İndoneziyanın ANTARA Milli Xəbər Agentliyi Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyevin müəllifi olduğu “Xəzər dənizi sahilində ticarət mərkəzi olan Ələt Azad İqtisadi Zonası – AFEZ ilə tanış olun” başlıqlı məqaləni yayımlayıb.
İndoneziya dilində yayımlanan məqalənin giriş hissəsində Ələt Azad İqtisadi Zonasının Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 22 may tarixli Fərmanı əsasında yaradıldığı və Xəzər dənizi sahilində yerləşən ticarət və logistika mərkəzi olduğu qeyd edilib. Coğrafi mövqeyə malik bu bölgənin Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq regional investisiya mərkəzi kimi xidmət edəcəyinə diqqət çəkilib.
Məqalədə AFEZ-in təməlqoyma mərasimində Prezident İlham Əliyevin bu zonanın Azərbaycanın qeyri-neft sektorunun inkişafına xidmət etməyə hədəfləndiyini vurğulaması diqqətə çatdırılıb. AFEZ-in yaradılması ilə Azərbaycana yeni texnologiyaların gələcəyi, iş yerlərinin açılacağı, əməkhaqqının artacağı, rəqabət qabiliyyətli məhsulların istehsal ediləcəyi və qeyri-neft sektorunun ixrac imkanlarının inkişaf edəcəyi ilə bağlı dövlətimizin başçısının səsləndirdiyi fikirlərə yer verilib. Əsas amillərdən biri kimi islahatların aparılması və sənaye sektoruna xarici investorların cəlb edilməsinin qeyd edildiyi bildirilib.
Yazıda, həmçinin AFEZ-in bölgədə ticarəti təşviq etmək üçün hazırlanmış böyük bir layihə olduğuna, bu strategiyanın əsas məqsədinin ənənəvi neft-qaz iqtisadiyyatından asılılığın aradan qaldırılması üçün hökumətin 2020-ci il üçün baxış sənədində yer aldığına diqqət çəkilib. Sənəddə əsas altı istiqamətin - iqtisadi şaxələnmə, neft və qaz sənayesinin modernləşdirilməsi, yeniliklərin inkişafı və mənimsənilməsi, insan resursunun inkişaf keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və ÜTT-yə daxil olmanın təmin edilməsi olduğu vurğulanıb.
Məqalədə, o cümlədən Azərbaycanın 2005-ci ildən bu günədək iqtisadiyyatdakı sabit yüksəliş tendeniyasını saxlaya bildiyi, ölkəmizin 2009 və 2019-cu illərdə iki dəfə ən yaxşı biznes istehsalçısı kimi tanındığı xatırladılıb. Habelə, ölkəmizin Dünya İqtisadi Forumu çərçivəsində əməkdaşlığa xüsusi önəm verməsinə diqqət yönəldilib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatına, o cümlədən “Doing Business 2019” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs olunub. Azərbaycanın 2004-cü ildən bəri 128 milyard ABŞ dolları məbləğində xarici sərmayə cəlb etdiyi, bunun Azərbaycanın rəqabət qabiliyyətini daha da artırmaq üçün iqtisadiyyatın bütün sahələrinin inkişafına töhfə verdiyi qeyd olunub.
Ələt Azad İqtisadi Zonası və onun funksiyaları haqqında ətraflı məlumatın yer aldığı məqalədə AFEZ-in ümumi sahəsinin 850 hektar olacağı, artıq inşaat işlərinə başlanıldığı, bütün infrastrukturun yaradılması üçün zəruri addımların atıldığı qeyd olunub. Zonanın yaradılmasında əsas məqsədin qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək olduğu bildirilib. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunaraq ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, yeni iş yerlətinin yaradılmasının əsas hədəflərdən olduğu vurğulanıb. Azərbaycanın 25 ildən artıq müddətdə investorlara və onların neft-qaz layihələrinə sərmayə qoymasına güclü zəmanət verdiyi və onların müdafiəsini təmin etdiyi, bunun investorlar üçün əhəmiyyəti diqqət çəkilib. Bu prinsiplərin AFEZ-ə də gətiriləcəyi vurğulanıb.
Məqalənin sonunda dünya səviyyəli investorların ehtiyacını təmin etmək gücündə olan AFEZ-ə sərmayə qoyulması tövsiyə olunmaqla yanaşı, xarici sərmayəçilər, xüsusən də İndoneziyadan olan investorlar AFEZ-ə dəvət olunub, Azərbaycan hökumətinin təqdim etdiyi müxtəlif imtiyaz və imkanlardan istifadə etmək barədə çağırış edilib.