21-07-2022, 00:22
Şüvəlan qəsəbə Mədəniyyət evində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.İyulun 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi, Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açıq elan edən aparıcı Aytən Nağıyeva tədbir iştirakçılarını salamlayıb, sonra Xurşidbanu Natəvan haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, publisist Güllü Eldar Tomarlı, eyni zamanda şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım Səadət Buta iştirak edərək Xan qızı Natəvanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək şairənin ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığını qeyd ediblər. Güllü Eldar Tomarlı və Hacıxanım Səadət Buta Xurşidbanunun ilhamla qələmə aldığı şeirləri səsləndiriblər.
“Səma” rəqs ansamblının qızlardan ibarət “Məşəl” rəqs kollektivinin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.