Türkiyənin Amasya bölgəsində turist avtobusu inşaat maşınına çırpılıb. Qəza zamanı avtobusun ön şüşəsindən yerə düşən 1 sərnişin ölüb, 10 nəfər yaralanıb. Məlumata görə, xəstəxanada müalicə olunan sərnişinlər arasında vəziyyəti ağır olan avtobus sürücüsü və digər şəxs də tibbi müdaxiləyə baxmayaraq, həlak olub.
Tanzaniyada sərnişin təyyarəsi hava şəraitinin pisləşməsi səbəbindən Viktoriya gölünə düşüb. Butov.az xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü məlum olub. Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi deyilir. Bölgənin polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlər barədə hələlik təsdiqlənmiş məlumat yoxdur. Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.
Kiyevdə 3 milyon sakin evakuasiya oluna bilər. Bu barədə Kiyev administrasiyasının Təhlükəsizlik xidmətinin rəhbəri Roman Tkaçuk bildirib. Buna səbəb elektrik enerjisi tam kəsilməsi olacaq.“Bütün elektrik təchizatı sistemini itirilərsə, əhali köçürüləcək. Bunun qarşısının alınması üçün işlər görürük”,- deyə o vurğulayıb.
Miqrantlar Böyük Britaniyada genişmiqyaslı iğtişaşlara imza atıblar. Butov.az xəbər verir ki, Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsində miqrantlar iğtişaş törədiblər. Hadisəyə səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan problemlər olub. Məlumata görə, düşərgədə elektrik enerjisi və su təchizatı kəsilib. Problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb. Bunu əsas gətirən bıçaqla silahlanmış 100-ə yaxın miqrant mərkəzin heyətinə hücum edib. Əməkdaşlar hadisə yerinə polis çağırıblar.
ABŞ-ın Pensilvaniya ştatında atışma olub. Hadisə Filadelfiya şəhərində yerləşən barın yaxınlığında qeydə alınıb. Məlumata görə, naməlum qrup azı 40 dəfə atəş açıb. Silahlı insident nəticəsində 9 nəfər yaralanıb. Hadisənin digər detalları barədə məlumat verilməyib.
Türkiyə Silahlı Qüvvələrinin çavuşu Halil Yıldız şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terrorçular tərəfindən basdırılan minanın partlaması nəticəsində 2 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.
Türkiyədə növbəti dəfə mədən partlayışı baş verib. Hadisə Zonquldaq əyalətinin Kilimli rayonunda qeydə alınıb. Məlumata görə, daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub. Partlayışın başvermə səbəbi hələlik məlum deyil.
İsveçrə Almaniyanın Ukraynaya sursat verməsinə yenidən mane olub. Bu barədə İsveçrənin iqtisadiyyat naziri Qay Parmel Almaniyanın müdafiə naziri Kristin Lambrextə məktub yazıb. Almaniyanın Kiyevə tədarük etdiyi "Gepard" özüyeriyən zenit sistemləri üçün nəzərdə tutulan sursatlar İsveçrədə istehsal olunur. İsveçrəli nazir bildirib ki, ölkənin neytrallıq siyasəti bu sursatların Ukraynaya ixrac edilməsinə imkan vermir. Məktubda qeyd olunub ki, İsveçrə qanunları silahlı münaqişələrin olduğu ölkələrə silah ixracını qadağan edir.
Almaniyada 200 min işçi etiraza qalxdı - Maaşdan narazıdırlar
Almaniyanın sənaye müəssisələrində keçirilən tətillərdə 200 minə yaxın insan iştirak edib. Bu barədə Almaniyanın "Tagesschau" portalı yazıb. Bildirilir ki, tətillərin səbəbi maaşların aşağı olmasıdır. Etirazçılar maaşlarının artırılmasını tələb edirlər. Məlumata görə, noyabrın 4-də 400-ə yaxın müəssisədə 83 minə yaxın işçi fəaliyyətini dayandırıb. Qeyd edək ki, işçiləri tətil edən məşhur müəssisələr arasında BMW, "Ford" və "Meyer" kimi şirkətlər yer alıb.
İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.“Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - Ukrayna rəsmisi deyib. Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, bu ölkənin Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribə görünür:"Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır. Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar". Qeyd edək ki, rəsmi Tehran Rusiyaya pilotsuz uçuş aparatları verdiklərini etiraf edib.