Sabah Şuşanın işğalının 23-cü ildönümüdür. Hər il olduğu kimi bu il də Akademik Milli Dram Teatrında Şuşanın işğal günü anılacaq. 8 may tarixində saat 12.00-da Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə Şuşanın işğalı gününə həsr olunmuş tədbir keçirəcək.
Tədbirdə görkəmli incəsənət xadimləri Şuşanın işğalı ilə bağlı çıxışlar edəcək. Daha sonra Akademik Milli Dram Teatrının Azərbaycan xalqının ən ağrılı dərdi olan Qarabağ probleminə həsr olunmuş “Xəcalət” tamaşası nümayiş olunacaq.
2006-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanan «Xəcalət» tamaşasının janrı iki hissəli müasir dram kimi təyin olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.
Tamaşanın süjeti aşağıdakı kimidir:
Uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətən Qarabağ savaşına da birgə getmiş, amma sonradan onların həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Amma necə? Bu 10 il müddətində Vətən torpaq həsrəti ilə yanıb-yaxılmış Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanmışdır. İndi iki dost arasında vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranmışdır.
Belə bir vaxtda ailəsi ilə birgə inşası yarımçıq qalmış xəstəxana binasına yığışmış Vətənin qızı ağır xəstələnir. Onun arvadı Fərqanə Vətəndən xəlvət Muradı tapır, ondan kömək istəyir. Vətən dostunun ona baş çəkmək üçün gəldiyini düşünsə də, söhbət əsnasında Fərqanənin Muraddan xahiş etməsi ona bəlli olur.
Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, amma xəstə qızına dərman pulu tapa bilməyən Vətənmi?! Yoxsa bu savaşın hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Muradmı?!
Həm həqiqi, həm də zəruri mənada dəyərləndirilən Vətənin uçuq-sökük mənzilində gedən hadisələrdə həqiqət kimin tərəfindədir? «Xəcalət» bir səhnə əsəri kimi bu suallara tamaşaçılarla birgə cavab axtarır.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, Məzahir Cəlilov, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu iştirak edirlər.
Həmin gün axşam saat 19.00-da isə Akademik Milli Dram Teatrında Qarabağ mövzusunda hazırlanmış daha bir səhnə əsəri - “Qarabağnamə” tamaşası nümayiş olunacaq.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında 2011-ci ildə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. İki hissəli faciədə Akademik Milli Dram Teatrının aktyorları Xalq artistləri İlham Əsgərov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Əməkdar artistlər Məsmə Aslanqızı, Mirzə Ağabəyli, Sabir Məmmədov, Əli Nur, Elxan Quliyev, Aslan Şirinov, Əjdər Həmidov və başqaları çıxış edirlər.
“Torpaqlarımızın 20 faizinin işğal altında olduğu, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu məqamda bu tamaşalar xüsusilə aktual səslənir. Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Xəcalət” və “Qarabağnamə” tamaşaları Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutur”.