20-09-2022, 18:54
Paşinyan müxalifətlə görüşdüErmənistanın baş naziri Nikol Paşinyan parlamentdə olmayan müxalifət nümayəndələri ilə növbəti görüş keçirib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Görüşdə “Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, “Vahid Vətən” partiyasının lideri Mher Terteryan, “Hnçakyan” Sosial-Demokrat Partiyasının rəhbəri Sedrak Açemyan, “Vətən gücü” partiyasının lideri Tiqran Arzakantsyan iştirak edib. Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir. N.Paşinyan vaxtaşırı parlamentdə olmayan müxalifət liderləri ilə görüşlər keçirir. Ekspertlər hesab edir ki, Ermənistan hökumətinin başçısı loyal müxalifət formalaşdırmağa çalışır.
20-09-2022, 18:53
Son sutkada vurulan vaksinlərin sayı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1190 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 212, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 648, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 82 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 882 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 244, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 375 569, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 144 nəfər təşkil edir.
20-09-2022, 18:51
Daha 7 nəfər koronavirusdan öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9893 nəfər vəfat edib, aktiv xəstə sayı 1592 nəfərdir. Son sutka ərzində 3856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.
20-09-2022, 18:49
Rusiya Azərbaycan vasitəsilə İrana qaz satacaq
İran Azərbaycandan keçməklə Rusiyadan sutkada 9 milyon kubmetr qaz alacaq. Bununla İran cənub regionlarının yaşayış məntəqələrini təbii qazla təmin edəcək. Bu barədə Rusiya və İran arasında rəsmi razılıq əldə olunub. Xatırladaq ki, iyul ayında Moskvada İranın “NİOC” dövlət neft şirkəti ilə Rusiyanın “Qazprom” dövlət şirkəti arasında qaz satışı ilə əlaqədar 40 milyard dollar dəyərində müqavilə imzalanıb. Bundan əlavə, ötən ilin noyabrında İranla Azərbaycan arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycan İrandan keçməklə Türkmənistandan qaz alır. Tranzit əvəzinə İran nağd vəsait deyil, təbii qaz alaraq cənub regionlarının təbii qaza olan tələbatını ödəyir.
20-09-2022, 18:47
Təhsillə bağlı vasitələr gömrük rüsumundan azad edilir
Azərbaycanda təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək.
Butov.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi daxil olub. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
20-09-2022, 18:45
Dövlət agentliyinə 9.5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:42
İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladıPrezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.
20-09-2022, 18:41
Prezident Şükürbəyli kəndinin tikintisinə pul ayırdıPrezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:38
Ermənistana verilən meyitlər Paşinyanın siyahısına daxildir?
Sentyabrın 20-də Azərbaycan tərəfi daha 95 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyası sentyabrın 17-də daha 32 hərbçinin meyitini qarşı tərəfə qaytarmışdı. Beləliklə, 12-13 sentyabrda baş vermiş sərhəd döyüşlərindən sonra Azərbaycan Ermənistana 127 meyit təhvil verib. Bəs geri qaytarılan meyitlər Ermənistan baş naziri Nikol Paşinyanın dünən açıqladığı ölən və itkin düşənlərlə bağlı ümumi saya daxildirmi?
Butov.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Nyus.am”ın bununla bağlı sualına “bəli” deyə cavab verib. Ermənistan Təhlükəsizlik Şurasının dünənki məlumatına görə, işğalçı ölkədən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 nəfərin əsir düşdüyü bildirilib. Qeyd edək ki, sonuncu döyüşlərdə Azərbaycan tərəfdən 80 hərbçi şəhid olub, 281 nəfər yaralanıb.
20-09-2022, 18:36
Hacıqabul gölü bərpa ediləcəkHacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək. Bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib. Bu gün komitənin iclası keçirilib və payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;
- Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;
- Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;
- İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;
- “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsalnan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.