Sevda xanım Nəsrullayeva – ürəyi işıq məbədiKurortoloq-alim, Əməkdar həkim Sevda xanım Nəsrullayevadan yazanda istər-istəməz yazımı onun müqəddəs ata ocağından başlayıram. Səbəb budur ki, illər keçsə də, müqəddəs dəyərlər üzərində qurulmuş bu ocaqda bütün ali dəyərlər olduğu kimi qalır, heç nə dəyişilmir. Məhz bu cür ailələr bugünkü gəncliyə bir nümunədir. Və nə qədər yazılsa azdır.
Hansısa müdrikin gözəl bir deyimi var. Nəsrullayevlər ailəsindən nə qədər yazı yazmışamsa, həmin müdrik deyimə istinad etmişəm: “Mötəbərlik göydən düşmür – onu nəsil zərrə-zərrə qazanır. Sonra ocağın bütün övladları bölüşür bu mənəvi nemətı. Hərədə bir az sönüb azalsa, vay o ocağın halına. Hərədə bir az çoxalsa, xoş o ocağın halına...”.
Ocaqdan söhbət düşmüşkən deyim ki, yazacağım bu söhbətləri – atalı-analı, nənəli-babalı çağlarını göz yaşlarıyla xatırlayaraq söyləyib Sevda xanım. Bəzilərini dəftərçəmə qeyd etdiyimə görə sevinirəm indi.
Ömrün sonuna kimi bir-birini tamamlayan cütlüklər az olur həyatda. Sevda xanım dünyaya göz açanı belə cütlüklərin əhatəsində böyüyüb, boy atıb. Bu gün də sevgi dolu ömür yaşayır.
Babası Hidayət kişi 56 illik ömründə min bir əziyyətlə üzləşib. Atası Nəsrulla bəyin məhkəmədə kiminsə haqqını müdafə edərkən dediklərini sübuta yetirib inandıra bilmədiyindən ürəyi dayanır, daha dəqiq desək, ürəyi partlayır. 1918-ci ildə erməni faşizmi Şamaxı sakinlərini qanına qəltan edərkən Qüreyiş xanımla ilk körpələrini götürüb Bakıya qaçırlar. Bir qədər sonra ilk körpələrini itirmələri gənc ailəni sarsıdır. Amma sevimli Qüreyiş xanım yenilməz arxa olur ərinə. Şöhrəti, böyük insanlığı bu gün də yaddaşlarda yaşayan Nəsrulla, sonralar göz həkimi kimi tanınacaq Şükufə dünyaya gəlir. Sonra nəvələr - Sevda, Namiq babanın həyatda olmadığı illərdə Arifə (Şükufənin qızı) gəlir dünyaya. Hidayət kişinin gözündə həmişə cavan olan xanımına “nənə” deməyə qoymur nəvələrini. Nəvələri «mama» deyə müraciət edirlər Qüreyiş xanıma.
Bəzən düşünürəm Leyli və Məcnun qovuşsaydı, xoşbəxt olacaqdılarmı? Çətin sualdır. Bəlkə də bir-birinin yolunda şəhid olduqlarından eşqin zirvəsinə ucaldılar. Bəlkə qovuşsaydılar, adiləşəcəkdi sevgiləri? Hər halda Leyli də, Məcnun da nağıl qəhrəmanıdır. Fəqət əfsanəvi münasibətlər, əfsanəvi məhəbbətlər var ki, həqiqətdir... Atası Nəsrulla Nəsrullayev, anası Şeyda xanım birgə olduqları 36 ildə ilahi bir sevgi yaşayıblar. Başdan aşan iş-güc, problemlər - Nəsrulla müəllimin vəzifə qayğıları – Bakı Elektrik Maşınqayırma Zavoduna rəhbərlik, Bakı Şəhər Partiya Komitəsinin I katibi (indi ömürlərinin ixtiyar çağlarını yaşayan köhnə bakılılar 60-cı illəri xatırlayanda BK-nın pervıy sekretarı (ifadəni eşitdiyim kimi yazıram) Nəsrulla Nəsrullayevi böyük məhəbbətlə anırlar), Rabitə naziri, Yüngül Sənaye naziri, tutduğu böyük vəzifələrlə yanaşı indiki Neft Akademiyasında dövlət imtahan komissiyasının sədri, xarici ölkələrlə «Dostluq» mədəni əlaqələr cəmiyyətinin fəxri sədri və s. ictimai işlər, Şeyda xanımın ADU-nun (BDU) xarici dillər kafedrasında alman dilini tədris etməsi (Xalq şairi N.Həsənzadə ADU-nun aspiranturasında təhsil aldığı illəri xatırlayanda onlara alman dilindən dərs deyən Şeyda xanımı böyük məhəbbətlə anır), hər zaman qonaq-qaralı evin ailə qayğıları adiləşdirə bilməyib bu sevgini. Təbii nəvazişləri, səmimi davranışları böyüklərin də, uşaqların da yanında adi qarşılanıb. Baxışlarıyla, ən mərhəm duyğularla oxuyublar ürəklərini. Ömrün hər dəqiqəsini özləri və başqaları üçün mənalı yaşamaqdan zövq alıblar. Birgəliyin qədrini yalnız hisslərlə deyil, ağılla dəyərləndiriblər.
Müstəqil Azərbaycanın ilk İqtisadiyyat naziri, ilk Hesablama Palatasının sədri Namiq Nəsrullayevin ömür-gün yoldaşı, Tibb Universitetinin professoru Gülnarə xanım bu gün də qaynanasını məhəbbətlə ananda göz yaşlarını saxlaya bilmir. Xanımlığın, qadınlığın zirvəsində dayanan bu qadına münasibətini qaynana kimi yox, ideal ana kimi qiymətləndirir. Ümumiyyətlə, ailənin bütün üzvləri haqqında bu fikirdədir. Həyatdakı mövqeyinə görə Nəsrullayevlər ailəsinin rolunu danılmaz sayır.
(Təəssüf ki, ötən il bibisi qızı ADU-nun dosenti Arifə xanım, bu ilin yanvar ayında həyatı qədər əziz olan qardaşı Namiq Nəsrullayev dünyalarını dəyişib, haqqa qovuşdular. Məkanları cənnət, ruhları şad olsun!)
Sevda xanım orta məktəbi qızıl medalla bitirib Tibb İnstitutuna daxil olanda Bakı Şəhər Partiya Komitəsinin I katibinin qızı idi. Şübhəsiz ki, böyük vəzifə sahibinin qızı hamıda maraq doğurur. Eləcə də sonuncu kurs tələbəsi Sudeyf İmamverdiyevdə də. O illəri Sevda xanımın ömür-gün yoldaşı, dünya şöhrətli uroloq-alim, Əməkdar elm xadimi Sudeyf müəllim belə xatırlayır: «I katibin qızı əla oxuması, nümunəvi əxlaqı, tərbiyəsi, ədəb-ərkanı, ictimai fəallığı ilə diqqəti cəlb edirdi. Adətən vəzifəli, tanınmış ailələrin qızları ərköyünlükləri, geyim-kecimləri ilə fərqlənirdilər. Tələbə Sevda Nəsrullayeva institutda savadlı, ləyaqətli, ictimaiyyətçi tələbə kimi sevildi. Tale elə gətirdi ki, Sevda xanımın təyinatını mənim işlədiyim Həkimləri Təkmilləşdirmə İnstitutuna verdilər. Ayrı-ayrı kafedralarda çalışsaq da, istimai işlərdə fəallığımızla əlaqədar tez-tez görüşürdük. Bu görüşlərdə bir-birimizi yaxından tanıdıq... Ailə həyatı qurduq. 1971-ci ildən bir kürəkən olaraq bu ailənin üzvü oldum. Haqqında həmişə xoş sözlər eşitdiyim Nəsrulla müəllimlə tanışlığım daha yaxından başladı. Elə ilk günlərdən böyük bir azərbaycanlı ilə yaxın olduğumu dərk etdim. Qürurla düşünürdüm ki, xalqımızın necə möhtəşəm övladları var. İşinə və ailəsinə qarşı son dərəcə məsuliyyətli bir insan idi. Ailədə elə mövqeyi, elə davranışı vardı, adam istər-istəməz tərbiyə olunardı. Evdəmi, bağ şəraitindəmi oldu, gələn kimi xoş bir mühit, bir bayram əhval-ruhiyyəsi yaranardı. Heç zaman adama nəsihət verməz, “bunu belə et, elə et” deməzdi. Hər bir hərəkəti nümunə, örnək götürüləsi idi. Nəsihət verməyə, söz deməyə ehtiyac qalmazdı. Təəssüf ki, belə bir insanın ömrü cəmi 58 il oldu. Nəsrulla müəllim bu gün də həmin möhtəşəmlikdə, həmin əzəmətdə, həmin məhəbbətlə mənim ürəyimdə yaşamaqdadır. Sevib hörmət etdiyim şəxsiyyətlər çoxdur. Amma qürurla deyirəm ki, bütün sevdiklərim arasında Nəsrulla Nəsrullayev ən uca zirvədə dayanan parlaq şəxsiyyətdir.
Xeyirxah genlərdən aldığı tərbiyə əsasında formalaşan Sevda xanım yeni qurulan ailəsində normal qarşılayır problemləri. Məlumdur ki, əsrlər boyu zəka, ağıl, düşüncə nadanlığın qurbanı olub. Həyat yoldaşının urologiyadakı uğurları başqalarını qıcıqlandırır. Doktorluq müdafiəsinə hazırlaşan Sudeyf İmamverdiyevə təbabətin başqa sahəsi ilə məşğul olmağı məsləhət görürlər. Gəncliyindən özünü savadı və zəhmətilə formalaşdıran gənc alim inadından dönmür. Hətta ailəsini götürüb respublikadan köçmək qərarına gəlir. Bütün bu haqsızlıqlar Sevda xanımın həssas qəlbindən keçir, işinə də təsirsiz ötüşmür. O zaman artıq körpə Cavid üç aylıq idi. Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda professor S.Qusmanın rəhbərlik etdiyi kafedrada işləyən Sevda xanım professor Tamerlan Əliyevin Tibb İnstitutunda rəhbəri olduğu terapeya kafedrasına dəvət olunur. Qısa müddətdə Sevda xanımın burda da uşgüzarlığı, bilik və bacarığı üzə çıxır.
Lakin Sevda xanımın Tibb İnstitutunda işlədiyini bəhanə gətirərək Sudeyf müəllimi böyük çətinliklərlə açdığı urologiya kafedrasında işləməsinə maneələr törədirlər. Onda Sevda xanım ərizə yazıb institutdan getməyə məcbur olur.
Sevda xanım 1967-72-ci illərdə klinik ordinatura və aspirantura keçmiş, “Şəkərli diabeti olan xəstələrdə mədənin motor və sekretor funksiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, tibb elmləri üzrə fəlsəfə doktorudur. 1977-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda baş elmi-işçi kimi fəaliyyətə başlayır. Burda da savadı və işgüzarlığı diqqətdən yayınmır. İnstitutun partkomu seçilir. Bu zaman ictimai fəallığı daha çox diqqəti cəlb edir. İnstitut rəhbərliyi və nazirlik qarşısında mühüm məsələlərlə çıxış edir və həllinə nail olur. 1983-cü ildə Sevda xanıma instituta direktor vəzifəsini təklif edirlər. Heç zaman vəzifə arzusunda olmayan Sevda xanım etiraz edir. Amma nazirlik qərarından dönmür, əmri verilir. Həmin zamanlarda anası Şeyda xanım xəstə yatırmış. Sevda xanım yeni təyinatı barədə anasına məlumat verəndə o, gözlərini açır və üzünə təbəssüm qonaraq bildirir: “Atan həmişə deyərdi ki, Sevda bütün sahələrdə hər bir işin öhdəsindən gəlməyə qadirdir, çünki güclü idarəetmə qabiliyyətinə malikdir.” Ömrünün son aylarını yaşayan anasını sevindirməsi və atasının onun haqqında dediyi xoş sözləri məsuliyyət kimi qəbul etməsi onu əzmlə işləməyə məcbur edir. Həmin gündən bu günə kimi fəaliyyəti bu institutla bağlıdır. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuyla Sevda xanım ayrılmaz bir vəhdətdir. 56 illik əmək fəaliyyətinin 46 ili bu institutla bağlıdır. Onun instituta rəhbərlik etdiyi illərdə bu elmi-tədqiqat və müalicə ocağının Azərbaycan səhiyyəsində xüsusi nüfuza malik yeri olub. Keçmiş İttifaqda tanınıb. İnstitutda ciddi demokratikləşdirmə gedib, inzibatçılıq olmayıb. Çin təbabətindən istifadə üçün mütəxəssislər dəvət olunub. Rəhbər işçinin ilk növbədə böyük insanlığı xoşbəxtçilikdir kollektiv üçün. Onun ucadan danışdığını görən olmayıb heç zaman. Astadan, yumşaq, humanistcəsinə danışır hamıyla. Amma bir sözü ikinci dəfə dediyi də olmayıb hələ. Bütün insanlarla dil tapmağı bacardığındandır ki, hamı ürəyini ona aça bilir. O harda işləsəydi, hansı sahədə çalışsaydı, orda yalnız xeyirxahılq toxumları cücərərdi. Bu xoşbəxtlik onu tanıyanların hamısına paylanıb. Zahirən mülayim, gülərüz, sadə və təmkinli Sevda xanımı yaxından tanıdıqca yəqinləşdirirsən ki, bu onun mənəvi aləmindən gəlir. Çöhrəsində səmimiyyətindən doğan mülayim bir təbəssüm var ki, sanki əbədi hopub üz-gözünə. Bu ovqatı müsahibinin necə çətin əhval-ruhiyyəsindən asılı olmayaraq ona da sirayət edir. Ürəyi işıq məbədi olan bu xanım öz mənəviyyatıyla saflıq aşılayır insanlara.
Baş elmi işçidən institutun direktorluğuna kimi yüksəlmişdir. 1993-cü ildən (öz ərizəsinə əsasən direktorluqdan azad edilmişdir) elmi işlər üzrə direktor müavinidir.
Sevda xanım Nəsrullayevanın institutdakı fəaliyyətinin əsas istiqamətini Azərbaycanın geniş kurort ehtiyatlarının səmərəli mənimsənilməsi, fiziki amillərin təsir mexanizmlərinin müxtəlif istiqamətlərinin öyrənilməsi təşkil etmişdir. Müasir metodika və texnologiyaların tətbiqinə, yeni müayinə və müalicə kabinetlərinin açılmasına çalışmışdır. Sevda xanım 70-dən çox elmi məqalə və tezisin, ixtira və səmərələşdirici təklifin, beş metodik tövsiyənin müəllifidir. Bir neçə namizədlik dissertasiyasının yerinə yetirilməsində elmi rəhbər olmuşdur.
Dəfələrlə Səhiyyə Nazirliyinin Fəxri Fərmanlarıyla, 2005-ci ildə isə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. Əməkdar həkim adını alıb.
Ömrünü xeyirxahlıq yolunda şam kimi əridən Sevda xanım unudulmaz akademikimiz Azad Mirzəcanzadənin dediyi kimi, çoxdanın professorudur. Lakin professor diplomu almaq təklifini heç vaxt qəbul etməyib. Özünün professor ömrünü ailəsinə, övladlarına, yetirmələrinə sərf edib. Həyat yoldaşı, dünya şöhrətli uroloq-cərrah, akademik, Əməkdar elm xadimi Sudeyf İmamverdiyevin uğurlarını bütövlükdə Azərbaycan səhiyyəsinin uğurları sayır. “Başımın tacı” – “ömrümün bəzəyi” – belə izhar edirlər Sudeyf müəllimlə ülvi məhəbbətlərini bir-birinə. Oğlu Cavidin incəsənət aləmində, qızı Sevincin nevrologiya sahəsindəki nailiyyətlərindən onun “analıq sənəti”nə pay düşür. “Alim olsan da, ilk növbədə Elçinin həyat yoldaşısan, övladlarının anasısan. İncəsənətə bağlı olsanız da, ən başlıcası ər-arvadsınız”. Belədir, Sevincinə, Cavidinə, qızından ayırmadığı gəlini Natellaya ana nəsihəti, ana öyüdü. Kürəkəni Elçin Rzayevi oğlu Caviddən ayırmır. Nəvələri Murad, Şeyda, Bulat bir dünya sevincdir ona. Uğurlu estafet indi nəvələrdədir. Murad dünyanın ən məşhur elm ocaqlarından olan Mançestr Universitetinin məzunudur. Paşa Sığorta Şirkətində İnformasiya Təhlükəsizliyi departamentinin rəhbəridir. Şeyda ADA Universitetini bitirdikdən sonra magistr təhsilini Londonda alıb. Amerika-Azərbaycan ticarət palatasında baş mütəxəssisdir. Bu yay Hüseyn Mustafabəyli ilə hamıya toy sevinci bəxş edib. Bulatın tələbə adı alması sevinci ailəni az qala bir ömür cavanlaşdırıb. Dünyanın bir çox ölkələrindən təhsillə bağlı təkliflər alan Bulat İmamverdiyev babasının razılığı ilə Belçikanı seçib.
Ayrı-ayrı illərdə doğulsalar da, yubiley yaşları hər dəfə eyni ilə düşür. Ömrün müdrik yollarında hələ neçə onillər qoşa addımlayasınız, neçə yubiley yaşınızı birgə qarşılayıb başa vurasınız. Fərəhiniz nəvə toylarında qol götürüb süzmək, nəticə sevinclərini yaşamaq olsun.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru