Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Butov.az-a Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonu ərazisində keçirdikləri tədbirlər zamanı paytaxt sakini Elvin Babaxanlı, əvvəllər məhkum olunmuş şəxslər Anar Cəbiyev və İsa Cavadov saxlanılıblar. Elvin Babaxanlının üzərində şəxsi axtarış aparılan zaman ondan 6 kiloqram 40 qram heroin aşkar olunub. Anar Cəbiyevin üzərindən 11 qram, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evdən əlavə 3 kiloqram, İsa Cavadovun üzərindən isə 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Samir Aslanov və Xəqani Qurbanov tutulub. Bu şəxslərin üzərindən ümumilikdə 10 qram heroin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Samir Aslanovun idarə etdiyi motosikletin saxlanc yerindən 2 kiloqram, Xəqani Qurbanovun evindən də 2 kiloqram heroin və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nəsimi və Suraxanı rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 5 nəfər - Qüdrət Mövsümov, tanışı Elvin Namazov, Kənan Abdullayev, eləcə də əvvəllər məhkum olunmuş şəxslər Mehman Mikayılov və Mahir İbrahim saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən, həmçinin Kənan Abdullayevin idarə etdiyi avtomobildən ümümilikdə 1 kiloqram 400 qrama yaxın heroin, metamfetamin, 6 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar aşkar olunaraq götürülüb.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Elvin Babaxanlı, Anar Cəbiyev, İsa Cavadov, Samir Aslanov, Xəqani Qurbanov, Qüdrət Mövsümov, Elvin Namazov, Kənan Abdullayev, Mehman Mikayılov və Mahir İbrahimin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslərin hər biri izlərini itirmək məqsədi ilə əsasən taksi və kuryerlik fəaliyyətləri göstərdiklərinə dair yalnış görüntü yaradaraq paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Muradov saxlanılıb. Həmin şəxs ifadəsində narkotik vasitələri əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Arif Muradovdan aldığını bildirib. Əməliyyat zamanı həmin şəxs Salyan rayonu ərazisində saxlanılıb. Arif Muradovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram 460 qram heroin, 315 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. O, ifadəsində qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən narkotikləırin satışını təşkil edən şəbəkənin üzvü olduğunu etiraf edib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran, Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlarn zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər - İlkin Nuralıyev, Fuad Mirzəyev, Elnur Məmmədov, Xalid Həsənov, Famil Rzazadə və Mübariz Qasımov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 24 qram heroin və metamfetamin aşkar edilib.
Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin Gəncə, Mingəçevir şəhərləri, eləcə də Bərdə və Ağdaş rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər Seymur Cabbarzadə, Nəriman Nərimanov, Rauf Rüstəmov, İlqar Babayev və Fariz Allahverdiyev saxlanılıblar. Ağdaş sayon sakinləri Seymur Cabbarzadə və Nəriman Nərimanovdan ümuumilikdə 16 kiloqram marixuana, adları sadalanan digər şəxslərdən isə 10 qrama yaxın heroin və digər növlərdən olan narkotik vasitələr aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 34 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşları, sosial şəbəkələrdə aktiv olan insanları, ictimai xadimləri və ümumən gələcək nəslin sağlamlığını düşünən hər bir kəsi “narkotik vasitələrə son” devizi altında birləşməyə və təbliğat işinin gücləndirilməsində polis əməkdaşlarına yaxından kömək etməyə çağırırıq.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru