Vətən müharibəsinin şəhidi Fərid Nadirovun ailəsi imkansızlıqdan il mərasimi təşkil edə bilməyib. Göyçayın Ungutlu kənd sakini olan şəhidin atası yerli rəhbərliyin münasibətindən gileylənib.
TİA. Az xəbər verir ki, tədbirlərin birində qısa video çıxışı yayılan şəhid atası Göyçay icra hakimiyyətindən oğlunun il mərasimi üçün təşkilatçılıq gözlədiyini söyləsə də, heç bir addım atılmayıb. Bu haqda şəhid atası AĞ Partiya sədri Tural Abbaslı ilə söhbətində bildirib. Şəhid atası deyib ki, kirayədə yaşayır, bir qolu şikəstdir, bu vəziyyətdə belə çörək pulu üçün fəhlə işləməyə məcbur olub, amma şəhid balasının il mərasimini qarşılaya bilməyib. Əfsus ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə heç bir dəstək verməyib. Məmurlar sanki söz veriblər ki, müharibədən sonra şəhid ailələrini, qaziləri dövlətdən narazı salacaqlar. M. Səlimzadənin şəhid üçün il mərasimi keçirməyə yetərincə imkanı var. Ancaq icra başçıları alqış yox, qarğış qazanmağı üstün tuturlar. Göyçayın icra başçısının təkcə mediada yayılmış biznes siyahısı bəs edir ki, il mərasimi təşkil etməyə hansı imkanlara malik olduğu təsəvvürü yaransın. Redaksiyamız şəhid atasının əlaqə nömrəsini Göyçayın rəhbərliyinə, rayonun vətənpərvər və xeyriyyəçi oğullarına, ümumən ölkənin imkanı şəxslərinə təqdim etməyə hazırdır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!