Oktyabrın 15-də Bakının Ayla Şadlıq Sarayında Borçalı Cəmiyyəti tərəfindən ənənəvi Yubilyarlar Günü keçirilib. Builki mərasimdə qocaman şair- publisist Mədəd Coşğun, istiqlalçı deputat, professor Hacıbaba Əzimov, tarix elmləri doktoru Mahal Qacar və əməkdar jurnalist İlyas Adgözəllinin 80, görkəmli memar Ömər Qoçulunun 75, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlunun 70, İsmixan Məmmədlinin 65, tanınmış yazar Nəriman Əbdürrəhmanlı, professor Xaləddin İbrahimli, şair Nurafiz Hüseynov, Dilan Məmmədov, Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu , kamança ustası Mərkəz Şuşalı, şair Hacı Zaməddin Ziyaoğlu və Akif Acalovun 60, Borçalı Cəmiyyəti İH-nin üzvü Qiymət Məhərrəmli , şairlər Qüdrət Kazımova və Qəzənfər Məsimoğlunun 55, Aşıq Şahbaz Göyçəoğlu, Aşıq Fikrət və Akif Nəsibovun isə 50 illik yubileyləri qeyd olunub.
Mərasimin aparıcısı Elbəyi Cəlaloğlunun qısa giriş nitqindən və professor Telman Əliyevin xeyir duasından sonra söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Cəmiyyət sədri yubilyarları təbrik edərək artıq üç ildir davam edən bu ənənənin əsas hədəfinin əsasən Eli bir araya gətirmək olduğunu bildirib. Borçalı Cəmiyyətinin nümayəndə heyətinin son Türkiyə səfərinə də toxunan Z. Məmmədli bu önəmli tədbiri düzənləyən TÜRKSOY təşkilatına təşəkkür edərək böyük hissilə qeyd edib ki, artıq Cəmiyyət nəinki Türkiyədə, bütün Türk Dünyasında da tanınır. Zəlimxan Məmmədli son zamanlar Cəmiyyətin qazandığı uğurları sadalayaraq qurumun bundan sonrakı dönəmdə də öz aktiv və səmərəli fəaliyyətinə davam edəcəyini ifadə edib. Zəlimxan Məmmədli daha sonra Yubilyar qələm ustaları Mədəd Coşğun və Osman Əhmədoğlunun şeirlərindən ibarət "Elat Fədailəri" kitabını mərasim iştirakçılarına təqdim edib. Daha sonra yubilyarların mükafatlandlırlması həyata keçirilib. Mükafatlandırma mərasimində görkəmli şair diplomat Abbas Abdulla, folklorşünas alim Əli Şamil, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Milli Mədəniyyətin Təbliği İN-nin sədri Jalə Cəfərova və başqaları yubilyarları təbrik edərək Borçalı Cəmiyyətinin bu təşəbbüsünün alqışalayiq olduğunu dilə gətiriblər.
Yubiley tortunun kəsilmısindən sonra mərasim saz söz ustaları Aşıq Tərmeyxan Qurbanov, Nargilə Mehdiyeva, Aşıq Əşrəf, Xəlil Qaraçöp və Şuşa Elat Muğam üçlüyünün ifaları ilə davam edib. Mərasimin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tədbir iştirakçılarına təşəkkür edərək qurumun gələcək fəaliyyəti haqda danışıb. Z. Məmmədli El obanı dekabrın 25-də keçiriləcək Gürcüstan Türklərinin Həmrəylik bayramına dəvət edərək onu da bildirib ki, bu il Cəmiyyətin rəhbərliyi tərəfindən Zahid Xəlilov adına Türklüyə Xidmət mükafatları TÜRKSOY təşkilatının baş katibi Düsen Kasienov, Ankara Azərbaycan Kültür Dərnəyi başqanı Cəmil Ünal, Türkiyədə tanınmış heykəltəraş, əslən Borçalıdan olan Səid Rüstəmə təqdim ediləcək.