"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 14-10-2022, 18:26
Səməd Vəkilov yazır: Məmməd Arazın Azərbaycan dünyası

Səməd Vəkilov yazır: Məmməd Arazın Azərbaycan dünyası

Millətin, xalqın tərbiyəsində, onun kultivasiya olunmasında ədəbiyyatın və şairin rolu danılmazdır. Dünyada özünəməxsusluğu bənzərsizliyi ilə tanınan türk millətinin formalaşmasında nəhəng fikir adamı olan Ziya Göyapla bərabər Mehmet Akif Ərsoyun da rolu danılmazdır. Məmməd Araz poeziyası təsir gücü M.A.Ərsoyla müqayisə edilə bilən səviyyədədir. M.Araz poeziyası müdriklik timsalı, vətənpərvərlik nümunəsidir.
Məmməd Arazın şeir çələnginin hər gülü Azərbaycan boyda bir dünyadır. “Azərbaycan dünyam mənim” – deyən şair dünyaya məhz Azərbaycan dünyasından baxır. Onun poetik dünyasının sərhədləri də məhz şimallı-cənublu bütöv Azərbaycanı mənəvi aurası ilə çulğalaşır:
Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

M.Araz yaradıcılığının əsas qayəsini Azərbaycan idealına sədaqət təşkil edir. O, bütün yaradıcılığı boyu öz idealına sadiq qalır.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. –

söyləyən şairin vətənə olan sevgisi kor-koranə sevgi deyil. O, öz idealını sevməklə bərabər onun naqisliklərini poetik dillə sərt şəkildə tənqid etməkdən çəkinmir. Şairin bu cəhəti onun özünəməxsusluğunu şərtləndirən əsas amilə çevrilir. M.Araz millətin bütün naqisliklərini sərt şəkildə tənqid etməklə onun milli fəlakətinin səbəblərini göstərir. Xalqı naqisliklərdən xilas etməyə onu islah etməyə çalışır. Onun yaradıcılığının əsas leytmotivini də məhz bu cəhət təşkil edir. M.Araz xalqı sevərək tənqid etmənin bir örnəyidir. O xalqı sevərək ürək ağrısı ilə tənqid edir, ancaq heç vaxt xalqa yuxarıdan aşağı baxmır.

Məmməd Araz milli laqeyidliyə qarşı üsyan edir

Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?

Məmməd Araz yerliçiliyə qarşı üsyan edir
O zamanmı bitdi bizim dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin
“haralısan” damarı da?..

Məmməd Araz laqeydliyi milli fəlakətin bəlası hesab edir
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına yaman dəydi,
Məndən ötdü!…
Məndən ötdü!..


Məmməd Araz şəxsi mənini milli mənindən uca tutanlara etraz edir
“Mən-mən” dedi bir ölkədə nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi…

Məmməd Araz yaradıcılığının məhsuldar dövrü sovet dövrünü əhatə edir. M.Araz poetik fikrinin orijinallığı və özünəməxsusluğu yeknəsəkliyin hökm sürdüyü sosialist cəmiyyəti tərəfindən qəbul edilə bilməzdi və qəbul edilmədi də. M.Araz ədəbi mühiti silkələyən birinci şeiri xalq şairi Səməd Vurğunun altmış illik yubileyinə həsr etdiyi “Səməd Vurğunla söhbət” adlanır. S.Vurğuna xüsusi münasibət bəsləyən şair şeir rübabını dilləndirən, onu poyeziyaya gətirən S.Vurğun şeiriyyatına heyranlığını gizlətmir. M.Araz öz məqaləsində qeyd edir ki, o məhz S.Vurğunun “Yenə səni gördüm, Dilican dərəsi” şeirindən təsirlənərək poeziya aləminə gəlmişdir.
“Səməd Vurğunla söhbət” şeirindən sonra M.Araza qarşı təzyiqlər başladı. Nə idi bu şeirdə xoşa gəlməyən və o dövrlə səsləşməyən nəsnə. M.Araz bu şeirdə təkcə şairin şəxsiyyətinə hörmət və məhəbbəti ifadə etmir, eyni zamanda ədəbi mühitin bütün eybəcərliyini üzə çıxardır.
Diqqət etdin, əslində üzdə ədəbi mühitdə hər şeyin rəvan getdiyi fikri cəmiyyətə aşılandığı bir vaxta qəfildən məhz M.Araz poetik düşüncəsi ədəbi mühiti silkələyir, onun intriqaları və riyakarlığını üzə çıxarır. M.Araz böyük cəsarətlə bunu dilə gətirir.

Sənə məchul həqiqətdən sənə deyim:
Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur.
Böyüklərin nöqsanları
Çiyinlərdən çətin enən bir yük olur.
Sağ olsaydın çox nidalı sətrini sən,
Çırpıb yerə, ayaqlardın.


M.Araz tənqid etmənin ən gözəl örnəyini yaradan şair adlandırsaq mübaliğəyə yol vermiş olmarıq. Bəli, M.Arazın sevərək, dəyərləndirərək tənqid etmə üslubu ədəbi tənqidə çox böyük tövhədir. M.Araz sevdiyi şairi tənqid edir, ancaq bu tənqiddə aşağılamaq xor görmək yoxdur. Amma xəbisləri qorxaqları isə onlara layiq şəkildə çox sərt formada tənqid edir.
Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin əzəl qulağıma həzin gəldi,
Sonra bir az nəfəsinə qüvvət gəldi,
Çox xəbislər elə bildi Səməd gəldi:
Ön sırada titrədilər,
Ön sırada büdrədilər.

Bu şeirdən sonra “Qəribə mülahizələr” adlı məqalədə M.Araz ədəbi mühiti düzgün qiymətləndirməməkdə günahlandırıldı. Sonra M.Araza qarşı təzyiqlər, haqsızlıqlar davam etdi. M.Araz sərt şəkildə tənqid etdiyi xəbisliyin və laqeydliyin qurbanına çevrildi.
Məmməd Araz milli vətənpərvərlik poyeziyasının şah əsəridir. O vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən şairdir. Məmməd Araz və Azərbaycan adlı məmləkətlə münasibəti doğma ata oğul münasibətinə çevrilir.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

deyən şair vətənin oğlu olmağı şəxsi və ictimai həyatın zirvəsi hesab edir.
Şair haqqında yazı yazarkən onun tədqiqatçılarını da xatırlayırlar adətən. M.Araz poyeziyasının ən gözəl tədqiqatçısı onun həyat yoldaşı Gülxanım Fətəli qızıdır desək yanılmarıq. O, illərlə xəstəhal şairin fiziki və mənəvi cəhətdən qayğısını çəkməklə bərabər onun fikirlərini də oxumağı bacarıb. Şairin fiziki baxımdan ifadə edə bilmədiyi nitqini M.Araz təfəkküründən duymaqla Azərbaycan poeziyası qarşısında böyük bir missiyanı həyata keçirmişdir.
Məmməd Araz dünyası Azərbaycan dünyasıdır. Məmməd Arazı sevmək Azərbaycanı sevməkdir.

Səməd Vəkilov
Hüquqşünas, “Hüquq mədəniyyəti” jurnalının baş redaktoru


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!