Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğunu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib. Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.