Tarix : 20-08-2018, 20:32
Daha anı yaşayıb, sabaha inanmaram...İşdə yazı yazırdım
Qəfildən bir zəng çəkdi
Fikrim yenə yayındı,
Qaşlarım da çatıldı,
Kimdir görən bu insan
Yad nömrədən zəng edir.
Bəlkə də, səhv düşübdür
Nömrəni səhv yığıbdır.
Niyə belə israrla,
Durmadan zəng eləyir?
Nəhayət, cavab verdim,
-Alo, salam, buyurun.
Qorxaraq salam verdi
Sonra da həyəcanla,
Müraciətlə dedi:
-Sizin sevdiyiniz qız
Dünən qəza keçirib,
Hadisə yerindəcə
Dünyasını dəyişib.
Masasının üstündə
Nömrənizi görmüşəm
O vərəqin yanında
Bir məktuba rast gəldim.
-Qəfil başım fırlandı,
"Görəsən, düzmü deyir?
İnanmaq istəmirəm,
Kaş ki, yalan olaydı."
-Nə yazıb ki, məktubda?
Bir təhəri soruşdum
Ürəyim döyünərək,
Əl-ayağım əsərək,
Cavabını gözlədim.
-Elə sizdən danışıb,
Adınızı çox çəkib.
Hətta son cümlələrdə
Sizi çox istədiyini
Amma ki, o zamanlar
Sizi qoyub getdiyini
Deməyi unutmayıb.
-Hə, qəfildən getmişdi
Bir kədərlə söylədim,
Ötüb keçən günləri
Xatirəmdə yaşadım.
Bircə unutmuşam ki,
Necə tanış olmuşduq,
Salamı kim vermişdi,
O birinci addımı
Görəsən, kim atmışdı
Kim cəsarətli olub,
Kimə əl uzatmışdı,
Sonra da asta səslə
Özün təqdim etmişdi
Gözlərinə baxaraq.
Adını soruşmuşdu?
Sonralar asan oldu,
Sadiq dosta çevrildik,
Həmişə və hər yerdə
Yanaşı addımladıq.
Elə bil, elə dünən,
Mənə irad tuturdu
"Daim, nə olur, olsun,
Anı yaşa!" deyirdi.
O son görüşümüzü
Dəqiq xatırlayıram,
Neçə saat birlikdə
Gəzərək danışmışdıq
Ən gözəl mahnıları
Birlikdə oxumuşduq.
Sonra sağollaşanda
Növbəti görüş vədi
Ya da təsəlli üçün
Bir neçə xoş kəlmə də
Söyləmədən getmişdik
Hərəmiz ayrı yolda
Tənha addımlamışdıq.
Yenə gəldi həmin səs,
Tez fikirdən ayrıldım.
-Bir az narahat oldum,
Sizə bir şey olmadı?
Ehtiyatla soruşdu
"Daha nə olacaq ki?
Canımdan can da getdi."
Sonra da nə oldusa
Sözlərimi dəyişdim,
"Yox sağ olun, yaxşıyam"
Bir təhəri söylədim.
-Həmişə deyərdi ki,
Üzün daima gülsün
Hətta ağlayanda da
Gözlərin parıldasın.
Görünür, taleyimiz,
Qismətimiz beləymiş-
Yanaşı addımlayıb
Bir mənzilə çatmamaq...
Nəhayət, güc toplayıb,
Xanımla sağollaşdım
Tək qalıb, taleyimlə
Barışası da oldum.
Düşündüm ki, bir anlıq,
O zamanlar gedəndə,
Necə də pis olmuşdum,
Öz-özümdən küsmüşdüm.
Amma kaş sağ olaydı
Yenə məndən uzaqda
Bilmədiyim yerlərdə,
Gəzib və dolaşardı.
Mən işdə yorulanda
O kimləsə gülərdi.
Geyindiyi köynəyi
Ona işarə edib,
Və geyinmə deyərdi.
Taleh nə amansız, və
Gör necə qəddar imiş.
İndi onu tanıdım,
Daha bel bağlamaram
Daim anı yaşayıb,
Sabaha inanmaram.
Kənan Novruzov
Paylaş
Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti