25-06-2023, 19:27
Ərdoğan Stoltenberqlə NATO sammitindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb. Bu barədə Baş katibin twitter səhifəsində məlumat yayılıb. O qeyd edib ki, telefon danışığı zamanı NATO sammiti müzakirə olunub. "Çəkindirmə, müdafiə və terrorla mübarizə sahəsində vacib qərarlar verəcəyimiz NATO sammiti öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Biz İsveçin NATO-ya üzvlüyü üçün birgə işləməyə davam edəcəyik", - Stoltenberq bildirib.
25-06-2023, 18:50
Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı apardı25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub. Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb. Telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-06-2023, 18:09
Blinken: Prosesi yaxından izləyirikABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını düşünür. Bunu ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib. O qeyd edib ki, bu, inkişaf edən bir prosesdir və son pərdə hələ olmayıb: "Prosesi yaxından izləyirik". Blinken onu da bildirib ki, 16 ay əvvəl Rusiya ordusu Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər. "Ancaq bu həftəsonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar", - deyə o vurğulayıb.
25-06-2023, 17:35
Gəncədə yaşayan şəhid ailələri Şuşaya səfər etdilər26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Gəncədə yaşayan şəhid ailələrinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri reallaşdırılıb. Səfərdə 95 şəhid ailəsi üzvü iştirak edib. Şuşada şəhid olan hərbçilərin valideynləri də iştirakçılar arasında olub. Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
25-06-2023, 17:01
SOCAR “Şahdəniz” qaz yatağındakı payını satıbSOCAR Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağında iştirak payını satıb. Bu barədə SOCAR-dan bildirib. Məlumata görə, bu il martın 31-də SOCAR yataqdakı 14,35%-lik payını CQD Upstream MMC-yə satıb. Həmin tarixdə Qrup, CQBK və CQBK Hold Co-da 14.35 faizlik iştirak payını CQD Midstream MMC-yə ötürüb.
25-06-2023, 16:33
İranda toz fırtınası səbəbiylə 330 nəfər xəstəxanaya yerləşdirildiİranın Sistan-Bəlucistan əyalətində son üç gün ərzində toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə idarəsinin baş direktoru Məcid Mohibbi bildirib. Onun sözlərinə görə, xəstəxanalara aparılan 273 nəfər ilkin müayinədən sonra evə buraxılıb, 57 nəfərin müalicəsi davam etdirilir. Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi isə mətbuata açıqlamasında vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını proqnozlaşdırdıqlarını bildirib. O, səhhətində problem olan insanlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edib.
25-06-2023, 16:02
Gürcüstanın sabiq prezidentindən Putinlə bağlı paylaşımRusiyada dünən baş verən hadisələr Putini xeyli zəiflədib. Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, Rusiyada yaşanan hadisələr Ukraynanın müharibədə qələbəsini daha da yaxınlaşdırıb.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.
25-06-2023, 15:49
Türkiyə və Azərbaycan hərbiçilərinin iştirakı ilə sürü dronlar sınaqdan keçirildiQars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən "Heydər Əliyev-2023" hərbi təlimləri zamanı STM müdafiə şirkəti tərəfindən hazırlanan sürü dronlar sınaqdan keçirilib. Bu barədə Türkiyənin "SavunmaSanayiST" hərbi portalı məlumat yayıb. Təlim zamanı əvvəlcədən təqdim edilən plana uyğun olaraq 6 pilotsuz uçuş aparatı (PUA) havaya qalxıb. Şirkət tərəfindən hazırlanan xüsusi sistem vasitəsilə PUA-lar bir-birilə avtomatik əlaqə quraraq birlikdə tapşırıqları icra ediblər. Dronlar verilən tapşırıqları aralarında bölüşdürərək hədəfləri müəyyən edib və onları izləyiblər. Sınaq zamanı "Kargu", "Togan" və "Boyga" model PUA-lardan istifadə edilib. Şirkətin təqdim etdiyi sürü dron layihəsi "Bumin" adlandırılıb. Bu ad Göytürk xaqanlığının qurucusu olan Bumin xaqanın adından götürülüb.
Xatırladaq ki, "Heydər Əliyev-2023" hərbi təlimləri may ayında keçirilib. Təlimin ssenarisinə əsasən, xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər. Tankların, piyada döyüş maşınlarının, artilleriya və tank əleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər. Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər.
25-06-2023, 15:40
İranla münasibətlərimizin ən aşağı səviyyəsindəyik - Səfir“Biz hər bir ölkə ilə, xüsusən də qonşularımızla yaxşı münasibətlərdə maraqlıyıq”. Bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin "Globes" qəzetinə müsahibəsində deyib. “İranla enerji və nəqliyyat sahələrində ticarət əlaqələrimiz, əməkdaşlığımız var. Azərbaycan heç vaxt heç bir ölkə ilə münasibətlərinə xələl gətirən olmayıb. Təəssüf ki, müstəqilliyimizi əldə etdikdən sonra İranla münasibətlərimizin ən aşağı səviyyəsindəyik. Münasibətləri indiki vəziyyətə gətirən Azərbaycan deyil. Biz İranla yaxşı münasibətlərin olmasını istəyirik, amma səfirliyə hücumun araşdırılması üçün heç bir nəticə görməmişik”,- deyə səfir bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib.
25-06-2023, 15:16
Ukrayna müharibəsiylə bağlı vəziyyətə sutka boyu nəzarət edirəm - PutinRusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı vəziyyətə sutka boyu nəzarət etdiyini bildirib. Putin bu barədə “Rossiya-1” telekanalının efirində danışıb. O, jurnalist Pavel Zarubinin müharibənin gedişatına nə qədər vaxt ayırması ilə bağlı sualına da cavab verib. “Əlbəttə, ilk növbədə bu məsələyə diqqət yetirirəm. Səhər gün bununla başlayır və axşam da bununla bitir", - Putin vurğulayıb. O, son vaxtlar gecələr az yatdığını bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.