Tarixdə unudulmamaq, yadda qalmaq, hörmət və qədirşünaslıqla xatırlanmaq layiqlilərin, dahilərin, ziyalıların, qismətinə düşən halal tale payıdır. Belə ziyalılar təkcə öz mənafeləri naminə deyil, bütün varlığı ilə millətə, bugünkü və gələcək nəslin formalaşmasına çalışanlardır. Mənəviyyatı, daxili aləmi zəngin olan müəllimlər də məhz bu şərəfə layiq olanlardandır. Zamanın çarxı üstündə müasir gəncliyi gələcəyə ruhlandıran, onlara yol göstərən, ana dilimizin, ədəbiyyatımızın,
ədəbi salnaməsinə öz adını həkk etdirməyə haqqı olan müəllimlərdən biri bu günlərdə həyatının 40-cı təntənəsini qeyd edəcəyimiz Bakı şəhəri Xətai rayonundakı 194 saylı tam orta məktəbin Ana(Azərbaycan) dili və ədəbiyyatı müəllimi Pərvanə Qafar qızı Əliyevadır. Pərvanə Əliyeva şagirdlərinin bu günü və gələcəyi uğrunda ömrünü şam təki əridən, pak ürəyinin ziyası xalqının gələcəyini formalaşdıran, müasirliklə ayaqlaşıb həmişə axtarışda olan müəllimdir. Mən həmişə Azərbaycanın maarifpərvər pedaqoqu və yazıçısı S.M. Qənizadənin “ Müəllimin evi kitabxanalar, dövləti şagirdlər, sazı və nəğməsi şagirdlərinin sədası, qazancı millətin məhəbbət və ehtiramıdır.” -müdrik fikirlərini xatırladıqca bu nur dəryasının içərisində Pərvanə müəlliməni görürəm. Pərvanə Əliyeva 1981 ci ildə İmişli şəhərində anadan olub. İmişli şəhər 2 saylı orta məktəbi bitirib, 2000- ildə BDU-nun filologiya fakültəsinə daxil olub və 2004 cü ildə həmin ali məktəbi bitirib. 2006 cı ildən Bakı şəhəri Xətai rayonundakı 194 saylı tam orta məktəbdə ana dili və ədəbiyyatı müəllimi işləyir.
Pərvanə Əliyevanın müəllimlik fəaliyyəti onun dərs dediyi hər kəsin həyatında dərin izlər buraxıb. Öz pedaqoji fəaliyyətini ömrünün ən şirin və mənalı çağları hesab edən Pərvanə müəllimə bu illər ərzində müəllim-şagird dünyasına yeni-yeni çalarlar, rənglər qatıb, uğurlar, nailiyyətlər qazanıb. Bu keyfiyyətlər onun müəllim-şagird münasibətlərindəki pak əqidəsindən irəli gəlir. Tam əminliklə deyə bilərəm ki, hər bir şagirdinin qəlbində Pərvanə müəlliməyə sonsuz sevgi var. Təbiidir ki, bu da Pərvanə müəllimənin qarşılıqlı sevgisindən, gözəl xüsusiyyətlərindən yaranır.
Millətin, şagirdlərinin gələcəyi uğrunda ömrünü şam kimi əridən Pərvanə xanım ana dilimizin, təhsilimizin təbliğatçısı, dilimizin keşikçisi, qoruyucusu, pərvanəsidir. Bunlarla bərabər o, həm də şagirdlərinə torpaq, yurd sevgisi, vətən məhəbbəti aşılayan vətənpərvər vətəndaşdır. Pərvanə Əliyeva Azərbaycan xalqının zəngin ədəbiyyatını, mədəniyyətini, onun incəliklərini tədris etməkdən yorulmur. Onun şifahi xalq ədəbiyyatına, folklorumuza, milli mədəniyyətimizə bağlılığı, məftunluğu, onun özünəməxsus tədris metodikası bacarığı şagirdlərdə xüsusi maraq, rəğbət, heyrət doğurur.
Bəli, haqqında hələ çox-çox xoş sözlər deyə biləcəyim Pərvanə xanım belə sevimli müəllimədir. Peşəsini ürəkdən sevən, cəmiyyətin, işlədiyi kollektivin rəğbətini qazanan istedadlı, bacarıqlı,
böyük nüfuz sahibi Pərvanə müəllimənin şagirdi olmağımla fəxr edirəm. Budur, Pərvanə Əliyevanın ömrünün 40- cı təqdimatını sevinclə qarşılayırıq. Ömrünüzün növbə gözləyən 50, 60, 70, 80, 90, 100... illik təqdimatlarını Sizin xoş əhval-ruhiyyənizlə qarşılayaq, əziz müəlliməm!
Müəllimlərimizə dərin ehtiramla: şagirdiniz Emin Zeynalov, Bakı Avrasiya Universtetinin filologiya
fakültəsinin 3-cü kurs tələbəsi.