Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
9-07-2022, 21:12
Ölkəmizdə koronaya yoluxanların sayı kəskin artdı

Ölkəmizdə koronaya yoluxanların sayı kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 609 nəfər müalicə olunaraq sağalıb, hazırda 367 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 157, bu günə qədər isə ümumilikdə 6 984 060 test icra olunub.
9-07-2022, 21:08
Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.

Qaraqalpaq hadisələrinin təşkilatçıları saxlanıldı

Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.
Bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
“Ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının statusu ilə bağlı bəzi maddələrə dəyişiklik edilməsi haqqında təkliflərin gündəmə gəlməsindən sonra 1-2 iyul tarixlərində Nukusda qanunsuz nümayişlər baş tutub. Qanunsuz aksiyalarda konstitusiya quruluşunu devirməyə cəhd ittihamı ilə 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında qanunsuz nümayişi təşkil edənlər - Dövlətmurad Tacimuradov və Əzəmət Turdanov da var.

Hazırda sözügedən hadisələrlə bağlı ilkin araşdırmalara başlanılıb”, - məlumatda bildirilib.
9-07-2022, 15:21
Xocavənddə yeni qərargah binası istifadəyə verild


Xocavənddə yeni qərargah binası istifadəyə verildi
Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə məruzə edilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar mövcuddur.
Xidməti fəaliyyətin təşkili üçün binada bütün otaqların zəruri mebel və avadanlıqlarla tam təchiz olunması barədə nazirə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri hərbi qulluqçular üçün yeni istifadəyə verilmiş ikimərtəbəli yaşayış binasına baxış keçirib. Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, burada bütün mənzillər tam təmir olunub və zəruri kommunikasiya xətləri ilə təchiz edilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.
Görülən işləri müsbət qiymətləndirən nazir hərbiçilərin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.
Daha sonra general-polkovnik Z.Həsənov yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə müşavirə keçirib.
Şəxsi həyəti Qurban bayramı münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verib.
Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzindən söz açaraq, müasir dövrdə, istər müharibə, istərsə də sülh şəraitində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhlükəsizlik tədbirlərinin görülməsinin xüsusi önəm daşıdığını vurğulayan müdafiə naziri kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən faydalandığını bildirib.
Sonra yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib və komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verilib.
Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
9-07-2022, 08:32
YAZARLAR JURNALININ İYUL SAYI AĞDAMA HƏSR OLNUB


YAZARLAR JURNALININ İYUL SAYI AĞDAMA HƏSR OLNUB

“Yazarlar” jurnalının N: 07 (19) iyul – 2022 – ci il sayı işıq üzü görüb. Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer almışdır. Btün bunlardan əlavə sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişmiş tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilmişdir. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac həm 30.06.2022-ci il Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında, həm də 01.07.2022-ci il tarixində Atatürk mərkəzində təqdimat zamanı Ağdam ədəbi mühitindən söhbət açmış, jurnalın N: 07 (19) iyul sayında yer almış Şahmar Əkbərzadənin hələ ötən əsrin ortalarında (1966) qələmə aldığı “Vətən” adlı bu
VƏTƏN ŞEİRİ
Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhəddin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!
* * *
İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.

* * *
Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!

şeirini iki dəfə təkrar-təkrar tədbir iştirakçıların diqqətinə çatdırmış, mövcud problemlərdən söhbət açmışdır. O demişdir: “…mənfur düşmən, məkirli qonşumuz bədnam əməlləri ilə düz otuz il bizi ləngitdi. Nəticədə Şahmar Əkbərzadə, Xudu Məmmədov kimi dəyərli ziyalılarımızın hələ ötən əsrin ortalarında qaldırdığı problemlər arxa plana keçdi. Arazdan, Urmudan, Göyçədən, İrəvandan, bütöv Azərbaycandan yazmaq əvəzinə, Qarqardan, Həkəridən, Qarabağdan, Ağdamdan, Laçından yazmağa məcbur olduq. Şükür Allaha bu bəladan qurtulmuşuq. Qalan xırda məsələlər də tezliklə öz həllini tapacaq. İndi qələm adamlarının əsas məsələdən yazmaq vaxtı çoxdan gəlib çatmışdır. Bu bizim vəzifə borcumuzdur…”
Üzqabığına uyğun olaraq tanınmış şair Mina Rəşidin rəsmi çıxarılmışdır. Bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Tuncay Şəhrili
03.07.2022. Bakı ş.
9-07-2022, 08:12
Günəş kimi doğan şəhidimiz

Günəş kimi doğan şəhidimiz

30 il idi ki, Azərbaycan xalqı qəlbində bir nisgillə yaşayırdı. Vətən torpağı parçalanmış, düşmən tapdağı altında olarkən, axı necə rahat yaşamaq olardı ? Xalqımız bu nisgilin bir gün sona çatacağına inanır və hər günə o ümidlə oyanırdı.
27 Sentyabr 2020-ci il – illərdir gözlənilən, həsrətin sona çatdığı, zəfərin başlandığı gün. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsin silaha sarılıb döyüşə atıldığı gün.
44 günlük zəfər salnaməsində kimlərsə bir parçasını itirib qazi olaraq geri döndü, kimlərsə də ən uca zirvə olan Şəhidlik məqamına ucalaraq əbədiyyətə qovuşdu.
Bu dünyaya ən gözəl şəkildə əlvida deməyin adıdır Şəhid olmaq. Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda canından keçmək, özünü qurban vermək deməkdir. Vətən yolunda Şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhidlik – verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Öz ömür payını Vətənə, Torpağa bağışlamış, Vətən torpağı biraz daha böyüsün deyə, özü bir məzar boyda torpağa çevrilən igid oğullarımızdan biri də Seyfəddin Məhyəddin oğlu Dadaşovdur.
Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunun Mayak kəndində anadan olub. 2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olub. 2020-ci ildə bakalavriat səviyyəsini uğurla başa vurub. Magistraturada oxumaq imkanı əldə etsə də, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Üç ayın əsgəri olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsində ön cəbhədə qızğın döyüşlərə qoşulub.
...O, döyüşlər zamanı ayağından yaralanır və hərbi hospitala göndərilir. Orada sadəcə iki gün qaldıqdan sonra ön cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdır. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalır. Ayın 31-də isə doğulub, boya-başa çatdığı Beyləqan rayonu Mayak kəndində torpağa tapşırılır. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın Azadlığına Görə”, “Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medallarına layiq görülür.
...Seyfəddin sanki bir günəş kimi doğmuşdu Dadaşovlar ailəsinin üstünə. İki qız övladından sonra dünyaya gəldiyi gün hər kəs bu ailənin sevincinə şərik olmuşdu. Seyfəddin ata-anası üçün bu dünyaya gəldi, xalqı, Vətəni üçün də getdi. Qəhrəmanımızın anası Nəzakət ana öz susqunluğu ilə ətrafa səs salırdı. Bütün dərdi, kədəri bir nöqtəyə baxan gözlərindən bir damla yaş olub, düşürdü. Seyfəddinlə bağlı sual verdikdə, dərin bir ah çəkərək başlayırdı cavabına. Nəzakət ana deyir ki, mənim balam heç vaxt kiməsə “yox” cavabını verməzdi. Hər kəsin xahişini heç tərəddüdsüz yerinə yetirərdi. Göndərdiyimiz hər işin öhtəsindən məharətlə gələrdi. Seyfəddinin ən böyük arzusu ali təhsil almaq və Vətənə, ailəsinə layiqli bir övlad olmaq idi. Seyfəddin hər ikisinin öhtəsindən layiqincə gəldi. Universitetdə oxuduğu 4 il müddətində heç bir şikayəti, istəyi olmadı. Hər dəfə danışanda deyirdi ki, siz özünüzə yaxşı baxın, məndən narahat olmayın, hər şey qaydasındadır. Bir dəfə ona göndərdiyimiz xərcliyi itiribmiş. Biz növbəti dəfə ona xərclik göndərənə qədər bizə heç bir şey deməyib. Səbəbini soruşanda isə dedi ki, atam o pulu zəhmətlə qazanıb, mənsə ehtiyatsızlıq edib itirdim. Axı necə yenə istəyim? Beləcə Seyfəddin 4 ili başa vurdu. Son kursda oxuduğu müddətdə o həm də magistraturaya hazırlaşırdı. Və qəbul oldu da. Bir daha Seyfəddinimlə qürur duydum. Lakin o magistraturanı oxumaqdan imtina etdi. Mən əvvəlcə Vətənə olan borcumu ödəyim, daha sonra təhsilimi davam etdirərəm, dedi. Biz istəyirdik ki, təhsilini başa vurub sonra hərbi xidmətə getsin. Lakin o qərarını vermişdi.
Seyfəddini fikrindən daşındırmağa çalışdığım gün mənə belə dedi: “Ana, sən mənim beynimin içindəkiləri bilmirsən. Bilsən, sənin beynin yanar”. Balamın hədəfləri, arzuları o qədər böyük imiş. Onun beyninin içindəki yağı düşməndən intiqam almaq imiş... Nəzakət ana bu sözləri xüsusi bir qürur hissi ilə deyirdi.
Məğrur duruşlu Şəhid atası Məhyəddin müəllim oğlu haqda danışarkən kədər və qürur hissini birgə yaşayırdı. O, hər zaman övladı öz məqsədlərinə çatsın deyə, bütün zəhmətlərə qatlaşırdı. Məhyəddin müəllim deyir ki, Seyfəddin həmişə seçimlərini özü edirdi, müstəqil qərar verirdi. Mən də onun düzgün seçimlər edəcəyindən əmin idim. Və beləliklə, o yenə öz seçimini etdi, təhsilini yarıda saxlayıb hərbi xidmətə yollanmağı qərara aldı. 22 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşdü. Xidmətdə olduğu vaxtlarda bizimlə əlaqə yaratmazdı. Mən tanışlar vasitəsilə onunla əlaqə yaradırdım. Müharibə başlayanda Seyfəddin artıq təlimləri başa vurub tam xidmətə başlamışdı. Elə buna görə də ilk gündən ön cəbhədə döyüşlərə qatılır. Müharibənin ilk günlərində - sentyabrın 29-da Seyfəddin ayağından yaralanaraq hospitala düşür. Və yenə də bu barədə bizə heç bir məlumat vermir. Həkimlər ona 5 gün hospitalda qalmalı olduğunu desələr də, o sadəcə 2 gün qalır və sonra yenə döyüş meydanına qayıdır. Bu hadisədən sonra onunla bir dəfə əlaqəmiz oldu. Onda da hər şeyin qaydasında olduğunu, narahatlığa səbəb olmadığını dedi. Son danışığımız zamanı o mənimlə əsl kişi kimi danışdı. Sən demə mənim oğlumun özü də, ürəyi də çox böyüyübmüş, lakin mən bunu sezə bilməmişəm...
Seyfəddinin atası danışdıqca oğlunda bu böyük Vətən sevgisinin hardan yarandığı məlum olur : atasından, onun Vətənə bağlılığından.
Ata söhbətə davam edir: - Döyüş yoldaşları deyirlər ki, Seyfəddin həm mükəmməl döyüşçü, həm də alovlu vətənsevər, vətənpərvər idi. Onun qəhrəmanlığını isə biz döyüşlərdə kəşf etdik. Onu bir an belə döyüşlərdən kənarlaşdırmaq mümkün deyildi. O, hər gün Allaha şükür edirdi ki, nə yaxşı təhsilimi dondurub hərbi xidmətə gəldim, magistraturanı davam etdirsəydim, hərbi xidmət keçmədiyimə görə məni döyüşə aparmayacaqdılar”.
Sonra ata oğlu ilə bağlı ən ağır xatirəsini danışır: Seyfəddin oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhid olur, cənazəsi neytral zonada qalır. Və mənim bundan oktyabrın 22-i xəbərim oldu. Sanki bütün dünya üstümə gəldi, nəfəsim kəsildi. Bu barədə ailəmə heç nə demədim. Nə deyəcəyimi, necə deyəcəyimi bilmirdim. Oktyabrın 31-i Seyfəddinin cənazəsini evə gətirdilər. Ailəm də hadisədən o an xəbər tutdu. Anası hələ də özünə gələ bilmir, müalicələrlə yaşayır. Biz Seyfəddinlə fəxr edirik, o özü ilə birlikdə bizim adımızı da zirvəyə ucaltdı.
Bir kənarda oturaraq göz yaşı tökən Dilarə nənənin ən böyük arzusu nəvəsinin toyunu görmək idi. Göz yaşı içərisində ancaq bu cümləni təkrarlayırdı: “Mənim gözümü yolda qoyan balam, axı, mən indi sənin şəkillərin, əşyaların olan o otağı bəy otağı edəcəydim...”
Bir bacı üçün bu həyatda ən böyük dayaq qardaşdır. Ən böyük dayağını itirmiş Dilarə və Çinarə bacılarının qardaş həsrətləri səslərinin titrəyişindən hiss edilirdi. Dilarə xanım deyir ki, qardaşı universitetdə oxuyan zaman dərsdən çıxarkən əvvəl onlara gedərdi: “Oturub uzun-uzun danışardıq. Müəllimlərindən, tələbə yoldaşlarından, gələcək planlarından danışardı mənə. O qədər məqsədləri var idi ki...Mən qardaşımı təsəvvür edəndə əlində qələm, önündə kitabla təsəvvür edirəm. Çox bağlı idi dərslərinə. O, heç böyük həvəslə oxuduğu universitetin diplomunu ala bilmədi. Hərbi xidmətə gedərkən dəfələrlə atama tapşırdı ki, dostumla əlaqə saxla o sənə diplomumu almaqda köməklik edəcək. Diplomunu tələbə yoldaşları 40 mərasimində gətirdilər. Seyfəddinin bir xüsusiyyəti var idi. Heç vaxt sosial şəbəkələrdə paylaşım etməzdi. Bir çox şəkilləri var idi ki, biz onu hərbi xidmətə getdikdən sonra şəxsi telefonunda gördük. O, ilk dəfə paylaşımı Tovuz döyüşləri zamanı Polad Həşimov Şəhid olarkən etdi. Polad Həşimovun şəklini anama göstərərək dedi ki, bax, ana, mən də onun kimi vətənpərvər, qorxmaz, cəsur bir qəhrəman olacam.
Seyfəddinin ibtidai sinif müəlliməsi Rəhilə müəllimə hislərini bölüşərkən göz yaşları ilə bərabər simasında xəfif bir gülümsəmə də var idi. O deyir ki, Seyfəddin həmişə gülümsəyirdi: “Sinifdə nə vaxt ona baxsam, üzündəki təbəssüm diqqətimi çəkirdi. Çox ağıllı, savadlı, yerini bilən bir uşaq idi. Ən çox riyaziyyat fənnini sevirdi. Tapşırıqları ilk o həll edirdi. Elə o vaxtlardan onun gələcəyinin parlaq olacağını görmək mümkün idi. Seyfəddin artıq universitetə qəbul olmuşdu, yay fəsli idi, onunla yolda qarşılaşdım. Boynuna sarılıb üzündən-gözündən öpdüm və qızmar günəş altında hara getdiyini soruşdum, o da dedi ki, ingilis dilini öyrənmək üçün Bakıya xarici dil kursuna gedir. Yəqin, o qızmar günəş altında onun arzuları, hədəfləri ürəyinə sərinlik gətirirdi”.
Seyfəddinin həm sinif rəhbəri, həm də hazırlıq müəllimi olan Elgün müəllim ona olduqca yaxın imiş: “Seyfəddin sinifin əlaçısı idi. Kimsə onunla rəqabət aparacaq səviyyədə deyildi. Hazırlığa gələn zaman da digərlərindən fərqlənirdi. Çox güclü yaddaşı var idi, bir dediyimi heç vaxt unutmazdı. Qəbul imtahanından sonra seçim zamanı yalnız Bakı Dövlət Universitetini istədiyini bildirdi. Ona başqa seçimlər göstərsək də fikrini dəyişmədi. Çox zəhmətkeş idi, heç vaxt oxumaqdan yorulmazdı. Tələbə vaxtı da boş zamanlarında xarici dil kurslarına gedirdi. Mən düşünürəm ki, onun hədəflərindən biri də təhsilini xaricdə davam etdirmək idi”.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Laçın müəllim deyir ki, Seyfəddin çox ağıllı, tərbiyəli, nümunəvi tələbə idi. Həmişə dərslərdə çox fəal iştirak edirdi. Müəllim kollektivi və tələbə yoldaşları arasında böyük hörməti var idi. O, çox gözəl xatirələrlə qalıb bizim yaddaşımızda. BDU ailəsi olaraq Şəhidimizlə qürur duyuruq...
Ləman Bayramlı,
BDU Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi
9-07-2022, 08:00
Ovqatımızın Səbayə Səyyarəsi - Səyyarə Səyyaf


Ovqatımızın Səbayə Səyyarəsi - Səyyarə Səyyaf

Böyük maarifləndirici yükü olan, milli-mənəvi dünyamızı zənginləşdirən, mədəni və estetik zövq formalaşdıran, ruhumuzun himninə çevrilən "Ovqat" verilişi.
Bu gün "Ovqat"ın bir qatından söz açacam. Veriliş Kamyunun da dediyi kimi, "hər yarpağın çiçək olduğu ikinci bahar"a təsadüf edir. Bir payız gecəsində ürəklər yenidən qızınır, baharın xoş nəfəsi ekran vasitəsilə evlərə dolur. Tamaşaçı verilişə adi gözlə deyil, ruhun gözlərilə baxır.
Bir zaman Füzuli giley-güzar dolu sətirlə: "Bilmədin halını, bihudə keçirdin ovqat" yazırdı. Hər dönəmlərin mənəvi müasiri olan Füzuli indiki zamanda yaşasaydı, sözə, sənətə, sənətkara, elm və helm yolunda cəfa çəkən "Ovqat" proqramına baxsaydı, çox güman ki, "halını bihudə keçirmədin, Ovqat" yazardı. Söz mülkünün sahibi olan şair necə xoşbəxt olardı...
Proqram bədii qiraətçi Nadir Hüseynovun ifasında Tufan Tərlanoğlunun "Gözlə məni" şeiri və “Arzum budur ki, yaşım yazacağım əsərlərlə ölçülsün" - deyən Tahir Əkbər nəğməsilə başlayır. Şeirdə "Kədərdən qüssədən çatılan qaşlar", "Həsrətdən qovrulan ürəyim" kimi çox həssas sətirlər var. Bu misraları tələbə olaraq bir verilişdən digər buraxılışa qədər çəkən zaman ərzində daxilən yaşayıram. Düzü "Ovqat" proqramının efirdə olmadığı gün ovqatım təlx olur. Yuxarıda qeyd etdiyimiz şeirdə müəllif "Ürəyimizdə bir gözəlin söz yeri" - olduğunu deyir. Həqiqətən də Səyyarə Səyyaf sözünün və özünün yeri qəlbimizin ən dərin qatlarında özünə taxt qurmağı bacarıb.
Səyyarə Səyyaf sözün sönməz ulduzudur. İsminin də mənası bu anlamı daşıyır. Daxilən və xaricən gözəl olan aparıcının fikir gülüstanı təravətli, düşüncəsi saf, söz bülbülü nəğməli, xoşavaz ilhamı isə qəlb fərəhlidir.
Xoş əhval-ruhiyyəyə köklənən Səyyarə xanım doğma tamaşaçı önünə sözü ələ alaraq çıxır, onun söz şəkəri qəlblərə şirinlik gətirir. Elə bu məqamdaca böyük ziyalı, ədəbiyyatın həm klassiki, həm də müasiri olan Nəriman Həsənzadə yaradıcılığına üz tutaraq, tamaşaçıya xitabən "Minnətdaram mən" şeirini səsləndirir:
Yenə səsin gəldi qulaqlarıma,
Həyata, dünyaya minnətdaram mən.
Sən ordan pıçılda eşidim səni,
Özgəsi çağırsa ona karam mən.

Vəfalı, ismətli, abır-həyalı Səyyarə Səyyaf ismi tamaşaçı gözündə hər zaman ucadır. Gördüyü işlərə görə minnətdarıq.
Hər dəfə adı çəkiləndə min kərə rəhmət oxuduğumuz Firudin bəy Köçərli özünün "Ana dili" məqaləsində: "Ana dili millətin mənəvi diriliyi, həyatının mayəsi mənziləsindədir" - deyirdi. Bu istiqamətdən yol alaraq tam əminliklə deyə bilərik ki, S.Səyyaf millətin Ana dili kimi qiymətli varlığının təəssübkeşi, habelə onun zənginləşməsi yolunda yorulmaz fəaliyyətilə seçilən Vətəndaş jurnalistdir.
Səyyarə Səyyaf Vətən sözünü dilində deyil, əməllərində, gördüyü işlərdə yaşatmağı bacarır. Bu ifadə sevimli aparıcının baxışlarında, qəlbində, qələminin mürəkkəbində görünür.
Hüsnü-xuda şairi, əfəndilər əfəndisi Hüseyn Cavidin "Qızlar məktəbində" şeiri məktəbli illərimin xoş xatirəsidir. Şeirin sonları bir qızcığazın cavabıyla olduqca bəşəri səslənir və yekunlaşır:
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Şair qızcığazın dilindən bir xalqın ruhən zənginliyini, bütöv və möhtəşəmliyini göstərir. Şair hər kəsi bu cür düşünməyə çağırır. Şeirdə Səyyarə Səyyaf obrazı da görünür: axırıncı sətir əməllərilə tam kəsişir. Çünki onun ərsəyə gətirdiyi hər veriliş bir xalqın mənəvi cəhətdən yetkinləşməsinə xidmət edir, milli-mənəvi dəyərlərimizin təbliğinə dayalıdır, böyüklərə hörmət, ziyalılara sevgi ruhundadır. Bu da gözəl aparıcının xalqına olan sonsuz sevgisindən irəli gəlir. O, insanları sevir. O, insanlıq duyğusu ilə yaşayır. Müəllimlərinə olan sonsuz ehtiramı, böyüklərimizin adının önündə çəkdiyi "can" ifadəsi Səyyarə xanımın Vətən sevgisindən qaynaqlanır.
Bugünkü verilişdə BDU-nun Jurnalistika fakültəsinin professoru Ustad Cahangir Məmmədli haqqında sevə-sevə söz açmağı diqqətdən yayınmadı. Səyyarə xanımın müəlliminə olan sonsuz sevgisinin ən yüksək təzahürünü gördük.

"Jurnalistika fakültəsində tələbələrin və mənim də sevimli müəllimim Cahangir Məmmədliyə efir vasitəsilə salamımı çatdırır, ehtiramımı yetirirəm" - deyən Səyyarə xanım sonra sözlərini böyük sevgilə davam etdirir: "Biz - tələbələr Cahangir müəllimin mühazirələrinə qulaq asırdıq. Çox qəribədir ki, müəllim həmişə auditoriyaya yeni fikirlə daxil olar, heç vaxt köhnə söz deməzdi. Bununla bağlı müəllimimizə sual verdik ki, yaddaşınızın dərin, geniştutumlu, fikirlərinizin yeni olmasının səbəbi nədir? Dedi ki, mən təzə olmağa borcluyam, çünki siz yenisiniz: sizlərlə ayaqlaşmalıyam."
Məqamı yetişmişkən xoş bir xatirəni sizlərlə bölüşmək istəyirəm. Birinci kursun ikinci semestri idi. Cahangir müəllim "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənnindən bizə dərs keçirdi. Dərslərin birində "Səyyarə Səyyafın ədəbiyyata, incəsənətə, mədəniyyətə, ümumilikdə sözə verdiyi dəyərdən danışdım. Ustadın çöhrəsində yaranan xoş təbəssümü, razılıq ifadəsini duymaq, hiss etmək bir tələbə üçün olduqca gözəl duyğular yaratdı. Və müəllimimdən ən yüksək qiyməti də almış oldum.
Sonda mütəfəkkirlərdən birinin fikirlərini xatırlatmaq istəyirəm: "Heç vaxt geri qayıtmayan üç şey var - Zaman, Söz və Fürsət".
"Ovqat"ın bugünkü buraxılışı daxilimdə xoş təəssürat doğurdu. Zamanı dəyərləndirib, fürsətdən yararlanıb, tələbə sözüylə rəğbət bəslədiyim əziz Səyyarə xanım Səyyafa və sevgili Ustadım Cahangir Məmmədliyə bu kiçik yazımla sonsuz ehtiram və sevgimi çatdırmağı özümə borc bildim.

Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi.

9-07-2022, 07:42
Hekayə
Əsgər Ordubadlı yazır:

Əsgər Ordubadlı yazır: "Dörd ildən sonra"

Adım Samiddir. Dörd il idi ki, ailəmdən ayrılmışdım. Daha o evdən əlaqəni kəsmiş, hətta yeddi yaşlı qızım Nurayı görmək üçün də getmirdim.
Qızımın mənim yolumu gözləməsini, ata nəfəsinə, ata qayğısına nə qədər çox ehtiyacı olduğunu da unutmuşdum.
Şəhərin mərkəzində ailəmdən uzaq bir yerdə ev kiralamış, tək-tənha orada yaşayırdım.
Evin də bütün işlərini özüm görürdüm. İkinci bir ailə də qurmamışdım, çünki evli olduğumu bilirdim, sadəcə gedib sahib çıxmaq istəmirdim.
Bəlkə də dörd ildən sonra yenidən qayıdıb getməyə utanırdım, yaxud da məni qəbul etməzlər deyə çəkinirdim.
Bir gün əsl möcüzə baş verdi.
Axşam düşürdü. Evə qayıdırdım. Yolun sağ kənarında daşın üstündə balaca bir qız uşağı oturub hönkür-hönkür ağlayırdı. Olardı yeddi - səkkiz yaşı. Balaca əllərini üzünə sıxmışdı. Ona yaxınlaşıb yanında əyləşdim. O sanki bunu hiss etmir, ağlamağına davam edirdi.
Bir az nəvazişlə və bir az da təəccüblə soruşdum,
-- Qızım nə olub, niyə ağlayırsan?
O əllərini üzündən çəkdi. Ağlamağını kəssə də dinmədi, sadəcə dərindən bir ah çəkdi.
Uşağın kədərli olduğu çöhrəsindən duyulurdu. Sanki kimsə onun qəlbini qırmışdı.

Hava olduqca soyuq idi. Külək uğuldayırdı. Uşağın əynində tək sadəcə bir qolsuz köynək və çox nazik bir şalvar olduğunu görüb təəccüblü soruşdum
--Qızım üşümürsən? Hava çox soyuqdu axı...
Qız titrək səslə dedi
-- Üşüyürəm..
dedim bəs niyə qalın geyməyibsən? Xəstələnərsən axı....
Qızcığaz sanki utandı və çəkinə-çəkinə astadan dedi:--- Qalın geyimlərim yoxdu ki....
Əynimdəki pencəyi çıxarıb uşağın çiyninə saldım.
O başını aşağı salıb, əllərini bir-birinə sıxıb durmuşdu.
Adını soruşdum dedi Aytacdır. Onunla bir xeyli söhbət etdikdən sonra məlum oldu ki, Aytac burada əyləşib həmişəki kimi anasını gözləyir.
Anası Səmayə xanım çörək sexində işləyir və birazdan gələcək, onlar evlərinə gedəcəklər.
Aytac asta səslə onu da əlavə etdi ki, həmişə anam evə tez gələrdi, bu gün nəsə bir az yubanıb.
Atasını isə heç tanımır, deyir atam bizi atıb gedib. Hara getdiyini isə bilmirəm.
-- Qızım, atan yenidən qayıdıb gəlsə nə edərsən, yenə də onu qəbul edib ata deyərsən, ya yox?
-- O qayıdıb gəlməz:- dedi
-- İndi onun başqa arvadı, uşaqları var. O bizi istəməz.. yox qayıtmaz... birdə gəlməz...
O bu sözləri deyərək yenidən ağlamağa başladı.
Ona çox qəlbim yandı, bağrıma basıb gözlərini sildim, pörtülmüş lalə yanaqlarından öpdüm. Dedim ağlama qızım gör nə deyirəm.
-- Atan səni çox sevir və haçansa qayıdıb gələcək, amma o elə bilir ki yenidən qayıdıb gəlsə sən onu çox istəməyəcək, ona ata deməyəcəksən. Bəlkə də ona görə gəlmir...
Bu sözü deyərkən uşağın üzünə soyuq bir təbəssüm qondu.
O dedi :- Çox istərəm ki, atam qayıdıb gəlsin, mənə təzə paltarlar, oyuncaqlar alsın.
Hamı kimi mənim də atam olsun.
Atam olsun ki, heç kim atan səni atıb gedib deməsin və mən də ağlamayım.
Ağlayanda bağrına basıb, gözümü silsin, qızım deyib saçlarımı sığallasın...
Çox istərəm...çox...çox....
Bu zaman Aytacın anası da işdən qayıtdı və qızını da götürüb evlərinə getdilər...
Mənsə o daşın üstündə bir xeyli oturub xəyala daldım.
Axı mən də bir atayam, mənim də yeddi yaşında bir balam var.
İndi mənim də qızım Aytac kimi ata yolu gözləyir bəlkə də...
O da istəyir k,i mən onu bağrıma basım, üz gözündən öpüb, saçlarına sığal çəkim. O da istəyir ki, ata nəfəsini hiss etsin. Daima arxasında duracaq, onun qayğısına qalacaq, hər nazını çəkəcək bir atasının olduğuna inansın.
Bu düşüncələrlə birbaşa evə yollandım.
Həmin o evə.
Dörd ildir tək - tənha qoyub getdiyim ailəmin yanına.
Qapını döydüm. Həyat yoldaşımın çöhrəsindəki gülüşlər, qızımın boynuma sarılıb məni bərk-bərk qucaqlaması...
- Atam, daha səni heç yerə buraxmayacam, sən həmişəlik mənim atam olacaqsan deməsi...
Sanki o evə zülmətdən bir işıq doğdu, elə bil dörd illik həsrətlərinə son qoyuldu o gün.
Mən onlardan üzürxahlıq etdim, onlar da məni bağışladılar və çox şad oldular.
Əllərimi göyə açdım. Rəbbimə şükr etdim
-- Ey ucalardan uca olan Aləmlərin Rəbbi, nə olaydı ki, kaş bir gün yolda gördüyüm o balaca qızın da atası əməlindən peşman olub öz ailəsinin yanına qayıdardı.
9-07-2022, 00:32
ZƏFƏR BİSMİLLAH


ZƏFƏR BİSMİLLAH

“Öncə Vətəndir” mahnısını, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində qəhrəmanlıq,
şücaət göstərən GÖRÜNMƏZLƏRƏ həsr etmişdir


Vətən, Torpaq və Millətin eşidilməz iç ağrılarını, görünməz əzablarını duymaq üçün ürək lazımdır. yağmalanan, işğal olunan Xocalı ağrısını - səsin pərdələrində dikəldən, dalğa-dalğa könüllərdə ucaldan Şəmistan Əlizamanlını kim sevmir?! Kim tanımır?!
Azərbaycanın ilk hərbi diktoru Şəmistanın yolu - Nəsiminin qanlı köynəyindən keçmədimi?! SƏSİN gücü
bəşər qafasını (SSRİ) ideoloji zəncirdən qurtarmadımı?! Ruhu öləziyənləri həyata bağladı, Xocalı dərdinin qəhrindən rəqs edən anaların, faciənin dərinliyindən ürəyi çat verən ataların yanğısını Şəmistanın səsinin gur şəlaləsi səngitmədimi?! Şəmistanı yada salmaq, onu sevmək, dəyər vermək deyilmi?!. Şəmistan Əlizamanlı səsin qanadlarında bizi BÜTÖV AZƏRBAYCANA apararaq, ayrılıqlara - monoton səs zərbəsi vururdu. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevlə son görüşündə “İgid Əsgər” mahnısının ilk müjdəsini verdiyini, sonralar öyrənəcəkdik. Şahin Musaoğlunun bəstələdiyi və şeir yazdığı mahnısını, kim can dəftərinə həkk eləmədi: “İGİD ƏSGƏR MÖHKƏM DAYAN!” - çağırışı Ordumuzun formalaşmasına şəfa oldu.
“Cənab Leytenant”, “And içirik”, “Çağırır Vətən!”, “Qalx, Azərbaycan!”, “Birinci batalyon”, “And içirəm”, “Sıravi Əhməd”, “Çırpınırdı Qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Tanrı Türkə yar olsun”, “Heyran Türkün Bayrağına”, “Qafqaz dağı, yol ver bizə”, “Bir şarlısan sən”, “Ağ ümid”, “Qərib bir karvan gedir”, “Qəlbin payızı”, “Şahinlər” və s. mahnılarını məhəbbətlə ifa etmişdir. “Öncə Vətəndir” mahnısını, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində qəhrəmanlıq, şücaət göstərən GÖRÜNMƏZLƏRƏ həsr etmişdir.
Şəmistan Əlizamanlı bölünməzlik simvoludur. Vətən bölünməz, Şəhidlər ölməz! - düşüncəsinin fəzlini SƏSLƏ AÇAN, sinəsinə sığmayan - yumruq boyda ürəyini MƏŞƏLƏ çevirən cəsurdur.
“YA QARABAĞ,
YA ÖLÜM”


diski ilə Ozan Arifin səsinə səs verdi. SƏS YUMRUQLAŞDI, SƏS BAYRAQ-BAYRAQ Türk toplumlarında dalğalandı: “Turan Ellər var olsun!” mahnısı ilə eyni sırada, AzTV-1 kanalının “TURAN” verilişinin aparıcısı bilavasitə müəllifi ZƏRNİŞAN AZAYEVA ilə ideoloji QARDAŞ oldu. seyrçilərin ruhunu dirçəltdi, oxşadı. “37”-ci illərin nəvə-nəticələrini ayaqlar altında əzib keçdilər. Səs bizi - BİZ etdi. Necə deyərlər: “Elin gözü tərəzidir!” Gənc nəsil İLHAMLAŞDI, MEHRİBANLAŞDI. Əl-ələ verdi: - Əsgərimiz əks həmləyə keçdi. Türkün öləziyən ruhuna su çiləndi. OYANIŞ suyu: ZƏMZƏM.
“QARABAĞ
AZƏRBAYCANDIR!”


Silahlı Qüvvələrimizin memarı, böyük dövlət adamı HEYDƏR ƏLİYEVİN: “Hərbçi heç vaxt arxayınlaşmamalıdır!” - kəlamı sonuncu müşahidə postunda növbə çəkən əsgərlərimizin sayıqlıq şüarının sırasını zənginləşdirdi. BİZ YUMRUQ OLDUQ. Arxası möhkəm olan ORDUNUN gücü birə-min oldu. Qəlbimizin hərarəti, dizimizin təpəri poladlaşdı. POLAD HƏŞİMOVLARIN monoton səsi, birliyi - ALİ BAŞ KOMANDANIMIZ İLHAM ƏLİYEVİN DƏMİR YUMRUĞUNUN VƏTƏN havasına inam, iman, zəfər ruhu qatdı. Əsgər analarının duaları Ulu Göyün Yeddinci Qatına ucaldı. Mirşahinin səsi səngərdən gəldi. Birinci Xanım Şəhid analarının yanında dayandı. Ali Baş Komandan əsgərinə əl uzatdı, onlarla görüşdü, qəlblərinin səsini dinlədi. Qəzetlərin ilk səhifəsinin QƏHRƏMANI DƏMİR YUMRUQLU, MÜZƏFFƏR ölkə başçımız yer aldı. Evlərimizdə İLHAMIN möhtəşəm KOMANDAN portreti başımız üstündə ucaldı.
Telekanallarda “İGİD ƏSGƏR” oxuyan Şəmistan Əlizamanlının coşğulu səsi sanki BİZƏ deyirdi: “ZƏFƏRƏ XOŞ GƏLDİNİZ!” Budur! Səsin coğrafi süxurlarının fövqündəyəm. Azərin “Çırpınırdı Qara dəniz”i oxuyur. Şəmistanın açdığı VƏTƏN YOLU genişlənib. Səsin havasında ŞUŞADA görüşən Azərbaycan-Türkiyə Prezidentləri Tarixi Bəyanat imzalayır. Atalar demişkən: “Tək əldən səs çıxmaz” BİZ “İKİ DÖVLƏT, BİR MİLLƏT” şüarının yeni səhifəsinə şahidlik edirik. Səsin coğrafi süxurları elmin-texnikanın gücünün seyrinə çıxıb. SƏLCUQ BAYRAQDAR hər birimizin qəlbində nəqşlənir. ALLAH TÜRKÜ QORUSUN!!!
“YOUTUBE”-də “Turan Ellər var olsun” mahnısının baxışı milyonları aşıb: “Yürüyün Əsgər, yürüyün” mahnısı türk əsgəri “Mehmetçiyə” həsr olunan QARDAŞLIQ mesajı göndərir. “Azərbaycanın İLK hərbi diktoru” yazısı Qazilərin, Şəhid ailələrinin könlünə şəfqət saçır.
VAR OL! - ifadələri səslənir. YÜZ YAŞA!
Ergenikondan gələn səs Türkün birliyini əxs edir. Toplumlarda səslənir.
Bassbariton səsin tembrini incələməyə çalışan
ALLETAN
9-07-2022, 00:25
MÜHARİBƏNİ CANINDA DAŞIYAN OĞUL


MÜHARİBƏNİ CANINDA DAŞIYAN OĞUL

Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi və güclü ordumuzla 44 günlük şanlı Vətən Müharibəsində Zəfər qazandıq. Qalib ölkənin qalib vətəndaşı kimi sevincimiz qəlbimizə sığmadı. Ancaq Birinci Qarabağ Müharibəsi başlayandan sona qədər döyüş yolu keçmiş və ayağında hələ də düşmən qəlpələri gəzdirən müharibə veteranı Nəsib Məmmədov kimi Vətən oğullarının Zəfər sevinci bizimkindən
daha böyükdü. Ağdamın Xındırıstan kəndindəki məcburi köçkün qəsəbəsində məskunlaşmış N.Məmmədovla görüşümüzdə bunu daha yaxından hiss elədim.
Nəsib Məmmədov 1970-ci ildə Ağdamın Qiyaslı kəndində doğulub. Qiyaslı kənd 8 illik məktəbini və Söyüdlüqol orta məktəbini bitirib. Hərbi xidmətini Rusiyada, Yekaterinburq şəhərində başa vurduqdan sonra, 1991-cı ildə Ağdam Polis Batalyonuna qəbul edilib. Qeyd edək ki, Ağdam Polis Batalyonu erməni quldur dəstələrinin hücumlarının qarşısını almaq məqsədilə Milli Ordudan əvvəl yaradılıb. Könüllü olaraq Vətənin müdafiəsinə qaxan Nəsib dogma torpaqların keşiyində dayanıb. 1991-ci il dekabrın 16-da gecə saat 3-5 arası düşmən onların postuna hücuma keçib. Polis serjantı N. Məmmədov ayağından və üz nahiyəsindən yaralanıb. O, yaralı vəziyyətdə özündən daha ağır yaralanmış serjant Vilayət Mustafayevə kömək edərək onu posta köməyə gələn yoldaşlarına təhvil verib. Sonra o, yaralı olduğuna baxmayaraq posta qayıdıb və yoldaşının silahını da götürüb gecə 2 km-dən çox məsafə qət edərək çəkmələri qan içində, ağır vəziyyətdə geri qayıdıb.
Beləliklə, N.Məmmədov Ağdam şəhər xəstəxanasına yerləşdirilib. Onun hər iki ayağında çoxlu qəlpə aşkar edilib. Onlardan çoxu əməliyyatla çıxarılsa da bəziləri bu günə qədər ayağında qalıb. N.Məmmədov 15 gün müalicə olunduqdan sonra Bakıda qospitalda müalicə edilməkdən imtina edərək yenidən əvvəlki postlarına qayıdıb. Postdan hər geri dönəndə yaralarının sarığını dəyişdirib. Nəsib müharibə bitənə qədər, yəni, atəşkəs elan olunanadək döyüşdə olub. Doğma Fərrux, Sırxavənd, Abdal-Gülablı, Canyataq, Gülyataq kəndlərinin və Sığınaq, Yeddi Xırman, Beşik və Çoban dağlarının müdafiəsində iştirak edib. Ağdamın işğalından sonra isə Güllücə, Cəvahirli, Qərvənd kimi kəndlərimizin müdafisində dayanıb. 1992-ci ildə Ağdam şəhərinə atılan mərmilərin qəlpələrindən atası Rəşid şəhid olub. Doğma Qiyaslı kəndi işğal edildikdən sonra N.Məmmədov ailəsi ilə birgə (onda bir qızı var idi) Bərdə şəhərində yük vaqonlarından birində məskunlaşıb. Qışda soyuğu, yayda bürküsü ilə dəhşət saçan bu dəmir “ev”də Nəsibin 2 övladı da dünyaya gəlib. 1998-ci ildə onunla vaqonda birgə yaşayan anası ağır xəstəliyə tutularaq dünyasını dəyişib. Nəsib ailəsi ilə birgə düz 9 il vaqonda yaşayıb. 2003-cü ildə isə onlar Ağdamın Xındırıstan kəndində məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçüblər. N.Məmmədov 2003-cü ildə müharibə veteranı kimi təqaüdə buraxılıb.

Aradan 30 illk vaxt keçsə də, N.Məmmədov hələ də, müharibədə ayağından aldığı qəlpələrlə birgə yaşayır. Son 20 ildə bu qəlpələr onu daha çox incidir və artıq əl ağacı ilə güclə gəzir. Ayağındakı qəlpələr uzun illər boyu qaldığından sinirlərinə təsir edib. Səhhətindəki ümumi zəiflikdən getdikcə əllərində də, problemlər yaranmağa başlayıb.
2016-ci ildən Bakıda DİN-nin hərbi qospitalında müalicə edilir. Qospitaldan ona verilən epikrizdən də aydın olur ki, N.Məmmədov müharibə əlili kimi təqaüdə çıxmaq hüququna malikdir. Ancaq N.Məmmədovun Ağdam xəstənasında müalicə edildiyini təsdiq edən sənəd o vaxt işğal edilmiş Ağdamda xəstəxanada qaldığından buna nail ola bilməyib.
44 günlük Müharibədə Xındırsan kəndindən də az qala hər gün acı xəbərlər gəlirdi. Kənd sakini Zərifə adlı qadın düşmənin atdığı mərmidən həlak olub. Kənd demək olar ki, mərmi atəşinin altında yaşayırdı. Bir dəfə də, mərmi onların evinin bir addımlığına, qonşu həyətə, xoşbəxtlikdən boş torpaq sahəsinə düşüb. Buna baxmayaraq N.Məmmədov evindən ayrılmayıb və ailəsi də, onu qoyub heç yerə getməyib.
N.Məmmədov imanlı bir insandı, deyir ki, 44 günlük haqq savaşımızda hər yeni kənd, qəsəbə alınanda şükür namazı qılırmış. Dövlətimizə, ordumuzun əsgərlərinə, şəhidlərimizin ruhuna dualar edirmiş. Bu gün doğulub boya-başa çatdığı, atası Rəşidin uyuduğu Qiyaslı kəndinin də işğaldan azad edildiyinə görə Nəsib çox sevinir. Buna görə o, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli ordumuzun əsgərlərinə, şəhidlərə və igid qazilərimizə borclu olduğumuzu bildirir. N.Məmmədovun bir arzusu da odur ki, gedib Qiyaslı məscidində müqəddəs şəhidlərimizin ruhuna dua oxusun.

Mina RƏŞİD
9-07-2022, 00:21
Vahid MƏHƏRRƏMOV  yazır: "Korlanan siftə"

Vahid MƏHƏRRƏMOV yazır: "Korlanan siftə"
Belə-belə işlər

Ölmədən dirilən adamın televizor sərgüzəşti
və yaxud

Bu günə qədər bir çox fantastik və fantastik olmayan əsərlərdə öləndən sonra peşiman olub dirilən adamlar barəsində xeyli hekayə, rəvayət və əfsanələr oxumuşuq. Bu mövzuda baxılası babat filmlər də çəkilib. Belə əsərləri nə qədər oxusaq da, belə filmlərə nə qədər baxsaq da, ölənlərin dirilməsinə heç cürə inanmamışıq. Çünki bu ağlın kəsə biləcəyi bir iş deyil. Dünya binə olandan bəri hələ belə bir şey olmayıb. Heç vaxt da olmayacaq. Axı ölən adam bir neçə aydan sonra necə dirilə bilər? Öldü qurtardı getdi də! Necə deyərlər, vəssalam, şüttəmam, fatihə. Başqalarını deyə bilmərəm, mən indiyə qədər ən azından beş-üç kitab oxumuşam. Oxuduğum kitabların arasında öləndən bir müddət sonra dirilənlərdən bəhs edənləri də var. Cəlil Məmmədquluzadənin “Ölülər”ini, Mir Cəlalın “Dirilən adam”ını, Aleksandr Belyayevin “Professor Douelin başı”nı, Konan Doylun “Görünməz adam”ını və başqa fantastik əsərləri oxusam da, ölünün dirilməsinə inanmamışam. Fikirləşmişəm ki, fantastik əsərlərdə nə desən baş verə bilər. Çünki bu əsərlər yazıçı təxəyyülünün məhsuludur. Adam öldüsə heç vaxt dirilməz. Əgər diriləcəkdisə, daha niyə ölürdü? Yaşayaydı də! Amma o günləri eşitdiyim bir xəbər əvvəl-əvvəl bu gözəl fikirlərimi alt-üst elədi.
Sən demə, işlər içi mən qarışıq oxucuların inanmağı ilə deyilmiş, dirilən adam eləcə dirilərmiş.
Bu yaxınlarda saytların birində oxuduğum xəbər hamı kimi məni də, sözün həqiqi mənasında əməlli-başlı şoka saldı. Ölkəmizdə möcüzə baş vermişdi, ötən il öldüyü bildirilən bir nəfər dirilərək dünyamıza qayıtmışdı. Geri qayıdan kimi də kreditlə televizor almaq eşqinə düşmüşdü. Bəlkə də, heç dirilən adam dünyamıza yaşamaq üçün qayıtmamışdı. Qayıtmışdı ki, televizor alıb geriyə – qəbrinə dönsün. O dünyadan əli və cibi boş gəldiyinə görə üstündə pulu olmamışdı. Bəlkə də, qəbirdən çıxanda pulu olubmuş, amma mollalar əlindən alıbmış. Pulu alındığına görə də televizoru kreditlə almaq istəyib ki, qəbiristanlıq yoldaşlarının yanına əliboş qayıtmasın.
Kredit alan zaman bankda onun şəxsiyyət vəsiqəsinə baxanda görüblər ki, bu insan ötən il rəhmətə gedib. Bankda çalışanlar ilk dəqiqələrdə bundan şoka düşərək çaş-baş qalıblar. Bilməyiblər ki, nə etsinlər, necə etsinlər. Bir az götür-qoy edəndən sonra dirilən adama kredit verməyiblər. Bankları da qınamalı deyil, ha. İş yeri bilinməyən, yaşayış yeri məlum olmayan, ölmüş bir adama necə kredit versinlər? İndiki çətin vaxtlarda kreditləri heç dirilər qaytara bilmirlər, o ki, qalmışdı ölülər ola. Təkcə banklar deyil, ee, heç ölüyə sələmçilər də borc vermirlər. Axı ölmüş adam krediti, yaxud borcu necə qaytara bilər? Onun işi-gücü basdırıldığı qəbirdə yatmaqdır. Öldüyünə görə təqaüdünü də kəsiblər.
İnanılmaz, ağlasığmaz bu xəbər məni xeyli əziyyətə salıb düşünməyə məcbur etdi. Axı ölən adam birdən-birə necə dirilə bilərdi? Hələ ki indiyə qədər, o dünyadan bu dünyaya qayıdan olmayıb. Bu dirilən adam kim idisə dirilməsi ilə dünyada böyük ad qoyacaqdı, adını tarixə yazdıracaqdı. Yəqin ki, uzun müddət bütün yer üzünün camaatı dirilib televizor almağa gəlmiş bizim ölümüzdən danışacaqdı. Bu hadisə yüz faiz Ginnesin rekordlar kitabına da düşəcəkdi. Planetin bütün oxucuları bu kitabı oxuyanda görəcəkdilər ki, dünyada ilk dəfə ölü bizim ölkəmizdə dirilib. Doğrudan da, bu çox qürur duyulası bir hadisə idi. Biz hamımız dirilən bu ölümüzlə ürəkdən fəxr edə bilərdik. Bir anlıq təsəvvür edin ki, bütün dünyanın qəzetləri bu qeyri-adi hadisədən yazacaq, bütün televiziyalar bu möcüzəli hadisəni göstərəcəkdi. Müxbirlər bir-birinin ardınca ölkəmizin paytaxtına axışıb dirilən vətəndaşımızdan müsahibə götürəcəkdilər. Bu xəbəri oxuyan, eşidən və görən bütün insanlar ölkəmizə turist səfərinə gələcəkdilər. Gələcəkdilər ki, həmin dirilən adamla görüşsünlər. Turistlərin gəlişi isə büdcəmizi xeyli artacaqdı. Belə yanaşanda bu hadisə ölkəmizə xeyli xeyir və səmərə gətirəcəkdi. Bu vətəndaşımız dirilib təzədən həm sayımızı artıracaq, həm də qayıdışı ilə ölkəmizə xeyli səmərə verəcəkdi. Sözün açığı, mən buna hamıdan çox sevinirdim.
Deməli, möcüzələr təkcə bu dünyada deyil, o biri dünyada da baş verirmiş. Bütün bunları ağlımdan keçirə-keçirə öz-özümə ölünün dirilmə prosesini anbaan gözlərim önündə canlandırırdım. Sanki fantastik bir filmə baxırdım. Budur, ölü yenidən cana gələrək dirilir. Dirilən kimi də yavaş-yavaş gözlərini açır. Yaxşı ki, dirilən adamın bədəni tam çürüməmişdi. Yoxsa gözləri açılmazdı, əl-ayağı hərəkət etməzdi, televizor almağa gələ biməzdi. Ölünün dirilmə səhnəsinə baxa-baxa düşünürəm ki, bəlkə də, ölü gözlərini açan kimi “Yolun düşsə, bu dünyaya bir də gəl” mahnısını xatırlayır. Deyəsən, fantastik əsərlərdə yazılanlar reallığa çevrilərək bu ölünün başına gəlir. Bəlkə də, dirilən adam uzun müddət komada olub. Komadan ayılan kimi də, bütün gücünü toplayaraq qəbrini dağıdıb. Güc-bəla ilə təzədən yerin altından üstünə çıxıb. Fikirləşirəm ki, bəlkə də, heç yazıq yaşamaq üçün dirilməyib. Dirilib ki, televizor alıb qəbrinə qayıtsın. Bəlkə də qonşuluğundakı ölülər dirilən anda ondan xahiş ediblər ki, şəhəri yaxşı tanıyır, gedib televizor alsın. Pulu olmasa da, kredit götürsün. Sonra ölülər “atışıb” televizorun pulunu birtəhər ödəyərlər. O dünyada zaman gec keçir. Vaxtlarını səmərəli keçirmək üçün ölülər dirilərin çəkdiyi kinolara, verilişlərə baxmaq, oxuduqları mahnılara qulaq asmaq istəyiblər. Daha neynəsinlər, darıxdırıcı həyatdan canlarını qurtarmağa çalışıblar. Dirilən adam da televizor almaq üçün kredit götürəndə bank işçiləri ölmüş olduğunu bilib verməyiblər. Bununla da onun bütün planları pozulub.
Təəssüflər olsun ki, dirilən adam məsələsini araşdırmağa başlayanda bəzi qaranlıq məqamlar üzə çıxdı. Öyrəndim ki, bütün bunlar yalan imiş. Həmin adam ölməyibmiş ki, dirilə də. Dirilmək üçün gərəkdir ki, əvvəlcə öləsən. Amma həmin adam ölməmiş dirilib. Çoxlarının ağlına gəlməyən fırıldağa əl atıb. Əvvəlki illər törətdiyi cinayətlərdən qaçmaq üçün maşınına bir qalaq mənşəyi bilinməyən sür-sümük yığıb yandırıb. Guya ki, ölüb. Bu hərəkəti ilə törətdiyi cinayətlərin izini itirməyə çalışıb. Yəni onu ölmüş bilib bir daha axtarmasınlar. Amma heç özü də bilmədən bu hərəkəti ilə daha ağır bir cinayət törədib. “Öləndən” az-çox keçər-keçməz gəlib kreditlə televizor almağa. Bankda da ona pul vermək əvəzinə, tutub qollarını qandallayıblar.
İşin bu cür alınmasından yaman məyus oldum. Mən də bu xəbəri eşidəndə xeyli sevinmişdim. Sevinmişdim ki, dediyim kimi, bütün dünya bizim dirilən ölümüzdən danışacaq. Şəhərimizə xeyli turustlər, müxbirlər gələcək. Yeni əsərlər yazılacaq, filmlər çəkiləcək. Çoxlarının can atdığı Ginnesin rekordlar kitabına düşəcəyik. Ölkəmizin büdcəsi xeyli artacaq. Amma təəssüflər ki, bunların heç biri olmadı. Ölməmiş “dirilən adam” bütün işlərimizin nizamını pozdu, siftəmizi korladı. Dünya camaatının yanında biabır olduq. Ay zalım, oğlu zalım, ölmüsənsə özünü ölü kimi apar, dirisənsə də özünü diri kimi apar də. İkisinin arasında qalıb bizi girinc eləmə. Ya o yanlıq ol, ya bu yanlıq. Bir də bu cür nə ölmə, nə də dirilmə!




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!