Aprelin 28-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi(DSK) yanında Statistika Şurasının növbəti iclası keçirilib.
Butov.az xəbər verir ki, Komitədən “APA-Economics”ə verilən məlumata görə, Statistika Şurasının iclasına çıxarılmış ilk məsələ Dövlət Statistika Komitəsində aparılmış İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair auditin nəticələri ilə bağlı olub.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb: “Belə ki, statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir. Bu baxımdan Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsindəki fəaliyyətinin ən yeni İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanılması mühüm əhəmiyyət daşıyır”.
Komitə sədri qeyd edib ki, bununla əlaqədar sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi tərəfindən Dövlət Statistika Komitəsində 2016-cı ilin noyabr ayında ilkin, 2017-ci ilin mart ayında yekun audit həyata keçirilib. Auditorlar qrupu tərəfindən rəsmi statistika məlumatlarının istehsalı və yayılması proseslərinin idarə edilməsi ilə əlaqədar qəbul edilən sənədlərin statistika orqanlarında tətbiqi və icrası ilə bağlı görülən işlərin İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi standartının tələblərinə uyğunluğu yoxlanılıb. Audit yoxlaması Dövlət Statistika Komitəsi aparatının şöbələrində və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanında (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər, Bərdə, Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələri) həyata keçirilib.
“SGS” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyinin Sertifikatlaşdırma və Akkreditasiya üzrə meneceri Nigar Mahmudova və auditoru Asif Əmirsultanov DSK-də İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi və sertifikatlaşdırma haqqında məlumat veriblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində həyata keçirilən fəaliyyətlər bu sahədə qəbul edilmiş standartlara tam uyğundur və aparılmış auditin nəticələrinə görə Komitə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
Tədbirdə vurğulanıb ki, DSK Azərbaycanda İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da ilk statistika qurumu olaraq bu sertifikatı əldə edib.
Sonra İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatları Dövlət Statistika Komitəsinin rəhbərliyinə, şəhər və rayon statistika idarələrinin rəislərinə təqdim olunub.
Statistika Şurasının iclası “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilər və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsinin müzakirəsi ilə başa çatıb.