Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Putinin digər qərarı ilə səfir Mixail Boçarnikov vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində Mixail Boçarnikov çalışıb. Onun diplomatik fəaliyyət müddəti başa çatıb.
Türkiyə-Suriya normallaşması ilə bağlı yol xəritəsi yekunlaşdı
Rusiyanın Türkiyə və Suriya arasında normallaşma prosesi ilə bağlı vasitəçiliyində yenilik var. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfinin Türkiyə-Suriya normallaşması ilə bağlı hazırladığı yol xəritəsi layihəsi artıq tam yekunlaşıb. Layihənin detalları barədə məlumat verilməyib.
Erməni silahlı qüvvələri Naxçıvanı intensiv atəşə tutdular
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Güclü yağışlar Göygöl və Gəncədə fəsadlara səbəb oldu
Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub və güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub. Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.