26-01-2023, 12:55
Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil olduRusiya qoşunları Donetsk ətrafında yerləşən Uqledar şəhərinə daxil olub. Bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib. Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir. "Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur", - Kimakovski deyib. Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi isə qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.
26-01-2023, 12:48
Zelenski NATO-ya qırıcı təyyarələr üçün müraciət etdiUkrayna Prezidenti Volodimir Zelenski NATO-dan Kiyevə qırıcı təyyarələr göndərilməsini tələb edir. Bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat yerləşdirilib. “NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Artilleriya sahəsində əməkdaşlığımızı genişləndirmək bizim üçün vacibdir və Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq”, - Zelenski bildirib. Məlumata görə, Ukrayna tərəfi Qərb tərəfdaşlarından əsasən F-16 qırıcılarının Kiyevə təhvil verilməsini gözləyir. Qeyd edək ki, ötən gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.
25-01-2023, 23:33
ABŞ və Almaniya Ukraynaya tank göndərilməsinə razılıq verdiBu gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib. Bayden administrasiyasının rəsmisi isə qeyd edib ki, tankların tədarük edilməsi bir neçə ay çəkə bilər. Şolts isə ilk tankların 2-3 ay ərzində Kiyevə çatdırılacağını bildirib. O, Almaniya parlamentində alqış sədaları altında deyib: “Almaniya Ukraynanı dəstəkləməkdə həmişə öndə olacaq”. Almaniya, həmçinin Ukraynaya hava hücumundan müdafiə, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla əlavə hərbi yardım göndərəcək. Rəsmi Berlin üçüncü ölkələrin də Ukraynaya "Leopard" tankları tədarük etməsinə yaşıl işıq yandırıb. Bayden Ukraynanın əks-hücuma hazırlaşdığını bildirib. O, tankların ukraynalılara “açıq ərazidə manevr qabiliyyətini artırmaq” üçün lazım olduğunu deyib. Kiyev aylardır ki, öz qüvvələrinə uzun cəbhə xətlərini yarmaq və şərq və cənubda işğal olunmuş əraziləri geri qaytarmaq üçün Qərbdən tanklar istəyirdi. Bu gün 45 yaşını qeyd edən Ukrayna Prezidenti Volodimir Zelenski tanklarla bağlı qərar görə Şoltsa, eləcə də Baydenə təşəkkür edib. Bayden, həmçinin bu gün Şolts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni və Britaniyanın baş nazirləri Rişi Sunak ilə Ukraynaya dəstək verməsini müzakirə edib.
25-01-2023, 23:28
İranın xarici işlər naziri fransalı həmkarı ilə danışdıİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İran XİN başçısı bəzi Avropa ölkəsində müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsini pisləyib.
25-01-2023, 23:18
Qərbin hərəkəti Rusiya üçün təhlükə yaratmır - BaydenUkrayna qüvvələri əks-hücuma hazırlaşır. Bunu ABŞ Prezidenti Co Bayden deyib. O, həmçinin bildirib ki, Ukrayna kontekstində Qərbin hərəkətləri Rusiya üçün təhlükə yaratmır. Silah tədarükünün məqsədi Rusiya Federasiyası ilə eskalasiya deyil, Ukraynaya yardımdır. Bayden vurğulayıb ki, ABŞ yaxın həftələrdə Rusiya Federasiyasının hücum əməliyyatlarının güclənməsini gözləyir. "Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Bu, Rusiyaya qarşı mübarizə deyil, bu, azadlıq mübarizəsidir", - ABŞ lideri deyib.
25-01-2023, 23:14
Mirzoyan Borellə görüşübErmənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Laçın yolundakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verənlər müzakirə edilib. Bundan əlavə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə də toxunulub.
25-01-2023, 23:05
Baxmutdan çıxmaq barədə məsələ yoxdur - Rəsmi Ukrayna "Nə qədər ki, müdafiə olunmaq mümkündür, Baxmutu tərk etməyəcəyik". Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyev milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, hər şey nəzarət altındadır. "Mediada bu barədə çox dərc olunsa da, Baxmutdan çıxmaq barədə məsələ yoxdur. Baxmutda zirzəmilər var. Müdafiə olunmaq, ərazini saxlamaq üçün imkanlar mövcuddur. Döyüşçülərimiz Baxmutda qalmağa davam edəcək", - deyə sözçü qeyd edib. Xatırladaq ki, bu gün Ukrayna tərəfi rəsmi olaraq Soledarı tərk etdiyini açıqlayıb.
25-01-2023, 22:59
Mirzoyan Avropa İttifaqı rəsmisi ilə bir sıra məsələləri müzakirə etdiErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüş Mirzoyanın Belçikaya səfəri çərçivəsində paytaxt Brüsseldə baş tutub. Tərəflər Aİ-nin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə danışıblar. Bildirilib ki, bu, regionda sülh və sabitliyin təmin olunmasına yardımçı olacaq. Həmçinin Laçın yolundakı mövcud situasiyanın da müzakirə olunduğu qeyd edilib.
25-01-2023, 16:36
Polşanın baş naziri Almaniya kanslerinə təşəkkür etdiPolşanın baş naziri Mateuş Moraveyski Almaniya federal kansleri Olaf Şoltsa təşəkkür edib. Baş nazir bu barədə twitter səhifəsində yazıb. Təşəkkür Ukraynaya "Leopard 2" tanklarının tədarükünə razılıq verilməsi ilə bağlı olub. "Çox sağ ol, Olaf Şolts! Bu, Rusiyanı dayandırmağa yönəlmiş böyük bir addımdır. Biz birlikdə güclüyük", - deyə Moraveyski qeyd edib. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da Berlinin qərarını yüksək qiymətləndirmişdilər. Qeyd edək ki, Almaniyanın Nazirlər Kabineti çoxsaylı tənqidlərdən sonra bu gün Ukraynaya 14 ədəd "Leopard 2" tankının tədarükü barədə qərar qəbul edib.
25-01-2023, 16:32
Ukrayna hərbi qüvvələri Soledar yaşayış məntəqəsindən geri çəkildiUkrayna müdafiə qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar yaşayış məntəqəsindən geri çəkilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupundan Sergey Çerevatı bildirib. "Biz əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləndik. Əsas tapşırığı yerinə yetirdik. Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsi olmayıb. Bu, müharibədir. Hər bir komandir öz qoşunları üçün maksimum faydaya əsaslanaraq qərarlar qəbul edir. Biz düşmənimizin özünə icazə verdiyi lüksə malik deyilik. Yəni sadəcə döyüşçüləri ölməsi üçün qabağa ata bilmərik. Biz mümkün qədər manevr etməyə, atəş açmağa, düşməni tükəndirmək üçün kiçik qrup taktikalarından istifadə etməyə çalışırıq", - Çerevatı bildirib. "Əvvəllər Kiyev vilayətində, Xersonda, Xarkov əməliyyatında, Limanda əhəmiyyətli məğlubiyyətlər alması fonunda Rusiya diqqəti kiçik Soledar şəhərciyinə yönəltmək istəyir", - o qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl Rusiya Soledarı ələ keçirdiyini açıqlasa da, rəsmi Kiyev bunu təkzib etmişdi.