Polşanın məşhur beyin mərkəzi MISO (“Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu”) “Azərbaycanın son 10 ildə iqtisadi və sosial inkişaf dinamikası” adlı hesabat yayıb. ANS PRESS-in məlumatına görə, MISO-nun direktoru Mateuş Komorovskinin rəhbərlik etdiyi ekspert qrupu tərəfindən hazırlanmış hesabatda son 10 il ərzində Azərbaycanda iqtisadi və sosial vəziyyət təhlil edilib.
MISO analitiklərinin qənaətincə, Azərbaycan artıq beynəlxalq arenada fəal siyasət aparan dövlətə çevrilib: “Azərbaycanın beynəlxalq arenada cəlbediciliyini artıran ən mühüm amillərdən biri onun regionda sabitlik elementi rolunu oynamasından irəli gələn müsbət imicidir”.
Bundan başqa analitiklərin diqqətini ölkənin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi, Rusiyanın təsirindən asılı olmaması və təbii resurslarla zənginliyi cəlb edib.
MISO ekspertləri hesabatda qeyd ediblər ki, Azərbaycan Prezidentinin dəstəyi ilə yaradılan ASAN xidmət mərkəzləri xüsusi innovasiyadır və digər ölkələr üçün də yaxşı nümunə ola bilər.
Nüfuzlu ekspertlərdən ibarət müəllif qrupu Azərbaycan iqtisadiyyatının təbii resurslardan səmərəli istifadəyə əsaslandığı qənaətinə gəlib: “Ölkədə xam neft və təbii qazın satışından əldə edilən gəlirlərin istifadəsinə dair əsas sənəd 27 sentyabr 2004-cü ilə qəbul edilən “Neft və qaz gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya”dır. Strategiyaya əsasən əldə edilən gəlirlər infrastrukturun hərtərəfli inkişaf etdirilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, regionların inkişafı və ölkədə yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi islahat proqramlarının reallaşdırılması da təbii sərvətlərin istismarından əldə edilən gəlirə əsaslanır. Belə proqramlar sırasında neft gəlirləri hesabına reallaşdırılan 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş iki “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” xüsusilə qeyd edilməlidir”.
MISO analitiklərinin fikrincə, ölkədə aparılan sosial və iqtisadi islahatlar nəticəsində 2003-cü ildən sonra Azəbaycanda makroiqtisadi vəziyyət daha da yaxşılaşıb: “Azərbaycan 1998-ci ildən bəri MDB üzvləri arasında ÜDM-in ən sürətlə artığı ölkə statusunu qazanıb. Qarşıdakı illərdə ölkədə ÜDM-in daha da artacağı gözlənilir. Proqnozlara əsasən 2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 73,54 milyard ABŞ dollarına çatacaq, 2014-cü ildə isə bu göstəricidən 6,7% daha yüksək olacaq. 2003-cü ildə 3700 ABŞ dollarına bərabər olan alıcılıq qabiliyyəti paritetinə əsasən adambaşına düşən ÜDM 2013-cü ildə 10700 ABŞ dollarına yüksəlib”.
Hesabatın son hissəsində müəlliflər Azərbaycanın sosial-iqtisadi inkişafına istiqamətlənmiş tövsiyələr verərək qeyd ediblər ki, mövcud iqtisadi və sosial inkişaf Prezident İlham Əliyevin növbəti dəfə seçilməsinə imkan yaratmaqla yanaşı hazırki inkişaf tempinin davamlılığına təminat verir.