Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktında şübhəli bilinən daha iki nəfər həbs edilib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Şübhəlilərin terror aktını həyata keçirən Əhlam Əlbəşir və qaçan şübhəli Bilal Həsənin qanunsuz olaraq Türkiyəyə keçməsinə köməklik etdiyi bildirilir. Noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Fransa Prezidenti Emmanuel Makron hücuma məruz qalıb. O, bu dəfə ölkədəki böhran səbəbindən hədəfə alınıb. Belə ki, Fransanın siyasi və iqtisadi vəziyyətinə görə yaranmış böhrana etiraz edən qadın Makronu şillələyib. Həmin görüntüləri təqdim edirik:
Ərdoğan ilk dəfə Misir prezidenti ilə görüşdü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdül Fəttah əs-Sissi ilə ilk dəfə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Görüş Qətərdə futbol üzrə dünya çempionatının açılışına həsr olunmuş mərasimdə baş tutub. Onlar salamlaşıb və bir-birinin əllərini sıxıblar.
Türkiyə sərhədinə raket hücumu - 8 nəfər yaralandı
Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.
Azərbaycan xalqı gözümüzün işığıdır - Xameneinin müşaviri
İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur. Bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib. "Eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır", - o qeyd edib. Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayır. "Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq", - Xameneinin müşaviri deyib.
İran hökuməti Böyük Britaniyaya nota verib. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Britaniyanın Tehrandakı səfiri Simon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİN Britaniyada yerləşən səfirliyə hücum edilməsini pisləyib və ingilis diplomata etiraz notası təqdim edilib.
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Butov.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb. Skopyedəki “Todor Proeski Milli Arena”da oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.
Türkiyədən mesaj: Sizi məhv edərik! - “Pəncə-Qılınc” əməliyyatının detalları
Bu gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə-Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb. Son məlumatlara əsasən, “Pəncə-Qılınc” əməliyyatı nəticəsində İraq və Suriyanın şimalında ümumilikdə 89 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan istifadə edilib. Əməliyyatın əsas məqsədi terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimaldan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaqdır. Xüsusi əməliyyat terrorçular tərəfindən Türkiyəyə qarşı hücumların əsas yerləşmələrinin olduğu İraqın şimalında Qəndil, Asos, Hakurk bölgələrində, Suriyanın şimalında isə Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrinə hücumlar üçün baza kimi istifadə edilən bölgələrdə uğurla reallaşdırılıb. “Pəncə-Qılınc” əməliyyatı barədə danışan Türkiyənin təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İstanbul terrorundan sonra Ankaranın cavab gözlənilirdi və gecikmədi. “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyat PKK-nın və onları dəstəkləyən qüvvələrin xəyallarını bir daha puç etdi. ABŞ və onun müttəfiqlərinin müdafiəsi altında olduğunu düşünən PKK psixoloji olaraq məhv oldu. Türkiyə bu əməliyyatda “ABŞ-a baxmayaraq, sizi havada və quruda məhv edə bilərik” mesajını verdi. Hava əməliyyatı ilə PKK-nın hədəfləri məhv edildi. Təbii ki, əməliyyatlar davam edəcək, terror təşkilatının arxasında kimlər durursa, onlar cavab verəcək. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulda, İstiqlal küçəsində törətdiyi partlayışa cavabdır və davamı olacaq”, - deyə tanınmış ekspert vurğulayıb. Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub. Hadisə ilə əlaqədar daha 50-dən çox şəxs saxlanılıb.