Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 6-01-2025, 21:22
Azərbaycan Respublikası ilə İran Məddahlar Respublikasının münsibətlərinə dair

Əli Rza Ərdəbili:


Azərbaycan Respublikası ilə İran Məddahlar Respublikasının münsibətlərinə dair

İran İslam Respublikası rejimi bölgə coğrafiyasında yarandığı tarixdən (1979) etibarən dünya və bəşər sivilizasiyasına müharibə elan etdi. Həmin müharibə məkanında ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Azərbaycan Respublikası və ya Türkiyənin olmasının onun üçün heç bir fərqi yoxdur. Üç ölkə - Rusiya (çeçenlərin, ukraynalıların qatilləri), Çin (uyğur türklərinə qarşı soyqırım törədənlər) və Ermənistan (Azərbaycan xalqını qətlə yetirənlər, 8 şəhəri və minlərlə Azərbaycan kəndini məhv edənlər) və bir-iki başqa dövlət istisna olmaqla, Birləşmiş Millətlər Təşkilatının 193 üzv ölkəsindən geri qalanların hamısı İran İslam Respublikası rejiminin "düşmənləri" siyahısındadır.
Bu rejimin bəşəriyyətə və bəşər sivilizasiyasına qarşı müharibəsini idarə etmək üçün Seyid Həsən Amilinin Ərdəbildəki ofisi beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sözügedən bu qurum bir qayda olaraq Türkiyə və Azərbaycan Respublikasına qarşı nifrət və düşmənçilik tonunu yüksək səviyyədə saxlamağa dair tapşırıqları yrinə yetirir. 2025-ci ilin 4 yanvar günü İslam Respublikası adlı rejimin rəsmi qəzetlərindən biri olan "Cümhuri-ye İslami" qəzetində Seyid Həsən Amilinin Ərdəbildəki “nifrət maşını” barədə bir məqalə dərc olunub. Bu məqalədə İran İslam Respublikası "Mədahlar Respublikası" adlandırılıb. Nəzərə almaq lazimdir ki, İranda “məddah” sözü ikili mənada işlənir; biri “yaltaq” və digəri “mərsiyə oxuyan”.
Hazırda "Mədahlar Respublikası"nın Ərdəbildəki yerli şöbəsinin fəaliyyəti İran fəqihlərinin mövcud rejimi ilə iki ölkə - Türkiyə və Azərbaycan arasında yeni bir böhran yaratmaqda uğurlu olub. Dekabrın 24-də (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə) sosial şəbəkələrdə İranın Azərbaycan bölgəsində keçirilən bir mərasimə aid qısa video yayımlanıb. Videoda tədbirin aparıcısı deyir:
"Salamlar sayqılar, əziz qonaqlar. Uzaqdan və yaxından gələn bütün qonaqlara xoş gəldin deyirəm. Xoş gəlmisiz, əziz qonaqlar! Bu günlərdə Qarabağ Fatehi cənab İlham Əliyevin doğum günüdür. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Cənab Prezidentimizin doğum günüdür. Qarabağın Fatehi cənab İlham Əliyevin. Çox təşəkkür edirəm alqışlarınız üçün! Böyük bir alqış gəlsin! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan!" (Qaynaq: https://www.instagram.com/reel/DEI4BaMt6i7/?igsh=MW00enhmbGN0NWVzdQ%3D%3D)
Əvvəllər deyilərdi ki, bir yəhudi ya sağçı ola bilər, ya da solçu, yəhudi dininə inanan ya ateist ola bilər, ya zəngin, ya da ki kasıb, İsraildə və ya dünyanın başqa bir yerində yaşaya bilər, amma heç bir halda həmin yəhudinin İsraili sevməməsi mümkün deyildir. Eyni şeyi İranın Azərbaycan və digər inzibati-ərazi bölgələrində yaşayan türklər üçün də demək mümkündür. Bu insanlar Azərbaycan Respublikasına olan sevgi və bağlılıqlarını hər fürsətdə sözləri, əməlləri və mədəni tədbirləri ilə nümayiş etdirirlər.
Bu fenomen nə İranın bölünməsi kimi məsələlərlə əlaqəlidir, nə də sırf siyasi bir mövzudur. Çünki hakim rejimlərin siyasi mahiyyətindən, dünyadakı mövcud vəziyyətdən, müharibə, sülh, mənfəət və zərərlərdən asılı olmayaraq, Arazın hər iki sahilindəki Azərbaycan türklərinin bir-birinə olan mehriban münasibəti hər zaman siyasi sərhədləri aşaraq, ideoloji və siyasi məhdudiyyətlərdən kənar bir inam olaraq qalmaqdadır.
Məddahlar Respublikasının bir çox Azərbaycan əsilli rəhbərləri və rəsmi nümayəndələri müxtəlif tədbirlərdə göstəriblər ki, onlar da yazılmamış bu qaydalardan kənarda qala bilmirlər. Belə ki, Azərbaycan əsilli həmin məmurlar, istər diplomatik aparatın kadrları arasında, istərsə də hər hansı digər rəsmi vəzifədə olarkən, Azərbaycan Respublikasının nümayəndələri ilə görüş zamanı bir qayda olaraq ilk fürsətdə Azərbaycana olan şərtsiz sevgilərini (əlbəttə ki, öz mövqelərini təhlükəyə atmadan) etiraf etməyə çalışırlar. Məddahlar Respublikasında həm Azərbaycan Respublikasına olan təbii sevgini gizlətmək, həm də ona qarşı mübarizə aparmaq işində nifrət karvanını təşkil etmək üçün dövlət büdcəsi və təhlükəsizlik tədbirləri səfərbər edilir.
Bu iddianı Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan Azərbaycan türklərinin Azərbaycan Respublikasına olan münasibətləri barədə də rahatlıqla ifadə etmək olar. İranlı bir Azərbaycan türkünün Azərbaycan sevgisini onun İranın idarə olunması barədə hansı fikrə sahib olması, hansı dini və siyasi inanclara malik olması, İranın hansı bölgəsində və ya ölkə xaricində yaşaması dəyişdirə bilməz.
Bir zamanlar İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nəşri olan "Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Jurnalı"nda bir məqalədə qeyd olunmuşdu ki, bütöv Tacikistanda hər kəsin tanıya və sözlərini əzbərdən bildiyi bir mahnı yoxdur. Amma Azərbaycanda Dərbənddən Həmədana qədər hər kəsin bir mahnı, bir atalar sözü, bir nağıl və ya hekayəni tanımadığı bir yer yoxdur. Həmin ərazilərdəki şəhərlərin və qədim mədəniyyət mərkəzlərinin zamanında Səfəvilər, Əfşarlar, Qacarlar, Çar Rusiyası, Sovet rejimi, Pəhləvi və ya indiki İran İslam Respublikası rejimlərinin idarəsində olmasından asılı olmayaraq, Azərbaycanın vahid mədəniyyət dünyası dəyişməz olaraq qalmışdır.
Azərbaycan mədəniyyətinin, tarixi, dini-əxlaqi dəyərlərinin İslam dünyası, İran, Cənubi Qafqaz, hətta Şimali Qafqaz xalqları ilə ortaq cəhətlərinin olması təbiidir və bunu inkar edən də yoxdur. Lakin bu kontekstdə irəli sürülən əsas tezis ondan ibarətdir ki, bir azərbaycanlı heç vaxt Azərbaycana düşmən ola bilməz. Şairin də dediyi kimi, "aşiqlərin səbəbi səbəblərdən ayrıdır". Nifrət ideologiyasında (Vilayəti-fəqih və İranşəhri baxışları) əriyənlərin Azərbaycan mədəniyyəti, kimliyi və varlığına qarşı pis əməllərinin səbəbi tamamilə fərqli bir mövzudur.
Pəhləvi rejimi dövründə "Azərbaycan–Azərbaycan" sərhəddinin soyuq müharibə dövründəki "Almaniya–Almaniya" sərhəddindən daha keçilməz olmasına baxmayaraq, Arazın hər iki sahilindəki bu sevgi bağına xələl gətirə bilmədi. Məddahlar Respublikası da bunu bacara bilməyəcək. Bu respublikanın Ərdəbildəki yerli şöbəsi də öz ideoloji və siyasi nifrətini hətta bir nəfərə belə təlqin etmək işində çox acizdir.
Məddahlar Respublikası bu gün öz yaratdığı "müqavimət oxu"ndan İran xalqının milyardlarla dollar sərvətini yandırmaq və Ərəb Yaxın Şərqində saysız-hesabsız insanları qətlə yetirmək cəhdlərindən sonra öz uydurma saraylarından xaric edilib. Maraqlıdır ki, Məddahlar Respublikasının vəhşilik aktları ilə yadda qalan bütün bu illəri Azərbaycan Respublikasının inkişaf və tərəqqi illəri ilə üst-üstə düşüb.
Məddahlar Respublikasının Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün həyata keçirdiyi bütün tədbirlərə baxmayaraq, Azərbaycan 86,6 min kvadrat kilometr ərazisinin hər bir qarışında suverenliyini bərpa etməyə nail olub. Xüsusilə, Ukraynadakı acı hadisələrdən sonra keçmiş Sovet İttifaqı respublikalarının bütün beynəlxalq siyasət mütəxəssisləri Azərbaycan Respublikasının böyük beynəlxalq oyunçulara qarşı öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi müdrik siyasətin əhəmiyyətini daha çox dərk ediblər.
Hətta müasir Azərbaycan Respublikasının Rusiya imperiyası təsirlərindən xilas olduğu dövrdə, hələ Bakının əfsanəvi neft sərvətləri və bu sərvətlərin həmin bölgənin insanlarının həyatına gətirdiyi mədəni dəyişikliklərin görünmədiyi zamanlarda belə, "Arazın o tayına olan sevgi" möhkəm və dəyişməz olaraq qaldı.
Mirzə Məlikməmməd xanın erməni əsilli atası Mirzə Yaqub xan Türkmənçay müqaviləsinin bağlanmasından 48 il sonra, 1 dekabr 1876-cı ildə Arazın cənubundakı Azərbaycan torpaqlarına dair müşahidələrindən sonra şahzadə Fərhad Mirzə Mötəmidüdövləyə yazdığı məktubunda Cənubi Azərbaycan xalqı arasında "öz xalqının və tayfasının digər yarısına qoşulmaq arzusu" barədə məlumat verir. Əslində onun bu məktubunda digər yarısı çar Rusiyasının himayəsi altında yaşayan və İran əhalisi arasında hər baxımdan qibtə obyekti olan bir xalq təsvir edilmişdir (Rəhim Rəisniya; İran və Osmanlılar XX əsrin astanasında, “Sütudə” Nəşriyyatı, Təbriz, 1374/1995, I cild, səh. 188).
Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər ölkənin bir neçə on milyonluq müxtəlif cəhətlərə sahib olan əhalisini təşkil edir. Onların mövcud rejimə yaxınlıq və ya uzaqlıq səviyyəsi, siyasi baxışları və dini inancları əlbəttə ki, fərqlidir. Amma Mirzə Yaqub xanın şahzadə Fərhad Mirzə Mötəmidüdövləyə yazdığı məktubundan gətirdiyimiz yuxarıdakı sitatdan da göründüyü kimi, hətta İranın ariyalı, təkdilli və təkmədəniyyətli bir milli dövlət qurma layihəsi rəsmi olaraq başlamazdan əvvəl belə, Arazın o tayına sevgi Azərbaycan türklərinin qəlbində mövcud idi.
Bu gün də İranın dövlət siyasətinə əsasən Azərbaycan mədəniyyəti, dili və kimliyi assimilyasiyaya və məhvə məhkum edildiyi halda, Arazın o tayına olan bu sevgi tükənməzdir və bunun da bir çox səbəbləri vardır. Bu sevgi sadəcə siyasətdən daha böyükdür və gündəlik siyasi müzakirələrin çox uzağında olan bir bağlılıqdır.
Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər öz gözləri ilə görürlər ki, onların bütün mədəni və kimlik komponentləri İranda məhv olmaq təhlükəsi ilə üzləşərkən, Arazın o tayında inkişaf edir, çiçəklənir və dünyanın dörd bir yanında tanınır.
Ömrü boyu Məddahlar Respublikasında sünni bir idarəçinin, ya valinin varlığı və ya yoxluğu ilə bağlı mübahisələrə şahid olan bir azərbaycanlı bilir ki, 107 il bundan əvvəl qurulmuş birinci Azərbaycan Respublikası hökumətində yəhudi və xristianlar yüksək dövlət vəzifələrini, hətta nazir postunu belə tutublar. Bununla belə həmin azərbaycanlı eyni zamanda İran İslam Respublikasında öz kimliyi və mədəniyyətinə qarşı təhqir kampaniyalarının zaman-zaman baş verdiyinə də şahiddir.
Bu iki ziddiyyətli mənzərənin nəticəsi isə, Arazın o tayına olan sevginin daha da güclənməsindən başqa bir şey deyil.



Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!