Butov.az xəbər verir ki, ölkəmizdə səfərdə olan Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Məhəmməd Şövqi AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Qonaq, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə birgə kitabxananın müasir inzibati binasını gəzib, oxu zalları ilə tanış olaraq şəraitdən razılığını bildirib. Misirli qonağa MEK-in Milli Rəqəmsal Yaddaş layihəsi, nadir fond nümunələrinin rəqəmsallaşdırılması prosesi ilə bağlı geniş məlumat verilib.
İmzalanma mərasimindən öncə çıxış edən MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Misirin elm, təhsil, mədəniyyət məbədi sayılan ən böyük kitabxanası ilə əməkdaşlıq münasibətlərinin qurulmasından məmnun olduqlarını dilə gətirib. O, Misir Milli Kitabxanasında 150-ə yaxın azərbaycanlı tələbənin təhsil almasını yüksək qiymətləndirib. M.Göyüşlü təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlıq etdiyini deyərək, birgə fəaliyyətdən əldə edilən nəticələri sadalayıb. O, MEK-in fəaliyyəti haqqında, MRY layihəsi barəsində, fondlarda saxlanılan sənədlər, şərq fondundakı ərəbdilli mənbələr, kitablar haqqında danışıb. M.Göyüşlü imzalanacaq memorandumun nəticəsində iki qurum arasında kitabların, elektron sənədlərin mübadiləsinin genişlənəcəyinə, qarşılıqlı səfərlərin və təcrübə mübdailəsinin gerçəkləşdiriləcəyinə inandığını vurğulayıb.
Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, professor Əhməd Seyyid Məhəmməd Şövqi çıxışında bildirib ki, rəhbərlik etdiyi kitabxananın çox zəngin fondu var. Nadir kitabların sayı təxminən 500 mindən çoxdur. Həmçinin kitabxananın 5 elmi mərkəzi var və həmin mərkəzlərdən azərbaycanlılar da istifadə edə bilər. Eyni zamanda nəşrlərlə bağlı hər iki tərəfin müştərək layihələr həyata keçirməyə imkanları var. “Ümid edirəm ki, bu müqavilə bizim qarşımızda böyük perspektivlər açacaq. Sənəd mübadiləsi çox vacibdir. Kitabların elektron varianta salınması mühüm bir işdir. Misir Milli Kitabxanasında 3 şöbə bu işlə məşğuldur. Azərbaycan üçün önəmli olan nüsxələri sizə göndərə bilərik” – deyə professor bildirib.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən hər iki tərəf resurslarının mübadiləsi, rəqəmsallaşdırılması və mənbələrin əlçatan olması, araşdırma vasitələri mübadiləsi, nadir kitabların bərpası və konservasiyası, eləcə də kadrların inkişaf etdirilməsi istiqamətində əməкdaşlıq еdəcəк.
Sonda qonaqlara Azərbaycan, ingilis və rus dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “İrs” nəşrləri seriyasından çap olunmuş “Qarabağ əsrlərin səlnaməsi” kitabları, Nobel mükafatı almış Misir yazıçısı Nəsib Məhfuzun Azərbaycan dilinə tərcümə edilmiş əsərləri hədiyyə edilib.