İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
29-12-2021, 15:52
İlin yekunları və hədəflər - Tahir Mirkişili

2021-ci il artıq başa çatmaq üzrədir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilin əsas makro-iqtisadi yekunları barədə fikirlərini bölüşüb:

- 2020-ci ildəki - 4.3%-lik ÜDM-in azalmasını dayandırıraq, 2021-ci ildə ÜDM-in 5.5%-dən çox artmasına nail olundu;

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Füzuli Beynəlxalq Aeroportu, Şuşaya aparan Zəfər Yolu istifadəyə verildi;

- Gorus-Qafan yolunda ilk Yanacaq Doldurma Stansiyası istifadəyə verildi;

- Qeyri-neft ÜDM-nin 6.5%-dən çox artmasına nail olundu;

- Qeyri-neft sənayesində artım 20%-i keçdi;

- Strateji valyuta ehtiyatları 53 mlrd dolları keçdi;

- Avropa Bazarlarına ilk dəfə 7 mlrd m3-dan çox qaz ixrac edildi;

- Qeyri-neft ixracımız 44%-dən çox artdı;

- İxrac idxalı 10 mlrd dollardan çox üstələdi;

- Tədiyyə balansının cari əməliyyatlar balansının profisiti 4 mlrd dollara yaxın oldu;

- Əhalinin banklardakı əmanəti 12%-dən çox artaraq 9 mlrd manatı keçdi;

- Minimum əmək haqqı, maaşlar, təqaüdlər orta hesabla 20-40% artırıldı (01 yanvar 2022-ci ildən);

- 2021-ci ilin Dövlət Büdcəsi proqnozdan artıq gəlirlərlə icra edildi;

- Manatın məzənnəsi sabit olaraq qorunub saxlanıldı.

Komitə sədri 2022-ci il üçün isə əsas iqtisadi hədəflər kimi aşağıdakıları qeyd edib:

- ÜDM-in daha 4%-ə qədər artırılması;

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda bərpa və quruculuq işlərini sürətlə davam etdirmək;

- Şərqi-Zəngəzurda ilk yaşayış məntəqəsini istifadəyə vermək;

- Orta illik inflyasiyanın 4%-ə qədər təşkil etməsinə nail olmaq;

- Qeyri-neft sektorunun payının artırılması, qeyri-neft ixracının daha da artırılması;

- Avropa bazarlarına 9 mlrd m3 qaz ixrac etmək;

- Əhalini maddi rifah halının artması üçün əlavə tədbirlər görmək;

- Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması;

- Makro iqtisadi sabitliyi qorumaq;

- İqtisadi islahatları davam etdirmək, sahibkarlığı inkişaf etdirmək;

- Xarici investisiyaların daha çox cəlb olunmasına çalışmaq;

Mövcud iqtisadi resurslarımız, regionda baş verən yeni reallıqlar, dövlət başçısının güclü iradəsi hesabına indiyə kimi olduğu kimi, növbəti ildə də iqtisadi hədəflərimizə çatmaq əzmindəyik".

Bütöv.az
29-12-2021, 15:46
Cəlilabadın icra başçısına ŞOK İTTİHAM

Bütöv.az xəbər verir ki, "Hürriyyət"in redaksiyasına Cəlilabad təhsil işçiləri adından anonim məktub daxil olub. Məktubda qeyd edilir ki, Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov məktəblərdə Prezidentə həsr olunmuş kitab və qəzeti məcburi qaydada satdırır. Daha sonra məktubda ölkə başçısının adından istifadə edilərək direktorlardan və müllimlərdən pul yığılması faktı qeyd olunur:

"Cənab prezident, Cəlilabada yeni təyin etmiş olduğunuz icra başçısı Rafiq Cəlilov məktəblərdə sizin kitabınızı və qəzet pulu yığması barəsində xəbəriniz varmı ? Xəbəriniz varmı sizin adınızdan istifadə edilərək direktorlara , direktorlar isə müəllimlərdən pul yığırlar. Rafiq Cəlilov təyin olunduğu ilk gündən məktəblərə pulla direktor müavini təyin etməyindən necə xəbəriniz varmı? Yoxdursa bu barədə sizə məlumat veririk. İnsanlar artıq keçmiş icra başçısının sizi dediyiniz kimi korrupsiya ilə həbs edildiyinə görə deyil, Kərəmin haqq-hesabın vermədiyinə görə tutulduğunu deyir. Cənab prezident xalqın içərisində sizin sözünüzün çəkisini azaldan Rafiq Cəlilov kimi məmurlar haqqında ölçü götürməsəniz, sizin sözünüzə heç kim etimad etməyəcək".

QEYD: Yazıda qeyd edilənlərlə bağlı redaksiya heç bir məsuliyyət daşımır. Bununla yanaşı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
29-12-2021, 15:43
“Qardaşının adını de, deyim kimsən” – Azərbaycanda məmur qardaşların SİYAHISI

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəisi təyinatı olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu posta Məmməd Aslan oğlu Abbasbəyli təyin olunub. M.Abbasbəyli bu təyinatadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Məmməd Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır. Bununla da Azərbaycanda yüksək vəzifə daşıyan məmur qardaşların sayı artıb.
Hokm.az mövzunun aktuallığını nəzərə alaraq, dövlət idarəçiliyində mühüm postlar tutan məmur qardaşlarla bağlı araşdırma aparıb.
Başlayaq elə Abbasbəyli qardaşlarından. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli 2004-cü ildə karyera yolunu sığorta sektorundan salıb və “Standard Insurance” sığorta şirkətində baş hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Bu şirkətin Departament rəhbəri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrini tutub. Ardınca “Toyota Baku” və “Beyli Group” şirkətlərinin baş direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifələrində çalışıb. Son təyinata qədər isə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri işləyib.
Məmməd Abbasbəyli isə ABŞ-nın Corc Vaşinqton Universitetini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra firmanın Bakı ofisində işini davam etdirib. 2004-cü ildən “Azpetrol International Holdings B.V.”də, “EUPEC Pipe-Coatings LLC” və “BP Group” kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrini tutub. Azərbaycan Alpinizm Federasiyasının prezidenti, İqtisadiyyat nazirinin müşaviri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini olub. Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvüdür.
Ölkəmizin aparıcı holdinqlərindən olan “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovun qardaşı Balakişi Qasımov İctimai Televiziyanın baş direktorudur. Qardaşların xalası oğlu isə İqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Cəlal Qasımov İngiltərədə “Warwick Business School”da MBA proqramı üzrə məzun olub. “Azpetrol” şirkətində Vergi planlaşdırılması və büdcə nəzarəti departamentinin direktoru, maliyyə direktoru və Direktorlar Şurasının sədr müavini, “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri və İdarə Heyətinin sədri, “Unibank”da icraçı direktor, “PASHA Holding”də Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri vəzifələrində çalışıb. Balakişi Qasımov isə “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri, eyni zamanda Breyn rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında üç dəfə Cənubi Qafqaz çempionu olub.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşı Adil Əliyev Milli Məclisin sədr müavini və Parlamentin Gənclər və idman komitəsinin sədridir. Məhərrəm Əliyev paytaxtın Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 14 il Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. Son təyinata qədər isə Azərbaycanın Tacikistanda səfiri, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, Ədliyyə nazirinin müavini postlarını tutub. Adil Əliyev isə əmək fəaliyyətində polis sistemində başlasa da, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. 2005-ci ildən Milli Məclisin üzvü və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olub. Hazırda bu federasiyanın fəxri rəhbəridir.
Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov Maliyyə nazirinin müavinidir. Ceyhun Bayramov “Omni” hüquq şirkətinin rəhbəri, Təhsil Nazirliyi aparatının rəhbəri, Təhsil nazirinin müavini və Təhsil naziri vəzifələrində çalışıb. Azər Bayramov isə Baş Dövlət Vergi Müfəttişliyinin “Beynəlxalq vergiqoyma”, “İri vergi ödəyiciləri ilə iş üzrə” idarələrinin rəisi olub. Maliyyə Nazirliyinin “Vergi Siyasəti və Gəlirlər” Baş İdarəsinin rəisi postlarını tutub.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun qardaşı Malik Həsənov Milli Məclisin deputatıdır. Kərəm Həsənov uzun müddət Əmlak məsələləri Dövlət Komitəsinin sədri işləyib. Malik Həsənov isə üçüncü çağırışdır Cəlilabad seçicilərini ali qanunverici orqanda təmsil edir. Uzun müddət bizneslə məşğul olub. “Azinko Holdinq”in təsisçisi və direktoru olub. Bu gün də qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Milli Məclisin deputatıdır. SSRİ xalq deputatı, daha sonra Azərbaycanın millət vəkili olan Şeyx 42 ildə yaxındır ki, Qafqazın dini lideridir. Cavanşir Paşazadə isə uzun müddətdir Milli Məclisin üzvüdür. Hazırda Parlamentin İctimai birliklər və dini qurumlar və Aqrar siyasət komitələrinin üzvüdür.(Hokm.az)

Bütöv.az
29-12-2021, 12:06
Dövlət Sosial Müdafiə Fondu gözlənilən gəlirlərinin həcmini AÇIQLADI - CANLI YAYIM

“2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir”.

Bütöv.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.
O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz çoxdur: “Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3 milyard 810 milyon manat gözlənilir ki, bu, 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur”.

H.Məmişov qeyd edib ki, büdcə təşkilatları üzrə daxilolmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir.

“Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir”, - deyə o qeyd edib.

Fond sədri həm də DSMF-nin xərcləri barədə suallara da cavab verib:

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə gözlənilən xərcləri 4 milyard 841 milyon manatdır ki, bu da ötən dövrlə müqayisədə 2,8 faiz çoxdur”.

Onun sözlərinə görə, 2022-ci il DSMF-nin xərclər üzrə proqnozu 5 milyard 307 milyon manat olacaq:

“Bu il əhaliyə ödənişlər 4 milyard 716 milyon manat olub ki, bunun 4 milyard 591 milyon manatı əmək pensiyaları, 125 milyon manatı MDSS üzrə müavinət, 125 milyon manatı digər xərclər üzrə olub. Fondun gələn ilə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılan xərcləri 5 milyard manatdır”.

29-12-2021, 11:59
Virtual qumarın qadağan olunmasının şok sirri - bəzi məmurlar və varlı balaları...

Dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir. Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.

Ölkə əhalisinin böyük əksəriyyətinin heç bir məlumatı olmadığı virtual qumar oyunlarına girişin qadağan edilməsinin ciddi səbəbləri var. Belə ki, son illər bəzi məmurlar və varlı övladlarının ciddi maraq göstərdiyi bu oyunlarda xeyli pul uduzanlar var.

İddialara görə, bu gün də bəzi tanınan vəzifə sahibləri qumar və mərc oyunlarına ciddi maraq göstərirlər. Onların külli miqdarda pul uduzduqları hakimiyyətə də bəlli olub. Eləcə də varlı övladları internet üzərindəki qumar oyunlarında xeyli pul uduzublar. Sosial şəbəkələrdə və müxtəlif internet portallarında qanunsuz mərc oyunlarının geniş təbliğatı gedir.

Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir.

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. O zamandan sonra ölkədə ara-sıra kazinoların “səsi” eşidilirdi, hüquq-mühafizə orqanları əməliyyat keçirib belə oyunları təşkil edənləri ifşa edirdilər. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanundankənardır. Bu gün Azərbaycanda qumar oyunlarında külli miqdarda pul itirənlərin sayı kifayət qədərdir.

Bir neçə gün əvvəl Milli Məclisdə “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin. Sitat: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Qüdrət Həsənquliyevin bu təklifini süngü ilə qarşılayanlar çoxluqdadır. Deputatın bu təklifindən 1 həftə sonra Azərbaycan parlamentində “Telekommunikasiya haqqında” Qanuna düzəliş edildi. Bəs bu düzəliş nəyi dəyişəcək?

Ümumiyyətlə, qumarxanalar ləğv edilməlidir, yoxsa müəyyən şərtlər daxilində belə oyunlara icazə verilməlidir?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bu barədə mətbuata açıqlamasında bildirib ki, qanunvericiliyə görə, ölkədə bu tip fəaliyyətlər qadağandır: “Kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır”.

Osman Gündüz qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparmalıdırlar. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə belə fəaliyyətlərin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil və aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqindədirlər”.

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin 25 oktyabr 2016-cı il tarixli, 1086 saylı fərmanının icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır: “Bildiyim qədər bu monitorinqləri Daxili İşlər Nazirliyi aparır və Azərbaycanda akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər ətrafında tədbirlər həyata keçirilir. İnternet şəbəkəsində akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər müəyyən edildikdə barələrində Cinayət Məcəlləsinin Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanır. Bu maddənin 1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilirsə, məsuliyyətə cəlb olunmuş şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas deyir ki, internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir: “Qanuna edilən düzəlişlərdən sonra ”Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması" maddəsində cərimələrin miqdarı kəskin şəkildə artırılıb. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək".

Hüquqşünas deyir ki, cərimələrin artırılması belə oyunlara marağı azaltmır: “Deputat Qüdrət Həsənquliyevin kazinoların müəyyən məkanlarda açılması təklifinə neqativ yanaşılması cəmiyyətin buna hazır olmaması ilə əlaqəlidir. Dünyada bir çox turizm sahələri olduğu kimi qumar turizmi də var. Yəni varlı insanlar var ki, dünyanın gəzməli-görməli yerlərini görmək arzusu ilə azartlı oyunlara maraqlarını bir arada həyata keçirmək istəyirlər. Qonşu Gürcüstanda bu istəklər nəzərə alınır və müəyyən şərtlər daxilində kazinolara icazə verilir. Əgər ölkədən bu istiqamətdə pul axınının qarşısını almaq istəyiriksə, bu məsələyə bir qədər fərqli yanaşma ortaya qoyulmalı idi. Cərimələr, qadağalar vəziyyətdən çıxış yolu deyil, üstəlik, müəyyən mənada ziyanlı tərəfləri də var. Məmurlar, onların övladları qumar oynamaq istəyirlərsə, niyə Gürcüstana getməli və orada uduzmalıdırlar? Bu baxımdan məsələyə bir daha baxılması zərurəti var”.

Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklansa da, hazırda “MostBet” və “1xBet” kimi geniş istifadəçi kütləsi olan saytların girişinə heç bir məhdudiyyət yoxdur.

Bütöv.az
29-12-2021, 11:09
Vətən müharibəsi qazisi Milli Qəhrəmanın qızı ilə evlənir - FOTO

Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb.

Denis Quzlayev “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Reginanın atası Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub.




Bütöv.az
29-12-2021, 11:03
XİN-in “qısqanclığı”, yoxsa Naxçıvan MR-in diplomatik özbaşınalığı

2021-ci ilin 17 dekabr tarixində Xarici İşlər Nazirliyi Gülüstan Sarayında diplomatik korpus qarşısında ilin yekunlarına dair hesabat verib. Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri iştirak ediblər.

Bütöv.az Ovqat.com-a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov öz hesabat nitqində Azərbaycan XİN-in bir illik xidmətindən ağız dolusu danışıb. Həqiqətən də 44 günlük müharibədən sonra Azərbaycanın diplomatik fəaliyyəti barədə danışacaq çox şey vardı və belə görünür ki, Cənab nazir illk hesabat hazırlamaqda heç bir korluq çəkməyib. Amma Ceyhun müəllimin ya “paxıllıq”dan, ya da hansısa səbəbdən unutduğu bəzi məsələlər də olub. Onlardan biri də Naxçıvan Muxtar Respublikasının diplomatik fəaliyyətidir. Bəli, bəli, səhv eşitmədiniz, məhz diplomatik fəaliyyəti.

Baxmayaraq ki Muxtar Respublikada mövcud olmayan iki nazirlikdən biri (digəri Müdafiə Nazirliyidir) XİN-dir, amma bu “dövlətçik” aktiv diplomatik siyasətlə məşğuldur. Özü də MR-nın diplomatik korpusu öz fəaliyyət aktivliyinə görə nəinki digər muxtar nazirliklərdən, hətta Ceyhun Bayramovun idarə etdiyi mərkəzi XİN-dən belə geri qalmır. Təsəvvür edin ki, 1.5 ildir ki, XİN-ə rəhbərlik edən Ceyhun Bayramov üst-üstə toplasan indiyədək bəlkə də 10 ölkəyə səfər etməyib. Naxçıvanın qeyri-rəsmi Xarici İşlər naziri Bəxtiyar Əsgərov isə, göz dəyməsin, bu sahədə nəinki Ceyhun Bayramovu, hətta Napoleon Bonapartın baş diplomatı Şarl Moris de Taleyranı belə çox-çox geridə qoyub. Belə ki, Naxçıvanın “Taleyranı” 2018-ci ilin təkcə bir ayında 10-dan çox səfirlə görüşmüşdü. Sözügedən görüşlər onun vəzifə təyinatının sərhədlərini aşdığından biz həmin vaxt bu barədə tənqidi qeydlərimizi və şübhələrimizi qələmə almışdıq. Eşitdiyimizə görə, bu yazıdan sonra həm paytaxt, həm də muxtar rəhbərlik Naxçıvan Daimi Nümayəndəliyinə bir daha bənzər görüşlər keçirməməyi məsləhət görmüşdü.

Şərti olaraq adına “Qara pişik” dediyimiz qaynağımızın verdiyi məlumata görə, Naxçıvan Daimi nümayəndəsi yola salmaqda olduğunuz il də öz ampluasından kənara çıxmaq barədə düşünməyib və ölkənin baş diplomatına örnək təşkil edəcək performans sərgiləyib. Zira Ceyhun müəllimin bu il neçə ölkə rəsmisi ilə görüşüb-görüşmədiyinə özü aydınlıq gətirə bilər. Biz isə Naxçıvan “xanlığını” çox sevdiyimizdən onun daimi nümayəndəsi Bəxtiyar Əsgərovun builki görüşlərinin siyahısını yayımlayırıq:

27.01.2021: Əfqanıstanın fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb;

16.02.2021: Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla ilə görüşüb;

22.02.2021: Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb;

15.03.2021: Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb;

24.03.2021: Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub. Fövqəladə və səlahiyyətli səfir Mixail Nikolayeviç Boçarnikovla görüşdə əsas müzakirə mövzusu iki ölkə arasındakı münasibətlər olub;

08.04.2021: Yaponiyanın Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb;

12.04.2021: Fransanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb;

14.04.2021: Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serkan Abdıkərimovla görüş;

13.04.2021: Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş;

26.05.2021: Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavljeviçlə görüş;

27.05.2021: İndoneziya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüş;

22.06.2021: İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillə görüş;

25.06.2021: İtaliya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüş;

2021-ci il iyunun 30-da Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bert Schoofsla onun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

07.07.2021: Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüş;

09.07.2021: Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger ilə görüş;

14.07.2021: İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüş;

16.07.2021: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüş;

03.08.2021: Ukrayna Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüş;

09.08.2021: Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı Təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüş;

18.08.2021: Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella ilə görüş;

20.08.2021: İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin hərbi attaşesi Cavad Forutəni ilə görüş;

02.09.2021: Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş;

03.09.2021: Belçika Krallığının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Michel Peetermansla görüş;

10.09.2021: Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrlə görüş;

16.09.2021: Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub.

17.09.2021: Liviyanın Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili Aşraf Adamla görüş;

22.09.2021: Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüş;

24.09.2021: Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin dəvətilə, bu ölkənin "Müqəddəs Müdafiə Həftəsi" münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib;

15.11.2021: Kuba Respublikasının Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Respublikalarında fövqəladə və səlahiyyətli Səfiri Alfredo Nieves Portuondo ilə görüş və s.

Sual oluna bilər: rəsmi missiyası əslində Naxçıvan MR-in paytaxtdakı “dəftərxanası” olan Daimi Nümayəndəliyin rəhbəri görüşdüyü xarici ölkə səfirləri ilə nəyi müzakirə edib?

Muxtar Respublika rəsmilərinin iddialarına görə, Bəxtiyar Əsgərov xarici ölkə səfirləri ilə bir qayda olaraq bu kimi məsələləri müzakirə edib və etməkdədir: “iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular”. Doğrusu, muxtariyyət rəsmilərinin “iki ölkə arasındakı siyasi münasibətlər” deyəndə hansı dövlətləri nəzərdə tutduqları bizə aydın deyil. Əgər söhbət burada Azərbaycan və tərəf müqabili olan digər dövlətdən gedirsə, Bəxtiyar Əsgərovun xarici ölkə səfirləri ilə bu kimi məsələləri müzakirə etmək səlahiyyəti varmı? Biz bilən, buna yalnız Ceyhun Bayramovun və Prezident İlham Əliyevin səlahiyyəti çatır. Sözsüz ki, Bəxtiyar müəllim özünü I şəxsin yerində görməsi az inandırıcıdır. Onda belə çıxır ki, o özünü Ceyhun Bayramovun yerində görür. Niyə də görməsin? Ceyhun Bayramov dünən Təhsil Nazirliyindən gəlib XİN-in rəhbəri vəzifəsində çalışır. Bəxtiyar müəllim isə 10 illərdir saçını gündə bir səfirlə keçirməkdə ağardıb. Təcrübə baxımından Ceyhun müəllim onun yanında olduqca xırda adamdır. Qabiliyyət baxımından isə məsələ mübahisəlidir. “Xan” həzrətlərindən soruşsaq, Bəxtiyar müəllimin qabiliyyəti unikal diplomatlarda belə yoxdur.

Bunlar öz yerində. Bəs, MR hakimiyyətinin rəsmi məlumatlarında keçən “digər maraqlı mövzular” deyiləndə nə nəzərdə tutulur? Nə yazıq ki, Bəxtiyar müəllimin səfirlərlə danışıqları məxfi tutulduğundan bu sualın cavabını müəyyənləşdirmək çətindir. Amma xarici səfirliklərdən mediaya sızdırılan məlumatlar bu barədə bəzi ip ucları verir.

2020-ci ilin sentyabrında Əlcəzair səfirliyindən Ovqat.com-a verilən məlumata görə, Bəxtiyar müəllim ölkənin Bakıdakı səfiri xanım Səlimə Abdelhaqqa Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və ona Azərbaycana səfir təyin edilməsi münasibətilə ilk təbrik teleqramının Cənab Sədr tərəfindən göndərildiyini xatırladıb. Naxçıvan nümayəndəsinin bununla Vasif Talıbovun Azərbaycanın digər rəsmilərindən, o cümlədən Prezident İlham Əliyevdən daha operativ diplomatik bacarığa malik olduğunu qabartdığı ortadadır.

Bizə maraqlı gələn digər məqam Bəxtiyar müəllimin Prezident İlham Əliyevin az qala qapısından qovduğu Yunanıstan səfiri ilə görüşməsidir. Soruşa bilərsiniz: strateji müttəfiqimiz Türkiyə ilə ciddi ziddiyyətləri olan Yunanıstan səfirinə Bəxtiyar Əsgərov niyə “xan salamı”nı çatdırmaq ehtiyacı duyub və onunla nəyi müzakirə edib? Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında bu suala belə cavab verib: “Görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb”.

Halbuki Prezident İlham Əliyev həmin səfiri 2020-ci ilin sentyabrında sərt tənqid etmiş və üzərindən bir ay keçəndən sonra Yunanıstan XİN onu ““Azərbaycan hökumətinin əsassız iddialarına görə” iddiası ilə geri çağırmışdı. Naxçıvanın daimi nümayəndəsi isə onu öz iqamətgahında qəbul edib “iki ölkə arasındakı münasibətlər”i müzakirəyə çıxarmışdı. Sanki bununla yunan diplomatına “Azərbaycanda başqa siyasi iradə də var” mesajını vermişdi.

Ümidvarıq ki, Azərbaycanın müvafiq dairələri, o cümlədən Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədrindən bizi vətəndaş kimi narahat edən suallara cavab istəyəcək.
29-12-2021, 11:00
Nazir elə deyəndə vəziyyət BELƏ OLUR...

Təhsil sahəsində hökmranlıq edən problemlərin ardı-arası səngimək bilmir. Məktəb direktorlarının qanunsuz əməlləri və yaramaz fəaliyyəti valideynləri zinhara gətirib. Artıq işdən çıxarılma və başqa yerdə iş fəaliyyətinə maneə yaradılma hədə-qorxusu ilə bəzi arxa-dayaqlı direktorlar tərəfindən susmağa məcbur edilən müəllimlər belə bezginlik hissi ilə alışıb-yanır.


Ulu öndər Heydər Əliyevin təbirincə desək: “Təhsil millətin gələcəyidir…”

Həqiqətən də, millətin, dövlətin gələcəyi korrupsioner, qayda-qanunlara hörmət etməyən bəzi məktəb direktorları üçün bir miqdar pul qədər önəmli deyil?

***
Keçək əsas mətləbə… Hər halda, bizim heç kimlə şəxsi ədavətimiz yoxdur! Sözümüzün canı var…
Bütöv.az-ın məlumatına görə, Ağdam rayonu, 38 saylı tam orta məktəbdə uzun müddətdir pedoqoji fəaliyyət göstərən Zeynalova Ləman KAİM.az-a müraciət edərək bildirib ki, 2019-cu ildə həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyev xoşagəlməz əməllərlə məşğuldur.

Məlumata əsasən, Ləman Zeynalova müəyyən səbəblərdən məktəbə gedə bilmədiyi günlərdə dərs jurnalı onun adından yazılıb və imzalanıb. Üstəlik, əmək haqqı da alınıb. Bunlar azmış kimi məktəb direktoru müəllimdən etdiyi qanunsuzluğa görə pul tələb etməkdən belə çəkinməyib. Çarəsiz vəziyyətdə qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur edilib.

Mütəmadi olaraq müəllimdən müəyyən miqdarda pul tələb edən direktor müəllimi çox çətin vəziyyətə düçar edib. İstədiyi məbləği ala bilmədiyi zaman yetişdikdə isə müxtəlif bəhanələrə əl atıb. Nəticədə müəllim və direktor arasında anlaşmazlıq yaranıb.

Şikayətçi-müəllim Zeynalova Ləman Ağdam rayonu 38 saylı tam orta məktəbin direktoru Məsud Həmzəyev barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya ərizə yazaraq kömək istəyir. Şəffaf karyerasının qərəzli olaraq təhlükə altına atılması, rəhbərlik tərəfindən rüşvətə məcbur edilməsi və s. kimi neqativ halların araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş edir.

Bütöv.az saytı olaraq düşünürük ki, problemin həlli prossesində Təhsil Nazirliyi də zəruri tədbirlərini əsirgəməyəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
29-12-2021, 10:56
Eynulla Fətullayevdən Milli Məclisdə SƏRT ÇIXIŞ - VİDEO

Təxminən 1 ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy. Bu gün Mehman Əliyevlə Qulu Məhərrəmli müzakirəyə gəlməyiblər. 1993-cü ildə AzTV-yə süjet hazırlayanda, ən qəddar, ən sərt senzor Qulu Məhərrəmli idi. İndi Qulu Məhərrəmli olub liberal... Yadımdadır, 2005-ci ildə donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevə 500 min dollar ayırdılar. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar.

Bütöv.az xəbər verir ki, bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.

"Prezident Administrasiyasından və xüsusi xidmət orqanlarından təzyiqlər hiss etmirik. Bizə yaradıcılıq azadlığı veriblər. Deməli, İlham Əliyevin islahatlarını dəstəkləmək lazımdır. Hikmət Hacıyevin yeni konsepsiyasını dəstəkləmək lazımdır. Bunun əvəzində isə qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər. Yadımdadır, 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetini yaradanda xarici donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevin mənasız layihəsinə 500 min dollar ayırdılar, hansı ki, həmin pulları yedi. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər isə Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular. 2 il ərzində “Realnıy Azerbaydjan” ümummilli nəşrə çevrildi və hakimiyyət sonda bu qəzeti bağladı, məni də həbs etdi. Bəs Arif Əliyevin qəzetinə nə oldu? O sadəcə olaraq batdı. Çünki pulları yemişdilər.

Bizim bəxtimiz çox gətirib ki, Soros və digər Qərb qüvvələri İlham Əliyevin devrilməsi üçün pulları vicdansız adamlara ayırdılar, onlar isə sonda bu pulları mənimsədilər", - Fətullayev qeyd edib.

Onun sözlərinə görə, onların hamısı ictimai korrupsiya ilə məşğul idi. Sizdə Milli Məclisdə Vüqar Bayramov adında deputat oturub, hakimiyyətin ünvanına loyal danışmaqla məşğuldur. Onun qardaşı Qubad İbadoğlu isə Londonda oturub və təxribat fəaliyyəti ilə məşğuldur. 2000-ci illərin əvvəllərində həmin o təxribatçıya milyonlarla dollar ayırırdılar. Bəs pullar hanı? Düşünürsünüz ki, onlar həmin pulları inqilab işinə xərclədilər? Qətiyyən, onlar pulları mənimsədilər və taladılar”, - deyə Eynulla Fətullayev bildirib.

Jurnalist əlavə edib ki, bu gün Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını, KİV-in inkişafını istəyirlər. Onun sözlərinə görə, dövlətlərin suveren hüququ var. Dəmir yumruq, dəmir iradə, ölkənin suveren hüququ var.

“Amma indiki layihəyə qarşı çıxan həmin adamlar anlamırlar ki, Yaltasonrası dünya düzəni çöküb. Beynəlxalq hüquq daha yoxdur. Avropa Şurası, ATƏT, birqütblü dünyanın digər dekorasiyaları yoxdur. Hansı Venesiya komissiyası? Bütün bu təşkilatlar yeni beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılıblar! Ancaq bir hüquq qalıb-dövlətlərin suveren hüququ. Və İlham Əliyevin dəmir yumruğu. Siz dünyada hansı insan haqlarından danışırsınız, hansı ki, ayrı-ayrı dövlətlər heç öz hüquqlarını qoruya bilmirlər? Siz hansı liberalizmdən danışırsınız ki, tarixin arxivinə yuvarlanıb?”, - jurnalist çıxışında deyib.

Eynulla Fətullayev habelə xatırladıb ki, bir vaxtlar ABŞ dövlət katibinin köməkçisi onu məxfi söhbətə çağırmışdı. “Mən maraqlandım, görüş harada olacaq? Onlar cavab verdilər ki, Hyatt Regency otelində. Bundansa yaxşı olardı ki, onlar məni Azərbaycan xüsusi xidmət orqanlarının akvariumuna salardılar”, - deyə jurnalist zarafatla bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!