Bu gün Bakı Ağır Cinayətkər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Butov.az xəbər verir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Qətlə yetirilən Zamiq Xeyirovun qardaşı Adik ifadə verib və deyib ki, qardaşını içmək adı ilə aparıb, lomla vurub öldürüblər: "Qardaşım dedi ki, Radiklə işi var. Radik fala baxırdı, qardaşım da sürücü idi. Elə tanış olmuşdular".
Digər zərərçəkən Nadir Məmmədov ifadə verərək deyib ki, Radiklə bir evdə qalıb: "Pulu yox idi, gəlib mənlə qalırdı. Axşam birlikdə içdik, mən yatdım. İçəndə aramızda heç bir mübahisə olmadı. Yatdığım yerdə məni bıçaqlayıb. Telefonumu da götürüb aparmışdı".
Zərərçəkənlərdən biri Züleyxa Əhmədova bildirib ki, Radik onun mağazasından 3600 manat dəyərində məhsul aparıb: "Satıb pulunu verəcəkdi, heç nə vermədi. Sonra onunla birlikdə Xaçmaza, malı payladığını dediyi mağazalara getdik. Amma məni dükanlara girməyə qoymadı. Dedi ki, axşama kimi bütün pulları dükandan yığıb qaytaracaq. Mən orda tualetə gedəndə maşında olan 1600 manat dəyərində telefonları da oğurlayıb aparıb".
Təqsirləndirilən Nazim Zəkərayevin atası Şakir Zəkərayev ifadə verib: "Oğlum vəkil olmaq istəyirdi. Hadisə ərəfəsində Nazim 3-4 gün idi evdə yox idi. Böyük oğluma dedim, gedib tapıb gətirdi. Nazim qətli gördüyü üçün şokda idi, intihar etmək istəyirdi. Onu şahid kimi polisə apardıq".
Qətlə yetirilən Zamiq Xeyirovun atası Tağı Tağıyev ifadə verərək deyib ki, Radik onun oğlunu öldürmədiyini deyir və oğlunun qatilinin tapılmasını istəyir: "Mənim oğluma görə ona iş verilməsin, oğlumun qatilini tapın".
Radik Məmmədov T.Tağıyevə deyib ki, heç onun oğlu Zamiqi tanımayıb: "Allahın izni ilə mən ömürlük həbs olunacağam. Mən sizin düşməniniz deyiləm, sadəcə ona görə deyirəm ki, düşməninizi tanıyasız. Sizin oğlunuz öldürüləndə mən Bakıda piyanıskalıq edirdim. Oğlunuzla da işim olmayıb".
Məhkəmənin növbəti baxış iclası mayın 23-ə təyin edilib.
Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z. Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.