“Prezidentin çıxışındakı tövsiyələr fəaliyyətimizin əsas istiqamətini təşkil edəcək” –
Komitə sədri“Ölkəmizin siyasi həyatında çöx mühüm bir hadisə olan müstəqil dövlətimizin VII çağrış parlamenti öz işinə başladı. Prezidnet İlham Əliyevin parlamentdə çıxışı ictimaiyyətdə geniş marağa səbəb oldu. Biz parlament üzvləri üçün bu çıxış, əlbəttə ki, xüsusi önəm daşıyır”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin 2020 və 2024-cü illərdə Milli Məclisdə deputatlar qarşısında etdiyi çıxışlar Azərbaycanın siyasi kursunda və inkişafında müəyyən dəyişiklikləri əks etdirir. “Bu çıxışların müqayisəli təhlili Azərbaycanın daxili və xarici siyasətində prioritetlərdə baş verən dəyişiklikləri, ölkənin iqtisadi vəziyyətini, sosial problemləri və beynəlxalq münasibətlərdə tutduğu mövqeyi daha aydın şəkildə göstərir. Prezidentin 2024-cü il çıxışında isə artıq post-müharibə dövrü ilə bağlı məsələlərə diqqət daha çox yönəlib. İlham Əliyev bu çıxışında haqlı olaraq İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsini dünya miqyasında tarixi hadisə adlandırdı. Çünki Azərbaycan dünyada separatizmin kökünü kəsməyə nail olan azsaylı dövlətlərdən biridir.
Eyni zamanda cənab Prezident İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını diqqətə çatdırdı. Xüsusilə qeyd etdi ki, “İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.”
2020-ci ildə əldə olunan qələbənin nəticələrinin reallaşmasından, xüsusilə azad edilmiş ərazilərdə gedən bərpa və yenidənqurma işlərinin davam etdirilməsindən danışan cənab Prezident qeyd etdi ki, görülən işlər təkcə infrastruktur və sosial məsələlərlə məhdudlaşmır, həm də Qarabağda iqtisadi inkişaf və dayanıqlı yaşayışın təmin olunmasının vacibliyini şərtləndirir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, 2024-cü ildə Əliyev Qarabağın bərpasını artıq uzunmüddətli bir dövlət strategiyası kimi təqdim edir. Burada təkcə hərbi və iqtisadi güc deyil, həm də Azərbaycanın beynəlxalq arenada daha aktiv rol alması, regionda aparıcı bir dövlət kimi mövqeyinin güclənməsi məsələləri qabardılmışdır”.
S.Qurbanov xatırladır ki, Prezident VI çağrış parlamentin üzvləri qarşısındakı çıxışı zamanı bir çox mühüm vəzifələr tapşırmış, yeni siyasi konfiqurasiyanın formalaşdığını, yeni siyasi münasibətlər sistemində qanunverici orqanın cəmiyyətə mühüm töhfə verəcəyinə inamını ifadə etmişdi: “Bu inam biz deputatların siyasi məsuliyyətini daha da artırdı. Prezident xüsusi ilə Yeni Azərbaycan Partiyası üzvlərini siyasi islahatlarda daha fəal olmağa çağırmışdı.
VI çağırış parlamentin ölkənin siyasi həyatı üçün mühüm qanunların qəbulunda göstərdiyi fəaliyyət siyasi plüralizmə daha da təkan verdi. Siyasi partiyalar və media haqqında qanunları da xüsusi qeyd etməliyik”.“Cənab Prezidentin VII çağırış parlament üzvlərinin fəaliyyətindən gözləntilərini dilə gətirərkən söylədiyi “əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir” fikirləri bizim üçün qürürvericidir. Sözsüz ki, Milli Məclisin fəaliyyətinə verilən bu qiymətdə xanım sədr Sahibə Qafarovanın parlament diplomatiyası sahəsində apardığı gərgin fəaliyyəti və yaratdığı münbit iş mühiti də öz rolunu oynamışıdr. Şübhəsiz ki, 7-cı çağırış parlament üzvləri cənab Prezident İlham Əliyevin proqram xarakterli bu möhtəşəm çıxışındakı tövsiyələri öz fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edib, dövlərimizə və xalqımıza sədaqətlə xidmət edəcəklər”, S.Qurbanov fikrini yekunlaşdırıb.