20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 10-08-2017, 14:05
Könül adamı...


O, nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Haqqında yazdıqlarımı oxuyandan, onu tanıyandan sonra özünüz deyəcəksiniz ki, doğurdan da əsl könül adamıdır.

Əslində, bu yazını çoxdan yazmalıydım, özü də lap çoxdan. Neynək, qismət bu günəymiş. Söz də insan kimidir, onun da taleyi, qisməti, alın yazısı olur. Söz də doğulur və insan kimi ömrünü başa vurur...

Mətləbi uzatmayıb, başlamaq istəyirəm. Bilənlər bilir ki, bir işi dərindən öyrənmək üçün bilikli, bacarıqlı olmaqla yanaşı, görüb-götürmüşlərin təcrübəsindən yararlanmalısan. Bu bütün xidmət sahələrində belədir. Həyat dəmirçi kürəsi kimidir, onun zindanında döyülməsən, sənə yaşadığını, var olduğunu hiss etdirən ağrıları sevməsən üzünə zamanın sehirli qapıları açılmaz…
Dünyada ən çətin iş öyrətməkdir. Gələcəyi, sabahı düşünüb öyrətməyin həm də bir adı var - xalqa və dövlətə xidmət. Xalqa və dövlətə xidmət eləyənləri, gənclərə yol göstərənləri, “torpaqda izi, süfrədə üzü olanları” yada salmaq, xalqın özünə tanıtmaq üçün “qılıncımızı” - qələmimizi “qınından” çıxarıb işə başladıq.

Hami tərbiyəçilik institutu sovet milisinin də, bü günkü Azərbaycan Polisinin də formalaşmasında xüsusi önəm daşıyan amillərdəndir. Gənc əməkdaşlara xidmətin sirrini, hətta çətinliyini belə öyrətmək üçün seçilən insanlar nəyə təhkim olunduqlarının məsuliyyətini yaxşı bilirlər. Məhz buna görə də hər əməkdaşı hami tərbiyəçi təyin etmirlər. O, fərd kimi yetkin, psixoloji baxımdan hazırlıqlı, xidmət etdiyi sahədə ən azı beş illik iş təcrübəsinə malik olmalıdır. O, himayəsinə götürdüyü gənc əməkdaşa qanunvericiliyi, peşəsinin sirlərini öyrətməklə yanaşı, həm də onu elə formalaşdırmalıdır ki, həmin gənc üçün insani dəyərlər ən böyük meyar olsun.
O, yetirmələrinə insanlıq dərsi keçib, insanı sevməyi öyrədib, qanuna söykənib halal yaşamağın, təmiz adla ucalmağın yolunu göstərib.
Müslüm Rəhim oğlu İsmayılov tanıdığım, şəxsiyyətinə, səmimiyyətinə böyük hörmət bəslədiyim, bu gün DİN - də böyük bir idarəyə rəhbərlik edən, keçmişini unutmayan dəyərli bir polis zabitinin hami tərbiyəçisi olub. Mətləbdən uzaq düşməyimə görə məni qınamayın. Sadəcə, heyrət içindəyəm. Aradan illər keçsə də ona xidmətin sirrini öyrədəni, ata qayğısı ilə yanaşanı unutmayan həmkarımın və unudulmayan hami tərbiyəçinin xəyalı ilə üzbəüzəm. Və bu yerdə şeirlərində insana təbiəti sevməyin dilini öyrədən şairimiz Hüseyn Arifin:

“Axtar babaları, axtar Hüseyn,
Bir gün də nəvələr axtarar səni”


misraları dadıma çatır….

Unudulmayan uşaqlıq

O, 1942-ci ildə Laçın rayonunun Sadınlar kəndində doğulub. Böyük Vətən savaşının evlərə, ailələrə gətirdiyi bədbəxtliklərin içində böyüdükcə dərdlə, qəmlə qolboyun olub. Heç özü də bilməyib ki, doğma atası da alman faşistləri ilə ölüm-dirim savaşındadır. Əmisi Kərimi və Muxtarı müharibənin udmasını da görməyib, bircə yadında onların ölüm xəbərini gətirən qara kağızları nənəsinin necə əzizləyib, ağlaması qalıb. Bilməyib ki, dərdinə nə ad qoysun, onu necə çağırsın, dili dağlarda, dərələrdə açılıb. Sirdaşı Laçının əsrarəngiz təbiəti olub, sirrini mamırlı daşlara danışıb. Bəxti üzünə gülüb. Atası sağ-salamat müharibədən qayıdıb və o dünyada ata adlı varlığın necə böyük və əzəmətli olduğunu görüb. Başını dilsiz daşlara, qayalara yox, atasının oddan-alovdan çıxmış sinəsinə söykəyib. Böyüdükcə ehtiyaclar da onunla böyüyüb. Yeddinci sinifə qədər yaxşı oxuyub, sadiq dostu kitablar olub. Ancaq anası dünyasını vaxtsız dəyişdikdən sonra içində qurduğu, sirrinə-sehrinə bələndiyi dünyasının düzəni itib, ayı-günəşi öz yerini səhv salıb. Yetim qalıb Müslüm İsmayılov. Atası və böyük qardaşı ilə birlikdə kolxozun malına, heyvanına çobanlıq edib. Analı uşaqları görəndə üzdə hiss etdirməsə də dərd dəyirman daşı kimi onu həyatın dibinə dartıb. Sağlığında anasının gecələr öpüb-oxşadığı totuq-motuq əllərinin tənhalığı yuxusunu ərşə çəkib, təklənib insanla dolu yer üzündə. Atası ona ana ola bilməyib. Ögey ana ağrısı sızıldayan yarasına duz basıb. Anasının soyuq məzarı ilə dərdləşməkdən başqa çarəsi qalmayıb. Gücü gözlərinin yaşına çatıb. “Sovet adamı dərdə, kimsəsizliyə, yetimçiliyə əyilməz” deyənləri ürəyində qınayıb da. Onların belə ruhsuz, duyğusuz olduğunu içinə sığdıra bilməyib.

1961-ci ildə hərbi xidmətə yollanıb. Sibirdə, Çikinski oblasda xidmət edib. Oranın soyuğu, şaxtası bu dağlar oğlunun, Laçın qartalının qaynar qanında əriyib, muma dönüb. 1964-cü ildə hərbi xidmətdən təxris olunub və Vətənə qayıdıb. Yenə də işin-gücün qulpundan yapışıb. Ancaq oxumaq arzusu…

Yollar Bakıya aparır

Qohumlarından birinin yük maşınında Bakıya gələndə əynində əsgərlikdən gətirdiyi uniforma, cibində isə 3 manat var idi. Bakı Sadınlar kəndi deyildi ki, hər addımda doğmanla, əzizinlə rastlaşasan. Ağzını əjdaha kimi açan şəhərdə oğul istəyirdi ki, baş çıxarsın. O, həm anasızlıqla, həm Laçınsızlıqla, həm də ehtiyacla döyüşməliydi və mütləq qalib gəlməliydi. İnsanlarla dil tapmağın çətin olduğunu bilirdi. Amma həyat çəkdiklərini qiymətləndirdi.
Politexnik texnikumunun “Avtomobil” fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra 1971-ci ildə Avtomobil Nəzarəti Müvəttişliyində işlə təmin olunub. Düz dörd il yarım orada xidmət edib. Sonra “DİN Partiya və sovet orqanlarını mühafizə edən milis şöbəsi”ndə xidmətini davam etdirib. Elə ulu öndərlə də ilk tanışlığı burda başlayıb.

Yaddaşında qalanlar

Deyir ki, birinci gün ikinci növbəyə çıxmışdım. Yanıma bir oğlan gətirdilər. Dedilər ki, adı Rahib, soyadı Qarayevdir. Özü də bir tərəfi Laçınlıdır. Rəhbərlik məni ona hami tərbiyəçi təyin etmişdi. Beləcə, bu dağlar oğlu ilə bizim dostluğumuz başladı. Gördüm ki, saf oğlandır, yazı-pozudan başı çıxır, yaxşı təşkilatçıdır. Divar qəzetində yazdığı məqalələrlə rəhbərliyin də rəğbətini qazandı və beləcə, xidmətdə uğurlar əldə etdi. Sonra Mərdəkanda Orta Milis Məktəbini bitirdi. Xidmətdə bişdi, bərkə-boşa düşdü və öz yerini tutdu. Bu gün isə polis polkovniki, DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisidir. Daxili İşlər Nazirliyinin rəhbərliyi sağ olsun ki, xalqını, dövlətini sevən insanları vəzifədə irəli çəkir, onlara etimad göstərir. Rahib Qarayev həm də ona görə mənim yadımda qalıb ki, o, məni həmişə arayıb-axtarır, zəng vurub keyfimi-əhvalımı soruşur. Ən əsası, məni xatırlayır. Bu mənə bəsdir. Bilirəm ki, bu yazının da yazılmasının səbəbkarı odur. Bu yaşda unudulmadığını görmək bilirsinizmi necə böyük xoşbəxtlikdir?

Ulu öndəri sayğıyla anır


“1979-cu il idi. Evim yox idi. Kirayələrdə qalmaqdan bezmişdim. O zaman Buzovna tərəfdə rəhbər vəzifəli şəxslərin sürücüləri üçün ev tikirdilər. Ulu öndər Heydər Əliyev bu məsələdən hali olandan sonra göstəriş verdi ki, həmin evlər bizə verilsin və bununla da, mənim dörd uşaqla kirayədə yaşamaqdan canım beləcə qurtuldu”, - deyir Müslüm İsmayılov.

Bu gün təqaüdçüdür

Məlumat üçün bildirim ki, respublikamız müstəqillik əldə etdikdən sonra bəzi qurumlar DİN-in tabeliyindən çıxarılıb yeni yaranan Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib. Məhz bu səbəbdən daxili işlər orqanlarında xidmət edən M. İsmaylov 1995-ci ildə, 52 yaşında Xüsusi Dövlət Mühafizə Xidmətindən təqaüdə çıxıb. İndi 75 yaşı var. Hərdən ona rahatlıq verməyən ürəyi ilə əlbəyaxadır. Xatirələrlə qolboyun olub o yerlərin, Laçınının xiffətini çəkir. Bakıda yayın cırhacırında, nəfəskəsən istilərdə Novlu bulağı, Qara gölün yanındakı Çınqıllı bulağı, Göy bulağı, Bozdağdakı Oyuqlu bulağı və başı qarlı Laçın dağlarını arzulayır. Qulağına gələn hər sədada qələbə sözünü eşitmək istəyir. Yurd həsrətli biri kimi mən onu yaxşı anlayıram. Doğulduğun torpağın qoynunda olmayanda elə bil ki, havan çatmır, elə bil ki, ömürlük nəyisə itirmisən və gözün daim onu axtarır. Yer üzündə, gen dünyada dinclik tapa bilmirsən…

Son söz kimi

O da zamanın sınağından çıxan, başından qara yellər əsən, çiynindən dərdinin yelləncəyi asılan, ruhuna söykək verdiyi əsası ilə dərdləşən, həyatın ehtiyac üzünü, boz üzünü görənlərdəndir. O, həm də həmişə xatırlanan xoşbəxtlərdəndir. Yetirmələri generaldı, polkovnikdi, hardasa böyük vəzifə sahibləridirlər…

Onun Vətən həsrətini, yurd ağrısını, elə bu fikirləri, əslində, yazımın əvvəlində sizlərlə bölüşə bilərdim. Ona görə axıra saxladım ki, ürəyimi toxtada bilim.

Onu görəndə elə bildim ki, əziz bir kimsəmi görürəm. Amma sonra anladım ki, bütün yurd itirən insanlar biri-birinə doğmadır, əzizdir. Və bu dağlar oğlunun, bulaq suyu kimi duru bir insanın ruhuna, ovqatına simsar olmaq mənim üçün tanrının xoşbətliyi idi. Böyütdüyü dörd övladla - Anar, Mətanət, Vüsalə və Aygünlə, ömür - gün yoldaşı Rəna xanımla və 13 nəvəsi ilə şərəfli, əsl Azərbaycan kişisinə layiq halal, əzəmətli bir ömür yaşayır.
Bu gün oğlu Anar yolunu davam etdirir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, mayordur.
Özünü Həkərinin balaca bir daşı adlandıran Müslüm İsmayılovu mən Xəzərin qoynunda sal qaya kimi gördüm. Onun bu fikrini isə heç zaman unutmayacağam: “İki - üç il bundan əvvəl beynimə düşdü ki, yaşadıqlarımı, xatirələrimi, bir sözlə, ömrümü - günümü kağıza köçürüm. Sonra fikirləşdim ki, axı hansı xoş günümü qələmə alım”….
Amma mən inanıram. İndi söz kimi deyilsə də, gün gələcək "Urra, Laçın!" sədasında, lap elə bu günlərin birində biz Laçına dönəcəyik.


Hafiz Təmirov,
polis mayoru


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!