23-11-2022, 16:05
Bakıda müəllim turşudan zəhərlənərək öldüBakıda müəllim zəhərlənmədən dünyasını dəyişib. Bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb. Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib. Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib. Mərhum ailəli olub, iki övladı var.
23-11-2022, 16:01
Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıbRusiyada istehsal olunan 400 min tondan çox gübrə sanksiyalar səbəbindən Avropa limanlarında dondurulub. Bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələrin istehsalı və satışı üzrə komissiyasının sədri Dmitri Mazepin Prezident Vladimir Putinlə görüşü zamanı deyib. “Əsas problem Avropa limanlarında çox miqdarda gübrənin dondurulmasıdır. “Uralxim” müəssisəsinin 262 min ton, “Akron” müəssisəsinin 52 min ton, “Euroxim” müəssisəsinin isə təxminən 100 min ton gübrəsi Estoniya, Latviya, Belçika və Niderland limanlarını tərk edə bilmir”, - deyə komissiyanın rəhbəri bildirib. Dmitri Mazepinin sözlərinə görə, komissiya gübrənin inkişaf etməkdə olan bazarlara, o cümlədən Afrikaya göndərilməsi üçün problemi müxtəlif yollarla həll etməyə çalışır. “Uralxim” zavodu özünün Avropa limanlarında qalan gübrəsinin hamısının Afrikaya pulsuz çatdırılması üçün BMT-yə müraciət etməyə hazırlaşır. Bir müddət öncə Vladimir Putin Avropa limanlarında yığılıb qalan gübrənin kasıb ölkələrə pulsuz çatdırmağa hazır olduğunu, lakin Avropa İttifaqının buna imkan vermədiyini deyib.
23-11-2022, 15:57
“Eurovision”da səsvermə qaydaları dəyişdiAvropa Yayım Birliyi “Eurovision 2023” mahnı yarışmasında səsvermə qaydalarını dəyişib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. “2022-ci il müsabiqəsində aşkar edilmiş səsvermə pozuntularına görə, səsvermənin şəffaflığının qorunması yollarını nəzərdən keçirmək üçün AYB üzvlərindən ibarət işçi qrup yaradılıb”, - deyə müsabiqənin təşkilatçıları bildiriblər. Qeyd olunub ki, indi hansı ölkələrin finala yüksələcəyini yalnız müsabiqənin tamaşaçıları müəyyənləşdirəcək. Belə ki, onların səsləri ölkənin səslərinə bərabər olacaq: “Eurovision” müsabiqəsinin münsiflər heyətinə yalnız müsabiqənin final mərhələsində seçim haqqı veriləcək". Rəsmi açıqlamada vurğulanıb ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, müsabiqəyə baxan hər kəs sevdiyi mahnılara səs verə biləcək. Qeyd edək ki, “Eurovision 2023” Liverpul şəhərində keçiriləcək.
23-11-2022, 15:48
KTMT Ermənistana yardım göstərməyi qərara alıb - Baş katibErmənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində razılaşdırılıb. Bunu KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin Xarici İşlər nazirlikləri, Müdafiə nazirlikləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında deyib. Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Daxil olan məlumatlar təsdiqləyir ki, atışmalar demək olar ki, hər gün baş verir. "Bu ilin may, sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Şurasının üç sessiyası təhdidlərin müzakirəsinə həsr olunub. Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər tərəflərin, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanıb”, - deyə o bildirib. Eyni zamanda, Zas vurğulayıb ki, Ermənistan hökuməti və digər iştirakçıların sülh sazişinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır. Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
23-11-2022, 15:43
Ağdamda kütləvi məzarlıq tapıldıNoyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur. Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
23-11-2022, 15:40
Sabahın hava proqnozuNoyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
23-11-2022, 15:38
Almaniya Ukraynaya təslim olmağı təklif edibmişUkraynanın tərəfdaşları Rusiyanın müharibəyə başlamasına fərqli reaksiya veriblər. Bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CNN telekanalına müsahibəsində bildirib. Conson qeyd edib ki, hələ hərbi əməliyyatlar başlamazdan əvvəl Almaniya hakimiyyəti Kiyevə təslim olmağı və münaqişəni davam etdirməməyi təklif edib.
23-11-2022, 15:36
Hərbçi forması geyinib, medal taxdı - SaxlanıldıPaytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.
23-11-2022, 15:33
"Bank işçisi" "müştəri"nin pulunu oğurladıSosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
23-11-2022, 15:30
Ermənilər Şuşanı da atəşə tutdularNoyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.