Qırmızı dənizdən İsrail ərazisinə raket atılıb. Bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, raket HHM sistemləri tərəfindən zərərsizləşdirilib. Qırıcıların havaya qaldırıldığı və hədəfin İsrail sərhədlərinə çatmadan sıradan çıxarıldığı qeyd olunub. İsrail ordusunun açıqlamasında sözügedən raketin haradan və hansı qüvvə tərəfindən atıldığı barədə məlumat verilməsə də, yerli mətbuat hücumun arxasında Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşmasının olduğunu yazıb. Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.
Vətən müharibəsi şəhidi barəsində sənədli film hazırlandı
Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film hazırlanıb. "Mübarizim prodakş" tərəfindən hazırlanan filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb. Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində alıb. Sonra hərbi xidmətə yollanıb, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq edib. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub. Ruslan Əlizadə daha sonra öz arzusu ilə yenidən müqavilə ilə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb. O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşub. R.Əlizadə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Prezidentinin sərəncamları ilə Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub. Subay idi. Allah rəhmət eləsin!
Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün 3 şəhərcik salınacaq. Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir. Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.
Rusiya və Səudiyyə XİN Başçıları telefon danışığı apardı
Oktyabrın 31-də Rusiya XİN başçısı Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl Ben Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Bu barədə Rusiya XİN-in informasiya resurslarında məlumat dərc olunub. İkitərəfli münasibətlərin vəBRICS formatında qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib. Müzakirələr 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən XV sammitdə liderlərinin 2024-cü il yanvarın 1-dən BRICS-ə yeni üzvlərin dəvət edilməsi ilə bağlı qərarı kontekstdə aparılıb. Yaxın Şərq nizamlanması məsələsi ətrafında hərtərəfli fikir mübadiləsi də gerçəkləşdirilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyanla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.
Bu gün Ərdəbil şəhərində bir qrup əlil Ümumi Rifah İdarəsinin qarşısına toplaşaraq “Əlillərin müdafiəsi haqqında” qanunun 27-ci maddəsinin həyata keçirilməməsinə etiraz ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd edək ki, “Əlillər haqqında” qanunun icra olunmaması ölkədə insan ləyaqətinin təhqiri və insan hüquqlarının açıq şəkildə pozulmasıdır.
Putin Mahaçqala hadisələrinə görə Ukraynanı ittiham etdi
Rusiya prezidenti Vladimir Putin Şimali Qafqazda antisemitizm aksiyaları ilə bağlı iclas keçirir. Bu barədə "Kommersant" nəşri yazıb. İclasın əvvəlində o, oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşların sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarının agentləri tərəfindən təşkil edildiyini bildirib. Putin hadisələrə görə Ukraynanı da ittiham edib. Oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib. Məlikov Mahaçqala hava limanında baş verən iğtişaşları respublikada “vəziyyəti destabilizasiya cəhdi” adlandırıb. Onun iddiasına görə, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü Telegram kanalları” vasitəsilə nəzarət edilib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.
Abeşronda iki Pakistan vətəndaşı bıçaqlanıb. Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun sonuncu qarşılaşmasıda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Respublika stadionundakı matç Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb. "Qarabağ"dan Juninyo 90+7-ci dəqiqədə komandasının yeganə qoluna imza ata bilib. Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.
“Azərkosmos” Türkiyənin peyk rabitə operatoruyla müqavilə imzaladı
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin peyk rabitə operatoru “Türksat” ilə yeni müqavilə imzalayıb. Bu barədə “Azərkosmos” məlumat yayıb. Müqaviləyə əsasən, “Türksat” peyk operatoru “Azerspace-2” telekommunikasiya peykinin tutumundan Afrika bölgəsində data layihələrində istifadə edəcək.