"Gas Infrastructure Europe”ın yanvarın 25-nə olan məlumatına görə, Avropa Birliyinin yeraltı qaz anbarlarından yayda vurulan qazın həcminin dörddə üçündən çoxu, yəni 75,9% -i, 36,3 milyard kubmetri istifadə olunub. Mövcud vəziyyətdən xəbərdar olan Rusiya isə AB-yə qarşı qaz təzyiqindən maksimum dərəcədə istifadə edir. Rəsmi Moskva Ukrayna mövzusunda təzyiqlərə görə Avropanı qaz ixracını dayandıracağı ilə hədələyib.
Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Məsələ ondadır ki, Avropa Birliyi ölkələrinin Rusiya qazına yeganə alternativi ABŞ-dır. Lakin ABŞ-ın Avropa ilə birbaşa quru bağlantısı və boru kəməri olmadığından bu təlabatın tam ödənilməsi mümkün deyil. Digər tərəfdən rəsmi Vaşinqton Avropaya qazı sıxılmış halda tankerlə satır. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olur. Bunla belə, rəsmi Vaşinqton Avropanı Rusiyanın qaz asılılığından xilas edə biləcəyini düşünür.
Azərbaycan Avropanın qaz ehtiyacını ödəyə bilərmi?
ABŞ Avropanın qaz asılılığını azaltmaq üçün alternativ ölkələr olan Azərbaycan, Qətər, Misir və Əlcəzairlə danışıqlar aparır. Təsadüfi deyil ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell də diplomatiyanın uğursuz olacağı, Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, Qətər və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirdiklərini deyib.
Avropa İttifaqının energetika üzrə komissarı Kadri Simson fevralın 4-də Azərbaycana, fevralın 7-də isə ABŞ-a səfər edəcək. Simpson "Cənub” qaz dəhlizi iştirakçısı olan ölkələ nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana gələcək. Fevralın 7-də isə o və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ABŞ-da energetika üzrə Avropa İttifaqı-ABŞ Şurasının iclasında iştirak edəcəklər.
Göründüyü kimi Qərb və ABŞ mövcud vəziyyətin belə davam etməsini istəmir və adekvat tədbrilər görmək niyyətindədir.
İndiki halda rəsmi Bakıdan Avropa ölkələrinə qaz satışını artırması istənilsə də, texniki olaraq bu mümkün deyil. Məsələ ondadır ki, Azərbaycan hazırda TANAP və TAP boru xəttləri üzərindən bir çox Avropa ölkələrinə qaz satır. Hətta hazırda bəzi ölkələrdə Azərbaycanın qaz payı artır. Bununla belə Azərbaycanın Avropaya satdığı qazın həcmi Rusiyanın satdığı qazın həcmindən çox azdır. Digər tərəfdən, rəsmi Bakının satdığı qazın böyük bir qismini Türkiyə alır.
Azərbaycan Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında imzaladığı Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş ilə mövcud qaz satışını 1,5-2 milyard kubmetrədək artırsa da, bu da kifayət deyil.
Azərbaycan situasiyadan qazanclı çıxa bilər!
ABŞ və Qərbin Rusiyaya qarşı Azərbaycanı alternativ görməsi ölkəmiz üçün olduqca vacibdir. Rəsmi Bakı mövcud vəziyyətdən maksimum dərəcədə istifadə etməlidir: Birincisi, hazırkı vəziyyət rəsmi Bakının Avropa və ABŞ-ın nəzərlərində əhəmiyyətini daha da artırır. Qərb Avropaya qaz nəqlinin artmasını istəyirsə, Azərbaycana bu sahədə maliyyə və texnoloji yardım etməli, investisiya qoyuluşunu artırmalıdır. Mövcud texnologiya və texnika şübhəsiz hasil edilən qazın həcminə də təsir edəcək.
Digər tərəfdən, Qərbin və ABŞ-ın Azərbaycana bu qədər önəm verməsi rəsmi Moskvanın Bakıya baxışını dəyişə bilər. Düzdür, Azərbaycanın mövcud vəziyyətdə Qərbin və ABŞ-ın istəyi ilə Rusiya ilə qarşıdurmaya gedəcəyi ehtimalı azdır. Bununla belə Kremldən müəyyən məsələlərdə hansısa güzəştlər əldə edə bilərik.
Turan Rzayev