Polad Həşimovun bacısı: "Heç kimə arzu etmirəm ki, qardaşının məzarını qucaqlasın"27 sentyabr ölkəmizdə Anım günüdür. Bu məqsədlə ölkənin müxtəlif yerlərindən insanlar ll Fəxri Xiyabana toplaşmışdılar.
Fəxri Xiyabana gələn insanlar içərisində Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə xanım da var idi.
“Bu gün biz bura şəhidlərimizin anım mərasiminə yığışmışıq və bu gün mən bir daha əmin oldum ki, şəhidlərimiz heç vaxt unudulmayacaq, çünki bizim xalqımız vəfalı xalqdır. Səhərdən axın-axın gələn insanları müşahidə edirəm. Uşağı ilə, yaşlısı ilə bütün insanlar gəlir, şəhidlərimizi ziyarət edir, vəfa borclarını yerinə yetirir. Allah canlarını sağ etsin. Ayın 27-i buradakı şəhidlərimizin öz yaxınlarına sarıldığı sonuncu gün idi. Birlikdə işğalda olan torpaqlarımızı azad etmək üçün döyüşə atıldılar", - o, jurnalistlərə açıqlamasında deyib.
Kəmalə Həşimova bildirib ki, 44 günlük Vətən Müharibəsi dövründə vətənimizin bütövlüyünə qovuşduq, amma bu bütövlüyü burada yatan şəhidlərimizə və sağlığını itirmiş qazilərimizə borcluyuq:
"Allah qazilərimizin canını sağ etsin, şəhidlərimizin ruhu şad olsun. Çox qürurlu gündür, eyni zamanda çox ağrılı gündür. Ağrılıdır ona görə ki, öz yaxınını, öz əzizinin gedib soyuq daşına sarılmaq çox acı bir şeydir, qürurludur ona görə ki, bayraqlarımız ölkənin hər yerində dalğalanır, qürurludur ona görə ki, torpaqlarımız azaddır və bu əslində insanlarımızın seçildiyi gün idi, bu gün insanlarımız nəyə layiq olduğunu göstərdi. Mən inanıram ki, Azərbaycan yaşadıqca şəhidlərimiz də yaşayacaq, onların məzarı bu gün olduğu kimi həmişə yad ediləcək.
Polad şəhid olduqdan sonra bütün xalq onun necə bir qəhrəman olduğunu, ordu üçün, vətəni, əsgəri üçün nələr etdiyinin şahidi oldu. Biz qardaşımızla qürur duyuruq, bu həm vətən üçün, həm də bizim üçün ağır itkidir. Kaş Polad sağ olardı, onun hərbi savadı, təcrübəsi bugünkü gündə də bizə lazım idi. Biz onunla sonuncu dəfə ayın 10-da danışmışdıq, demək olar ki, hər gün zəng edirdi. Bəzən düşünürəm ki, o, hiss edirdi şəhid olacağını, başqa duyğuda idi, son zamanlar əvvəlki kimi nəşəli deyiliydi. Anamla 11-i günü danışdı, bu onun səsini eşitdiyimiz son gün idi. Çox ağır bir şeydir, mən heç bir bacıya arzu etmirəm ki, qardaşının məzarının daşını qucaqlasın. Allah xalqımızın canını sağ etsin, qazilərimizə can sağlığı versin. Vətənimiz sağ olsun, biz hamımız köçüb gedəcəyik bu dünyada, amma Vətənimiz qalacaq. Bu gün bu vətəni də yaradan torpağın altındakı şəhidlərimizdir. Mən həmişə deyirəm, bizim ən böyük sərvətimiz torpağın altındadır - şəhidlərimizdir”