10-12-2022, 16:21
Azərbaycandan Ukraynaya yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
10-12-2022, 16:14
Messi rekordu yenilədiArgentina millisinin kapitanı Lionel Messi əfsanəvi braziliyalı futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox qol ötürməsi vermə rekordunu yeniləyib. Messi DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb. 35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi. 35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.
9-12-2022, 17:33
Yanvar ayının qeyri-iş günləri açıqlandıGələn ay Azərbaycanda 5 gün iş olmayacaq. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür. Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
9-12-2022, 17:30
UEFA-dan Azərbaycan klublarına dəstəkUEFA Azərbaycanın dörd klubuna ödəniş edib.
Butov.az-ın məlumatına görə, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub. "Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib. Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
9-12-2022, 17:19
Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı? Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır. “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - deputat vurğulayıb.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdıCari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 16:46
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.
9-12-2022, 16:44
Azərbaycanda ərzaqla bağlı problem mövcud deyil - Əli Əsədov“Dünyada yaşanan qlobal ərzaq problemlərinə baxmayaraq, Azərbaycanda ərzaqla bağlı hər hansı problem mövcud deyil”. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. “Dünyada ərzaq böhranı hər kəsə məlumdur. Amma ölkədə ərzaq təminatı ilə bağlı problem yoxdur və olmayacaq. Bunun üçün dövlət tərəfindən müəyyən proqramlar hazırlanıb”. Baş nazir qeyd edib ki, ərzaq qiymətinin artımının qarşısını almaq üçün zəruri işlər görülür və görüləcək. “Bunun üçün əhalinin real gəliri, alıcılıq qabiliyyəti nəzərə alınır”, - baş nazir vurğulayıb.
9-12-2022, 16:41
“Sosial müavinətlər haqqında” qanun yeniləndiMilli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
9-12-2022, 16:38
“Yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olundu“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunub. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən ediləcək.