Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib .....                       
9-11-2025, 10:35
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir


Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

Müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Bu gün ən yüksək zirvələrdə dalğalanan bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Bayrağını dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi kimi dəyərləndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib.
Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız zirvələrə ucalır. 44 günlük müharibə ərzində Azərbaycanın igid övladları Müqəddəs Azərbaycan Bayrağını uca tutaraq öz canları, qanları ilə düşməndən təmizlədikləri ərazilərdə ucaltdılar. Artıq beş ildir ki, işğaldan azad edilən Şuşada, Laçında, Xankəndidə, Xocalıda və digər ərazilərimizdə bayrağımız qürurla dalğalanır. Əsgərlərimiz Azərbaycan bayrağını öpüb gözləri üstünə qoyaraq vətənimizi qəhrəmancasına qoruyurlar.

Qəzənfər Ağayev
Vətən Müharibəsi Qəhrəmanı, Xırdalan şəhər sakini
8-11-2025, 19:40
Zəfərimizin sürprizi


Zəfərimizin sürprizi

Bu səhər- noyabrın 8-də telefonumun ekranına hərbi geyimdə, sol sinəsində, ürəyinin başında Azərbaycan bayrağı həkk olunmuş bir uşaq şəkli gəldi. Düzü ürəyim atdandı. Bu mübarək gündə, bu mübarək şəkli mənə kim göndərdi?- deyib nömrəni çevirmək istəyirdim ki, uşaqlıq dostumun, sinif yoldaşım Seyidəlinin səsi gəldi. Məni Zəfər Günü münasibətilə təbrik edirdi. Sözün açığı xalqımız üçün bu müqəddəs gündə uşağın hərbi geyimi məni o qədər qürurlandırmışdı ki, təbrikin fərqində deyildim. Öyrənəndə ki, uşaq Lətifin qızıdır, mənə elə gəldi ki, dostumuz Seyidəlinin oğlu Lətifə toy elədiyimiz gün dünən idi. Sən demə bizə dünən kimi görünən gündən illər keçib, tay-tuşumuzun balası deyib telinə sığal çəkdiyimiz Lətifin özü ata olub. Qızı Zəhra Seyidəli isə artıq Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdidir.

Bəli, şəkildə gördüyümüz Zəhra bala atasına təkidlə hərbi geyim aldırıb ki, bu gün geyinib Azərbaycan Ordusunun qələbə paradına gedə. Babası Seyidəli isə bu qürurverici anların sevincini dostlarla paylaşmaq qərarına gəlib. Biz də bu ülvi paydan nəsibimizi aldıq. Sevindik ki, məmləkətimizdə vətənsevərlər böyüyür. Bu gün Zəhranın boyuna biçilən geyim sabah minlərlə Azərbaycan əsgərinin, birisi gün milyonlarla Bütöv Azərbaycan oğlunun boyuna biçiləcək. Bu gün Bakını titrədən ayaq səsləri bir gün Təbrizdən səda verəcək!
Seyidəli, əziz dostum, sən məni Bayram münasibəti ilə təbrik etdin, mən də səni belə vətənpərvər balanın babası olmağın münasibətilə təbrik edirəm. Zəhra balanın gözlərindən öpürəm!

Hörmətlə: Zəhraya sevgi, babasına sayğı ilə Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyinin sədri
30-10-2025, 14:00
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri”   mövzusunda bilik yarışı keçirilib


Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri”

mövzusunda bilik yarışı keçirilib


Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qərbi Azərbaycan İcmasının Abşeron bölməsinin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun ümumtəhsil məktəbləri arasında Qərbi Azərbaycan həqiqətləri mövzusunda bilik yarışı keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova bildirib ki, regionlarda gənclərlə keçirilən bu kimi maarifləndirici tədbirlər Qərbi Azərbaycanla bağlı tarixi faktların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışan G.Rəhimova Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə xüsusi önəm verdiyini vurğulayaraq qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Onun sözlərinə görə, üçrəngli dövlət bayrağımız artıq əzəli və əbədi torpaqlarımızda, işğaldan azad olunan ərazilərdə qürurla dalğalanır, Qarabağ sürətlə bərpa olunur, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında bildirib ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlının hüquqlarının bərpası və onların doğma torpaqlarına – ata-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. O vurğulayıb ki, bu məqsədyönlü və əzmkar fəaliyyət nəticəsində Qərbi azərbaycanlıların haqlı mübarizəsi bu gün təkcə dünya azərbaycanlıları deyil, həm də bir çox xarici ölkələrin vətəndaşları tərəfindən dəstəklənir.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev və Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndəsi Ayxan Abbaszadə çıxış ediblər. Onlar Azərbaycanın tarixi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə gənclərə ətraflı məlumat verərək, tariximizin qorunmasında və nəsildən-nəslə ötürülməsində gənclərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bilik yarışında Abşeron rayonunun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən şagirdlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ədalətli qayıdış ideyası barədə biliklərini nümayiş etdiriblər. Yarışın qalibləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.




29-10-2025, 12:14
“Taleyim – yol yoldaşım”


“Taleyim – yol yoldaşım”

Paşa Babakərlinin eyni adlı kitabı haqqında düşüncələr

Paşa Babakərlinin (Əmircanov) oxuculara təqdim etdiyi üçüncü şeir və poemalar toplusu – “Taleyim – yol yoldaşım” kitabında müəllifin son illərdə qələmə aldığı ictimai motivli, Qarabağ ağrısı və Qələbə sevinci ilə süslənən lirik şeirləri toplanıb. Nəşrə şairin “Daş türklər” və “Xocalıdan qaçan körpə” adlı iki poeması da əlavə olunub.
Müəllifin Qarabağ uğrunda mübarizə ruhlu şeirlərində canlı həyat hadisələri özünü qabarıq büruzə verir, torpaqlarımızın işğalı dövrünün ağrı-acıları, düşmənin qəsbkarlığına son qoymaq üçün aparılan savaşda ordumuzun şücaəti, bunun nəticəsində tarixi Zəfərinin qazanılması kimi məqamlar diqqət çəkir.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə yazdığı “Şuşam, xoş gördük səni!”, 2023-cü ildə Xankəndinin yağılardan təmizlənməsinə həsr etdiyi “Xankəndi, əzizim, gözlərin aydın” şeirlərində sevinc, ağrı, həsrət duyğuları dilə gətirilir. Hər iki mətndə həm fərdi – “Mənim də sevincim böyükdür bu gün, Bayrağım ucalır zirvələrində. İndi rahat nəfəs dərdiyin üçün, Dualar edirəm Tanrıma gündə”, həm də xalq, cəmiyyət (Biz səni geri aldıq, Xəyanətin əlindən. Qurtardıq bu milləti, Xəcalətin əlindən. ) səviyyəsində ricətlər var. Ruhun, tarixi yaddaşın silahdan üstün tutulması – “Biz səni silahla yox, Ruhumuzla qazandıq. Həsrətimiz, yanğımız, Duyğumuzla qazandıq” düşüncəsi isə publisistik-milli ruhu yüksəldir, maddi güclə bərabər, mənəvi-tarixi zehnin itməməsinin, qorunmasının da önəmli olduğunu bildirir.
Bu oqat Paşanın bütün tarixi torpaqlarımızın – Qarabağın yağı tapdağından xilas olunmasına həsr olunan digər şeirlərində də yaşanır. “Sən yaşa, torpaq”da olduğu kimi:
...Yandırıb əsrlərlə
Ruhumda alovlanan öcümü,
Axır ki, düşmənə göstərdim gücümü.
Alıb silahımı
Hücumdam-hücuma vardım.
Qarabağda, Zəngəzurda
Düşmənin başında
Tufan qopardım.
Şuşanın sıldırım qayalarını
Qanımla suvardım...”.

Müəllifin Vətən savaşı mövzusundakı poetik mətnləri sevinc və bayram duyğuları ilə başlayır və bu düşüncələrin davamı olaraq 30 illik itkilər, məğlubiyyətlər və uzun bir dövrün yurd həsrətinin ağır yükü, eləcə də dini-mənəvi sorğuları diqqət çəkir. Bu, səciyyəvidir – sevinc üzərində ağrının da kölgəsi var. Belə məqamlar oxucuda həm qürur, həm hüzn doğurur, həm də ötənləri bir daha göz önündə canlandırır – milli identiklik, tarixinin əzabları və qəhrəmanlıq dəyərləri təkrar-təkrar önə çəkilir.
Paşanın Qarabağın işğal dövrü və Zəfər şeirləri daha çox duyğuların səmimi ifadəsi, şəhid məzarlıqlarında yaddaşı oyadan, təzələyən “Tanrı yazır taleyi, qisməti göylər seçir” kimi düşüncələrlə diqqət çəkir. Bu poetik mətnlər qələbənin sevincini, 30 illik həsrətin yarasını və şəhidlərin müqəddəs yaddaşını eyni çərçivədə birləşdirir. Dil və üslub baxımından xalqın səsini daşıyır, bədii məqamları güclü olduğundan oxucuda həm qürur, həm də düşüncə yaradır. Əgər bu gün ədəbiyyatda əsas məqsəd belə demək mümkünsə, sənədli-publisistik, geniş oxucu auditoriyasına ünvanlanan milli şeir yaratmaqdırsa, müəllif yaradıcılığında bunu gerçəkləşdirir. Bu baxımdam, fikrimcə, Qarabağ şeirləri, ilk növbədə, həm tarixi bir sənəd, həm də milli duyğunun uğurlu poetik ifadəsidir.
İşğal dövründə qələmə aldığı “Ulu Tanrı, bu torpağı neyləyək?” şeirində isə təkrarlanan müraciət həm sükutlu fəryad, həm də universal sorğu təsiri bağışlayır. Burada, eyni zamanda, içdən, qəlbdən gələn bir acılıq, qəzəb hiss olunur. Verilən sual, eyni zamanda, hüzn doğurur, işğala məruz qalan torpağın taleyi barədə etik-mənəvi narahatlıq ifadə edir və bu fonda müqəddəs torpağa münasibət dini-mənəvi müstəvidə diqqətə çatdırılır:
...Məkr, hiylə günümüzün içində,
Dinç qoymurlar küməmizin içində.
Gizlədəkmi sinəmizin içində,
Ulu tanrı, bu torpağı neyləyək?


...Neçə vaxtdı, qovğa gedir başında,
Qırğın gedir, dava gedir başında.
Qurdalasan, dünya gedir başında,
Qara günlü Qarabağı neyləyək?
Ulu tanrı, bu torpağı neyləyək?
***
Paşa Qarabağ mövzusu yaradıcılığında şəhid qəhrəmanlığı və ölümün müqəddəs məkanı olan şəhid xiyabanları haqqında düşüncələrini də oxucuya çatdırmağı unutmur. “Bütün yollar bitəcək şəhid məzarlığında” şeirində deyir:
Qoruyur bu torpağı quruca nəfəsiylə
Sönsə də işıqları, qurusa da qanları.
Qoy bizi döyüşlərə səsləsin var səsiylə
Yollarımız üstdəki şəhid xiyabanları”.

Bu bənddə vurğulanan “Yollarımız üstədəki şəhid xiyabanları” misrasında məkan və yaddaş qovuşur, birləşir, sanki bütün yollar şəhid məzarlıqlarında sonlanır, bu da torpağın azad olunmasının nə qədər qurban tələb etdiyini xatırladır.
Tanrı yazır taleyi, qisməti göylər seçir,
Əvvəli var, sonu var həyatın, varlığın da.
Şəhidlərin yanında özünüzə yer seçin,
Bütün yollar bitəcək şəhid məzarlığında.
***

Paşanın “Anamdam muğayat ol, torpaq” poetik elegiyasında ana sevgisi, ana itkisi – torpağa qovuşma acısı dərin bir yanğı ilə ifadə olunur. Bu poetik mətndə “torpaq” sadəcə fiziki məkan olmaqla bərabər, eyni zamanda, ana obrazının davamı kimi təqdim edilir. Ana və torpaq bir-birinə qovuşur, bir-birinin aynasına çevrilir. Son bənddə bu fikir açıq səslənir:
...Bu deyilmi ömür – yalan.
Kimdi gedən, kimdi qalan?!
Sən anasan, anam – balan,
Anamdan muğayat ol, torpaq.

Bu deyimlə müəllif oxucuya ananın doğulduğu torpağa qayıtdığı, həyat dairəsinin tamamlandığı qənaətini xatırladır. Torpaq isə bu andan həm qəbirə, həm də ANA bətninə çevrilir. Ana sağlığında mərhəmət, qayğı, sevgi, fədakarlıq rəmzi olur, dünyayla vidalaşandan sonra isə bu sevgini qorumaq və yaşatmaq missiyası torpağın – müqəddəs ANAnın öhdəsinə verilir.
Şeirdə məzar daşına keçiciliyin və qalıcılığın birləşdiyi nöqtə, övlad üçün ağrı və müqəddəs nişanə anlamı ilə yanaşılır. “Muğayat ol” ifadəsi isə şeirin həm dua, həm yalvarış, həm də etimad ifadəsinə çevrilir. Eyni zamanda, hər bəndin “Anamdam muğayat ol, torpaq” müraciəti ilə tamamlanması şairin, sanki, torpaqla dərdləşməsi, ondan söylənilən yalvarışın gerçəkləşməsi istəyi həm poetik dua, həm də monoloq təsiri bağışlayır.
***
Vətən haqqında yazılan saysız-hesabsız şeirlərdə çox vaxt bayağı, qondarma fikirlərə, basmaqəlib epitetlərə, sözün şitini çıxaran bər-bəzəkli qafiyələrə geniş yer verilib. Paşanın “Vətən”i isə fikrimcə, yurd, od-ocaq haqqında səslənən hansısa bir bayatı üstündə köklənib. O, bu dörd bəndlik şeiri ilə kövrək düşüncələrini ardıcıllıqla oxucuya çatıra bilib. Sonda da qəlbi Vətən sevgisi ilə döyünən, bu torpağa, bu yurda göz dikən yağıdan qisas almaq istəyilə apardığı savaşdan qalıb ayrılan neçə-neçə igidimizin surətini xəyalımızda, gözlərimiz önündə canlandırıb:
...Yağı deyibən saldırar,
Başımı göyə qaldırar.
Mənə cəbhələr yardırar,
Sərkərdəm, paşamdı Vətən.
Paşanın bu və digər şeirlərində də Vətən təkcə bir coğrafiya, bir torpaq parçası olmaqla bərabər, həm də insanın varlığının mənası, hər birimizin qanında, yaddaşında, nəfəsində yaşayan, insanın doğulduğu yerdən çox, onun ruhunu formalaşdıran, taleyinə yön verən bir müqəddəs varlıq kimi dəyərləndirilir. Müəllif bu torpaq, bu Vətən uğrunda minlərlə oğulun cəbhəyə yola düşərək analardan, körpələrdən, sevdiklərindən ayrıldığını, gedərkən həm uğur diləyi, həm də bir vidalaşma nişanəsi kimi arxalarından su səpildiyini, hər biri hər addımı ilə bir qəhrəmanlıq tarixi yazdığını bildirir. Bu qələbə ilə, bu uğurla torpağın düşməndən azad edildiyini, sınmış dağların yenidən dikəldiyini, o dağların zirvəsində bu gün o igidlərin ruhunun dolandığını, bayrağımızın dalğalandığını söyləyir. Müəllif “Oğullar şəhid olsalar da, ölüm onların sonu olmadı. Onlar mərdliyin, şərəfin, Vətən qeyrətinin simvoluna çevrildilər” deyir və fikrini belə yekunlaşdırır:
Oğullar anaların
Gözündə yaşa döndü.
Oğullar heykəl oldu,
Oğullar daşa döndü.

Oğullar aydın səma,
İşıqlı gün oldular.
Gedib torpaq oldular,
Gedib Vətən oldular!

***
“Xocalıdan qaçan körpə” poeması 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin adı çəkilən şəhərdə törətdikləri dəhşətli qırğından gedir. Şair qətliam vaxtı bir ananın yaşadığı əzabın, zillətin təkcə fərdi bir faciə olmadığını, həm də bir xalqın çəkdiyi ağrı-acının, məğrur səssizliyin və möcüzəli dirənişinin ifadəsi kimi xatırladır.
...O gecə qarla örtülmüş yollarda ölüm və həyatın sərhədi bir körpənin nəfəsində cızılırdı. Ananın qucağındakı südəmər balası ağlayır, düşmənin isə bu səsi eşidib ona yaxınlaşacağını düşünən qadın təlaş keçirir, qorxudan tir-tir əsirdi. Başqa sözlə, o, bir tərəfdən övladını itirməkdən qorxur, digər tərəfdən körpəsinin səsi ilə yağının izinə düşməsindən ehtiyat edirdi. Və bu zaman ana faciənin ən ağrılı, amansız qərarını verir – körpəsini boğur, amma onu atmır...
Bu səhnə bir faciə təsviri olmaqla bərabər, həm də insanın mənəvi gücünün, analıq hissinin və Tanrı möcüzəsinin bədii təcəssümüdür. Ana öz varlığını, həyatını, hətta vicdanını belə övladı naminə qurban verir, lakin onu heç zaman tərk etmir. Körpəsini sinəsinə sıxaraq, şaxtalı yollarda ölümün pəncəsindən çıxmağa çalışır.
Şair poemada körpəyə xitabən dediyi “Sən susmuşdun, ananın da gözlərində donmuşdu yaş. Qaçanlar da sürünürdü yavaş-yavaş...” sözlərdə həyatın dayanması, zamanın donması, ümidsizliyin sərhədində olan bir qadının daxili narahatlığı duyulur. Lakin növbəti misralarda gözlənilməz bir dəyişiklik baş verir – dünyanın haqsızlığından, yaşanan ölüm-itimdən xəbərsiz südəmər birdən qəfil gözlərini açır. Bu, yalnız bir bədii hadisə deyil, ilahinin insanla danışdığı bir andır. Tanrı, sanki, həm də Xocalı qətliamı gecəsində insanlığa, ədalətə və gələcəyə bir ümid göndərir və şairin sualları da bu möcüzənin mahiyyətini açır:
“Ölmüş körpə dirildimi?!
Bu günahsız zavallıya göydən möhlət verildimi?!”
Bu cavabsız suallar bəşəri ədalət müstəvisində Xocalı həqiqətlərini inkar edənlərə yönələn mənəvi ittiham kimi səslənir. Poemada körpənin dirilməsinə, sadəcə, fiziki bir hadisə kimi yanaşılmır, bu, həm də Azərbaycan xalqının dirçəlişinin, torpaqla birlikdə ruhun da yenidən doğulmasının poetik ifadəsi tək yanaşılır.
Bu əsər Xocalı soyqırımının təsadüfi bir epizodu deyil. Onun məğzində mənəvi davamlılıq və tarixi yaddaşın diriliyi dayanır. 1992-ci ilin fevralında baş verən Xocalı qətliamı, təkcə qətlə yetirilmiş insanların sayı ilə deyil, insanlığa qarşı törədilən amansızlıqla tarixin yaddaşında yaşayır, eyni zamanda, bu faciədən ümid, mərdlik və Tanrıya sığınma duyğusu doğur.
Körpənin dirilməsi Xocalının, eləcə də Azərbaycanın yenidən doğulması demək idi. Ana öz övladını qurtardığı kimi, xalq da öz taleyini, öz azadlığını – Qarabağı işğaldan qurtardı, yenidən həyata qaytardı. O körpənin nəfəsi sonradan Azərbaycanı daha da gücləndirdi, qüdrətləndirdi. O körpənin taleyi Azərbaycan xalqının yenilməzliyinin, ana müqəddəsliyinin və Tanrının ədalətinə əbədi inamın simvoluna, həm faciə, həm diriliş, həm də ədalət rəmzinə çevrildi.

Şairin poemada uca Yaradana xitabən dediyi “Şükür sənə, ulu Tanrı, sən böyüksən, sən adilsən” sözləri yalnız dini bir müraciət deyil, o, ədalətin gec-tez yerini tapacağına olan sarsılmaz inamın təcəssümüdür. Burada Tanrı həm həyat verən, həm də haqqı bərpa edən qüvvə kimi təqdim olunur.
“İstəyəndə öldürürsən,
İstəyəndə dirildirsən” –
misraları həyat və ölümün, itki və qurtuluşun, qisas və ədalətin ilahi dövranını göstərir. Xocalı kimi bir faciədən sonra belə ümidin, belə inamın qalması xalqın mənəvi gücünü nümayiş etdirir. Şeirin son bəndlərində isə şair zaman keçidini ustalıqla qurur:
“İndi gəncdi o körpələr,
Hər gün qisas hayqırırlar,
Qisas! Qisas!”

Bu, sadəcə intiqam istəyi deyil, həm də ədalətin bərpasına çağırışdır. O körpələr böyüyüb və indi tarix qarşısında həqiqətin səsini ucaldırlar. Onlar artıq silahla deyil, biliklə, milli ruhla, beynəlxalq tribunalarda ədalət mübarizəsi aparırlar.
Nəhayət, bu poetik hekayə Xocalı faciəsinin unudulmaması üçün yaradılan mənəvi bir abidədir. Əsər oxucunu ağrının içindən ümidə aparır, ölümün içindən həyatın doğulduğunu ifadə edir.
***
Müəllif mükəmməl bir məcaz sistemindən – bədii təsvir vasitələrindən yararlanmaqla şeir və poemalarının daha maraqla oxunmasını və yadda qalmasını şərtləndirir. Epitetlər, təşbehlər, metaforalar, metonimiyalar, simvollar və s. İlə bütövlükdə zəngin bədii təsvir vasitələri sistemini nəzərə çarpdırır. “Qəlbimi, ruhumu əlimdən aldın”, “Bayrağım ucalır zirvələrində” kimi misralar həm emosional, həm də vizual təsir yaradır. “Ulu Tanrı, bu torpağı neyləyək?” sualı ilə təkrarlanan müraciət həm sükutlu fəryad, həm də insanlığa sorğu kimi maraq kəsb edir. Şuşaya salam (qələbə), Xankəndiyə qovuşma (həsrət və qayıdış), “Ulu Tanrı, bu torpağı neyləyək?” (ağrı və itki), “Yollarımız üstədəki şəhid xiyabanları” (ruhani yaralanma və qəhrəmanlıq) diqqət çəkib. Şeirlərdəki səmimilik və dini müraciətlərə yönəlik akkordlar isə oxucu ilə birbaşa emosional əlaqə yaradır.

Vaqif BAYRAMOV,

Əməkdar jurnalist
27-10-2025, 21:29
"Çeşmə"də çağlayan şeirlər…

"Çeşmə"də çağlayan şeirlər…

Oktyabr ayının 26-da "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra əlavə elədi ki, bu il Azərbaycanın bütövlüyü uğrunda canından keçən 44 günlük Vətən müharibəsi şəhidlərinin beş ili tamam oldu.

Tədbirin iştirakçıları bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərini yad elədi. Sonra, ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, iki "Divan" müəllifi, ustad şairə Gülarə Munisə verdi. Gülarə Munis, məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı və qəzəllərindən bir neçəsini səsləndirdi.

Pirşağıdan gələn, tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılaya söz verildi. Ustad şair, ədəbi məclisin əruzun və gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi.

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu məclisə xeyir-duasını verəndən sonra, iştirakçılara uğurlar arzuladı və ayda bir dəfə keçirilən məclisin bütün iştirakçılarının şeirlərini öz qəzetində dərc edəyəcini, elə bu gündən “Çeşmə” adında xüsusi səhifə açacağını bildirdi. Məclisə ilk dəfə gələn, İlhamə Müslümova və Namiq Müslümov Türkiyə və Azərbaycan şairlərinin birgə yazdığı, 63 şəhidə həsr olunmuş "1 Şəhid, 1 Hekayə, 1 Şeir” adlı kitabın 4-cü cildinin araya-ərsəyə gəlməsindən danışdılar və öz şeirlərindən bir neçəsini səsləndirdilər.

Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə hər biri öz şeirlərini səsləndirdi. Məclisdə iştirak edən şairlərdən həkim-şair Səadət Salmanqızı, Gülnarə Zeynalova, Ziyafət Tovuzlu, Hatəm Əsgərov şeirlərindən səsləndirdilər. Şairlərin səsləndirdikləri şeirlərdən sonra böyük həvəslə başlayan ədəbi məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını, iştirakçılar adından təşəkkürünü bildirdi.

Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
26-10-2025, 09:58
ADSEA-nın YARITMAZ İŞLƏRİ


ÇİÇƏK QƏSƏBƏSİNİN

PROBLEMLƏRİ



ADSEA-nın

YARITMAZ İŞLƏRİ


Binəqədi rayonu Çiçək qəsəbəsində (Xocasən ərazi dairəsinə tabe qəsəbə) uzun illərdir su problemi dayanmadan artır. Lakin ADSEA hələ də problemə məsuliyyətsiz yanaşır. Nəticədə burda yaşayan əhali artıq dəfələrlə cənab Prezidentə müraciət ünvanlayır. Hazırda isə, Çiçək qəsəbəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Azərişığın xidmət göstərmələrində tam bir xaos var. Xatırladım ki, Çiçək qəsəbəsi inzibati ərazi olaraq, Binəqədi rayonuna tabe olsa da, dövlət xidmətlərini Abşeron rayonu icra edir.
Qəsəbəyə 2020-2021-ci illərdə köhnə Azərsu ASC tərəfindən su çəkilişi üçün ayrılmış tender məvacibi (1.2 mln manat, 0.9 mln manat) iki dəfə su xətləri çəkilmədən mənimsənilib. Bu haqda məlumat Binəqədi rayon prokrorluğunda iş üzrə açılmış cinayət işində mövcuddur. Nəhayət, qəsəbə sakinləri 2021-ci ilin iyun ayında öz şəxsi məvacibləri hesabına su xəttinin çəkilişinə nail olmuşdur. Həmin vaxt xətti çəkən və suyu verən Abşeron Rayon Su İdarəsi hər kəsin abunə kodunu, sayğac və daimi su ilə təminatına söz vermişdir. Lakin, bu günə kimi su gah gəlib, gah gəlməyib. Bununla yanaşı, dəfələrlə əhalinin müraciətinə baxmayaraq, heç bir vədə əməl edilməyib, kod, sayğac və suyu əraziyə yarı-yarımçıq verilib. Yəni, təxminən 300 evdən 80-ni yalnız abunəçi kodu ilə təmin edilib və su gəlmədiyinə baxmayaraq, dayanmadan bu abunəçi kodlarına ADSEA cərimə tətbiq edir.

Prezdentə 2024-cü ildə əhalinin müraciətindən sonra, Abşeron Rayon Sukanal İdarəsi, 2024-2025-ci illərdə, çox məsuliyyətsiz vəziyyətdə Binəqədi rayonun Xocasən qəsəbəsindən 63 mm diametrli bir su xətti aldı. Məsuliyyətdən uzaq olmaq üçün, işbilməz fəhlələrin öhdəsinə işi buraxmaqla, qanunsuz, məsuliyyətsiz və heç bir hidrotexniki qaydaya uyğun olmayan su xətti çəkdi. Təsəvvür edin ki, Abşeron Rayon Sukanal İdarəsinin texnikası su xəttini qazdığı vaxt, bir neçə sakinin öz məhəllələrinin torpaq yolunun qazılmasına görə etdikləri etiraz zamanı, Abşeron rayonundan gələn məsul şəxslər iş gedə-gedə qəbir daşlarının arasında gizlənirdi. Həmin yerdə polis müşahidə kamerası var, həmin prosesi tam izləmək mümkündür.
Nəhayət, sakinlərin şikayəti əsasında çəkilmiş bu su xətti qanunsuz olaraq, 6 məhəlləyə (300-dən artıq ailəyə) satıldı. Yenidən hər kəs susuz qaldı. Çəkilmiş xətlərin heç biri hidrotexniki qaydalara uyğun deyil. Beləki kim hardan və necə gəldi xətt aparıb. Sayğac və abunə kodu olmamaqla yanaşı, suyu vuran elektrik motorları da enerji xəttinə qanunsuz birləşdirilib. İş bilməz İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qayda qanunsuz iş görməyi bir tərəfə qalsın, indi həmin ərazinin suyunu vuran motorların elektrik xətti, Azərişıq tərəfindən qanunsuz birləşdirildiyi üçün kəsilmişdir. Bu quruma dəfələrlə sakinlərin müraciət etməsinə baxmayaraq, özünü “xalq düşməni” kimi aparan Azərişıq və Abşeron Su Kanal İdarəsi məsələni həll etmək, qanuni sayğaclaşdırma əvəzinə, sakinləri qanunlarla hədələyir. Hansı quruma (Azərişıq, Bələdiyyə, Sukanal idarəsi və s.) müraciətə baxmayaraq, sakinlərə “rəsmi məktub” yazılacağını bildirirlər.

Həmin qurumlardan soruşmaq lazımdır: Rəsmi məktubu kim yazmalıdır? Məktubu yazmaq üçün hansı vaxtı gözləyirlər? Niyə bu məsuliyyətsiz Su idarəsinin regional rəisləri neçə illərdi Çiçək qəsəbəsini susuz qoyub? Niyə qaydalara uyğun olaraq su çəkilmir?
Diqqətinizə çatdıraq ki, bu qəsəbədə onlarla şəhid, qazi, ağır xəstəli və sosial qayğıya ehtiyacı olan ailələr yaşayır. Onlar hər ay 10-15 ton suyu hansı pulla ala bilər?! Minimum istehlak paketində su xidməti aylıq bir ailə üçün 35 AZN-mi nəzərdə tutulub?
Əhali şikayət edəndə, onlara Prezidentin sənədsiz evlərə kommunal xidmətlərin dayandırılması haqqında sərəncamı göstərilir. Bu şəxslər anlamır ki, bu qəsəbənin su çəkilişi üçün tenderi 2021-ci ildə udulub və mənimsənib, su xətti isə əhalinin şəxsi büdcəsi (250-600 azn civarında) hesabına çəkilmişdir. Yəni sərəncamdan çox-çox əvvəl.
Digər məmurlar isə deyir ki, həmin ərazidəki heç bir xətdə su yoxdur ki, biz oranı su ilə təmin edə bilək. Su yoxdursa, qəsəbədən 700 m aşağıda ana yolun qırağında, niyə iri maşınlar suyu doldurub əhaliyə, 10 tonunun 35 AZN-ə gətirib satır?
ADSEA-nın müvafiq su idarə rəisləri sakinləri burada susuzluqdan qırmaqla yanaşı, heç bir məsuliyyət hiss etmirlər. Əhali tələb edir ki, hazırda çəkilmiş su xəttinə elektrik sayğacı qoyulsun və burada qanuni, bütün hidrotexniki qaydalara uyğun su xəttinin çəkilməsi təmin edilsin.
25-10-2025, 11:51
Qubadlı – Qarabağın dirçələn incisi


Qubadlı – Qarabağın

dirçələn incisi


25 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına Qubadlının azad edildiyi, torpaqlarımızın bütövlüyünə bir addım da yaxınlaşdığımız gün kimi həkk olunub.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu ərazi təbiəti, coğrafiyası və torpaq ehtiyatları ilə zəngin diyardır. Rayon qərbdən Ermənistanla sərhəddə yerləşir, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda isə Zəngilanla həmsərhəddir. Qubadlının kəndlərinin çoxu Həkəri və Bərgüşad çaylarının sərin vadilərində yerləşir, bu da bölgəni kənd təsərrüfatı üçün əlverişli edir.
İşğala qədər Qubadlı rayonunun 79 min hektardan artıq torpaq fondu mövcud idi. Bu torpaqların böyük hissəsi əkin, örüş, bağçılıq və meşə sahələrindən ibarət idi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar düzənliklərdə taxıl, üzüm, tütün, bostan və tərəvəz məhsulları becərilirdi. Qubadlı həm də heyvandarlığın, arıçılığın, bağçılığın inkişaf etdiyi bir bölgə idi. Ərazidəki təbii sərvətlər – mərmərləşmiş əhəng daşı, əqiq, mişar daşı və digər yataqlar rayonun sənaye potensialını da artırırdı.
Lakin bu təbii gözəlliklər və zənginliklər 1993-cü ildə işğal nəticəsində məhv edildi. Ermənistanın 1988-ci ildən başlayan təcavüzü nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə tamamilə işğal olundu. Min illərlə azərbaycanlıların yaşadığı bu diyar xarabalığa çevrildi. 29997 nəfər Qubadlı sakini öz doğma torpaqlarından didərgin düşdü, 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 64 inzibati bina, yüzlərlə sosial və mədəniyyət obyekti dağıdıldı. Məscidlər yerlə yeksan edildi, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 4830 km elektrik xətləri və digər infrastruktur tamamilə məhv edildi. Rəsmi İrəvan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək, xaricdən gətirdiyi erməniləri yerləşdirməklə beynəlxalq hüququ kobud şəkildə pozdu.
Ancaq 2020-ci il payızında Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu zülm dolu tarix sona çatdı. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər xüsusi hərbi peşəkarlıq və fədakarlıq nümunəsi oldu. Şəhər ətrafında düşmən tərəfindən güclü istehkamlar qurulmuşdu, yüksəkliklərdə erməni silahlı birləşmələri yerləşdirilmişdi. Azərbaycan əsgəri bu sədləri bir-bir aşaraq, strateji yüksəklikləri ələ keçirdi, Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu. Nəhayət, 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri düşməndən təmizləndi. Bu, Vətən müharibəsinin taleyini dəyişən dönüş nöqtələrindən biri idi.
Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medalla 15 mindən çox Azərbaycan hərbi qulluqçusu təltif olundu.

Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edildi. Bu qərar Qubadlının azadlıq tarixinin, xalqın mübarizə ruhunun və əbədi Zəfərin simvoluna çevrildi.
İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri geniş miqyasda aparılır. 2021-ci ilin oktyabrında istifadəyə verilən 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası rayonun enerji təminatını tam bərpa etdi. 76 kilometr uzunluğunda çəkilmiş “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri təkcə enerji deyil, həm də yüksək sürətli internetlə Qubadlını ölkənin ümumi sisteminə bağladı.
Eyni zamanda Qubadlıda yeni yaşayış məntəqələrinin tikintisinə başlanıb. Mahruzlu və Zilanlı kəndlərinin layihələndirilməsi və tikintisi artıq davam edir. Bu kəndlərdə ilkin mərhələdə yüzlərlə ailənin məskunlaşdırılması planlaşdırılıb. Qubadlı rayonunun Baş planı təsdiqlənib və 2040-cı ilədək rayonun tam bərpası, 47 mindən artıq sakinin daimi yaşayışının təmin edilməsi nəzərdə tutulur.
Qubadlıda mühüm infrastruktur layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının tikintisi bölgənin strateji əhəmiyyətini artırır, eyni zamanda iqtisadi canlanmanı təmin edir. Dövlət başçısının 2023-cü il sərəncamı ilə bu layihələr üçün 20 milyon manat vəsait ayrılıb.
2021 və 2022-ci illərdə enerji, yol və hərbi infrastrukturun təməlqoyma və açılış mərasimlərində iştirak edən dövlət başçısı 2023-cü ilin mayında Qubadlı şəhərinin, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdi. Həmin gün Qubadlıda məktəb, xəstəxana və inzibati bina layihələrinin təməli qoyuldu.
Bu gün Qubadlıda yenidənqurma və inkişaf prosesi ardıcıl şəkildə davam edir. Yeni evlər, yollar, məktəblər, sosial obyektlər inşa edilir, kəndlərə həyat qayıdır. Qubadlı artıq dağıdılmış torpaq deyil – dirçələn, müasir və qüdrətli Azərbaycanın simvoluna çevrilib. 25 oktyabr – Qubadlı şəhəri günü isə bu dirçəlişin, qəhrəmanlığın və tarixi ədalətin təntənəsidir.

Nənəxanım Ağayeva,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Ağayevin anası
23-10-2025, 15:03
Xocalının Təzəbinə kəndinə növbəti köç oldu


Xocalının Təzəbinə kəndinə

növbəti köç oldu
- FOTO

Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç prosesi həyata keçirilib. Bu gün 55 nəfərdən ibarət 12 ailə doğma yurduna qayıdıb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən sakinlərə bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.Köç mərasimi zamanı çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, Təzəbinə kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.
S. Qəhrəmanov həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 84 ailə köçürülüb. Sonuncu mərhələnin yekunlaşması ilə birlikdə kənddə ümumilikdə 96 ailə daimi məskunlaşıb.













21-10-2025, 20:32
YURD HƏSRƏTLİ ƏBDÜL MƏMMƏDOV


YURD HƏSRƏTLİ

ƏBDÜL MƏMMƏDOV


Bu gün haqqında söhbət açacağımız Əbdül Məmmədov uzun illər dostluq etdiyim bir ailənin, ocağın ağsaqqalı idi. Qəlbindəki xeyir niyyəti nur çöhrəsinə sirayət etmişdi. Təsadüfi deyil ki, Qərbi Azərbaycanın kameral təsvirlərində xəbər uşağı, xeyir xəbər kimi adlarla qeyd olunublar. Kimdir Əbdül Məmmədov?

Məmmədov Əbdül Yusif oğlu 15 aprel 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Şidli kəndində anadan olub. O, taleyin hökmü ilə bir neçə dəfə köçkünlük həyatı yaşamışdır. Əbdül Məmmədov birinci dəfə ailəsi ilə birlikdə Vedibasar mahalının Şidli kəndindən 1948-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndinə deportasiya edilib. Türk düşməni İ.Stalinin ölümnündən sonra 1956-cı ildə yenidən ata-baba yurdu Şidli kəndinə qayıdıb. İkinci dəfə sonuncu etnik təmizləmə zamnı 7 dekabr 1988-ci ildə həyat yoldaşı və 4 övladı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çalxanqala kəndinə yaşayan erməni ilə evi dəyişərək oraya köçüblər. Bir müddət orda qaldıqdan sonra Şidli kəndinin sakinlərinin böyük əksəriyyətinin Bakı şəhərinə köçməsi səbəbi ilə o da ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçüb. Üçüncü dəfə 15 may 1991-ci il tarixində Xocavənd rayonun ermənilərdən azad edilməsini və oranın iqliminin Qərbi Azərbaycanın iqliminə oxşar olmasını nəzərə alaraq Xocavəndin Dollanlar kəndində köçmüşdür. Həmin kəndlərdə Ermənistandan deportasiya məruz qalmış azərbaycanlılar məskunlaşdırılmışdır. 02 oktyabr 1992-ci ildə Dolanlar kəndi yenidən ermənilər tərəfindən işğal edildikdən sonra Əbdül Məmmədov Bakıya qayıtmaq məcburiyyətində qalmışıdr.
Mərhum Ə.Məmmədov böyük dövlət adamı Heydər Əliyevin SSRİ rəhbərliyində olmasını özləri üçün güvənc yeri hesab edirdilər. 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefaya məcbur edilməsi xəbəri ermənilər sevincinə azərbaycanlıların isə kədərinə səbəb oldu. Ə.Məmmədov həmin günləri belə xatırlayırdı: “İrəvan şəhərinin mərkəzi meydanda SSRİ KPMK-nin Siyasi Bürosunun üzvlərinin foto stendində Heydər Əliyevin şəkilini “yırtılması”ı Ermənistanda yaşayan azərbaycanlılara çox pis təsir etmişdir. Şərur rayonunda fəaliyyət göstərən fotoqraflar Heydər Əliyevin mülki və general formasında şəkilləri böyüdərək çoxaldıb həmvətənlərimiz arasında paylayırdılar. Həmin günlərdə mən də H.Əliyevin iki şəkilini özümlə Şidliyə gətirərək general formalı şəkili avtomobilinin ön şüşəsinə vurdum, mülki geyimdə olan şəkil isə evin divarına asdım”.
Təsadüfi deyil ki, 1994-cü ilin oktyabr hadisələri zamanı Heydər Əliyevin xalqa müraciətindən dərhal sonra Əbdül Məmmədov ailə üzvləri ilə birlikdə Prezident Sarayının qarşısına gedərək dəstək mitinqində iştirak etmişdir. Əbdül Məmmədov övladlarını vətənpərvərlik ruhunda böyüdüb. Oğlanları Vidadi və İsmayıl Qarabağ müharibəsinin iştirakçısı, Ənnağı isə hüquqşünasdır.
Yurd həsrətli Əbdül Məmmədovun ən böyük arzusu doğulub boya-başa çatdığı Vedibasar mahalının Şidli kəndinə qayıtmaq olsa da o bu həsrətlə Bakıda 10 noyabr 2020-ci ildə vəfat etmişdir. Ruhu şad olsun!

Səməd Vəkilov,
hüquqşünas
19-10-2025, 19:03
"Səbrin intiqamı" kitabının təqdimatı keçirilib

"Səbrin intiqamı"

kitabının

təqdimatı keçirilib


Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşkilatçılığı ilə 1- ci və 2- ci Vətən müharibəsinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun qəhrəmanlıq yolundan bəhs edən "Səbrin intiqamı" kitabının təqdimatı keçirilib. Kitabın müəllifi vətənpərvər jurnalist Ötərxan Eltac, redaktoru professor Gülarə Aydın, korrektoru İlahə Həbibdi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vətən yolunda canından keçən müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Qəhrəmanlıq dastanına işıq tutan professor Gülarə Aydın, professor Ziyadxan Nəbibəyli, komandir qazi Babək Aslanov, komandir qazi Muxtar Həşimov, qazi Xəyyam Nəsirov, qazi Əli Hümbətov, jurnalist Bəşir İbrahim və aşıq Azad Laçınlı, eləcə də Xanım ana öz çıxışlarında vətənpərvər jurnalist Ötərxan Eltacın can yanğısı ilə yazdığı kitabın gənc nəslə bir qəhrəmanlıq nümunəsi, əslində Elsevər Hüseynovun timsalında bütün vətən uğrunda döyüşən oğullara aid olduğunu vurğulayıblar.

"Səbrin intiqamı" kitabının müəllifi Ötərxan Eltac öz çıxışında qeyd edib ki, bu kitab qazi qardaşımızın 50 illik yubiley yaşına bir töhfədir. Şəhidlərimizdən, qazilərimizdən, Qarabağımızın qanlı tarixinin canlı şahidlərindən yazmaq, təbliğ etmək vətən qarşısında borcumuzdur.
Ötərxan Eltacın vətənpərvərlik mövzusunda işıq üzü görən sayca 12- ci kitabı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə ziyalılar, alimlər, jurnalistlər, qəhrəmanımız Elsevər Hüseynovun doğmaları, dostları və yurd sevdalıları iştirak edib.
















Sonda aparıcı Güllü Eldar Tomarlı tədbir iştirakçılarına və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!