Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir - ƏrdoğanXocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəməyə davam edəcək.
"Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı didərgin salınıb. Hara? Azərbaycana. İndi 30 ildən sonra Azərbaycan bu qətliamın hesabını sorur. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik", - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.
"Azərbaycan illər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmağa getməyib. Azərbaycan haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil olub. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girib. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o qeyd edib.