20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 11-12-2020, 14:37
Milyonların Şəhidi - Əmrah Rəcəbov
YOLUN DÜŞSƏ BU DÜNYAYA BİR DƏ GƏL...


... Bundan bir neçə gün əvvəl sosial şəbəkədə şəhidimiz Rəcəbov Əmrahın şəklini paylaşmışdım. Bəlkə çoxumuzun videolardan tanıdığı Elçin Əhmədov bir şərh yazmışdı. Elə Elçin də Əmrah kimi uşaq evində böyüyən igidlərimizdən biridir. O deyir ki, bizləri dövlət böyütdüyü üçün Vətənə çox bağlı oluruq. Çünki bu həyatda bir anamız var, o da Vətəndir. Biz nəyəsə görə döyüşmürük, biz Vətənə olan sevgimiz üçün burdayıq. Biz döyüşürük ki, övladlarımız, ölkəmiz sülh içində yaşasın. Əgər biz şəhid olsaq da, Vətən sağ olsun. Bu sözlər əlbəttə təsir edicidir. Ancaq bunları Vətən uğrunda döyüşən bir əsgərin deməyi daha da duyğulandırır adamı.

YOLUN DÜŞSƏ BU DÜNYAYA BİR DƏ GƏL...

İndi haqqında danışacağım Əmrah isə artıq həyatda deyil. Əminəm ki, həyatda olsa, o da bu sözləri deyərdi. Çünki o Vətəndən başqa kimsəsi olmayan, canını bu həyatdakı tək yaxınına, Vətəninə - ailəsinə fəda edən bir igiddir. Gəlin, əvvəlcə Vətən, millət uğrunda canından keçən Əmrahın taleyini yaxından öyrənək...

Rəcəbov Əmrah 11 dekabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. Hələ kiçik yaşlarında atasını itirən Əmrah anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilib. Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alıb. Məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağırılıb.

Əmrah Xidməti fəaliyyətini Beyləqan rayonunun N saylı hərbi hissəsində icra edib. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlamasından sonra Füzuli əməliyyatına cəlb olunub və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak edib.
Vətənin dar günündə onun müdafiəsinə qalxan Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub. Qeyd edim ki, döyüş meydanından çıxardığı yoldaşı da onun kimi, dövlət himayəsində böyümüş Nicat Salahov olub. Nicat yaralı halda xəstəxanaya yerləşdirilsə də, müalicəsini tam bitirmədən silahdaşı Əmrahın qisasını almaq üçün yenidən cəbhəyə yollanıb. Ancaq təəssüf ki, Nicat Salahov da Şuşa şəhərində şəhid olub. Qeyd edim ki, yaxın günlərdə Nicat Salahov dəfn edilsə də, Əmrah Rəcəbovun tibbi-ekspertizası hələ də davam edir. Heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri də gecikməkdədir.

Əmrahın taleyinin dərinliyini öyrənəndə Şair Elşad Barat həm öz hisslərini, həm də mənim hisslərimi bu cümlələr ilə ifadə etdi:

Allah, məni daş elə,
Bütünlüklə daş olum,
Əmraha başdaş elə,
Əbədi yoldaş olum...


İndi bizim bir təsəllimiz var, qardaşımız, övladımız Əmrah Vətən uğrunda şəhadətə yetişib. Ancaq adamı təəssüfləndirən məqamlar da olur. Şəhidlərimizin anım günü ərəfəsində verilişlər qarşıma çıxdıqca bir şeyə diqqət edirdim, ən azından ailəsi olan şəhidlərin arxasından göz yaşı tökən, məzarında layla oxuyan anaları, bacıları, cənazəsini qaldıran ataları, qardaşları var. Söz onda deyil, təbii ki, bütün şəhidlərin bizdəki yeri eynidir və biz xalq olaraq kimsəsizlər üçün əlimizdən gələni edirik. Amma Əmrahı ilk görəndən göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də onu özümə qardaş kimi görürəm. Hər gecə gözümün qarşısına simasını gətirib, dualar edib göz yaşları ilə yuxuya gedirəm. Amma yenə də rahatlaşmıram.

Bilirsiniz, mənə ən çox təsir edən nədir?! Çoxlarının valideyni övladı haqda ağız dolusu danışır, başına qaralar bağlayıb yasını saxlayır. Amma Əmrahın nə uşaqlığı var, nə də arxasından ağlayacaq kimsəsi. Açığı, televiziyada da şəkilini görmədim. Demək ki, insanın kimsəsi olmayanda tez yaddan çıxır. Nə bilim, bəlkə də heç yada düşmür. Biz hər gün Əmrahın timsalında Vətəndən başqa ailəsi olmayan qardaşlarımız, övladlarımız üçün ayrıca bir dua da etməliyik. Onları yaddan çıxarmayaq. Axı, şəhidlərə biz sizi unutmayacağıq deməklə, unutmamaq olmur. Odur ki, Əmrahın müqəddəs ruhu qarşısında söz verirəm, unudulmaması, adının əbədiləşməsi üçün əlimdən gələni edəcəyəm...


Eh, Əmrah, açığı, hərdən çox utanıram, torpağın altında sənin kimi oğullar yatıb deyə, bu torpağa basan ayaqlarıma lənət oxuyuram. Nə etsək, nə desək, borcunuzdan çıxa bilmərik. Çünki sən bu dünyadan doymadın, Əmrah. Yarım qalan xəyalların, arzuların, sanki hər addımda yolumu kəsir.
Qoyma yollarım kəsilsin, qardaş. Yolun düşsə bu dünyaya bir də gəl. Ancaq bu dəfə tamam başqa qədəmlərlə gəl. Gəlişinlə səndən əvvəl 5 qız övladı olan bir atanın oğlu olaraq gəl. Doğum evindəki tibb bacısı atanı müjdələyib desin ki, gözünüz aydın oğlunuz oldu. Atan da sevincək qucağına alıb bağrına basaraq səninlə fəxr eləsin. Ana-ata nəvazişi ilə böyük bacıların bircə dənə ərköyün qardaşı kimi böyü bu dəfə. Yenə Vətəni qorumağa get, yenə əsgər ol, amma sağ-salamat qayıt gəl, qardaş...


Günel ABBAS


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!