AzərTAc bildirir ki, NATO öz arqumentləri ilə 1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş qondarma referendumun qanunsuz olduğunu rəsmən etiraf edib. Xüsusi müxbir Vüqar Seyidovun qələmə aldığı yazıda qeyd olunur ki, Şimali Atlantika bloku öz rəsmi veb səhifəsində Moskvanın Rusiya və NATO arasında münasibətlərə aid tezislərinə cavablar yerləşdirib: “Suallardan biri bu ilin mart ayında Ukraynanın Krım Muxtar Respublikasında keçirilmiş qondarma referendumun qeyri-legitimliyi barədədir: “Rusiya rəsmiləri iddia edirlər ki, martın 16-da Krımda keçirilmiş qondarma referendum qanuni olub. Ukrayna Konstitusiyasına əsasən, həmin referendum qanunsuzdur. Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş müddəaya görə, “Ukraynanın ərazisinin dəyişdirilməsi haqqında məsələlər yalnız ümumukrayna referendumu yolu ilə həll edilir”. Krım Ukraynanın tərkib hissəsi kimi muxtar respublika statusuna malikdir, lakin onun səlahiyyətləri barədə bütün məsələlər Ukrayna parlamentində həll edilməlidir (maddə 134) və onun konstitusiyasını Ukrayna parlamenti bəyənməlidir (maddə 135). Həm də qondarma referendumu hökumət binaları tutulandan sonra bir neçə həftə ərzində Krımın silahlı Rusiya hərbçiləri tərəfindən təyin olunmuş qondarma rəhbərliyi təşkil edib”.
Beləliklə, NATO öz arqumentləri ilə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma referendumun da qanunsuz olduğunu rəsmən etiraf edib. Azərbaycan Respublikasının sərhədlərini dəyişdirməyə yönəlmiş bu aksiya o vaxt hələ qüvvədə olan SSRİ Konstitusiyasının 78-ci və 79-cu maddələrinə zidd olduğundan onun heç bir qanuni əsası yox idi. SSRİ Konstitusiyasının yuxarıda qeyd olunan maddələrində deyilirdi: “Maddə 78. Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikaların arasındakı sərhədlər müvafiq respublikaların qarşılıqlı razılaşması üzrə dəyişdirilə bilər, bu razılaşma SSR İttifaqı tərəfindən təsdiq edilməlidir. Maddə 79. Müttəfiq respublika öz diyar, vilayət, mahal, rayon bölgüsünü müəyyən edir və inzibati ərazi quruluşunun başqa məsələlərini həll edir”.
Ermənistan rəhbərliyinin qanunsuz keçirilmiş referenduma hansısa qanuni don geyindirmək üçün “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ qanununun müddəalarına istinad etmək cəhdləri tamamilə əsassızdır. Çünki bu qanun 1991-ci il sentyabrın 5-6-da keçirilmiş SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı tərəfindən müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasının yeni qaydasını müəyyən etmiş “SSRİ prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında” qərar qəbul edilməsi nəticəsində öz qüvvəsini itirmişdi. Əslində, bu qərar olmasa belə, Dağlıq Qarabağda qondarma referendum o vaxt artıq öz aktuallığını itirmiş 1990-cı il 3 aprel tarixli SSRİ qanununun bir neçə maddəsi kobud şəkildə pozulmaqla keçirilmişdi. Nəzərə almaq lazımdır ki, SSRİ-nin mövcudluğunun son anına qədər ölkədə ali hakimiyyət müttəfiq respublikaların (xüsusən muxtar respublikaların) hakimiyyət orqanlarının qərarları deyil, ittifaq hakimiyyət orqanlarının qərarları hesab edilirdi. Buna görə də ölkə daxilində inzibati sərhədlərin istənilən dəyişikliyi yalnız SSRİ-nin qüvvədə olan konstitusiyasına əsasən və ittifaq hakimiyyət orqanlarının razılığı ilə həyata keçirilə bilərdi”.
Müəllif qeyd edir ki, SSRİ Dövlət Şurası 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ Konstitusiyasında təsbit edilmiş hüquqi statusunu dəyişdirən bütün aktları qeyri-konstitusion sayıb, 1991-ci il sentyabrın 2-də DQMV-nin və Azərbaycan SSR-in bir sıra başqa rayonlarının yerində qondarma “Dağlıq Qarabağ Respublikası” yaradılması haqqında özbaşına bəyannaməni ləğv edərək DQMV-nin Azərbaycan SSR tərkibində statusunu təsdiq edib: “Qanunsuz olan təkcə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma referendum deyil, əgər bundan sonra da birtərəfli qaydada referendum keçirilərsə, o da qanunsuz sayılacaq. Çünki o, Azərbaycan Respublikasının (tərkibinə Dağlıq Qarabağın de-yure daxil olduğu dövlətin) qüvvədə olan konstitusiyasının 3-cü maddəsinə zidd olacaq. Həmin maddədə göstərilir ki, “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər” və “Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll oluna bilər”.
Nəzərə alsaq ki, NATO Krımda “referendumu” qanuni saymaqdan onun məhz Ukrayna Konstitusiyasına zidd olması səbəbindən imtina edib, buradan belə hasil olur ki, eyni səbəbə görə NATO oxşar qayda ilə 1991-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma “referendumu” da qanunsuz və onun statusu üçün heç bir hüquqi nəticəyə malik olmayan aksiya hesab edir”.
Butov.az