona çatdıranda artıq...(Şahbaz müəllim sözünün davamını gətirə bilmədi. İlk dəfəydi ki, bu yaşda ağlayan ağsaqqal görürdüm). O, asta-asta dilləndi:
- Komandir dörd il döyüşdü,bir alman gülləsi ona dəymədi, ancaq uğrunda döyüşdüyü hökumətin zabitinin gülləsinin qurbanı oldu. Bu güllə dörd ildə ona dəyən yeganə güllə idi.

Hacı Ziyəddin Canıbaba


9 May bir də atam Ziyəddinlə, Ağam Hacı və əmim Canıbabanın yaşamaq şansı qazandıqları gündür. 1937 -ci ildə babam Əbdürrəhimi Şura hökumətinin düşməni elan edib güllələyən Sovet höküməti onun3 oğlunu aparmışdı cəbhyə. Şükür ki, üçü də salamat qayıtmışdı.
50 yaşında dünyadan köçən (Ağamın) Hacı əmimin məzarı Zəngəzurda əsirlikdədir. Amma atam 1988-ci il deportasiyasında Abşerona gəldi. 32 ildir Mehdiabad məzarlığında uyuyur. Bu gün məzarına ziyarətə getdim. Amma işğalda olan yurdunun azadlıq müjdəsini verə bilmədim.

Döyüşçülərə ehtiramla: Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru
8-05-2026, 19:40
Latviyadan son məktub…


Latviyadan son

məktub…


İkinci Dünya Müharibəsinin qan-qadası milyonlarla ananın oğluna yığdığı toy boxçasına qara bağlatdı, ər, nişanlı gözləyən 100 minlərlə qız-gəlinin gözü illərlə yollarda qaldı. Təəssüf ki, müharibəyə gedən 600 min Azərbaycan vətəndaşının yalnız yarısı Vətənə salamat döndü. Onların da kimisi yaralı, kimisi şikəst, kimisi kontuziyalı. Bir sözlə, millətimizin genefondu sağalmaz yara aldı. Ən acınacaqlısı isə odur ki, Qərbi Azərbaycandan müharibəyə gedən soydaşlarımız həm Ermənistan Sovet Sosialist Respublikasının tarixindən kənarda qaldılar, həm də Azərbaycan Sovet Sosialist Respublikasının hərb tarixindən ayrı düşdülər. Belə nakam, izsiz, soraqsız oğullarımızdan biri də Əsgər Kazımovdur.
Kazımov Əsgər Usub oğlu 1920-ci ildə Gığı kəndində anadan olub. 1928-ci ildə kənddə yenicə fəaliyyətə başlamış məktəbin birinci sinfinə daxil olub. 1936-cı ildə Gığı kənd yeddiillik məktəbini bitirib. Təhsilini davam etdirməyə, oxumağa çox həvəsli olduğu üçün 20 km aralıda olan Şəhərcik kənd orta məktəbinə getməyin əzab-əziyətinə qatlaşıb.
Onda çox çətin zamanlar idi. Maddi çətinlik bir yana, nəqliyyatın olmaması bu çətinliyi birə beş qat artırırdı. Bütün çətinliklərə baxmayaraq 1937-ci ildə Şəhərcik məktəbinə daxil olub. 1940- cı ildə orta təhsili yaxşı qiymətlərlə başa vuraraq attestat alıb. Həmin dövrlərdə Əsgər Gığı və ətraf kəndlərdən tam orta məktəbi bitirən tək-tək məzunlardan biri olub. 1940 - cı ildə imtahan verərək İrəvan Pedaqoji Texnikumuna qəbul olunub. Elə həmin ilin payızında hərbi xidmətə aparılıb.
Əsgər Usub oğlu Kazımov çox ailəcanlı övlad olub. Şəhərcikdə oxuduğu vaxtlarda valideynlərinə təsərrüfat işlərində kömək edə bilməməsinə görə nə qədər əzab çəkdiyinə, üzüldüyünə tay-tuşları şahid olublar. Əsgərlikdə olanda da valideynləri nigaran qalmasın, deyə mütəmadi məktublar yazıb göndərirdi, məndən nigaran qalmayın deyirdi.
Əsgərin son məktubu Latviyadan gəlib. Məktub “Ana südünü halal elə, bu gün mənə serjant rütbəsi verib müharibəyə yola salırlar” cümləsi ilə bitir. Məktubun içərisində əsgər yoldaşları ilə bir şəkil də göndərib. Məlum olduğu kimi 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayıb və faşistlərin ilk hücumlarından biri Baltikyanı ərazilərə olub. Bununla da Əsgər Kazımovun sonrakı taleyindən heç bir xəbər - ətər gəlməyib.
(Şəkil 1941-ci ildə müharibə başlamazdan əvvəl çəkilib. Şəkildə sağdan birinci Əsgər Kazımovdur)
28-04-2026, 06:56
Uğurlarınız bol, yolunuz açıq olsun!


Uğurlarınız bol,

yolunuz açıq olsun!


Ata-baba yurdu Qərbi Azərbaycanın Mığrı (Meğri) rayonunun Nüvədi kəndindən olan Züriyə Qarayeva Ruslan qızını səmimi qəlbdən təbrik edirik.
Onun Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü kimi yüksək etimada layiq görülməsi doğma yurdumuzun övladlarının hər sahədə fəallığının və ləyaqətinin göstəricisidir.
Züriyə xanıma bu məsuliyyətli və şərəfli vəzifəsində uğurlar, möhkəm iradə və dövlətçiliyimizə layiqli xidmət arzulayırıq.
Eyni zamanda, ata-baba yurdumuz Nüvədi və bütövlükdə Qərbi Azərbaycan torpaqlarına qayıdış ümidimizin daim yaşadığını vurğulayır, o müqəddəs qayıdış günlərinin uzaqda olmadığına inanırıq.
Uğurlarınız bol, yolunuz açıq olsun!
Bə-Rəhman Səfiyar Oğlu Zairov
24-04-2026, 00:51
Qafan İcması qadınlar   şurasına sədr seçib

Qafan İcması qadınlar

şurasına sədr seçib


Qərbi Azərbaycan İcmasının Qafan rayon İcmasının Qadınlar Şurasına sədr seçilib. 23 aprel 2026-cı il tarixdə Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayon İcmasının Qadınlar Şurasının seçki iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Qafan rayon İcmasının sədri Eldar Abbasov bildirib ki, güclü cəmiyyət, ilk növbədə, insanların dəyərləri, qarşılıqlı münasibətləri, sosial həmrəylik və humanist prinsiplər əsasında formalaşır. O, bu inkişaf prosesində qadınların rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, onların cəmiyyət həyatındakı fəallığını yüksək qiymətləndirib.

Daha sonra İcmanın əməkdaşı, böyük koordinator və gənclər üzrə məsul şəxs Cəmilə Fəyyaz İcma sədri Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, müasir dövrdə qadınların ictimai rolu daha da genişlənib. Azərbaycan qadınları təhsil, elm, səhiyyə, mədəniyyət, idarəetmə, media və sahibkarlıq kimi bir çox sahələrdə uğurla təmsil olunurlar. Onların peşəkarlığı və məsuliyyət hissi cəmiyyətin tərəqqisinə mühüm töhfə verir.

Tədbirdə həmçinin Əsli Əliyeva, Qreta Əliyeva və Məryəm Gəncəliyeva çıxış edərək, Azərbaycan qadınlarının bütün tarixi dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayıblar.

Sonda Qafan rayon İcmasının sədr müavini Seyfulla Abbasov təşkilati məsələlər barədə məlumat verərək, şura sədrliyi və müavinlik vəzifələrinə namizədləri təqdim edib. Açıq səsvermənin nəticələrinə əsasən:

• Pərvanə Zəngəzurlu Qadınlar Şurasının sədri,
• Əsli Əliyeva, Qreta Əliyeva, Rəqibə İsbiyeva və Məryəm Gəncəliyeva isə sədr müavinləri seçiliblər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!