Zakir Həsənov döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Oktyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib. Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur. Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib. Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib. Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb. Birgə təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
Heydər Əliyev adına Hərbi İnstitutu bitirən heyət Türkiyədə təlimlər keçir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Məlumatda deyilir ki, heyət “Dəniz Donanması Təcrübəsi” çərçivəsində “Karşıkaya” patrul gəmisində təlimlərini davam etdirir.
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. MN-dən verilən məlumata görə, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır. Həmçinin döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılır. Yüksək dağlıq və sərt iqlim şəraitində xidmət aparan hərbi qulluqçulara normadan əlavə təminat və təchizat vasitələri ayrılır. Aparılan təminat və təchizat işləri, texnikaya qulluq hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də şəxsi heyətin payız-qış mövsümündə heç bir çətinlik çəkmədən xidmət aparmağına imkan verəcək.
Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə başladı
Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təlimlər 3-14 oktyabr tarixlərində Türkiyədə keçiriləcək. Təlimlər dənizdə və quruda icra ediləcək.
Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq müzakirə edildi
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oktyabrın 3-də “N” hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılıb. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Prezident İlham Əliyevin sentyabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Butov.az xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə start verilib. Belə ki, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 3-də "Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə iştirak ediblər
Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada "Sonsuzadək qardaşlıq" təlimlərində iştirak ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Azərbaycan, Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər.