İsveç narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır - Stoltenberq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi Dolmabaxça sarayında qəbul edib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib. İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra: "Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır", - deyə açıqlama verib. "Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik", - NATO baş katibi qeyd edib.
Rusiya Ukraynada hərbi əməliyyatını sona qədər aparmalıdır - Peskov
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatı sona qədər aparmalı olduğunu, alternativin olmadığını deyib. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq. “Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, - deyə Peskov vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. Görüş saat 14.00-da Dolmabaxça sarayında başlayıb. Qəbul mətbuata qapalı şəkildə davam edir. Qeyd edək ki, görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə olunur.
Şuşa və Xocalı rayonları üzrə mövqelərimiz atəşə tutuldu
İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb. Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov Mevlüt Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib. Nazir, Mevlüt Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Mevlüt Çavuşoğlu öz növbəsində, minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.
XİN başçısı yeni təyin olunan türk həmkarını təbrik etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb. Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib. Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar. Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub. Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.
Çinin müdafiə naziri Li Şanqfu Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib. Şanqfu bu sözləri şənbə günü, iyunun 3-də ukraynalı həmkarı Aleksey Reznikov arasında görüş zamanı deyib. Qeyd olunur ki, çinli nazir Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün “bütün mümkün vasitələrdən” istifadə etməyi təklif edib. Bundan başqa, Pekin Moskva ilə sıx siyasi və iqtisadi əlaqələrə baxmayaraq, sülhməramlı rolunda israr etməkdə davam edir. Qeyd edək ki, nazirlərin görüşü zamanı Ukrayna tərəfi Çinin vəziyyətlə bağlı anlayışını dərinləşdirməyə çalışıb.
Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bir vətəndaş Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1987-ci il təvəllüdlü vətəndaş, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən mənzilin eyvanına çıxaraq intihara cəhd edir. Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutaraq onun intihara cəhdinin qarşısını alıblar.
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, günmdüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-24° isti olacaq.
Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. FHN-dən bildirilib ki, bununla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.