Tarix : 17-09-2015, 12:20
Ermənistanda hakim partiya nəhayət etiraf edib ki, konstitusiyaya irəli sürülən dəyişikliklərin və ölkədə parlament idarəçiliyinin yaradılması planının məqsədi prezident Serj Sərkisyanın hakimiyyətinin ömrünü uzatmaqdır.
Butov.az saytı “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, hakim Respublika Partiyasından deputat Marqarit Yesayan parlamentdə konstitusiya islahatlarına dair müzakirələr zamanı Serj Sərkisyanın hansısa vəzifədə rolunun Ermənistan üçün çox mühüm olduğunu deyib.
Yesayan Sərkisyanın prezident səlahiyyətlərinin başa çatmasından sonra yenidən hakimiyyətdə qalmaq planlarına dair tənqidlərə belə cavab verib: “Nəyə görə olmasın? Sizlərdən hansınız Serj Sərkisyandan yaxşıdır? Onun bioqrafiyasına baxın - Qarabağdan başlamış Ermənistana qədər. Nəyə görə bu cür bioqrafiyaya malik dövlət xadimi idarəçiliyinin başa çatmasından sonra evdə oturmalıdır?”
Respublika Partiyasından digər deputat Ruben Ovsepyan da hesab edir ki, Sərkisyan evdə oturmalı deyil.
“O, hansısa vəzifə tutmalı, idarəçilikdə iştirak etməlidir, hansı vəzifəni istəsə onu tutmalıdır. Ən azından düzgün olmazdı ki, o, gedib evdə otursun”- deyə deputat bildirib.
Hakim partiyadan deputat Sukias Avetisyan isə deyir ki, Serj Sərkisyan 2018-ci ildən sonra da qalıb fəal siyasətlə məşğul olmalıdır. Çünki onun təcrübəsi xalqa lazımdır.
Deputat deyib ki, Sərkisyanı parlamentin spikeri postunda görmək istərdi. “Təbii ki, o özü hansı vəzifəni tutmaq istədiyinə qərar verəcək. Əlbəttə, Sərkisyan dəfələrlə deyib ki, konstitusiya düzəlişlərindən sonra nə baş nazir, nə spiker, nə prezident olmaq istəmir. Ancaq mənim mövqeyim belədir, partiyanın başqa üzvləri arasında da belə fikirləşənlər çoxdur”.
Avetisyanın fikrincə, hakim partiya Sərkisyanı səlahiyyət müddəti başa çatandan sonra hansısa vəzifə tutmaq qərarından imtina etməyə inandıra bilər.
“Niyə də olmasın? Ola bilər ki, partiya fəalları onu öz mövqeyini dəyişməyə inandıra biləcək”- deyə deputat bildirib.Butov.az
Paylaş
Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti