İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        ELMİN ÖMÜRLƏ VƏHDƏTİ .....                        "Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                       
25-11-2022, 07:27
“Sənət bir terapiyadır”.

“Sənət bir terapiyadır”.

Gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırova ilə müsahibə:
- Gəlin, biz sadə sualdan başlayaq: Necə oldu rəssamlığı seçdiniz?
- Mən orta məktəbi Respublika İncəsənət Gimnaziyasında oxumuşam. O məktəbdə oxumaq üçün bir ixtisas seçimi gərəkli olduğu üçün mən də rəssamlığı seçdim və beləliklə rəssam olmaq yolunda ilk addımlarımı atdım. Bu yolu seçdiyim üçün hazırda çox xoşbəxtəm.
-Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biri dini rəsmlərin çəkilməsidir. Bu bizdə az müraciət olunan sahədir. Marağınız və müəlliminiz haqqında?

-Rəsm çəkməyi, boyaları, fırçaları çox sevirdim, amma buna baxmayaraq illərdi axtarışda idim. Təsviri incəsənətin demək olar ki, hər növü ilə maraqlanmışam, amma yenə də sırf məni qane edənin nə olduğunu tapa bilmirdim. Belə oldu ki, mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət kollecində pedaqoji fəaliyyətə başladım və mənə miniatür sənəti dərsini verdilər. Proqramım ilə tanış olanda orda kalliqrafiya sənətini gördüm və dedim budur. Mən kalliqrafiya və rəngkarlığı sintez edib, istədiyimi edə bilərəm. Ərəb əlifbasını öyrənməyə başladım və fikirləşdim ki, bunu davam etdirmək üçün bir motivasiya lazımdır. Məqsəd qoydum ki, bu mövzuda sərgi edəcəm. 6 ay ərzində işlərimi tam hazır etdim və sərgim çox gözəl oldu. Məncə hər bir şeyin öz zamanı var və mən də nə istədiyimi bu yaşımda tapdım. Onu da qeyd edim ki, kalliqrafiya üzrə müəllimim olmayıb.

-Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?
-Kalliqrafiya ta qədimdən bəri var olan bir sənətdir. Xəttatlıq qədər qədimdir və xəttatlığın daha kamil formasıdır demək olar, bəlkə də. Çox təəssüf ki, müasir dövrdə az istifadə olunur. Rəngkarlıq və kalliqrafiyanın sintezindən ibarət sərgim Azərbaycanda ilk dəfə idi. Rəssamlıq aləmində və mediada da bu belə qeyd edildi. Çox şükür, mən bunu bacardım. İnşallah, məndən sonra gələnlər üçün açıq yol olar.
-Rəssamlar üçün tükənməz ilham qaynağı rolunu oynayan nələrsə olur. Sizin ilham qaynağınız nədir? Nədən təsirlənirsiz? İdeyaları nədən götürürsüz?
-Mən hər bir şeydən ilham ala bilərəm. Ümumiyyətlə çox araşdıran, çox oxuyan biriyəm. Hər zaman özümə bir ilham qaynağı yaradıram, həvəsdən düşməyə qoymuram özümü. Tələbələrimə də hər zaman deyirəm ki, qəti, məndə alınmır deməyin, ən sevmədiyim sözdür.
-Milliyyətcə İspan olan Fransa rəssamı, heykəltaraşı, keramisti və dizayneri Pablo Pikasso deyirdi: “Sənət gündəlik həyatın tozunu ruhdan təmizləyir”. Siz necə düşünürsüz?

- Pablo Pikasso sevdiyim rəssamlardan biridir. Çox düzdür. Sənət bir terapiyadır və mənim fikrimcə bacarığından asılı olmayaraq hər bir insan hansısa bir sənət növü ilə məşğul olmalıdır.
- Əsərin hansısa rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir, yoxsa necə?
-Rənglərin bir birinə uyumluluğunu mən çox sevirəm və rəsmlərimdə ona çox önəm verirəm. Mənim fikrimcə, rəsm sənəti azaddır. Deyə bilmərəm ki, hər zaman və hər kəsdə məzmundan asılıdır, hər rəssamın özünəməxsus bir yolu var.
- Coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yerdir. Klassik Şərq mədəniyyəti, müasir Avropa dəyərləri bizdə sintez oluna bilir. Sizin yaradıcılığınız, şübhəsiz ki, Şərq mədəniyyətini təmsil edir. Amma ona müasir traktovka verməyi düşünürsünüzmü və bunu nə ilə realizə etmək olar?
- Bəli, mən elə onu edirəm. Kaliqrafiyanı müasir rəngkarlıq üzərində tətbiq edirəm və bunu çox sevirəm. Sizin bunu dəyərləndirməyinizi, müəllif kimi uğurum hesab edirəm.
- Hələlik ən yeni işiniz olan “Əsmayi-hüsna” marağımızı çəkdi. Gələcək üçün planlarınız?
Cavab: “Əsmayi-hüsna” ilk işləmək istədiyim işlərdən idi, lakin çox vaxt apardığından sərgiyə kimi çatmaz deyə onu saxladım. Sərgidən sonra işləməyə başladım və 3 aya hazır oldu. Allahın 99 ismi var. Bunlar bir yerdə Əsmayi-hüsna (ən gözəl adlar) adlanır. Gələcək planlarım çoxdur. İnşallah həyata keçirmək qismət olar. Arzularımdan biri- Kəbəni ziyarət etmək və canlı olaraq rəsmini çəkməkdir.
-Son olaraq bu yolda sizə kim dəstək olub və kimlərə borclusunuz?
- Nəinki bu yolda, həyatımın hər anında yanımda olan mənə ən əsası mənəvi dəstək olan anamdır. Allaha çox şükürlər olsun ki, belə bir anaya sahibəm. Ətrafımda mənə dəstək olan insanlardan biri də Universitetdə rəsm müəllimim olmuş Elnarə xanımdır, illərdir dəstəyini əsirgəmir. Mənə dəstək olan, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm!

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrim rəssamı fakültəsində təhsilini davam etdirib. Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hazırda Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.
Səadət Bəhmənqızı,
Teleradio Akademiyasının müdavimi
6-08-2022, 11:14
Azərbaycanın bədbəxtliyi ermənilərlə qonşu olmasıdır


İsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

Prezident İlham Əliyev və Azərbaycan Xarici İşlər Nazirliyinin sülh prosesinə başlamaq və ən qısa zamanda hərtərəfli sülh imzalamaq üçün çoxsaylı müdrik və diplomatik cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi bütün bu sülhsevər layihələri rədd edir və sülh istəmir.

Bu sözləri Axar.az-a israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel “Qisas” antiterror əməliyyatı ilə bağlı deyib.

“Paşinyan başa düşürdü ki, sülh lazımdır, çünki yalnız bu, Ermənistana siyasi və iqtisadi böhrandan çıxmaq üçün böyük üstünlüklər verəcəkdi. Lakin sonra Ermənistanda arxasında müxalifətin dayandığı çoxsaylı etiraz aksiyaları keçirildi. Beləliklə, Paşinyan hakimiyyəti saxlamaq və narazı təbəqəni sakitləşdirmək qərarına gəldi. Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü ehtiva edən sülh sazişinin imzalanması bir kənara qoyuldu. Paşinyan müsbət istiqamətdə addımlar atmadı, əksinə, o, sərhəddə təxribatlara başlamaq, qan tökmək və yenidən ordusunu səfərbər etmək, gənclərin beynini yuyub onları Azərbaycana qarşı qoymaq qərarına gəldi. İndi isə Qarabağda yeni müharibə edərək, bunun nəticələrini gözdən keçirmək niyyətindədir”, - ekspert bildirib.
M.Finkel Qarabağ hadisələrinin gələcək inkişafı ilə bağlı da proqnoz verib:
“Mən dəfələrlə demişəm ki, dünyaya inanmıram. Həmçinin bunu da dəfələrlə bildirmişəm ki, Birinci Dünya müharibəsində uduzan Almaniya belə yenidən revanşizmlə məşğul olmağa başlayıb və İkinci Dünya müharibəsini edib, yenidən uduzub. Beləliklə, revanşizm onların qanında həmişəlik qalıb. Təəssüf ki, mən haqlıyam, amma yanılmaq istərdim. Vəziyyət belədir ki, Ermənistan müharibə və qarşıdurma yolu ilə öz qüvvələrini artıracaq, silahlar alıb yenidən münaqişə yaradıb müharibəyə başlamağa çalışacaq... İrəvan üçün indi hər şey qələbə olacaq, istənilən torpaq parçası onlar üçün qisasdır. Mən yeni böyük bir müharibəni qabaqcadan görürəm, amma o dərhal olmaya bilər. Ermənilər sülh istəməyən xalqdır... Bu, Ermənistanın ən böyük bədbəxtliyidir. Həmçinin, Azərbaycanın da ən böyük bədbəxtliyi belə qonşusunun olmasıdır”.
15-07-2022, 20:57
Güllər o kəndə keşik çəkmişdi

Güllər o kəndə keşik çəkmişdi

Sevinc Nuruqızını çoxdan tanıyıram. Həm yazılarından doğma gəlir, həm də qəlbində olan Qarabağ sevgisindən, Şuşa həsrətindən tanımışam onu. Qələbəmizin ilk günlərində onun televiziyadan dediklərini unuda bilmirəm. Deyirdi ki, illərdi kəndimizdə o döngələri, küçələri, yolları hər gün yatanda bir-bir dolaşırdım ki, unutmayım. Addım-addım gəzirdim, hansısa bir döngədə yolu azanda, düşünürdüm ki, artıq yaddaşımda kəndimizin xatirələri pozulub, silinib gedib. Elə bil, kəndimizlə yaşayırdım, onu bir dəfə itirmişdim, indi də yaddaşımda itirməkdən çox qorxurdum, onunla nəfəs alırdım...
Bu gün Qarabağın, Şuşanın, Ağdamın, onun böyüdüyü kəndin işğaldan azad olunması Sevinci də çox qürurlandırıb, qəlbini dağa döndərib. Yaradıcılığına qol-qanad verib. Odur ki, bir yazıçı kimi uğurları ilə Azərbaycanın sərhədlərini aşan, bir çox yerli və beynəlxalq mükafatlara sahib olan, böyüklü-kiçikli hamı üçün yazsa da, xüsusilə uşaq yazıçısı kimi şöhrət qazanan Sevinc Nuruqızı ilə görüşüb onunla Zəfər sevincimizi bölüşdük, ürək sözlərini dinlədik.
- Xoş gördük, şanlı Zəfərdən sonra görüşməmişik. Necəsiz, Sevinc xanım?
- Salam. Həmişə belə xoş günlərdə görüşək. İndiki görüşümüz çox gözəl vaxta təsadüf edir. Havamız qələbə ətri ilə doludur, torpağımıza qələbə ruhu hopub. Bu Zəfəri sən də, mən də illərdi gözləmişik. Həm qarabağlı, ağdamlı, həm yazıçı, həm də bir vətəndaş kimi illərdi bu dönüşü gözləmişəm. Fəxrlə, qürurla, ürək ağrısı ilə yaşadığımız bu 44 günlə bağlı danışmalı, bu Zəfərin öndəri Ali baş komandanımıza, bu zəfəri qazananlara, onu bizə bəxş edənlərə, bu yolda şəhid olanlara, sağlamlığından və gəncliyindən keçənlərə, deməli çox sözümüz var. Bu qələbədən illər keçsə də, onun haqqında danışmaq, onu müzakirə etmək, ürəyim istəyən adamlarla sevincimi paylaşmaq mənə də çox xoşdu...
-Ağdamın hansı kəndində böyümüsünüz? Uşaqlıq, gənclik illərinizdən danışardınız...
-Ağdamın Şelli sovetliyinə daxil olan Qaradağlı kəndində böyümüşəm. Məktəbə getmişəm, ali məktəbə daxil olmuşam. Ali məktəbi bitirib təyinatla gəlib orada müəllim işləmişəm. Uşaqlığım, gəncliyim bu kənddə keçib, burada arzularım böyüyüb, ümidlərim çiçəkləyib... Bəzi arzularım yarımçıq qalıb, bəzilərinə çatmışam. Kəndin zümrüd çəmənlərində kəpənəklərin, cırcıramaların arxasınca o qədər qaçmışam ki... Saçlarımı bu kəndin küləkləri darayıb. Bu kəndin torpağı üstə böyümüşəm. Ayağımı bu kəndin daşları əzib, çəmənlərinin yamyaşıl otu, çiçəyi oxşayıb. Ömrümün uşaqlıq, gənclik çağlarını yaşadığım bu kənd indi yerlə-yeksandı, nə bir qurulu ev, nə çəpər, nə bağ-bağat, nə də bir çal-çağır var. Amma o müqəddəs torpaq var. Nə yaxşı ki, o torpaq bizimdi. Bundan böyük sevinc, xoşbəxtlik yoxdu. Qovuşmaq hər mənada çox gözəldi. Dosta, doğmaya… Amma torpağın yerini heç nə verə bilməz, illərdi yurd həsrəti çəkən bir insan kimi hər gün o torpağın ətrini duymuşam, həsrətini çəkmişəm. Yadımdadı, Bakıda oxuyanda kəndə can atırdım, sübh tezdən qatardan düşür, ciyərdolusu nəfəs alır, o yovşan ətirli, çiçək rahiyəli torpağın təravəti bütün qəlbimi təzələyirdi. Ətirdən, qoxudan gözəl xatirə ötürən heç nə yoxdu. İlləri arxada qoyur. Elə sürətlə insanı doğma yerlərə aparır ki, sanırsan illər, qərinələr bir saniyəlik məsafədədir. Əlçatan, ünyetəndir. Yaxşı yadımdadır, həyətimizdə qızılgüllər var idi. Nənəm deyərdi, bu mürəbbə qızılgülüdür. Ovuc içi boyda olardı, ləçəkləri açıq çəhrayı, ətri insanı bihuş edən… illərdir mən həmişə qızılgülü qoxlayanda özümü Ağdamda, kəndimizdə, həyətimizdə hiss etmişəm. O qoxu məni çəkib ora aparıb, bu böyük möcüzədi... Və ən böyük möcüzə bilirsiniz nədir? Ən böyük möcüzə o qızılgüllərin yurda sədaqəti, vəfasıdır. 28 ildən sonra dağılmış yurd yerimizdən, daşı-daş üstündə qalmayan ocağımızdan çəkilən video-görüntü məni heyrətə gətirdi. Bir daşı belə qalmayan evin həyəti çəmçəhrayı qızılgüllərlə örtülmüşdü. Güllər solmamışdı. Güllər o həyətə, o kəndə keşik çəkmişdi, güllər susuzluğa, gurultuya, barıt iyinə sinə gərmiş və bizi gözləmişdi o həyətdə… Möcüzə deyil, bəs nədi?!
- Bəziləri elə bilirlər ki, Siz ancaq uşaqlar üçün yazırsınız. Bu daha çox uğurlarınızla bağlıdı, yoxsa mütaliəsizlikdən?
-Yəqin ki, uğurlarıma görə belə tanıyırlar. Ya da uşaq kitablarımın sayına görə. Mən gözəl uşaq yazıçısı Xanımana Əlibəylidən Yazıçılar Birliyinə zəmanət almağa gedəndə o, şeirlərimi oxuyub bəyəndi. Əlimdən tutdu və dedi: “Hamı bir-iki uşaq şeiri yazıb gəlir ədəbiyyata və sonra başlayırlar böyüklər üçün yazmağa. Amma sən həmişə uşaqlar üçün yaz, çünki yaxşı yazırsan”. Mən bu sözləri unutmadım. Mən elə zənn etdim ki, Xanımana Əlibəyli uşaq ədəbiyyatını mənə miras qoyub getdi. Düzdü, böyüklər üçün pyeslərim, şeirlərim də var. Amma o gündən daha çox uşaqlar üçün yazdım və bu gün də davam edirəm. Əvvəllər uşaq ədəbiyyatı deyilən janr yox idi. Uşaq ədəbiyyatı bir janr kimi sonralar yarandı. Həmişə olduğu kimi indi də bu janrda yazanlar azdı, 6-7 nəfər. Çünki uşaqlar üçün yazan adam gərək özü ruhən uşaq olsun, onun nə düşündüyünü, nə istədiyni, arzularını bilsin. Onun dili çox sadə, musiqili, fantaziyası güclü olmalıdı. Düzdür, son vaxtlar bu boşluqdan istifadə edənlər də var. Amma onların yazdıqları uşaq ədəbiyyatı üçün yararsızdı və nümunə sayıla bilməz.
-Qarabağ mövzusu Sizin əsərlərinizdə həmişə aparıcı olub.
- Qarabağ mövzusu həmişə mənim üçün aktualdır. “Qisas” povestimdən tutmuş pyeslərimə, “Xocalıya” adlı poemama qədər. Elə bu mövzuda olan “Ağca və Cuppulu” adlı hekayəm 3 dildə (Azərbaycan, İngilis və Rus dillərində) işıq üzü görüb. 2020-ci ildə isə bu hekayə Cənubi Koreya Respublikasında 3 dildə (Azərbaycan, İngilis və Koreya dillərində) çap edilib. Hekayə Koreyanın Kvanju şəhərindəki Asiya Mədəniyyət Mərkəzinin "Asiya ölkələrinin şəkilli kitab layihəsi" çərçivəsində işıq üzü gördü. Kitabın illüstrasiyalarını çəkən rəssam Bon Hee Azərbaycana gəlmişdi. Mən onu yurdumuzla tanış elədim, ona məişətimizi tanıtdım, hekayənin qəhrəmanı Sürəyyaya oxşayan qızları göstərdim. Sonra məni Koreyaya dəvət elədilər. Kitabı çap edən nəşriyyatın rəhbəri məndən soruşdu:
- Niyə müharibə mövzusunda yazmısınız?
Mən ona sualla cavab verdim:
Mən sizə üç hekayə göndərmişdim. Bəs Siz niyə müharibə ilə bağlı əsəri seçmisiniz?
Heç birimiz tutarlı cavab vermədik. İkimiz də bir-birimizə baxır və düşüncələrimizlə müharibəyə sanki “Yox” deyirdik.
-Qarabağ müharibəsində həlledici dönüş etdik. 44 gün döyüşdük, dünya hərb sənətinə öz imzamızı atdıq. Sizdə bu qələbədən soraq verən hansısa bir öncəduyma oldumu?
-Mən illərdir nə Şuşa, nə də Ağdam haqqında yazırdım. İllərlə çalışdığım "Mədəniyyət" qəzetində 1il bundan öncə, Şuşa ilə bağlı son yazımı yazdım və dedim:" Bir də məndən işğal günləri haqqında yazı istəməyin. Növbəti yazımı Şuşa alınanda yazacağam".
Və illərlə heç nə yazmadım. Susdum… 44 günlük müharibəyə iki ay qalmış qəfildən şeirlər yazmağa başladım. Hər gün və hər gün… Mən yazmırdım, sanki onları mənə kimsə pıçıldayırdı. Su kimi axıb gəlirdi şeirlər. Sanki onları pıçıldayan nəyəsə əmin idi, nə isə demək istəyirdi, müjdə vermək idi niyyəti. Beləcə şeirlər silsiləsi yarandı. Bu şeirləri qəhrəmanlıq əsərləri kimi təqdim edirdilər. Sonra müharibə başlandı...
-Sizcə, daha çevik təbliğata malik televiziya proqramlarımızda uşaq ədəbiyyatımızda Qarabağ, Zəfərlə bağlı mövzular yetərincə təbliğ olunurmu?
-Bizdə televiziyada normal uşaq verilişləri yoxdur. Mən bu yaxınlarda Amerikada oldum. Gördüm nəvəm televiziyada “Bilippi”yə tamaşa edir. Deməli, verilişdə hər dəfə bir mövzudan danışılır. O mövzu hərtərəfli izah edilir, araşdırılır, bütün detalları ilə uşağa təqdim edilir. Halbuki, mən 2006-2007-ci illərdə İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı kimi bu işi çoxdan başlamışdım. Verilişdə qoyulan mövzu ətrafında danışır, hərtərəfli məlimatla yanaşı, mövzuya uyğun şeir, nağıl, hekayə də danışırdım. Heç Bilippi nağıl, hekayə danışmır. Mənə deyirdilər ki, sən ensiklopedik biliyə maliksən. Amma elə deyil, sadəcə bu verilişlər gərgin zəhmətin nəticəsi idi. Sonra heç kim bu proqramla maraqlanmadı. Mən ideyanı da verərdim, adı da. Düzdü, bu adda nəsə etməyə çalışdılar. Amma istənilən səviyyədə alınmadı.
-Nədən hələ Şuşaya, Ağdama getməmisiniz?
-Bəli, mən hələ də, Şuşaya, Ağdama getməmişəm. Əslində, o yerlərə hələ əl dəyməmiş, olduğu vəziyyətdə görmək, bu vəhşilikləri ədəbiyyata gətirmək üçün uşaq yazıçılarını o yurdlara aparmaq lazım idi. Təəssüf ki, bunu nəzərə alan olmadı. Düşünürəm ki, işğaldan azad edilmiş torpaqlara getmək mənim də haqqımdı, həm də bir yazıçı olaraq.
-İkinci Qarabağ Müharibəsi ərəfəsində Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi “Vətənpərvərlik” müsabiqəsinin təqdimatında “Ölərəm dərdindən, onu bil...” adlı hekayəniz ilə bu janrda 1-ci yerin qalibi kimi çıxış edəndə söylədiyiniz şeiri heç unuda bilmirəm. Həmin şeiri oxucular üçün söyləyərsinizmi?

-Qış gəlibdır, qapıdadır,
Qar yağmağa dam gəzəcək.
Qar üstündə iz qoymağa
Bir əziz adam gəzəcək...
Ay bu yurdu viran edən
Qış ahı yaman olur ha...

Daş qoymadın daş üstündə,
Ağ damı daşdan elədin...
Bir yurdu daş-daş çevirdin,
Bir eli başdan elədin...
Daşlara, “daş”, deyib keçmə,
Daş ahı yaman olur, ha!

Quşlar süzür başı üstə,
Ağac yox ki, qursun yuva...
Ağdama yağışlar yağır,
Qan izini yuyur hava...
Sənə bir söz pıçıldayım:
Quş ahı yaman olur ha!


-Son olaraq müzəffər ordumuz, müqəddəs Zəfərimizlə bağlı nəyi paylaşmaq istərdiniz?
- Ordumuza, bu ordunun Ali Baş Komandanına yeni-yeni qələbələr arzu edirəm. Biz müzəffər xalqıq. Biz dünyaya əsil döyüş məharəti sərgiləyən xalqıq.
-Sizə uğurlar olsun. Gün o gün olsun ki, doğma Ağdamdan sizin kəndə, Şelli Qaradağlısına, Sizə qonaq gələk.


Mina RƏŞİD
6-01-2022, 14:55
Keçmiş nazir: “Türkiyə Qazaxıstandakı proseslərə cəlb edilməlidir” - MÜSAHİBƏ

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qazaxıstandakı hadisələrlə bağlı Bütöv.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Qazaxıstandakı hadisələrə münasibət bildirərkən sosial etirazlarla xarici qüvvələrin iştirakının sərhədlərini müəyyən etmək zərurəti yaranır. Bu zərurəti necə izah edərdiniz?

- Hər bir cəmiyyətdə narazılıq üçün iqtisadi əsaslar olur. Buna heç kim etiraz etmir. Amma məsələyə bir qədər qlobal yanaşdıqda görürük ki, Qazaxıstandakı hadisələrin əsas səbəbi xarici qüvvələrin oyunudur. Mən düşünürəm ki, bu məsələnin Qərb-Rusiya toqquşması kimi qələmə verilməsində şişirtmələrə yol verilir. Ancaq istisna etmirəm ki, bu məsələdə koordinasiya mövcuddur, bu bağlılıq hiss edilir.

- Bir az təfsilat lazımdır, nədir bu bağlılıq?

- Görüntü yaranır ki, Qərblə Rusiya qarşı-qarşıya durub. Ancaq analiz edəndə bu qənaətə gəlmək mümkündür ki, bunlar qarşıdurmadan çox koordinasiyadır. Ukrayna böhranı başlayanda Qərb-Rusiya toqquşması görüntüsü yaradıldı, amma nəticədə Rusiya Krımı ilhaq etdi, digər əraziləri işğal etdi. Fikrimi daha aydın izah etmək üçün, Belarusdan da misal gətirəcəyəm. Belarusda Qərb tərəfindən dəstəklənən müxalifət liderlərinin siyasi fəallığı Moskvada başlayıb. Onların Moskva ilə bağlantısı çox geniş şərh olunub. Hiss olunur ki, Rusiya-Qərb qarşıdurması kimi dəyərləndirilən bəzi hadisələr elə Rusiya-Qərb koordinasiyası əsasında baş verir. Qazaxıstanda da qiymətlər mövzusu ortaya çıxandan dərhal sonra Rusiya öz tərəfindən həmin ölkəyə qüvvələr yeritməsini dilə gətirirdi.

- Bəs Türkiyənin mövqeyi necədir – seyrçi, yoxsa dərin narahatlıq keçirən oyunçu?

- Qərb-Rusiya koordinasiyasına Türkiyə də cəlb edilməlidir. Qazaxıstanda Türkiyə meyilli qüvvələr də mövcuddur. Qazaxıstanda vəziyyəti sabitləşdirmək üçün Türkiyənin də iştirakı məqsədəuyğundur. Türkiyə-Rusiya tandemi bir çox məsələdə öz əhəmiyyətli rolunu oynayıb və müsbət nəticələr hasil edib. Türkiyənin Qazaxıstandakı proseslərə qoşulmasını Azərbaycan da dəstəkləməlidir.

- Türkiyə özü bu şərtlərlə proseslərdə iştirakı istəyirmi?

- Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri öz hərbçilərini Qazaxıstana göndərir. Həmin təşkilatın üzvü olan Ermənistan sülhə və təhlükəsizliyə hansı töhfələr verəcək?! Bu, elə Belarus hərbçilərinə də aiddir. Ancaq Türkiyənin iştirakı stabilləşməyə daha yaxşı element kimi töhfə verə bilər. Rusiya və digər oyunçular da maraqlıdırlar ki, Türkiyəni sabitləşmə prosesinə cəlb etsin.

- Çin faktoru Qazaxıstanda güclənir, bu, Qərbi də, Rusiyanı da narahat edir. Çin hansı məqsədləri güdür?

- Bu hadisələrdə əsas açarlardan biri də Çindir. Qarşıdan Rusiya-ABŞ danışıqları gəlir. Bu danışıqlar ABŞ-Çin qarşıdurmasının gücləndiyi dövrə təsadüf edir. ABŞ-Çin münasibətlərində Rusiya da həlledici amildir. Sual budur: Rusiya Çini, yoxsa ABŞ-ı dəstəkləyəcək? Görünən budur ki, Qazaxıstandakı proseslərdən daha çox Rusiya xeyir götürür. Moskva başa düşür ki, ABŞ-la danışıqlarda Vaşinqtonu ən azından neytral hala gətirəndən sonra Çinlə məşğul olacaq. Böyük oyunda Qazaxıstan da hansısa gedişlərin bir hissəsidir. Nəzərə alaq ki, Türkiyədə iqtisadi böhran zamanı bu ölkəyə ən çox kömək edən ölkələrdən biri də Çin olub. Hər halda buna aid hansısa məlumatlar mətbuata sızdırılıb.
16-12-2021, 11:28
Mikayıl Cabbarov Azərbaycandakı iqtisadi mənzərədən danışdı - MÜSAHİBƏ - VİDEO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “CBC TV Azerbaijan” telekanalına müsahibə verib.

Bütöv.az-ın məlumatına görə, nazir müsahibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə Cənubi Qafqazda yaranan nəqliyyat və logistika imkanlarından, eləcə də bunun ölkəmiz və region ölkələri üçün iqtisadi faydasından bəhs edib.

Mikayıl Cabbarov Azərbaycanda ümumi iqtisadi mənzərədən danışarkən bildirib ki, ölkəmizin qeyri-neft sektoru sürətlə inkişaf edir və son üç ildə qeyri-neft sektorunda artımın ikirəqəmli olunduğunu vurğulayıb.

Nazir həmçinin Azərbaycanın qeyri-neft ixracında da əhəmiyyətli artımın əldə edildiyini qeyd edib.

Ölkədə nəqliyyat və logistika sahəsində görülən işlərdən danışan nazir əlavə edib ki, Azərbaycan son 20 il ərzində bu sahəyə böyük yatırımlar edib.

Mikayıl Cabbarov vurğulayıb ki, növbəti dövrdə şərq-qərb və şimal-cənub istiqamətlərində yeni kommunikasiya və nəqliyyat bağlantılarının formalaşması baxımından Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edəcək. O, bunun həm Azərbaycan iqtisadiyyatına, həm də region ölkələri arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini deyib.

2-12-2021, 20:15
“Omikron” peyvəndlərə qarşı müqavimət göstərə bilər, belə olsa, hər şey başa qayıdacaq” - ABŞ-DAN MÜSAHİBƏ

SARS-CoV-2 koronavirusunun “Omikron” adlı yeni variantı artıq dünyanın 30-a yaxın ölkəsində tapılıb və hətta peyvənd olunmuş insanlar da yoluxur. Eyni zamanda, o, bu yaxınlarda Botsvanada aşkar edildi, lakin bu onun daha əvvəl yayılmadığı mənasına gəlmir. 32-si insan hüceyrələrinə bağlanan sünbül zülalında olan onlarla virus mutasiyası alimlərin diqqətini çəkib və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) narahatlığına səbəb olub. Dünya ölkələri yenidən sərhədləri bağlayır, Afrika ölkələri ilə uçuşları qadağan edir. Lakin bu, ÜST-ün təsdiqləndiyi kimi, virusun yayılmasına mane olmur.

Koronavirusun yeni ştammı olan “Omikron” nədir? Oxu.Az bu barədə hazırda Nyu-Yorkda olan tibb üzrə professor, virusologiya və immunologiya üzrə mütəxəssis, Qazaxıstan Profilaktik Tibb Akademiyasının prezidenti, Amerika Sağlamlıq Assosiasiyasının üzvü Almaz Şarmanla söhbətləşib.

- Yeni ştamma görə niyə belə çaxnaşma baş verdi?

- Çaxnaşmanın səbəbi SARS-CoV-2-nin yeni variantının (ştamm yox, variant demək daha düzgündür) peyvəndlərə qarşı müqavimət göstərə bilməsidir. O zaman hər şey başa qayıdacaq, hər yerdə karantin, ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq etmək lazım gələcək. Amma mən hesab edirəm ki, “Omikron” immun müdafiədən yan keçsə belə, bu, onun yoluxuculuğunun və virulentliyinin zəifləməsi fonunda baş verir. Bu, normal bir təkamül prosesidir. O, bu yolla sağ qalır. Xatırladaq ki, Cənubi Afrikanın daha bir virusu bu ilin yazında səs-küyə səbəb olmuşdu və indi onunla bağlı belə bir təhlükə mövcud deyil. Ancaq təbii ki, 32-si sünbül zülalında olan və “Omikron”un hədəflərə yapışdığı çox sayda mutasiya misli görülməmiş haldır. Digər tərəfdən, bu qədər sayda mutasiya mütləq yeni keyfiyyətə keçidə səbəb olmamalıdır. Virus indi peyvənd səbəbiylə güclü selektiv təzyiq altındadır. Bu gözlənilən idi.

- Gəlin, texniki məqama toxunaq. Virusun ştammı ilə variant arasında fərq nədir?

- Aydın bir misal çəkəcəm. Ştamm bioloji növdür. Siam pişikləri, Sibir pişikləri var - bunlar şərti olaraq pişiklərin variantları, çeşidləri, cinsləridir. Ancaq bir iti pişiklə müqayisə ediriksə, bu artıq ştammdır.

Ştamm termini əlbəttə ki, koronaviruslara istinad etmək üçün də istifadə edilə bilər. MERS, SARS var idi - bunlar virusun tamamilə yeni keyfiyyətlər alaraq əsaslı şəkildə dəyişdiyi ştammlardır. Amma bizim vəziyyətimizdə bir ştamm daxilində variantlar var, hazırda bu, 2019-cu ildə kəşf edilmiş SARS-CoV-2-dir.

- Koronavirusa qarşı dünyanın bütün aparıcı peyvənd istehsalçıları artıq bilavasitə “Omikron” variantından qorunmaq üçün yeni dərmanlar hazırlamağa hazır olduqlarını elan ediblər. Ancaq yenə də eyni ştammdırsa, niyə yeni peyvənd tələb olunur?

- Artıq sünbül zülalının mutasiyalarından bəhs etdim. Bütün əsas vaksinlər məhz buna yönəlib - vektor və mRNT. Sünbül proteini dəyişdikdə, peyvəndin təsirindən qismən “qaçır”. Çin peyvəndləri istisnadır, onlar tam viriondur və fərqli işləyirlər.

- Yəni Çin peyvəndləri daha yaxşıdır?

- Tam belə deyil. Onlar ənənəvi texnologiya ilə hazırlanır, pis işləmirlər, lakin bu vaksinləri “yenidən proqramlaşdırmaq” çətindir. İndi problem hədəflərə yapışan sünbül zülalı ilə mübarizə aparmaqdır. Bir peyvəndin mRNT-sini təkmilləşdirmək asandır, bu, kompüteri yenidən işə salmaq kimidir və yeni dərman hazırdır. Yeni radikal seçim ortaya çıxıb və bununla da dərhal ondan peyvənd əldə etmək mümkündür. Gələcək bu texnologiya üzərindədir, çünki virus mutasiyaya davam edəcək.

- Amma elə ölkələr var ki, peyvəndin ilk dozası belə əhalinin çox məhdud hissəsinə tətbiq edilib, buna görə də koronavirusun yeni variantları kimi yeni infeksiya ocaqları qaçılmazdır...

- Bir misal deyim: Nyu-Yorkda əhalinin 88 %-i peyvənd olunub. Botsvana kimi ölkələrdə isə bu göstərici 5 %-dən azdır. Orada çoxlu İİV-ə yoluxmuş insanlar var. Yeni variant məhz orada ortaya çıxdı. Bu ideal nəhəng bioloji reaktordur. Təbii ki, mümkün qədər inkişaf etməkdə olan ölkələri vaksinlərlə təmin etmək lazımdır. Amerikada hazırda bunun üçün təxminən bir milyard doza hazırlanır. Düşünürəm ki, Rusiya şirkətləri də, Çin şirkətləri də qoşulacaq.

Bununla paralel olaraq, koronavirusa qarşı çox təsirli dərmanlar hazırlanır. Vurğulayım ki, virus immun müdafiəni keçərsə, peyvəndlər deyil, dərmanlar kömək edəcək.

- Koronavirusun yeni variantının yayılmasının qarşısını almaqda sərhədlərin bağlanması nə dərəcədə uğurludur? Artıq məlum hallar var, məsələn, Böyük Britaniyada öz ölkələrindən kənara çıxmayan, Afrikaya səfər etməyən insanlarda “Omikron” aşkar edilib.

- “Omikron” variantının yayılması qaçılmazdır. Sərhədlərin bağlanması isə buna mane olmayacaq. ABŞ indi bir neçə ölkə ilə hava nəqliyyatını dayandırıb. Amma həmin virus yenə də başqa ölkələrdən keçəcək. Başqa reyslərə köçürülmək üçün qovşaqlar və hava limanları var.

Yenə təkrarlayacağam - yeni variantın nə qədər təhlükəli olduğunu söyləmək hələ çətindir. “Omikron”un davranışını görmək üçün bir neçə həftə gözləməliyik. Amma təmasları məhdudlaşdırmaq, sosial məsafəyə riayət etmək kimi tədbirlər görülməlidir.

- Koronavirus nə vaxt o qədər də dəhşətli xəstəlik olmayacaq, adi qrip kimi “standart” xəstəliyə çevriləcək? Yoxsa bəşəriyyət peyvəndin və revaksinasiyanın qaçılmaz olduğu bir vəziyyətlə üzləşib?

- Çox güman ki, biz həmişə peyvənd olunmalı olacağıq. COVID endemik infeksiyaya çevrilməlidir və hər zaman mövcud olacaq. Ancaq yenə də yaxşı xəbər budur ki, peyvəndlər 100 % qorumasa da, kifayət qədər effektivdir. Və ilkin mərhələdə infeksiyanın qarşısını ala bilən dərmanlar ortaya çıxır.

Yeri gəlmişkən, on gün əvvəl mənə koronavirusla bağlı sual versəydiniz, deyərdim ki, “Delta” koronavirusun gələn ilin ortalarında endemik fazaya keçəcək sonuncu aqressiv və yoluxucu variantıdır. İndi isə “Omikron”un peyda olmasından sonra məndə belə bir inam qalmayıb. Yuxarıda dediyim kimi, onu təhlil etmək, davranışına baxmaq lazımdır. Bəlkə də son təhlükəli variant “Delta” yox, “Omikron” olacaq. Koronavirusda mutasiya imkanlarının hələ də məhdud olduğunu başa düşmək lazımdır. Ola bilsin ki, virus sağ qalmaq üçün son ciddi cəhdini edir.

Bir əsr əvvəlki qrip məsələsi (“İspan qripi” – red.) təkrarlana bilər. Çoxlu itki ilə nəticələnən pandemiya baş verdi, sonra virus birdən-birə yoxa çıxdı. Ancaq mən hələ də düşünürəm ki, COVID-19 aramızda olacaq. Biz hər iki ildən bir yeni variantlara qarşı peyvənd olunmalıyıq.

Bütöv.az
3-11-2021, 17:42
“İnsanlar öz istəyi ilə dördüncü dozasını vurdura bilər” - MÜSAHİBƏ

Koronavirus infeksiyasına qarşı peyvəndin “buster” dozası və revaksinasiyaya dair AZƏRTAC-ın suallarını TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva cavablandırıb.

- Birinci doza vaksin vurulduqdan neçə gün sonra ikinci doza vurulmalıdır?

- Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur. Hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər. Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır.

- İkinci doza vaksin vurulduqdan neçə müddət sonra “buster” doza vurula bilər?

- “Buster” doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı iki doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan altı ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın vurulması tövsiyə olunur. “Buster” doza ikinci dozadan və ya yoluxma tarixindən sonra, 6-cı aydan başlayaraq vurulur.

Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən “buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.

- Bəs dördüncü doza nə vaxt vurulur?

- Hazırda ölkəmizdə yalnız vaksinin ikinci dozasından altı ay keçdikdən sonra “buster” dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!